2021-09-26 07:30:56 | SİYASƏT
Nisgilimizin və qürurumuzun ədəbi toplusu: "Qarabağ dastanı"

Artıq elə indidən tarixə düşmüş və yüz illər boyunca milli tariximizin iftixarı olacaq 44 günlük Vətən müharibəsi ilə bağlı saysız-hesabsız elmi publisistik, bədii əsərlər yazılacaq. Çünki bu 44 günlük Vətən müharibəsi dünyanın ən rəzil, alçaq xislətli bir millətin (millətinmi?), Ermənistan adlı bir dövlətin (dövlətinmi?) qonşuya xəyanətinə son qoydu və bütün dünyaya Azərbaycan xalqının qüdrətini göstərdi.

"Müharibə" sözü leksik anlam kimi öz mənasında nə qədər dəhşət saçsa da, onun əvvəlinə əlavə edilən "Vətən" sözü həmin anlama bir müqəddəslik gətirir. Dünya xalqlarının tarixində baş verən bütün Vətən müharibələri həmişə, əsasən haqqın tərəfində olan, aqressiyanı dəf etmək, işğalçını torpağından qovmaq məqsədilə döyüşən ölkənin qələbəsi ilə bitib. Xalqın "haqq nazilər, amma üzülməz" kimi min illərdən gələn müdrik deyimi belə yerdə əsl həqiqəti ifadə edir. Otuz il Vətənimizi işğalda saxlayan və bu otuz ildə havadarlarının arxasına sığınaraq bizi lağa qoyan Ermənistanın işğalçılıq siyasətinə qarşı haqq səsimizi dünya ictimaiyyəti eşitməməzliyə vurdu. Amma onu da unutdular ki, hər şeyin bir sonu var və sonda xalq, millət öz Vətəni uğrunda elə birləşəcək, elə güclənəcək ki, bu birgəliyin, bu gücün qarşısında heç kim tab gətirə bilməyəcək. Xalq birləşdi, xalq öz Prezidenti ilə, Ali Baş Komandanı ilə, Vətən uğrunda mübarizəyə qalxan Ordusu ilə birləşdi. İllər keçəcək dünya dəyişəcək, amma xalqımızın bu birliyi bir daha heç vaxt sarsılmayacaq. Çünki bu birliyin də Vətənimizin işğal tarixi kimi 30 yaşı var. Xalqımızın ötən illərdən nəticə çıxarıb birləşməyə gedən yolunun 30 ili millətimizin sıravi vətəndaşından tutmuş aliminə, ziyalısınadək hər kəsin ağrıdığı bir yoldur.

Bu yolun ağrılı çağlarını ağrı ilə yaşayan yazıçı, şair, publisistlərimiz də hər an öz sözlərini demiş və deməkdədirlər. Onlar elmi-bədii publisistik əsərləri ilə Qarabağı yaddaşlarda saxlamağa, xalqımızı birgəliyə çağırmağa, işğalçıya sonsuz nifrətlə yanaşmağa çağırırlar. Xalqımızın Anar, Elçin, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz kimi ədibləri heç vaxt qələmi yerə qoymadılar. Otuz illik ağır bir zamanda elə bir yazıçı, şair, publisist olmadı ki, öz yaradıcılığında Qarabağ həsrətini ifadə etməsin. Və əlbəttə, otuz ilin həsrəti, həmçinin, 44 günlük Vətən müharibəsi dövründəki, böyük qələbəmizdən sonrakı zamanın ədəbi yaradıcılığı müqəddəs kitab formatına köçürülməli idi. Bu missiya Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın ideyası ilə "Təhsil" nəşriyyatının nəşr etdiyi "Qarabağ dastanı: otuz ilin həsrəti - 44 günün zəfəri" adlı möhtəşəm bir kitabla yerinə yetirildi. Kitabın daşıdığı mahiyyət onun annotasiyasında çox dəqiq ifadə edilib: "Azərbaycan xalqı və şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə qazandı. Bütün xalqımız kimi, Azərbaycan yazıçılarının da 30 ilə yaxın zaman müddətində qəlbində daşıdığı acı, nisgil, həsrət, nəhayət ki, sona yetdi.

