QHT və MEDİA

Böyük Ağdam uğrunda

Xeyli vaxt idi ki, Ağdama gedə bilmirdm. Mənimlə yol yoldaşlığı etməyə adam axtarırdım. Bir neçə nəfərlə danışmışdım. Ancaq görüş yerinə telefonla danışdığım insanlardan biri gələsi oldu

Kiçik çillənin şaxtalı günlərində Ağdamda gəzməyin, məşhur bazarında alver etməyin, “Çay evi”ndə Şəmilin hazırladığı qıymalı xəngəlin dadına baxmağn ayrı ləzzəti var idi. Soyuq qış günlərində burada adam əlindən tərpənmək olmurdu... İş elə gətirdi ki, zəng etdiyim insanlardan biri mənimlə Ağdama getməyə anındaca razılıq verdi. Vaxt təyin etdik. Dediyi vaxtda, özü də çox dəqiqliklə, görüş yerinə gəldi. Sanki özü də hazırlaşmış kimi görünürdü.

Bu dəfəki yol yoldaşım Ağdam rayonuna beş ilə yaxın rəhbərlik etmiş, 25 il daxili işlər orqanlarında polis rəisi vəzifəsində çalışmış Nizami Sadıxov idi. O, Nizami Sadıxov ki, doğma kəndim Quzanlını qəsəbəyə çevirmiş, rayonda aparılan abadlıq-quruculuq işlərinin təməlini qoymuşdu.

Söhbətimiz iki saata yaxın çəkdi. Yol yoldaşımın söhbətinə maraqla qulaq asır, arada özüm də baş vermiş hadisələrə münasibətimi bildirirdim. Amma onun çox təmkinlə, aramla və məntiqə söyklənən fikirlərini eşidəndə Nizami Sadıxova hörmətim bir xeyli artmış oldu. Çünki onu tanısam da, arabir tədbirlərdə və məclislərdə görüşsəm də, Ağdamla bağlı qələmə aldığı kitabı oxusam da, belə yüksək intelekt sahibi olduğunu bilmirdm. Nizami Sadıxov həqiqətən maraqlı və zəngin idarəçilik təcrübəsinə malik olan bir insandır.

Söhbətə elə Ağdamdan da başladıq. Döğma kəndi Sarıhacılı ötən əsrin səksəninci illərində artıq şəhərə birləşdirilmişdi. Böyük Vətən Müharibəsində əldə edilmiş qələbəyə həsr edilmiş abidənin yanından Şuşaya doğru gedən magistral yolun sağ tərəfində o illərdə yeni idman kompelksi inşa edilmişdi. O ərazidə həm də rayonlararası profilaktoriya var idi. Həmsöhbətimin də ata yurdu məhz bu ərazidə idi.

Yetmişinci illərdə idman kompleksinin qarşı tərəfindən çəkilən yol düz Ağdam bazarının üst tərəfinədək uzanırdı. Yəni Yevlax istiqamətindən gəlib Şuşaya getmək istəyənlər şəhərin bazar tərəfinə daxil olmamış bu yolla da gedə bilərdin. Əslində bu yol şənbə-bazar günlərində şəhərdəki sıxlığı aradan qaldırmaq məqsədiylə çəkilmişdi.

Nizami Sadıxovun dediklərindən: - Məktəbdə oxuduğum illərdə ən yaddımda qalan məqam kəndin üst tərəfindən keçən məşhur “Kötəl arxı”nın suyunda çimməyim və balıq tutmağımdır. Yayda çayın qarşısını qara daşlarla kəsərdik. Su bir xeyli qalxdıqdan sonra həvəslə çimməyə başlar, yayın cırhacırında valideynlərimiz çağırmasaydı çıxmazdıq. Gözəl və mənalı uşaqlıq illərimiz olub. İnsanlarda sanki bir səmimiyyət var idi. Heç kəs sözdən söz çıxarıb, ucuzluğa getməzdi.

Ata yurdumda ikimərtəbəli ev tikdirmişdim. On səkkiz sotluq həyət və evin sənədi də atamın adına idi. O da sonralar onu oğluma vəsiyyət etmişdi. Bu gün o evin sənədlərini göz bəbəyimiz kimi qoruyuruq. Qonşularımız İsgəndərgil idi. Kənddə sarı İsgəndər deyərdilər. Digəri Zülfüqar idi. Qonşularımız yaxşı insanlar idi.

