2020-10-20 08:10:22 | CƏMİYYƏT
Zaman jurnalistikaya yeni baxış tələb edir

Xalqımızın Qarabağ uğrunda sonuncu döyüş qələbəsi haqqında tarixçilərimiz, siyasətçilərimiz, politoloqlarımız saysız-hesabsız tədqiqatlar, publisistik araşdırmalar apararaq qələbənin Azərbaycan üçün görünməmiş tarixi hadisə mahiyyətini bugünkü və gələcək nəsilə daha dolğun və obyektiv çatdırılmasını təmin edəcəklər. Bu tədqiqatların, araşdırmaların əsas kodları elə indidən xalqımıza məlumdur:

- Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin cəsarətə bürünmüş siyasi iradəsi torpağa, Vətənə şəhid olmaq dərəcəsində sevgisi, diplomatik savadı, xalqa ordumuza sarsılmaz inamı;

- Azərbaycan Ordusunun Vətən sevgisinə bürünmüş döyüş qabiliyyəti, tarixi hadisəyə çevrilən şücaəti;

- Xalqımızın bugünədək bu səviyyədə görünməmiş birliyi, uşaqdan böyüyə hər kəsin öz Prezidentinə və Ordusuna sonsuz inamı...

Bu fundamental səbəblər sırasında daha bir fenomenal fakt dayanır. Xəbis erməni düşmənlə üz-üzə vuruş cəbhəsində informasiya müharibəsi və bu müharibədə Azərbaycan media sisteminin peşəkar fəaliyyəti. Hazırda informasiya müharibəsi elə artilleriyanın döyüşdüyü cəbhənin özü qədər gərgindir, real bir döyüş meydanıdır. Bu meydan da səmərəli jurnalist fəaliyyəti təkcə peşəkarlığa deyil, həm də dövlətin əlaqədar strukturlarının göstəriş və tövsiyələrinə ciddi yanaşmaq faktına söykənməkdədir.

Bu nöqtədə bizim jurnalistlərimiz xalqımızın möhtəşəm birliyi qədər görünməmiş birlik və peşəkarlıq nümunəsinə çevrildilər. Milli media sistemimizin bütün strukturları və əməkdaşları ilə gündüz fasiləsindən, gecə yuxusundan imtina etdi və etməkdədir. Jurnalistlərimiz bu məqamda daha yaxşı anladılar ki, müstəqillik illərimizin lap əvvəllərində Qərbin bizə təbliğ etdiyi, sırımağa çalışdığı "informasiyanın vətəni yoxdur", "jurnalist siyasətdən və milli ideologiyadan uzaq olmalıdır", "jurnalist təbliğat anlayışını rədd etməlidir" kimi absurd müddəaları Qərbin özünün jurnalistikasında yoxa çıxmaqdadır. Bir neçə il əvvəl Fransa prezidenti Nikola Sarkozinin Liviya dövlət başçısı Qəddafiyə olan milyardlarla borcunu silməyə kömək edən BBC TV kanalı qəsdən, bilə-bilə belə bir məlumat yaydı ki, guya Qəddafi onun əleyhinə çıxan minlərlə həmvətənini diri-diri torpağa basdırıb. Bir az keçdi və beynəlxalq jurnalist araşdırması sübut etdi ki, BBC-nin bu xəbəri ağ yalandır və bu TV kanalı hansısa məqsədlə Sarkoziyə xidmət göstərib.

O da məlumdur ki, dünya ictimai TV kanalları uzun müddət BBC-ni özlərinə nümunə seçmişdilər. Etiraf edim ki, Azərbaycanda 2005-ci ildən yayıma başlayan İctimai Teleradio qurumuda fəaliyyətinin ilk illərində BBC-İctimai TV modelinin fəaliyyət prinsipinə söykənmişdi. Azərbaycan İctimai teleradiosunun rəhbərliyində olmuş bir adam kimi deyə bilərəm ki, bir sıra "telenəzəriyyəçilərimizin, ABŞ-a xidmət edən media hüquqşünaslarının müntəzəm basqılarına baxmayaraq Azərbaycan İctimai teleradiosu öz fəaliyyətini tezliklə birbaşa milli maraqlarımıza xidmət prinsipləri üzərində qurmağı bacardı. İndiki çağda Ermənistanın Azərbaycana qarşı faşizmdən də artıq müharibə faktının beynəlxalq mediada necə işıqlandırıldığına diqqət edirəm. Bir az əvvəl bizə jurnalistikada obyektivlik, balanslılıq, qərəzsizlik, vicdanlılıq kimi yaradıcılıq prinsipləri ətrafında dərs keçən Qərb nəzəriyyəçiləri, sən demə, bizim başımızı aldatmaq məqsədi güdürmüşlər. Diqqət edin, BBC, Euronews, CNN və s. kimi kanallara.Bunların hər birində Qarabağ problemi mütləq şəkildə xristianlıq mövqeyindən, hazırkı Fransa prezidenti Makronun mövqeyindən, Qərbin erməni diasporunun mövqeyindən təqdim olunur. Rusiyanın ictimai adlanan ORT kanalı Artyom Şeynin deyilən bir erməni pərəstin aparıcısı olduğu "Zaman göstərər" (Vremə pokajet) proqram formatı diqqəti cəlb edir. Bu Artyom Şeynin auditoriyaya cəlb etdiyi ekspertlərdən Ermənistanı müdafiə etməyi birbaşa və həyasızcasına tələb edir. (Mən şəxsən ORT kanalının Baş direktoru Konstantin Lvoviç Ernstə bu barədə məktub yazmışam.) Yaxud,"Rossiya-1" kanalında "Vladimir Solovyovla axşam" (Veçer s Vladimirom Solovğevım) proqramının aparıcısı həmin Solovyov ermənilər tərəfindən muzdla tutulmuş bir "telejurnalist" məzmununu daşıyır və Rusiyanın dövlət TV kanalında belə bir erməni muzdlusunun olması dünya media prinsiplərini ayaqlar altına salmaq deməkdir. Rusiyanın Ermənistan-Azərbaycan müharibəsinə balanslı münasibətini tapdaq altına salan bu kanalların ermənipərəst proqramlarıni Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də ARB-TV kanalına müsahibəsində ifşa etdi və jurnalistika prinsiplərini pozan belə aparıcıların dərsini verdi.