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında düşüncələrinə, xatirələrinə yer verilib. İşğalın gətirdiyi kədəri, eyni zamanda, qələbəmizdən qaynaqlanan qüruru əks etdirən bu yazılar Azərbaycanın böyük zəfərinin əbədiləşməsinə qələm adamlarının töhfəsidir. Bu yazılarda Qarabağın tarixinə dair maraqlı faktlar, unudulmaz duyğular, müəlliflərin şirinli-acılı xatirələri öz əksini tapıb".

Kitabın tərtibatı onun əsas mahiyyətinə çox uyğundur. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan və Ordumuzun "Birinci əsgəri" (Mir Şahin) kimi Cıdır düzündəki məğrur şəkli - "Dəmir yumruq" portreti kitabın ilk səhifəsini təşkil edir. Daha sonra ardıcıl şəkildə Ali Baş Komandanın Vətən müharibəsi günlərində rəşadətli ordumuzun işğal altında olan hər rayonumuzun azad edilməsi ilə bağlı xalqa qələbə müjdəsi verən müraciətləri və qələbədən sonrakı Şuşa səfərlərindəki çıxışlarından fraqmentlər ilk səhifələrdə yer alır. Bu səhifələrdə habelə Ali Baş Komandanın bütün Qarabağ səfərlərində ona yol yoldaşı olmuş Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ruhuna bir Tanrı duası kimi səslənən sözlərini oxuyuruq.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, kitabın redaktoru Rəşad Məcid "Qarabağ dastanı"na maraqlı bir ön söz yazıb. "Şuşa havasının əritdiyi nisgil" sərlövhəli bu ön söz toplunun əsas mahiyyətini açır, burada yer alan bir sıra əsərin bəzi məqamlarını təhlilə cəlb edir.

"Qarabağ dastanı"nda yüzə yaxın (94) müəllifin əsəri toplanıb. Əlbəttə, otuz ilin həsrəti müddətində Qarabağa həsr edilmiş əsərlər o qədər çoxdur ki, onların hamısını bir kitabda təqdim etmək mümkün olmazdı. Yəqin ki, tariximizin bu dövrü ilə bağlı yüzlərlə, minlərlə əsər hələ bundan sonra saysız kitablarda özünə yer alacaq.

İlk növbədə qeyd edim ki, bu kitabdakı yazıların hamısında duyğulu yazıçı, şair, publisist qəlbi döyünür. Azərbaycan ədəbiyyatının canlı klassikləri Xalq yazıçıları - Anarın, Elçinin, müasir bədii nəsrin ustad nümayəndələri Aqil Abbasın, Seyran Səxavətin, Elçin Hüseynbəylinin və başqalarının Qarabağ nisgilinə bürünmüş, qəlbimizin qüruru ilə qələmə alınmış bədii-publisistik yazıları oxuculara yeni bir Vətən sevgisi aşılayır. Kitabdakı yazıların hamısında Qarabağın milli tariximizdə yeri, bu diyarın bütövlükdə Azərbaycan məzmunu əsas yer tutur. Bu mənada elə kitabın "Qarabağ - doğma yurdum" rubrikası altında Elçinin "Şuşanın dağları başı dumanlı..." essesi xüsusi maraq kəsb edir.

