SOSİAL

Ömrün ötən, amma itməyən illəri

Ömrüm boyu doğulub boya-başa çatdığım kəndin məskunluq borcunu, bir də ki, məni dünyaya gətirən ata-ana haqqı-sayını unutmamışam. Bir gün atam gəlib-gedənlərdən sifariş göndərdi ki, vaxt tapıb mümkün eləyə bilsə, bir kəndə gəlsin, ona sözüm var

Dörd-beş saatlıq maşın yolunu qət eləyib getdim. Sən demə, kəndimizi yarıya bölən dərənin ağ kranlığındakı qoşa çarhovuzlu, iki daş döşənmiş Məşədi Allahverən bulağı xeyli vaxtdı quruyub. Çiyni səhəngli qız-gəlin su sarıdan əzab-əziyyət çəkir.

Bu kövrək sətirlər yazıçı-publisist Əli İldırıioğlunun “Mənim rəncbər atam” romanındandır. Son illərin nəsr əsərləri içərisində yaşadığın, dünyaya göz açdığın yurd yerini, ata ocağını bir belə nisgilliklə, amma həm də qürurla xatırlayan əsərlər yazılır, amma Əli müəllimin bu əsəri nostalgiyadan uzaqdır. Onun təsvirlərində hər bir lövhə çox təbiidir, o qədər ki, sən özünü keçmişdə, ötən günlərdə deyil, bu gündə hiss edirsən, yazıçı ilə birgə Qubadlının Əliquluuşağı kəndinə baş çəkirsən. Əli İldırımoğlunun seçilmiş əsərlərinin on iki cildliyində onun yetmiş illik bədii-publisistik yaradıcılığı əks olunur və müxtəlif janrları (roman, povest, hekayə, felyeton, publisistik yazılar) bu yazıların (xüsusilə romanların) əksəriyyətini Əli müəllim yetmiş-səksən yaşlarında qələmə alıb və mən buna qətiyyən təəccüblənmirəm. O fikirdə də deyiləm ki, Əli müəllim illərin yorğunluğunu canından çıxarır. Əlbəttə, belə deyil. Sadəcə, vətənpərvər bir yazıçının yerinə yetirdiyi vəzifədir ki, ömrün ötən, amma itməyən illəri, bu illərdə baş verən hadisələri qələmə alsın, yeni nəsilləri ata-baba ruhuna kökləsin.

Əli İldırımoğlu - tutiya yaşlı bu KÖHNƏ KİŞİ ömrün ötən illərinə qayıdanda rəncbər atasını, nəvazişini duymadığı, oğulluq borcunu verə bilmədiyi anasını kövrək duyğularla xatırlayır: “Xəstələnmişdim, deyirdilər qızılca çıxardıb. Başımı dizinin üstünə qoymuşdu. Huşdaydım, özümü-sözümü bilmirdim. Hərdən səksənib, gözlərimi açıb anama güclə baxırdım. Onun yanaqlarından yaz leysanı kimi yaş süzülürdü. Vəssalam! Anamla əlaqədar daha heç nə xatırlaya bilmirəm. Bircə onu bilirəm ki, hələ altı yaşım tamam olmamış birdəfəlik qeybə çəkildi! Görünməz oldu!” Anasını itirən o körpə - Qubadlının Əliquluuşağı kəndində dünyaya gələn Əli İldırımoğlunun bu günlərdə - noyabrın 17-də 91 yaşı tamam oldu. Əli İldırımoğlunun həyatında üç mərhələ bir-birini əvəz edib.

