QHT və MEDİA
A- A A+

İnternet media və informasiya təhlükəsizliyi

2020-05-15 09:45:56

.

Qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarının (İKT) yeniləşməsi sürətlə davam edir. Bu yeniləşmənin əhəmiyyətinə böyük önəm verən Azərbaycan bu sahəyə xüsusi diqqət yetirir.

"Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" internet medianın inkişafı üçün böyük perspektiv açır. Bu sənəd informasiya təhlükəsizliyinin təmin olunmasında öz müsbət rolunu oynayacaq. Bu gün hər saniyə yeni xəbərlərlə zənginləşən internetdən aktiv və hərtərəfli istifadə olunur. Azərbaycan jurnalistikasının əhəmiyyətli bir hissəsi artıq bu sahədə cəmləşib.

Azərbaycanda internet 1993-cü ildən inkişaf etməyə başlayıb və ilk sayt 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında yaradılıb. İlk dövlət orqanının saytı isə 1997-cı ildə yaradılan Azərbaycan Respublikası Prezidentinin saytıdır. Dünya İqtisadi Forumunun 2017-2018-ci il hesabatına əsasən, Azərbaycan internet istifadəçilərinin faizinə görə dünyanın 137 ölkəsi arasında 34-cü yerdədir. Ölkəmiz bu göstərici üzrə dünyanın orta göstəricisindən 1,7 dəfə, MDB ölkələrin göstəricisindən isə 1,2 dəfə öndədir. Bu, olduqca müsbət göstəricidir.

Dünyada internetdən istifadəçilərinin sayı durmadan artır, ona münasibət də dəyişir. Bu gün yeni media informasiyanın əldə edilməsi və cəmiyyətə çatdırılması istiqamətində ənənəvi media ilə rəqabət aparır. Bu bir reallıqdır ki, yeni medianın informasiya təminatı və informasiya təhlükəsizliyinin təmin edilməsində rolu getdikcə artır.

İnformasiya bolluğu jurnalistlərə geniş seçim imkanı verir. Bu seçimdən düzgün, lazım olan seçilməlidir, hər informasiyanı, xəbəri oxucu, tamaşacı və dinləyicilərə çatdırmağa ehtiyac yoxdur. Çünki elə informasiyalar var ki, cəmiyyət üçün fəsadlar törədə bilər. Peşəkar jurnalist cəmiyyət, insanlar, tarix qarşısında sosial və mənəvi məsuliyyət daşıyır. Rus tədqiqatçısı L.Q.Svitiçin fikrincə, hər bir söz minlərlə və milyonlarla tirajlanaraq cəmiyyətin sağalması üçün dərman ola bilər və ya qorxu, ümidsizlik, düşmənçilik yaradar, təkcə adamları deyil, bütün cəmiyyəti şikəst edə bilər. Odur ki, belə informasiyalardan cəmiyyəti qorumaq lazımdır.

Ermənistanın apardığı informasiya müharibəsi respublikada yaşayan bəzi insanlarda antidövlət meylini formalaşdırmağa hesablanıb. Professor Qulu Məhərrəmli yazır ki, müasir psixoloji müharibənin tərkib hissəsi olan informasiya müharibəsi özündə vuruşan tərəflərin informasiya vasitələrindən istifadə edərək, yalan, şantaj, hədələmə, ideoloji təxribat kimi texnologiyaların köməyi ilə başqa dövlətin siyasətinə qarşı narazılıq, inamsızlıq, əhalinin döyüş ruhunu sarsıdıb düşkünlük aşılamağı, hakimiyyətlə əhali arasında münasibətləri pisləşdirməyi ehtiva edir.

Kommunikasiya texnologiyalarının sürətli inkişafı sayəsində cəmiyyətin informasiyalaşması insanları informasiyadan asılı vəziyyətə salır. Belə vəziyyətdə informasiya təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir. Qarşı tərəfin informasiya müharibəsinə lazımi cavab verib, onu ideoloji müstəvidə susdurmaq lazımdır.

İnformasiya müharibəsi - informasiya sistemlərinin kənar hücumlardan müdafiəsi, eyni zamanda, qarşı tərəf üzərində informasiya üstünlüyü əldə etmək məqsədilə keçirilən informasiya əməliyyatıdır.