Bir məqamı da deyim ki, bildiyim qədər, Ağdam bazarının ərazisi, o cümlədən Ədalət Heydərovun baş həkim olduğu Uşaq xəstəxanasının əraizisi vaxtıylə Seyidli-Sarıhacılı kəndinin əkin sahələri olub. Rəhmətlik nənəm danışardı ki, oralarda camaatımız həmişə taxıl əkər və Kötəlin suyu ilə sulayardılar. O buğdanın dadı indi hardadı.

Nənəm rəhmətlik doxsan dörd yaş yaşamışdı. Güclü hafizəsi var idi. O danışardı ki, babamın dayıları olub: Kərim bəy, Alıqulu bəy və Abbasqulu bəy. Kərim bəyin evi bizim ata yurdumuza yaxın yerdə idi. Nənəm deyirdi ki, türk qoşunları Ağdama gələrkən məhz qərargah kimi Kərim bəyin evini istifadə ediblər. Türk qoşunları qayırdarkən evdən istifadə etdiklərinə görə, məcburi şəkildə ev sahiblərinə kirayə haqqı veriblərmiş. Kərim bəy isə Çar Rusiyası dövründə rus qoşunlarında xidmət edib, yüksək mənsəb sahibiymiş. Deyərdim ki, Seyidli və Sarıhacılı kəndləri Ağdam şəhərinin əsasını təşkil edirdi. Bu iki kənd Ağdama çoxsaylı ziyalı, alim, yazıçı və mədəniyyət xadimləri bəxş edib. Nizami Sadıxovun da söylədiyi kimi, bu kənddə hələ Xanlıq dövründə və ondan sonraki illərdə ağalıq var imiş. Ətraf ərazilərin idarəçiliyi də bu kənddə olan bəylərə məxsus imiş. Tək “Kötəl arxı”nın üstündə ondan artıq Un dəyirmanı var idi. Hamısı da bir birinin bəhsinə həm gözəl inşa edilmiş, həm də xidmətiylə seçilirmiş. Onlardan biri də həmsöhbətimin ata yurduna yaxın yerdə idi. - Bu gün idarəçilikdə olan hər bir kəsdə intellektlə yanaşı, Vətən sevgisi olmalıdır. Səviyyəsi və kökü olan hər bir məmur xalqına da səviyyəli xidmət edəcəkdir.

Bu gün 30 ilə yaxın düşmənin işğalı altında olan torpaqlarımızı ancaq döyüşlə, qan tökməklə geri qaytarmalıyıq. Yalnız bu halda o torpaqlarda hallalıqla gəzə bilərik. Bizim hər birimiz Ali Baş Komandanın çağırışına hazır olmalıyıq. Hər kəs öz çalışdığı sahədə Vətəninə torpağına köməyini göstərməlidir...

Ağdama təyinat alanda rayonun işğal altında olmayan 28 faizlik ərazisini gəzdim. Girişdə köhnə bir dəmir qara lövhə üzərində “Ağdama xöş gəlmisiniz” sözləri yazılmışdı. Həmin dövrdə bəlkə də onlarca dəfə rayon rəhbəri işləmiş şəxslər o dəmir lövhəyə baxıb keçmişdilər. Həmin ərazidə geniş abadlıq işlərinə start verildi. Sözsüz ki, bütün bu layihələr cənab Prezidentin Ağdama göstərdiyi diqqətin sayəsində daha sürətlə davam etdirilirdi. Simvolik qala divarları, möhtəşəm Soltanbud təpəsində Bayraq meydanının inşası, rayonun qazlaşdırlıması və arda-arda onlarca layihəyə start verildi. Elə təsəvvür yaranmışdı ki, son on dörd il ərzində sanki rayon ərazisində heç bir iş görülməmişdi. Az müddət ərzində ciddi işlər görüldü...

Bu gün rayona artıq yeni icra başçısı təyin edilib. Vaqif Həsənovun Ağdamın daha da çicəklənməsinə və inkişafına öz töhfəsini verəcəyinə, bu işlərdə isə ağdamlıların ona yaxından dəstək duracaqlarına inanıram. Əminəm ki, öz fəaliyyətiylə yeni icra başçısı cənab Prezidentin ona göstərdiyi etimadı layiqincə doğruldacaqdır.