Xatırlatmaq istərdim ki, Elçin hələ uzun illər bundan əvvəl yazdığı "Şuşaya duman gəlib..." məlum povestində Qarabağa, onun qızıl tacı olan Şuşaya sənətkar sevgisini ifadə etmişdi. "Şuşanın dağları başı dumanlı..." essesi sanki həmin əsərin davamıdır. Yazıçı birincidə hər şeydən arxayın Şuşanın sakit həyatının lövhələrini təsvir edirdisə, ikincidə Şuşa və şuşalıların mədəni-mənəvi koloritini, otuz il düşmən tapdağında qalan Cıdır düzünün - bütövlükdə Şuşa möcüzəsinin geniş ponoramını bizə təqdim edir. Və bütün bunlar yazıçının 1982-ci il yanvarın 14-də Şuşanın Cıdır düzündə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Molla Pənah Vaqifin məqbərəsinin açılış günündə iştirakından başlanan xatirələrində yer alıb. Yazıçının bu xatirələri, əslində, bizə bütöv bir roman təsiri bağışlayır və biz bu xatirələrdə Şuşanın, bu şəhərin adamlarının aydın koloritini görürük. "Şuşanın dağları başı dumanlı..."dakı Şuşa sənətkarın ecazkar qələmində bir Azərbaycan timsalıdır. Belə bir məqama diqqət edək: "Şuşanın günəşi bir gündə beş dəfə çıxıb, beş dəfə də bata bilər və ayın 14-də Şuşada hər tərəfi elə bir qar basmışdı... maşınlar Cıdır düzünə qalxa bilmədi və hamı maşından enib yoxuşu piyada qalxmağa başladı..." Və yazıçı, Vaqifin məqbərəsinin yağan qar altında izdihamlı bir mənzərə ilə açılışını təsvir edib o zamankı qeydlərində yazır: "Başqa söz tapa bilmirəm: Şuşada qar bayramı idi".

Yazıçı elə həmin 1982-ci ilin 29 iyulunda yenə də Heydər Əliyevin iştirakı ilə Şuşada keçirilən Vaqif Poeziya Günündəki xatirələrini qələmə alır və bu məqamlarda erməni şair və yazıçılarının Azərbaycana "sevgilərini" ifadə edən çıxışlarını və sonralar həmin o "sevgi" sahiblərinin bizə qarşı qəddarlığını yada salır. Və bu yerdə deyir: "Mən 1982-ci ildəki bu iki Şuşa səfəri barədə nə üçün bu qədər ətraflı yazıram? Çünki Şuşa dağlarının başına bürünmüş o gözəl dumana baxa-baxa həzz aldığımız o çağlarda kimin ağlına gələ bilərdi ki, Şuşanın özünün başının üstünü qapqara bir duman bürüyüb və bizim də bundan xəbərimiz yoxdur?" Elçin bu sözlərlə xalqımızı yağı düşmənə qarşı həmişə, hər zaman ayıq-sayıq olmağa çağırır...

Bu gün Şuşanın azad olunmasını qürurla qələmə alan Elçin Polad Bülbüloğlu ilə Şuşaya səfərə gələn Fərhad Bədəlbəylinin hər birimizin dilindən çıxa biləcək bir etirafını yazıya əlavə edir: "Şuşa, bizi bağışla!"

Və bu məqamda mən Elçinin özünün də bir çoxumuza, şəxsən bir qarabağlı kimi mənə də aid olan bir etirafını təqdim edirəm: "Bunu da etiraf etmək istəyirəm ki, mən Şuşanın azad olunacağını görəcəyimə inanmırdım, bu, mənim içimdə bir yara idi, çünki bu otuz illik erməni işğalının təcrübəsi göstərdi ki, dünyanı ikili siyasi standartlar idarə edir və İlham Əliyev həm Prezident, həm də Ali Baş Komandan kimi məhz bu ikili standartlar dünyasında ortaya son dərəcə ciddi və son dərəcə də cəsarətli iradə qoydu"...

Yazıçı və şairlərimizin, demək olar ki, hamısı otuz illik Qarabağ həsrətini müxtəlif janrlı əsərlərində Birinci Qarabağ müharibəsindən bu günədək ağrılı, nisgilli duyğularla ifadə ediblər.

