2022-04-19 07:15:18 | MƏDƏNİYYƏT
Ürəkdən güc alan poetik səs

Adilə Nəzər (Adilə Həsən qızı Nəzərova) artıq 7 şeir kitabının müəllifidir və imzasını çoxdan tanıdıb. İndi şairlərin türk, rus, fars, ingilis dillərində şeirləri ilə çıxış etməsi qətiyyən təəccüb doğurmur. Adilə xanım da "çoxdilli" şairdir. Onun İraq Yazıçılar Birliyinin üzvü olması da sensasiya sayılmaz. Və Adilə xanımın filologiya üzrə fəlsəfə doktoru kimi fəaliyyəti də ("Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti", 40-a qədər elmi məqalənin və bir monoqrafiyanın müəllifidir) buraya əlavə olunsa (hələ aldığı "Can yarlığı" mükafatını, respublikada və xarici ölkələrdə elmi konfranslarda çıxışları), görün Adilə xanım necə zəki bir qadınmış deyərsən...

Sabah Adilə Nəzər hansı şirkətinsə prezidenti ola bilər, ya bir yaxşı vəzifə kreslosunda əyləşə bilər. Amma mənim nəzərimdə o şairdir. Şairlik isə nə vəzifədir, nə də hansı qurumunsa sədrliyi... Şairlik ürəklə baş-başa verməkdir, həyatı, dünyanı, gözəlliyi, təbiəti, Günəşi, Ayı, ulduzları, gülü-çiçəyi hamının gördüyündən fərqli görməkdir.

Hansı ağrılardan çıxdın,

Hansı əzablardan gəldin?

Harda ağladın kim bildi,

Kim bildi ki, harda güldün?

 

Ruhumun yağmur havası,

Könlümün duman yerisən.

Kiminin ümid işığı

Kiminin güman yerisən.

 

Sən elə müqəddəssən ki,

Ayağıyalın girirəm.

Aynaya baxanda sanki,

Məni yox, səni görürəm.

 

Oxuduqca hər sətrini,

Hər hərfini seyr edirəm.

Sənin özün olum deyə,

Ta, adımı şeir edirəm.

Şairin şeir ömrü yaşamağı barədə etirafları çox eşitmişik.

Adilə Nəzərin ayrıca "Şeir" şeiri də var. Burada onun şeirə müxtəlif yanaşmaları ilə üzləşirik. Şeir nədir sualına cavablar səslənir:

Şeir bir az

Tanrıyla dostluq yaratma ittifaqıdı,

Bir az da şeirin özünü tanıtma ixtirası.

Bir az da buludların

Yaddaşındakı yağışların lirikasıdır.

Şeir sözə vurğunluq sənətidi.

Şairin tanrı ilə dostluq yaratmaq "ittifaqı" barədə çox eşitmişik, bir az da özünü tanıtma "ixtirası" - məlum. Bəs sonra? Hələlik təzə bir söz eşitmirik.

Amma:

Şeirdən əvvəl ağrısı gəlir,

Şeir, həm də ömrü

uzadan nəfəs

Yıxıl, hər misrasına səcdə et,

Şeir bazarıdır könlüm...

Təbii ki, Adilənin şeir haqqında fikirləri onun özünün düşüncələridir. Bəzən heç razılaşmırsan da. "Şeir adi qulağa xoş gələn uzaq bir coğrafiyadır, rəng korluğudur, səs karlığıdır" yaxud "bir ucuz sevgiyə bir bahalı canın ödənişindən epitafiyadır" - razılaşmaq olmaz... Şeiri bu qədər sağa-sola, coğrafiyaya, epitafiyaya sürükləmək neçin?

Amma Adilə Nəzərin elə şeirləri var ki, o "coğrafiya"nı, o "epitafiyanı"da yıxıb sürüyür, əsl şeir obrazı ilə qarşımızda canlanır. Atasının xatirəsinə həsr etdiyi "Mən ağladım" şeiri kimi...

Ağlamaq - patoloji mənada anlaşılsa, hüzn, ələm, haqqıraq gətirər. Amma bu şeirdə ağlamaq kövrəkliyin, həzinliyin poetik ifadəsinə çevrilir.

Qızılı saçlarını gün yandıran iyul gecəsiydi...

Gündüzün havarı, gecənin sükutu ağı dedi,

Mən ağladım.

Yeddi gün əvvəl -

Ramazanın ilk günündə xəzan gəldi,

Bütün yarpaqlar tarımar oldu, titrədi, üşüdü.

Həyat budağından bir yarpaq düşdü - ata adında.

Desəm ki, Adilə Nəzər əsl ovqat şairidir, inandırmaq çətin olmaz. Şeir elə ovqatdan, əhval-ruhiyyənin rəngarəng, çeşidli çalarlarından yaranmırmı - deyəcəksiniz. Amma məsələ burasındadır ki, hər şairin ovqatı onun öz fərdi dünyasının bəlirtiləridir. Bahar qışdan betər ola bilərmi? Bu da ovqatdan asılıdı:

Xəbərin oldumu?

Çox çağırdım bu gecə,

İlk heca və son heca: -

Al apar məni

Bu xəzan vurmuş baharın əlindən, Allah

Bu bahar gözümdən düşdü,

Bu bahar məni qışdan betər üşütdü.