Bu arada Nizami Sadıxovun fəaliyyəti dövründə yaddaşımda dərin izlər buraxmış bir addım barəsində bir qədər geniş qeyd etmək istərdim. Ağdamın erməni silahi qüvvələri tərəfindən işğalının iyirmi illiyində böyük bir yürüş təşkil edilmişdi. Quzanlı qəsəbəsindən Soltanbuda olan dörd kilometrlik yolda saysız-hesabsız adamlar var idi. Və bu insanları yürüşə cəlb edən Vətən sevgisi idi. İnsanlarda bir təlatüm yaratmışdı bu yürüş. Bəlkə də camaat bir himə bənd idi. Ancaq mütəşəkkillik elə ilk anındaca hiss olunurdu. Sonda Bayraq meydanında keçirilən tədbirdəki çıxışlarda “Böyük Ağdam” ideyası sanki ictimailəşdirildi.

Qeyd edim ki, hər bir ağdamlıyla söhbətimdə verdiyim bir sualı Nizami Sadıxova da ünvanladım - “İnşallah, Ağdama qayıdanda birinci hansı layihənin icrasına başlamağı təklif edərdiniz?”: - İlk olaraq mənəvi cəhətdən itirdiklərimizin bərpasına çalışmalıyıq. Bizim ölkəmiz elə bir qüdrətə sahibdir ki, bu gün işğal altında olan şəhər və ətraf yaşayış məntəqələri yüksək səviyyədə bərpa olunacaqdır. Yəni olduğundan da yüksək və keyfiyyətli şəkildə. Ona heç bir şübhəm yoxdur. Deyim ki, cənab Prezidentin yürütdüyü siyasətdə bundan xəbər verir.

Lakin mənim istəyim əsl ağdamlı xarakterinin bərpasına çalışmağımızdır. Və ilk layihədə məhz bununla bağlı olmalıdır.

Ötən ötuz il ərzində müəyyən mənəvi dəyərlərimzdə hiss olunan deformasiyanın bərpası mütləq şəkildə lazımdır. Böyük Ağdam, Böyük Qarabağ, Böyük Azərbaycan uğrunda apardığımız mübarizəni sistemlı şəkildə aparmalı, gənclərimizdə böyük Azərbaycançılıq ideyasını yaşatmalıyıq...

Sözsüz ki, bəzən insan vəzifədə olduğu zaman onun baxışı, həyata keçirdiyi layihələrin məqsədi məramı qəbul edilməyə bilər. Ağdama istər keçmiş sovet dönəmində, istərsə də müstəqillik dövründə rəhbərlik etmiş bəzi şəxslərin fəaliyyəti zamanında qiymətini almayıb. Bu da təbiidir. Bugün rayonun və şəhərin tarixi ilə bağlı araşdırma zamanı onlarca belə faktların olduğunu söyləmək olar. Ancaq gec-tez görülən işin qiyməti verilir. Bu gün rayona təyinat alan səkkiz icra başçısının hamısının köklü ağdamlı olması, Ağdam kimi həssas rayona göstərilən bir diqqət kimi xüsusi qeyd edilməlidir. Və dövlət başçısının bu diqqətini hər zaman ləyaqətlə və ciddi layihələrin icrasıyla dəyərləndirmək lazımdır. Və etiraf edilməlidir ki, Ağdamın işğal altında olmayan ərazisində abadlıq-quruculuq işlərinın başlaması məhz Nizami Sadıxovun adıyla bağlıdır.

Vüqar Tofiqli

QHT və MEDİA

2019-10-14 07:55:50

QHT və MEDİA
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...

Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və ...

2019-10-12 16:50:30

QHT və MEDİA
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...

"Azərbaycan Prezidenti İlham Əliyev Qaragin Njde ilə bağlı çıxışında heç bir ...

CƏMİYYƏT

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

2019-10-02 08:20:52

CƏMİYYƏT
Oljas Süleymanov azərbaycanlıları öz dər...
Oljas Süleymanov azərbaycanlıları öz dər...

“İnsanı əvvəl kitab, sonra məktəb tərbiyələndirir. İndi ədəbiyyat yaranmır. Ç...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...