Azərbaycan ədəbiyyatının canlı klassiki, Xalq yazıçısı Anar yaradıcılıq ömrünün bütün anlarında Qarabağ mövzusunu prioritet olaraq ədəbi-bədii düşüncəyə gətirib. Onun Üzeyir bəyə, Mirzə Cəlilə və digər sənət adamlarına həsr etdiyi hekayə, povest və bədii-sənədli filmlərində Qarabağ kaloriti, Qarabağ coşqusu özünü göstərib.

"Qarabağ dastanı..." kitabının mühüm bir hissəsində Anarın çox sevdiyi və taleyindən həmişə nigaran qaldığı bu diyarın mühüm portret cizgilərini əks etdirən əvvəlki və bugünkü yazıları yer alıb. "Ötən günlərin yazıları" başlığı altında yazıçının üç maraqliəsəri təqdim olunub. Müəllifin hələ 1983-1985-ci illərdə yazdığı, "Qarabağ şikəstəsi" özünün yayın qızmar Bakısından Qarabağa - Yevlax, Ağdam, Şuşa, Laçın... yollarından keçən "səfər xətti" Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları"ndakı yol xəttini xatırlatsa da, Anarın Qarabağın hər nöqtəsinə ziyalı bələdliyi, bu yerlərin bugünkü inkişaf səviyyəsinin sevindirici faktları meydanda tamamilə yeni bir Azərbaycan olduğunu nümayiş etdirir. İndi adamlar da dəyişib, daha milli, daha qayğıkeş olublar. Yevlaxın yay tülyanında çayçı Məmmədin dəmlədiyi çayın gətirdiyi sərinlik, hardasa çoban bir kəsin oxuduğu "Qarabağ şikəstəsi" təbiətin isti yay gününün narahatlığını unutdurur. Yayın bu istisində yolçuların - Anar və yoldaşlarının canına xoş bir sərinlik yayılır. “Bəlkə də səbəb musiqi sədalarıydı. Ətrafa baxırdıq - göz işlədikcə uzanan dümdüz aran, ucsuz-bucaqsız pambıq çölləri... Amma hardasa, kimsə dağlar nəğməsini - "Qarabağ şikəstəsi"ni oxuyurdu. Bu şikəstə dərələrin, uçurumların, yarğanların üstündən, bu dağdan o dağa haraylanan, boğazda qaynaya-qaynaya uzaqdan uzağı səsləyən, yamacdan-yamaca, qayadan-qayaya çatıb əks-sədayla qayıdan bir Qarabağ havasıydı. "Hava" sözünün hər iki mənasında. Nəğmə mənasında da, iqlim mənasında da. Yəni elə bu iki məna da bir-biriylə sıx bağlı deyilmi? Şuşanın gözəl səsləri bu dağların məcun havasından yaranmırmı?"

Əsərdən gətirdiyim bu sətirlər müəllifin Qarabağ - Şuşa görüşlərinin prelüdiyasıdır. Bundan sonra Şuşa bütöv bir Vətən timsalında qələmə alınır: "Özüm də bilmirəm Şuşanı niyə bu qədər sevirəm. Burda doğulmamışam, burda böyüməmişəm, əslim-nəslim bu şəhərdən deyil... Söz yox, Vətənin hər qarışı, hər bucağı əzizdir, müqqəddəsdir, amma Şuşa elə bir yerdir ki, imkanım olsaydı, bütün ömrümü bu şəhərdə keçirərdim və vəsiyyət də edərdim ki, öləndə məni burda basdırsınlar".

Bütün sətirləri Şuşaya, şuşalılara, Qarabağa bağlı bu əsərdən neçə-neçə belə sətirləri misal çəkmək olar. Bu əsər Şuşanın əsl tarixini qısa səkildə ortaya qoyur, şuşalıların milli xarakterini ümumiləşdirib Azərbaycan xalqının tipik nümunəsini yaradır.