Elə güman eləməyin, Adilə Nəzər yalnız ovqat şairidir; canında yatıb qalan duyğularını ovqatı gələndə şeirə çevirir, hətta gününü də qeyd edir (2 dekabr "şeiri" və sair). Və elə güman eləməyin ki, onun sevgi şeirləri ancaq pessimist ovqat aşılayır sənə, mənə, ona...

Xocalı işğal olunanda qəfəsdə bir quş... harada olduğunu anlamadığı dar və tüstülü bir qəfəsdədir. Xain gözətçilər tez-tez içəri dalıb süngüləyirdilər hiss etmədiyi bədənini... Yaxud:

Çətindir xar olmaq yağı içində,

Bu xalq ümidindən hələ güc alır.

Qalıb dərd içində, ağı içində

Əsir düşən körpələri, qocaları.

Qarabağın şəhid düşən balası

Xocalıdır, Xocalıdır, Xocalı.

Və Adilə Nəzər o illərdə - 44 günlük savaşdan öncə yazdığı bir şeirdə "Lap hönkürüb ağlaram, axsın yaşım bulaq tək, Bilim, Xarıbülbüllər açıb ləçəklənəcək", "sinəsindən qoparsa Qarabağ adlı dağı, gözlərimi möhür tək o dağa basdıraram" - deyir. İndi göz yaşlarının bulaq təki axmağına lüzum yox, Xarıbülbüllər ləçək-ləçəkdir...

"Əsgərə məktub" şeiri hecanın az-az rast gəlinən on ikiliyində yazılıb və uğur- xeyir dua - yola salma mərasimi ilə səsləşən ritmə uyğundur:

Tələsir qonmağa üçrəngli bayrağın,

Laçında, Şuşada başına hər dağın.

Azadlıq gözləyir o əsir torpağın,

Qisasın qalmasın - şərəfə toxunur.

 

Hələ ki, yurd-yuvam, el-obam dardadı,

Hardadır qələbən, zəfərin hardadı?!

Yolunu gözləyən qız intizardadı,

Adına dualar oxuyur, oxuyur...

Adilə Nəzərin şeirlərini fəsil bölgüsü ilə səciyyələndirsək, deyərik ki, bu şeirlər payız fəslinə daha çox oxşayır. Özü də bunu etiraf edir:

Payız hakim olub şeirlərimə,

Nə yazsam vərəqdə saralıb solur.

Hələ tab edirəm bu ayrılığa,

Gecəni çəkirəm səhərlərimə.

Vaxt gələr, yazaram yazdan, hələ ki.

Payız hakim olub şeirlərimə.

"Əsən dəli küləklər" də, ağac olmaq istəyi də, yağışı dinləmək də payızdan, daha doğrusu, payızın şair ürəyində sakin olmasından xəbər verir. Amma bu məsələnin ancaq zahiri tərəfidir. Əsas odur ki, Adilə Nəzərə nə qədər subyektiv səslənsə də, payız şairi - darıxan qadın deyə bilərəmmi?

Yenə də onun bir etirafı:

Hər yerdə eyni fəsil, hər yerdə eyni hava,

İçim çölüm payızdı,

Rəngim də avazdı.

Köç edən durnaların avazına boylanır

İçimdə rəngi solan gül qoxulu ümidlər.

Çölümdə göy üzünün ətəyindən sarmaşan o boz-qara buludlar.

Adilə Nəzərin şeirləri və şeir kitabları barədə bir neçə məqalə ilə tanış olmuşam. Tərifləyiblər, xoşlarına gələn şeirlərindən misallar da gətiriblər. Amma bir suala cavab verilməyib ki, axı, bu Adilə Nəzərin poetik inkişafı, bir şair kimi irəliləyişi nəzərə çarpırmı? Başlıca uğurları hansı yöndədir, zəiflikləri necə?

Adilə Nəzərin artıq fərdi üslubu da, deyim tərzi də özünəməxsusluğu ilə seçilir. Əgər poeziyada SƏS məfhumu da bir faktor kimi götürülürsə, Adilə Nəzərin də poetik səsi formalaşıb. Məncə, onun "50 yaşın şeiri"ni elə bu mənada SƏS də adlandırmaq olar. Bu SƏSin güc aldığı mənbə ürəkdir:

Sən məni yaza bilərsənmi?

Anlada bilərsənmi ruhumun rəngini?

Səhərlərimin yağış qoxusunu,

Gündüzlərimin sıxıntılarını...

Adilə Nəzərdən gətirdiyim şeir parçaları onun sərbəstdə yazdıqlarıdır. Amma o hecada da mükəmməl şeirlər yazır:

Dünya-aləm sevgi dolu,

açılıb könlümün yolu.

Dil-dil ötən bir bülbülü

Yazır məhəbbət şeiri.

 

Qəlbim oda yanır hər gün,

Gözlərim yoluna sürgün.

Əlim nə soyuq, nə yorğun,

Yazır məhəbbət şeiri.

Yaxud:

Bir göl kimiyəm, lalam,

Sən axar çaysan hələ.

Mən səndə daşam, liləm

Çöküb axa bilmirəm.

 

Sən mənim can evimin

Təməl bina daşısan.

Evim çökəcək deyə

Söküb ata bilmirəm.

Adilə Nəzər bir şeirində yazır:

Mən niyə həsrətə qucaq açım ki,

Mənim də dərd adlı öz sevgilim var.

Onun dərd adlı sevgilisi sözdür, şeiridir... Əgər beləysə, eşq olsun o Dərdə!



 Vaqif Yusifli

Baxış sayı : 213
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub