CƏMİYYƏT

Ağdama qayıtmaq ümidi

Mən Ağdamda doğulmamışam. Nə bu şəhərdə oxumuşam, nə də böyümüşəm. Ancaq özümü tanıyandan bəri bu şəhərə qarşı bir istəyim olub

Hər dəfə şəhərə gələndə bir istiqamətdən gələrdik. Hindarx yolu ilə gəlib köhnə “pekarnı”nın yanından sola burulub, üzü yuxarı şəhərə, bazarı və bir nömrəli məktəbi keçib, Tağının kitab mağazasından sağa və sonrada sola burularaq üzü Seyidliyə doğru gedib o zamankı maarif şöbəsinin binasına çatardıq.

Vaxtı ilə maarif şöbəsinin binasında raykom yerləşdiyindən o illərdə qarşısında əkilən həmşəyaşıl kolları, Xan çinarları əraziyə ayrı bir gözəllik verərdi. Deyərdim ki, bəlkə bu ərazilər Ağdamın həm də əsilzadə bir məhəlləsiydi. Hərə dəfə maarif şöbəsinin dəhlizlərində olarkən vaxtı ilə burada çalışmış birinci şəxslər haqqında söhbətlərdə müxtəlif məzmunlu sözlər eşidirdim. Məmməd Əliyevin, Hümbət Mustafayevin fəaliyyətindən və fədakarlığından bəzən ağız dolusu danışardılar. Bəzən işləməyənlər barəsində isə...

Beləliklə, Lenin prospektinin kəsişdiyi Voroşlov küçəsi, MVD döngəsi, milis şöbəsini keçib bir az qabaga Əli İbrahimov küçəsi üzü Seyidli kəndinə doğru gedən bu məhəllələr və bu əraziyə bitişik Seyidli kəndi kimləri yetişdirməyib. Sadaladağım küçələrdə bir vaxtlar elə Seyidli kəndinin ərazisiymiş.

Təəssüf ki, bu gün bizə o küçələri yanlız xatırlamaq qalır...

Mənim bəxtim onda gətirmişdi ki, 1973-cü ilin avqustun 23-də aldığımız, o illərdə qoşa fara deyilən, “Jiquli” maşını mənə sonralar şəhərdə sərbəst hərəkət etməyə, o cümlədən şəhəri tanımağa olan marağımı təmin etmiş oldu. Küçəbəküçə gəzdiyim yerləri bu gün xəyalımda sərbəst gəzə bilirəm. Amma zaman keçir və məndə bəzi məqamları unuduram. Belə məqamda isə çıxış yolu kimi ya Seyid Kamrana ya da Hacı Elməddinə zəng edib müraciət etməli oluram.

Bir zamanlar maarif şöbəsinə gəlib Teybə xalanın bufetində oturanda elə bilirdim dünya mənimdir. Həm də məktəb direktorunun oğluydum axı. Hər içəri keçən görüşər, bilirdilər ki, atamgil maarifə həmdə “əliboş” gəlməyib. Atamgilin əlidolu gəlməsi isə onların mənimlə görüşünə ayrı bir rəng qatırdı. İki darısqal otaqdan ibarət olan bufetdə Teybə xalanın oğlu Xəlilin öz yeri var idi. Bəstəboy Xəlilin məsuliyyətlə anasının tapşırığının icrasıyla bağlı çölə-içəri vargəl etməsi ayrı bir aləm idi. Bu məqamı açığı təsvir etmək mümkün deyil. Onu gərək o vaxtı orada görməliydin.

Rəhmətlik Teybə xalanın bişirdiyi ləpəli “badımcan” dolmasının, mənim nədənsə həmişə qara dolma dedyim yarpaq dolmasını yeyənlər indi o dadı, o tamı haradasa tapa bilməzlər. O yeməklərdə həmdə bir istilik var idi. Hallallıq var idi. Səmimiyyət var idi.

Açığı atamgil “Ağdama gedək”- deyəndə sevincimin həddi hüdudu olmazdı. Yeddinci sinifdə oxuyanda isə artıq maşını idarə edə bilir və valideynlərimi şəhərə özüm aparırdım. Rəhmətlik Aydın əmim hələ dördüncü sinifdə oxuyarkən mənə maşın sürməyi öyrətmişdi...

Yazıya nədən belə nostalji hisslərlə başladığımı özümdə bilmədim. Bəlkə o yerlərə getmək istəyindən idimi bilmirəm. Ancaq bir onu bilirəm ki, o illərdəki səmimiyət üçün, ünsiyyət üçün darıxmışam. İndiki məqamda özüdə lap çox...

***

İndi hiss edirəm ki, bu yazıda əsas məqsədim nostalji hisslərə deyil, məhz Ağdamın birinci şəxslərinin fəaliyyəti barəsində bəzi məqamlara toxunmaqdır. Birincilərlə bağlı bir sıra ciddi araşdırma xarakterli yazılarım olub. Bu yazıda isə bəzi əlavələrim olacaq.

Əvvəlcə qeyd edim ki, bu günlərdə daha doğrusu, 28 avqust tarixində Vaqif Həsənovun Ağdam RİH başçısı təyin edilməsinin bir ili tamam olur. Vaqif Həsənovun ötən bir ilinə ziyalı olaraq qiymət verməmişdən əvvəl müstəqil Azərbaycanın Ağdam rayonuna təyin edilən birincilərin fəaliyyətinə qısa bir nəzər yetirmək istərdim.