Anarın bədii publisistikası 44 günlük Vətən müharibəsi çağında daha da fəallaşır. Onun Vətən müharibəsi dövründə qələmə aldığı esseləri topluda "Zəfər günlərinin yazıları" başlığı altında təqdim edilib. Müəllifin bu zaman müddətində yazdığı "Cocuq Mərcanlının cocuqları", "Gəncəm mənim", "Erməni mifinin süqutu", "Senatorlar və "paraşütçülər", "Gözün aydın, Şuşam, gözümüz aydın!" kimi esselər burda yer alıb. Bu əsərlərdə Ermənistanın Azərbaycana torpaq iddialarının tarixi əsassızlığı, bu "xalqın" uydurma tarixi bədxah xarici qüvvələrin nahaqqı kimi ifşa edilir.

Anarın bu səhifələrdəki "Gözün aydın, Şuşam, gözümüz aydın!" essesi yazıçının qələbəyə dünəndən gələn inamının bu gün böyük zəfərlə reallaşmasından doğan sevinc və qürur hisslərinin sənətkarcasına ifadəsidir. Müəllif, Şuşanın işğaldan azad edilməsi məqamında Vətəndə və dünyanın hər yerində yaşayan azərbaycanlıların hamısını şuşalı hesab edərək, onlara gözaydınlığı verir. Müəllif Ordumuzun, Ali Baş Komandanımızın qələbəyə gətirən yolunu sevinclə, iftixarla qeyd edir və deyir: "Bir ay içində minillik tariximizin, bəlkə də ən böyük, ən şərəfli zəfərimizin şahidi olduq". Yazıçı bu yerdə ordumuza, döyüşçülərimizə, torpaqlarımızı qanı bahasına azad edən şəhidlərimizə, şəhid ailələrinə, o günlər güllə altında cəbhədən xəbərlər çatdıran jurnalistlərimizə, şəhid sözü qarşısında kövrələn Mehriban xanıma, öz balasına və Anarın özünə gözaydınlığı verir. Bu yazıları və bu sətirləri oxuduqca haqqında danışdığımız topluya "Qarabağ dastanı" adının verilməsinin də nə qədər yerində və mənalı olduğunu bir daha qeyd etməyi lazım bilirəm.

Yuxarıda dediyim kimi, topluda yüzə yaxın müəllifin Qarabağa dair yazısı təqdim olunub. Bu yazıların hamısı qiymətlidir, amma nə edəsən ki, bir məqalədə yüz yazının hamısını təhlil etmək mümkün deyil. Görünür, bu toplu haqqında hələ çox yazılar ortaya çıxacaq. İndiki halda isə mən yenə də bəzi esselər haqqında öz fikrimi bildirmək istəyirəm.

Topludakı əsərlərin hamısı həm sənətkarlıq baxımından yüksək səviyyədədir, həm də ağrılı Qarabağ mövzusunun ifadəsilə oxucuya Vətən sevgisi aşılayır. Otuz ilin Qarabağ həsrətilə yazıb-yaratmış, öz yaradıcılığında bu mövzunu ən başlıca tematika seçmiş istedadlı yazıçımız Aqil Abbasın yağı düşmənə yönəlmiş "Evimi sökə bilərsən, torpağımı yox!" sərlövhəli essesi müəllifin bir tərəfdən işğaldakı Ağdam həsrətinin, digər tərəfdən bu doğma yurdun azadlığına inamının ifadəsidir. Düşmənin təkcə Ağdamda törətdiyi vəhşiliklər barədə saysız faktlardan sonra müəllif yazır: "...Qarabağda 150 minə yaxın ev və tarixi abidələr dağıdılıb... çox maraqlıdır ki, Ermənistan əhalisi bu qədər mənzili, ictimai binaları, tarixi binaları sökmək iqtidarında deyildi. Yazmaq da çətindi, demək də. Dini dinimizdən, qanı qanımızdan olan qardaşlarımız bizim hər evimizi söküb özləri üçün aparmağa 300-500 dollar pul vermişlər. Bu, dəhşətdi, faciədi, yazılası deyil". Mən bu sətirləri oxuyuram və bu həqiqət qarşısında mat qalıram. Qarabağımızın viran qoyulmasında, bu ədalətsizliyə qoşulan hər kimsəni Allah cəzalandırmasa, mən daha heç bir Allaha, heç bir peyğəmbərə iman gətirəsi deyiləm.