Birinci mərhələ: Uzun illər Azərbaycanın kəndlərində müəllim işləyib. Əsl ziyalılığın bünövrəsi müəllimlikdən başlayır. Beyinləri işıqla, ürəkləri sevgi, həyat eşqi, vətənpərvərlik duyğuları ilə kökləyən müəllim isə heç vaxt unudulmur, çəkdiyi zəhməti müqabilində heç bir təmanna güdməyən müəllim hər bir insanın xatirə yaddaşına çevrilir. “Qarlı gecələr” romanında və başqa əsərlərində Əli müəllimin Həkərinin buzlu sularından, sərt qarlı və sırsıralı dağ aşırımlarından, çovğunlu çöllərdən keçə-keçə Qubadlının Məlikəhmədli, Xıdırlı, Novlu, Gürcülü, Xəndək, Teymur Müsganlı, Əliquluuşağı, Muradxanlı, Dondarlı kənd məktəblərində dərs deməyi necə də heyranlıqla təsvir olunur. Müəllimliyi təkcə dərs deməklə, şagirdlərə bilik aşılamaqla deyil, həm də yaşadığı kəndin, elin-obanın içinə, məişətinə, dərd-sərinə şərik olmağı, özündən yaşlı insanların öyüd-nəsihətlərini, ağıllı məsləhətlərini dinləyib müdriklik dərslərini də mənimsəməyi Əli İldırımoğlu məhz kənddə, müəllimlik elədiyi illərdə öyrənib.

Əli İldırımoğlunun ən kamil əsəri, fikrimcə, öncə adını çəkdiyim “Mənim rəncbər atam” xatirə-romanıdır. Azərbaycan ədəbiyyatında ATA obrazını yaradan, atadan danışan əsərlər az deyil, amma həqiqət naminə deməliyəm ki, bu əsər təkcə bir atanın deyil, daha çox Azərbaycan atalarının və kişilərinin obrazı ilə ümumiləşən əsərdir. Romanın qəhrəmanı - Əli İldırımoğlunun rəncbər atası milli xarakter səviyyəsində bir obrazdır. “Atamın təhsili yox idi, elə bir məktəb də bitirməmişdi. Elm sahibi deyildi. Sovet hökumətinin ilk dövrlərində kəndimizdə təşkil olunmuş savad kursunda yazı-pozu öyrənmişdi, vəssalam. Rəncbər idi -baltasına, dəhrəsinə, orağına, çəkicinə, kərəntisinə. Belinə, düsərinə söykənən rəncbər.

Elmini, öyüd-nəsihətini heç vaxt məcrasından çıxmayan coşqun çaylardan, büllur çeşmələrdən, vəfalı-səfalı dağlardan, mer-meyvəsi tükənməyən bağlardan, qartal yuvalı yalçın qayalardan, bir dən atanda, on əvəzini qaytaran barlı-bəhrəli torpaqdan götürmüşdü. Qeyrət, zəhmət cığırları ilə yüksəlmişdi - ucadan uca insanlıq, kamillik, halallıq, kişilik zirvəsinə mənim rəncbər atam”. Bunlar bir oğulun atasına böyük məhəbbət ifadə edən gəlişigözəl sözlər deyil, sadəcə, rəncbər atanın ümumiləşmiş obrazıdır - əsər boyu bu obraz Əli İldırımoğlunun həqiqət, düzlük, haqq-ədalət yolunu işıqlandırır. Müəllif İldırım kişinin hər bir hərəkətinin, insanlara münasibətini, əkinçi-biçinçi dünyagörüşünü, torpağa, təbiətə məhəbbətini və əlbəttə, oğlunun xalqa gərəkli bir insan kimi yetişməsində rolunu qətiyyən şişirtmir, yəni göründüyünə heç bir əhvalat uydurmur, İldırım kişi necə varsa, eləcə təsvir edir. Onun oğluna nəsihətlərində xalqın əsrlər boyu formalaşmış və nəsildən-nəsilə keçən ULU YADDAŞ arxetipi əsas rol oynayır. Romanda Atanın Ata, Papağa, Çörəyə halallıq çevrəsindən qiymət verməsi