Bütün bunları xatırlatmaqla bildirmək istəyirəm ki, əgər dünyaya demokratiya dərsi keçən Fransa, güc dövlətləri olan ABŞ, İngiltərə, Rusiya jurnalistikada təbliğat, ideologiya, milli maraqlar prinsipini bu qədər birtərəfli və açıqcasına peşəkarlığa qurban verirlərsə, deməli, zaman dəyişdi, deməli, Azərbaycan jurnalistikası birbaşa milli klassik ənənələrə söykənməli, özünün bu günə uyğun yaradıcılıq prinsiplərini müəyyən etməli, Qərbin "mən deyəni et, mən edəni etmə" prinsipindən uzaq olmalıdır.

Belə məqamda öz mediamızla bağlı təzə bir misal yadıma düşdü. Bu gün dəbdə olan internet TV-lərdən biri özünün ilk efir günündə studiyaya qonaqlar dəvət edir. Və müzakirə üçün belə bir mövzu qoyur: Jurnalist, ideoloq, yoxsa, təbliğatçı. Əlbəttə, bu anda jurnalistikanın Qərb "kanonlarına" söykənən qonaqlar jurnalistin hər şeydən əvvəl jurnalist olmalı olduğu üzərində dayanırlar. Lakin skayp vasitəsilə müzakirəyə qoşulan bir qəzet redaktoruna verilən bu suala cavab belə olur: mən həm jurnalistəm, həm təbliğatçıyam, həm də mənsub olduğum partiyanın ideyalarını yayıram! Səmimi və konkret cavabdır. Doğrusu, əgər Fransa jurnalisti əvvəlcə fransız, sonra jurnalistdirsə, əgər BBC kimi bir ictimai TV Qərb maraqlarına xidmət edirsə, əgər Rusiyanın aparıcı telekanallarının məlum proqramları birbaşa ermənini xiristianlıq ölçüləri ilə müdafiə edirsə, şəxsən mən də, jurnalistikamızda milli maraqlarımızın, azərbaycançılığımızın, dövlətçiliyimizin ideoloqu, təbliğatçısı, jurnalisti olmaq istəyirəm.

Etiraf edim ki, son vaxtların dünya mediasına diqqət etdikcə, mən öz kitabxanamda olan və Qərb "nəzəriyyəçilərdən" köçürülmüş öz kitablarımızdan imtina etmək ərəfəsindəyəm.

Mənim anladığım qədər, Ermənistanın Azərbaycanı cəlb etdiyi bu müharibə çağında Azərbaycan media sistemi bütövlükdə vətəndaşlıq mövqeyinə keçmişdir. İndiyə qədərki tipoloji xarakterindən, informasiya siyasətindən asılı olmayaraq bütün ənənəvi mediamız, telekanallarımız birbaşa vətəndaşlıq mövqeyindən, milli maraqlar, azərbaycançılıq, dövlətçilik mövqeyindən çıxış edir, düşmənin faşist xislətini ifşa edir, Vətən, Ali Baş komandana sevgi hisslərini təbliğ edir və buna tam şəkildə nail olur.

Telekanallarımıza diqqət edin. Cəmi iki-üç yaşı olan REAL TV, ARB, ARB-24. Etiraf edək ki, REAL TV efirə çıxması ilə Azərbaycan teleməkanında bir inqilab yaratdı. Bu telekanal birbaşa azərbaycançılıq və dövlətçilik ideyalarına xidmət etməklə, yeni və orijinal bir məktəbə çevrildi. Bu telekanaldakı xəbərlər bəlkə öz obyektivliyi və yanaşma tərzi ilə Euronews telekanalını da arxada qoymaqdadır.