Aqil Abbasın bu yazısı, əslində, işğaldan azad olunmuş Ağdamdakı viranəliyin ifadəsi olan bir reportajdır: Ağdamın təsvir olunan məhəllələri ilə, evləri ilə, yolları, cığırları ilə... Reportajın sonu Ağdamın yenidən tikiləcəyi ümidi, inamı ilə bitir.

Otuz ilin Qarabağ həsrətini qələmlə və "Qələmsiz yazılanlar"la az qala hər gün ifadə edən Rəşad Məcid "Qorxu" essesində viran edilmiş Ağdama getmək qorxusunu dilə gətirir. O öz xatirələrində işğaldan əvvəlki Ağdamın doğma mənzərəsini canlandırır. Və sonda bu "qorxu"nun əsaslarını yazır: "Noyabrın 20-də bizim əsgərlər Ağdama girib. Cümə məscidindən ilk videonu paylaşanda sarsılmışdım: hanı bəs çay evi, hanı dördmərtəbə, hanı 1 nömrəli məktəb? Qəzəbimi belə ifadə etmişdim: "Allah heç kimə, heç bir xalqa belə namərd düşmən qismət eləməsin! Vəhşi millət, səninlə necə yanaşı yaşamaq olar? Niyə bizim şəhərlərimizi bu günə qoymusan? Etdiklərinin beş qat artığına layiqsən!"...

Beləcə, Seyran Səxavətin, Elçin Hüseynbəylinin, Nəsiman Yaqublunun, Şirindil Alişanlının, Əsəd Cahangirin, Pərvinin və digər onlarca ziyalının Qarabağ mövzusunda yazıları toplunu əsl araşdırma mənbəyinə çevirir. Mən kitabdakı yazıların elmi, bədii, publisistik üslubunu xatırlatdım. Bu yerdə qeyd etmək istərdim ki, toplunun "Qarabağ sənət yaddaşında" başlığı altında təqdim olunan yazılarının hamısında bu keyfiyyətlər özünü göstərməkdədir. Azərbaycan klassik ziyalılarının milli azadlıq uğrunda mücadiləsinin tarixini daim tədqiq edən Vilayət Quliyevin "Qarabağ bədii ədəbiyyatımızda" sərlövhəli məqaləsi bu mənada diqqəti xüsusi cəlb edir. Müəllif əsəri həqiqəti əks etdirən bu sətirlərlə başlayır: "Qarabağ artıq neçə əsrdir ki, bədii ədəbiyyatımızın ən mühüm personajı... əbədi düşüncəsinin fokusunda dayanan personajdır". Müəllif bu tezisin ardınca Qasım bəy Zakir, Xuşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd bəy Ağaoğlu, Üzeyir və Ceyhun Hacıbəylilər, Yusif Vəzir Çəmənzəminli və digər neçə-neçə sənətkarın Qarabağ haqqında ədəbi yazılarını, bu bölgədəki fəaliyyətləri barədə maraqlı faktlar gətirir.

Qarabağ mədəni irsinin davamlı tədqiqatçıarından olan Vasif Quliyevin “XVIII əsr Qarabağ poeziya məktəbi” sərhlövhəli yazısı elmi şərhləri, dəqiq faktları ilə maraq doğurur.