1991-oktyabrında müstəqillik qazandıqdan 21 ay sonra Ağdam şəhərini itirdik. 1995-ci ilədək icra başçısı kimi təyinat alanların fəaliyyətinə qiymət vermək çətindir. Mənəvi-psixoloji sarsıntı keçirən əhali bir tərəfdən yeni yurd yuva axtarışına çıxması, bu əhalinin hər biriylə əlaqənin yaradılması, digər tərəfdən də erməni silahlı dəstələrinin cəbhə bölgəsini daim atəş altında saxlaması siyasi rəhbərlərin vəziyyətini daha çətinləşdirmişdi.

Ancaq 2000-ci ildən sonra respublika üzrə başlayan dirçəliş dövrü Ağdama 2009-cu ildə Nizami Sadıqovun sentyabr təyinatıyla gəldi. Dövlət başçısının Ağdam rayonunu daim diqqətdə saxlaması rayonda ciddi abadlıq-quruculuq işlərinin aparılmasına, saysız-hesabsız sosial layihələrin icrasına sanki rayonun siyasi rəhbərlərinə bir stimul vermiş oldu. Soltanbud Bayraq meydanına onminlərlə ağdamlının yürüşünü təşkil edilməsi minlərlə insanlarda Azərbaycan sevgisinin və vətənpərvərlilik hisslərinin aşılanmasında mühüm rol oynadı. Nizami Sadıqov tərəfindən bünövrəsi qoyulmuş layihələrin davamlı şəkildə sonradan icra edilməsi təqdir ediləsi hal hesab edilə bilər.

Etiraf edilməlidir ki, Raqub Məmmədovda Ağdamda ciddi və təkrarolunmaz layihələrin müəllifi olub. Öz fəaliyyətiylə sələfinin işini söküb dağıtmaq yox, əksinə davam etdirməsi Quzanlı qəsəbəsinin görünüşündə müsbət mənada bir xeyli təsir etmiş oldu. Möhtəşəmliyi ilə seçilən Quzanlı mərkəzi meydanın sıfırdan qurulması və Muğam mərkəzi layihəsinin icrası həqiqətən diqqəti çəkən layihələrdəndir.

Bu gün isə Vaqif Həsənovun siyasi rəhbər olaraq fəaliyyətinin bir ili tamam olmaq üzrədir. Sözsüz ki, Vaqif Həsənovun istər Qaradağ və istərsədə Xəzər rayonundakı fəaliyyətiylə bağlı geniş və məzmunlu bilgim var. Və bu bilgiləri həmin rayonlarda formalaşan bələdiyyə sədrləri verib. Uzun müddət ikinci şəxs olaraq bu rayonların idarəedilməsində mühüm rolu olan Vaqif Həsənovun artıq birinci şəxs kimi çalışmasında müəyyən çətinliyin ehtimal ediləcəyini düşünsəmdə, bu gün artıq siyasi rəhbər olaraq bütün qüvvələrini səfərbər edərək rayonda qurulanların öz vəziyyətində saxlanılması istiqamətində atdığı addımları yüksək dəyərləndirirəm. Artıq Xındırıstan kəndində bir sıra layihələrin icrasına başlanılıb. Mütəmadi olaraq sakinlərlə görüşlərin təşkili, bütün respublikaya səpələnmiş ağdamlıları bir araya gətirməklə onların problemlərinin həllinə nail olunması, indiki məqamda vətəndaş məmnunluğunu təmin edən amildir.

Mən açığı səkkizinci icra başçısına ürək sözümü hələ son təyinat olmamış mətbuat vasitəsiylə bildirmişəm. Və o yazıda qeyd etdiyim üç təklifi bir daha təkrar edib yada salmaq istərdim: Quzanlı qəsəbəsinə şəhər statusunun verilməsi məsələsinin qaldırılması, yeni iş yerlərinin açılması məqsədiylə sənaye məhəlləsinin yaradılması, Ağdam Məscidinin oxşarının məhz Quzanlı qəsəbəsində Çay evin yanındakı ərazidə inşa edilməsi məsələsi idi. Bununla yanaşı Ağdam Çörək Muzeyinin bərpası da gündəmə gətirilə bilər. Bir daha xatırladım ki, qeyd etdiyim muzeylə bağlı 180 eksponatı çox həssaslıqla qoruyub saxlayıram.

Etiraf edim ki, bu təkliflərin arxasında ciddi maliyyə dayanır. Ancaq ümidimi üzməyərək, inanıram ki, cənab Prezident İlham Əliyevə bu təkliflər barəsində məruzə edilsə yəqin ki, təkliflərin bir qismi öz həllini tapa bilər.

***

Maraqlı alındı deyəsən. Nostalji hisslərdən başlayıb real təkliflərə necə sürətlə gəldim. Kaşki Ağdamada, Qarabağmızada belə sürətlə gedə biləydik.

***

Sonda onu da qeyd edim ki, hər birimiz o torpaqlara qayıdacağımız barədə ümidlərimizi itirməməliyik. Şəhərimizi, küçəmizi, məhəlləmizi və hansı şəhərdən gəldiyimizi unutmamalıyıq.

Biz bu gün 28 faizlik Ağdam ərazisində 100 faizlik AĞDAMLILIĞIMIZI QORUMALIYIQ VƏ BUNA BORCLUYUQ. Abır həyamızı, mənəviyyatımızı, şərəfimzi itirmədən.

***

Sözsüz o torpaqlara gedəcəyik, bunada inanırıq. Ali Baş Komandanın əmrini tək ordu hissələri deyil, bütün Ağdam camaatı, Qarabağ və AZƏRBAYCAN səbrsizlklə gözləyir.

Vüqar Tofiqli

QHT və MEDİA

2019-08-21 09:25:02

QHT və MEDİA
Leyla Əliyeva Fondun layihələri çərçivəs...
Leyla Əliyeva Fondun layihələri çərçivəs...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun l...

2019-08-20 15:40:01

QHT və MEDİA
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənist...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...