Əli İldırımoğlunu kamil bir publisist kimi onun “Közərən sətirlər” sənədli romanında izlədim. Bu, Azərbaycan publisistikasında ən dəyərli əsərlərdən biridir. Heç bir memuar, o cümlədən, xatirə-roman bir insanın sadəcə tərcümeyi-halı olmayıb, o, insanın həm də onun öz dünyasıdır, daha doğrusu, dünyaya, insanlara, yaşadığı cəmiyyətə də bədii dünyasıdır. Və mən bir oxucu kimi Əli İldırımoğlu dünyasını addım-addım izlədikdən sonra onun təsvirlərində heç vaxt görmədiyim Qubadlını gəzdim, Qaçaq Nəbinin, Həcərin, igid Əmrahın, “Kişi Tavat”ın, Sultan bəyin kim olduğunun bir daha fərqinə vardım. O gözəl torpaqdan nəşvü-nüma tapan, o torpağın suyunu, havasını ruhuna hopduran Əli İldırımoğlu bu gün o diyarın belə mərd insanlarıyla fəxr edir. Bu gün torpaqlarımızın iyirmi faizi, o cümlədən, Əli İldırımoğlunun doğulduğu Qubadlı da yad tapdağındadır. Əli müəllim o gözəl diyarı ürəkdən ona görə belə təsvir edir ki, Qubadlının, Laçının, Kəlbəcərin, Zəngilanın işğalından sonra doğulan yeni nəsil öz kökünü, nəslini, atalarının, babalarının torpağını tanısınlar.

Əli müəllimin həyatının ikinci mərhələsi onun 1952-ci ildən başlayan jurnalistlik fəaliyyəti ilə bağlıdır. Bu mərhələdə də o, torpağını, kəndini, doğulduğu, boya-başa çatdığı elini-obasını unutmayıb. O, rayon qəzetinin redaktoru işləyəndə də, “Kommunist” qəzetinin xüsusi müxbiri kimi Naxçıvanda, Qubada, Qarabağda fəaliyyət göstərəndə də atasından ona miras qalan KÖHNƏ KİŞİ xasiyyətini zərrəcə itirməyib. Sovet dövrünün ən qart, dünyaya meydan oxuduğu dövrdən - 1955-ci ildən ta ki, Azərbaycanda milli azadlıq hərəkatının ən qızğın dövrünə - 1990-cı ilə qədər, tam 35 il öz jurnalistlik missiyasını yerinə yetirib. “Közərən sətirlər”də Əli müəllim bu otuz beş ildə həmişə xalqın içində olub, toy-yas mərasimlərində iştirak edib, şikayətləri dinləyib, haqlı olub haqsızlıq əlində boğulan adamları müdafiə edib, yeri gələndə vəzifəli adamlarla cəng-cidala çıxıb və ən başlıcası odur ki, hər bir hərəkətində ədalətin, haqqın tərəfini saxlayıb. Amma mənim üçün bu kitabda ən dəyərli sətirlər ailə-məişət münasibətləri, əxlaq, milli-mənəvi dəyərlərlə bağlı olan sətirlərdi.

Bir filosofun ailə eybəcərliklərini qəzet səhifələrinə çıxarmaq istəyib, amma son anda eldən-obadan, tanışdan ayıbdı deyə yazıdan vaz keçib. Ortaya ağsaqqal, qarasaqqal düşüb, ailə çəkişməsini yoluna qoyub. “Filosofun biliyinə söz yoxdu, Hegeldən, Feyerbaxdan, Kantdan. Makarenkodan, Marksdan, Engelsdən, Homerdən elə danışırdı ki... adam heyran qalırdı. Lakin adamlığına, insani keyfiyyətlərinə gələndə. Bu alimi-biəməlin ömür-gün yolddaşı ilə rəftarı elə təsəvvür yaradırdı ki, onun hər kəs üçün zəruri olan mərifət, nəzakət, ədəb normalarından, insanlıq əlifbasından belə bixəbərdi”. Amma Əli müəllim xatırladır ki, hərf belə tanımayan, Hegelin, Feyerbaxın, Marksın kim olduğunu bilməyən babam Məşədi Paşa, qocam Gövhər əsl ədəb sahibləriydi. Əli müəllim yazanda ki, babam, qocam elə qayda qoymuşdular ki, evdə böyüyün böyük yeri var idi, kiçiyin kiçik. Babam evin allahı idi. Bəlkə də “Babam evin allahı idi” ifadəsi indiki cavanların bir çoxuna xoş gəlməz, amma bu ifadə Azərbaycan ailəsinin əsrlər boyu yaşatdığı bir ənənə olub. Evin kişisi ailənin pənahı, çörək ağacı, ağsaqqalı olub - Əli müəllim bu fikri söyləyir və keçmişdən, KÖHNƏ KİŞİLƏRin həyat tərzindən söz açır.