Əgər Euronews bir neçə xəbəri az qala bütün həftə boyu fırladırsa, REAL TV az qala hər yarım saatdan bir öz xəbərlərini yeniləyir. Bu televiziyada "Mirşahinin vaxtı" öz orijinallığı və millətə xidməti ilə bu günkü və gələcək tədqiqatçıların (amma azərbaycançı tədqiqatçıların) fakt mənbəyinə çevriləcək. REAL TV-nin bu günkü cəbhə reportyorları beynəlxalq mediada tanınmış reportyorlardan heç də geri qalmırlar. Mən düşməndən azad olunmuş kəndlərimizdən canlı yayıma qoşulan REAL-çılara tez-tez zəng edirəm və bu an bircə sözüm olur: Tanrı sizi qorusun!

Mirşahin REAL-ın real yaradıcısıdır. O, REAL-ın rəhbəridir. Amma biz bu gün Mirşahini cəbhənin ən təhlükəli döyüş nöqtəsində görürük: səhər cəbhədə, axşam efirdə! Yatmaq yox, istirahət yox, arxayınçılıq yox! Bu, əsl Vətən sevgisi, millət, dövlət sevgisidir. Bir az əvvəl Vətənin, Azərbaycanın problemlərini yaxşı görə bilməyənlər olurdu ki, Mirşahinin azərbaycançılıq, dövlətçilik narahatlığına etinasız yanaşır, hətta təhqirə belə yol verirdilər. Amma bu gün Mirşahinin peşəkarlıqdan çox dövlətçiliyə xidməti, jurnalistdən əvvəl vətəndaş olmaq prinsipi, məncə hər kəsin qəbul etdiyi fakta çevrildi. Mirşahin dünənin, bu günün, sabahın hərbi jurnalistidir.

ARB və xüsusilə, ARB-24-ün də iki yaşı var. Xalqımızın "ağıl yaşda deyil, başdadır" deyimi bu yerdə lap yerinə düşür. İki yaşlı ARB-24 bütün gün boyu çox maraqlı proqram formatları ilə fəaliyyət göstərir. ARB-24-ün "Xəbərlər", "İşgüzar səhər", "Gündəm", "Nə baş verir?", "Seçilən mövzu" və s. kimi proqramları öz peşəkarlığı ilə hər kəsin diqqətini cəlb edir.Mən Bakı Dövlət Universitetinin yaşayış binalarındakı mənzilin sakiniyəm. Hər axşam Universitetin burada yaşayan müəllimləri cəbhə xəbərlərini müzakirə üçün həyətə toplaşır. Və bu söhbətlərdə müzakirə edilən faktların 90 faizi ARB efirindən gətirilir.

Bu televiziyanın indi cəbhə xəttində olan reportyorları -Nurlan Vilayətoğlu, Habil Aslanoğlu, Xəyalə Mürsəl (Dədə Qorqud qızlarından biri), Rasim Talehli və sairləri televiziyanı ən yeni cəbhə xəbərləri ilə təmin edir. Tamaşaçı hiss edir ki, "İşgüzar səhər"in aparıcıları- Çinarənin, Rasimin, Ramalın, "Xəbərlər" in aparıcıları Vəfa Təyyarqızının, Günel Mövsümovanın gecəsi-gündüzü yoxdur. "Nə baş verir?" kimi aktual bir proqramın aparıcıları - Şəhla Vəliyevanın, Vəfa Yusifovanın, Samirə Həmidqızının, Rüfət Seyidovun savadı, hadisələrə bələdliyi, peşəkarlığı bir tamaşaçı kimi məni çox təmin edir.

İstər əvvəldə bəhs etdiyim REAL TV, istərsə də ARB-24-ün efirinə dəvət olunan ekspertlər mütləq hadisələrə dərindən bələd olur, öz obyektiv yanaşmaları ilə inam qazanırlar. Bu TV kanalları gözümüzü qabar etmiş, basmaqəlib fikirli "ekspertlərdən" imtina etmişlər.

Telekanallar yeni, yaradıcılıq prinsiplərinə yanaşmalar yeni. Deməli, "yeni"lərə bizim də yeni münasibətimiz olmalıdır. Bu istiqamətdə nəzəri fikirlərə diqqət edən jurnalistika elmi ayıq olmalı, yeni çağın yeni tələbləri ətrafında praktiklərimizə dəstək göstərməlidir.

Bu gün Azərbaycan jurnalistləri heç bir jurnalist qurumuna möhtac olmadan özləri birləşmişlər. Bu sarsılmaz birlik zamanın tələbindən doğdu. Biz tam qələbəyə mütləq çatacağıq.

Jurnalistlərimizin Vətən uğrunda mübarizə anında göstərdiyi birlik qələbədən sonra daha da möhkəmlənəcək. Çünki bu birlik jurnalistlərin özlərinin formalaşdırdığı müqəddəs bir anlayışdan doğdu: "Vətən müharibəsi" anlayışından. Ölkəmizin Birləşmiş Jurnalistləri, birliyiniz əbədi olsun!

Cahangir MƏMMƏDLİ BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Baxış sayı : 560
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır 2021-12-04 19:20:58 Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54