Görkəmli tənqidçi və ədəbiyyatşünas Əsəd Cahangirin "Səs" adlı "Qarabağ haqqında esse"si bütün parametrləri ilə Qarabağ itkisindən doğan 30 illik ağrı və qələbəyə inam hissi təlqin edir. Essedəki bu sətirlərə diqqət edək: "Mədəniyyət beşiyi olan Qarabağı itirmək öz varlığını itirməkdir. Çünki bu zaman yeri göyə bağlayan dayaq nöqtəsi itirilir... Qarabağ bizim ümummilli cənnətimizdir və onu itirmək xoşbəxtliyimizi, rifahımızı itirməkdir. Ona görə Qarabağsız qaldığımız bu otuz ildə ən ağır ağrı-acılarla üz-üzə qaldıq". Müəllifin bu acı həqiqətlərini dərk etməyimizin özü də qələbəyə gedən yolumuzun işığıdır.

Topludakı "Nisgil, ümid, zəfər ədəbiyyatı" bölməsi də bizə maraqlı əsərlər vəd edir. Əvvəlcə qeyd edim ki, "Nisgil, ümid, zəfər ədəbiyyatı" bu bölmənin konsepsiyasını dəqiq əks etdirən bir başlıqdır. Professor Kamal Abdulla "Müharibə və onun ədəbi-bədii əks-sədası" sərlövhəli yazısında Qarabağ müharibəsi kimi bir savaşın bədii ədəbiyyatımızda ifadəsinin gecikməsindən narahatlığını bildirsə də, bu "gecikmənin" səbəblərini də göstərir. Yazıdakı bir məqama diqqət edək: "Azərbaycan əsgəri canından keçməyə hazırdır... Bəs bu, hər an qanımızla, canımızla taleyimizə yazılan qəhrəmanlıqlar bizim yaddaşımızda nə cür qorunmalı və üzə çıxmalıdır?!. Tez-tez soruşurlar, niyə bizdə hələ də müharibə mövzusunda mükəmməl əsər yazılmır, yaxud az yazılır?! Bu fikir hamını narahat edir. Mənim aləmimdə bunun bir səbəbi var" və müəllif səbəbləri sıralayır. Hər ilk sətri "gərəkdir ki" sözü ilə başlayan on bir səbəb göstərir.

Bu səbəblərin hamısı azad ediləcək Qarabağda döyüşən əsgərlərin yanında olmaqdan başlamış Qarabağı başdan-ayağa yenidən görməklə bağlıdır. Əlbəttə, bu, bir həqiqətdir. Vətən müharibəsinin ədəbi-bədii əks-sədası hələ qabaqdadır. Bu bölmədə Sabir Rüstəmxanlının Qarabağın azadlığından sonra qələmə aldığı "Biz qayıtmışıq" - Ağdam səfəri və Vətən müharibəsi günlərində yazdığı "Qarabağa dönüş" poeması özünün sənətkarlıq və mövzu baxımından maraqla oxunur.

"Qarabağ dastanı..."nın böyük bir hissəsini "Şeir çələngi" təşkil edir. Burada 67 müəllifin əsərləri təqdim edilib. Təqdim olunan şeirlərə diqqət edəndə görünür ki, Qarabağ mövzusu şairlərimizi təkcə işğal dövründə deyil, ümumiyyətlə, bütün dövrlərdə maraqlandırıb. Şuşa, Qarabağ S.Vurğun, R.Rza, B.Vahabzadə, H.Arif, Qabil, N.Xəzri, Q.Qasımzadə, N.Həsənzadə, X.R.Ulutürk, M.Araz kimi hələ sağlıqlarında klassikləşmiş ədiblərimizin zaman-zaman müraciət etdikləri mövzulardan olub. Səməd Vurğunun "Vaqif" pyesi bəlkə elə onun bir zamanlar yazdığı " Şuşa" şeirinin dramatik formatıdır:

"Bir əcəb gülşəndir torpağın, daşın, Dumanlı dağlardır həyat yoldaşın. Bir ağrı gördümü ömründə başın, Ey fitrən xəlq olmuş təbabət, Şuşa!”