Üçüncü mərhələ onun romanları ilə bağlıdır. Bu romanlar haqqında xeyli yazılar çap olunub, hamısında belə bir həqiqət etiraf olunur ki, Əli İldırımoğlunun romanları müasir nəsrimizdə kənd, torpaq, Vətən sevgisi, böyük həyat təcrübəsi keçmiş bir insanın zəngin ömür yolu haqqında yeni sözdür. Onun romanlarında folklor, eldən gələn adət-ənənə, etnoqrafik detallar, xalqın mənəvi aləmi gur çeşmə kimi axır. Sovet dövrünün insanı kimi deyil, elə o dövrdə yaşayıb quruluşun bütün naqis cəhətlərini yazmaqdan çəkinməyən bir insanın etiraflarıdır bunlar.

Təkcə etirafları yox, həm də gizlində qalan həqiqətləridir ki, bunları söyləməyin vaxtı gəlib. Əli müəllim erməniliyin mahiyyətini “Daş yağan gün” romanında təsvir edib, elə hadisələrdən, şəxsən üzləşdiyi vaqiələrdən söz açır ki, bunları unuda bilmirsən. Əli müəllim “Zorən jurnalist” və “Həmin adam” romanlarında həyatın gur axını üzə çıxan qəzetçilik, jurnalistlik aləmini canlandırır - bir rayon daxilində baş verən hadisələri, istedadlı və istedadsız yazarların qarşıdurmalarını göz önünə gətirir. O illərdə hər bir rayon qəzeti “güzgü” rolunu, missiyasını yerinə yetirirdimi - bax, həmin romanlarda bu suala cavab tapırıq. “Közərən sətirlər”də Əli İldırımoğlunun “Kommunist”in müxbiri kimi Naxçıvandakı fəaliyyəti təkcə onun fədakar jurnalist həyatını əks etdirmir, həm də o diyarda baş verən ictimai-siyasi hadisələri, müxtəlif xarakterli insanların münaqişələrini də qələmə alır. Əli müəllim bütün romanlarında sadə insanların tərəfindədir, onların zəngin mənəvi aləmini açır. Romanlarında bu sadə insanların - çobanların, kənddə yaşayan adi peşə sahiblərinin siyahısı tutulsa, sayı-hesabı bilinməz.

Nəhayət, Əli İldırımoğlunun əsərlərinin dili və üslubu barədə lap qısaca söz açmaq olar. Geniş təhlilə, şərhə ehtiyac duymuram: onun çox sadə, hər kəsin anlayacağı tərzdə bir üslubu var. Oxucu ilə ünsiyyət tapan yazıçıdır. Yurdun çobanı da, akademiki də onu eyni dərəcədə (əlbəttə, çoban çoban kimi, akademik akademik kimi) anlayır. Azərbaycan ədibləri içərisində yaşı doxsanı keçən neçə nəfər var? Çox az. Əli İldırımoğlu 91 yaşındadır və yenə sapsağlamdır, yenə qələmi əlindədir, yenə yazır-yaradır. Belə bir ömürə ancaq qibtə edirik və sevirik Əli müəllimi!

Vaqif YUSİFLİ Filologiya elmləri doktoru

QHT və MEDİA

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...