- deyən şair Vətənin bu gözəl guşəsinin xoş taleyinə işarə edir və bu anda düşünürsən: Yaxşı ki, bu böyük Vətən şairi Şuşanın işğal ağrılarını görmədi! Yoxsa o da Vaqif Bayatlı Odərtək:

"Tanrım! Tanrım! İlahi! Bu göyləri bir zamanlar Göy üzünün son qatından aşağıya çəkdiyintək Sən qalxan göyləri də, Hər an şəhid çiçəyi açan Şəhidləri də görməyə Bu göyü də aşağı çək"

- deyib ürəkağrısını qələmə alardı.

Böyük şairimiz Süleyman Rüstəm "Canlara candır Qarabağ" şeirində özünü Qarabağ övladı sanır, Rəsul Rza bu diyarı özünə "baba yurdu" bilir, Şuşanı "pəhləvan" sanır, yurdumuzun "nur parçası" kimi qiymətləndirir. Şair sanki Şuşanı gözləyən bəlanı əvvəlcədən görürmüş kimi:

"Sənin doğma torpağında Neçələrin gözü qalıb, Vətən adlı doğma yurddan Püşk olarmı? Pay olarmı?"

- deyərək bu günün suallarını qoyur.

Nəbi Xəzri əvvəlcədən xəbərdarlıq edir: "Çəkin Qarabağdan qara əlləri!" Qabilin dillər əzbəri olan "Azərbaycan əsgəri" Qarabağa ikili yanaşan cavabdeh beynəlxalq təşkilatları qınayıb "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!" deyən nidası sonda ən böyük həqiqət oldu. Qarabağa sevgisini hər an bildirən Nəriman Həsənzadə o ağır günlərin birində yazdığı "Görəsən, Ağdama yağış yağdımı?" şeirində:

"Gülablı cənnətdi, səsdi, sədadı, təbiət çiçəkdən xalı toxuyur. Şahbulaq Ağdamda şah abidədi, fəhlə əllərinə nəğmə oxuyur"

- kimi sətirləri ilə susuz çöllərə, laləli çöllərə yağış arzulayır.

Azadlıq mücahidi Xəlil Rza "Apardı sellər Saranı" poemasındakı bir parçada haçansa "o sahilə, bu sahilə" bölünmüş Azərbaycanın poetik mənzərəsini yaradır.

Vətənin hər parçasına vurğun Məmməd Araz "Şuşada bir gecə" şeirində bu şəhərin portretini belə cızır:

"Gecənin qoynunda yanır dağ şəhər, Fəzadan asılı çilçıraq şəhər. Dağlar öz ovcunda yaradıb onu, Ulduzlar qoynuna qaldırıb onu, Bu dağlar vüqarı, bu dağlar gücü, Bu gecə kəşf etdim bir Şuşa bürcü"

Bu sətirlərdəki Şuşa vurğunluğu şairin Qarabağ vurğunluğudur.

Beləcə, "Qarabağ dastanı: otuz ilin həsrəti-44 günün zəfəri" toplusu elə özü bir Qarabağdır. Topluda şeirləri yer alan hər kəs Qarabağı yurdumuzun dilbər guşəsi sanır, bu yurda iddiada olan düşmənə nifrət hissi aşılayır və yağılardan, vandallardan azad etdiyimiz bu torpağı azadlığa qovuşduran ordumuza, Ali Baş Komandanımıza alqışlar səsləndirir.

Toplunun oxucuları da Qarabağa sevgi hisslərilə yazıb-yaradan şair və yazıçılarımızı, onları bizə təqdim edən bu kitabı nəşr edənləri alqışlayır.

Cahangir MƏMMƏDLİ

BDU Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Baxış sayı : 306
Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03