Azərbaycana qarşı aparılan informasiya müharibəsində əks tərəf ən çox internetdən istifadə edir. Niyə internetdən? Bu, onunla bağlıdır ki, internet istifadəçilərinin sayı çoxdur. Hazırda ölkəmizdə internetdən istifadə edənlərin sayı əhalinin 70 faizini təşkil edir. Azərbaycanda 300-ə yaxın aktiv portal, xəbər saytı və internet informasiya resursu fəaliyyət göstərir.

2007-ci ildə təsdiqlənmiş Azərbahcan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası informasiya təhlükəsizliyinin möhkəmləndirilməsini mühüm vəzifə kimi bəyan edib: "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir". Ölkəmizin informasiya sahəsində təhlükəsizliyinin təmin olunması üçün bir çox mühüm tədbirlər görülüb. Biz bunu inkişafın prioritet istiqamətlərindən olan İKT-nin fəaliyyətində görürük.

İnternet məkanında ermənilərin və ermənipərəst qüvvələrin daha fəal olması, saytlarda Azərbaycana qarşı yalan məlumatlara, böhtanlara hər gün rast gəlirik. Bu saytların bir çoxu rus dilindədir. Onlardan biri "Voskanapat" adlanır. Həmin saytın bir neçə xəbər başlıqlarına diqqət yetirək: "Yerevan, təhlükəli vəziyyət yaranarsa, Moskvadan razılıq almadan "İsgəndər"dən (Kremlin Ermənistana verdiyi raket) istifadə edəcək", "Dağlıq Qarabağda istehsal olunan məhsullar İtaliya, Hollandiya, İsrail və Rusiyaya ixrac olunur". "İran mətbuatı həyəcan təbili çalır. Bakı vəhşicəsinə məscidi sökür", "2-ci Qaragen: Allahşükür Paşazadə Artsax hökumətinin qərarından razı qalmalıdır", "Avropa parlamentinin deputatı toyunu Dağlıq Qarabağda edəcək" və s. Müsəlmanlara, xüsusilə də türk dünyasına qarşı düşmənçilik siyasəti yeridən Ermənistan Londonda məscidlərin sayının artması xəbərini ürək ağrısı ilə qarşılayır. "Voskanapat" saytı bu xəbəri müsəlmanların artımı kimi qiymətləndirir: 15 il ərzində Londonda 500 kilsə bağlanıb, 400 məscid açılıb.

Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistan bütün gücünü informasiya müharibəsinə verib. Düşmən bizə qarşı öz iyrənc təbliğatını Azərbaycan dilində də aparır. "Facebook" sosial şəbəkəsində yaradılan "Hərbi media" adlı səhifədə Azərbaycan dilində ordumuzun əleyhinə təxribat xarakterli informasiyalar, foto-video görüntülər paylaşılır. İnformasiya siyasətinin tərkib hissəsi olaraq yaradılan bu səhifə Azərbaycan ictimayyətində çaşqınlıq yaratmağa hesablanıb. Təxribat xarakterli məlumatlar yaymaqla ordumuza inamı azaltmağa çalışırlar.

Heç kəsə sirr deyil ki, Rusiyanın bir çox kütləvi informasiya vasitələrində çalışanlar arasında ermənilər heç də az deyil. Məhz onların bilavasitə köməyi ilə Azərbaycana qarşı yalan məlumatlar yayılır. Məsələn, Rusiyanın "Russia Today" kanalı Avropa Liqasının püşkatmasının nəticələri ilə bağlı verdiyi xəbərdə "Qarabağ" futbol klubunu Ermənistan klubu kimi təqdim edib. Onu da bildirim ki, kanala erməni əsilli jurnalist rəhbərlik edir. Başqa bir nümunə. Rusiyanın 1-ci kanalında yayımlanan "Pole çudes" verilişində erməni "Can Qarabağ" mahnısını öz dilində ifa edib. "Pole çudes"in sponsoru Azərbaycan brendi olan "Azerçay"dır.

Ermənistanın köməyi ilə Dağlıq Qarabağda demək olar ki, bütün atributlar fəaliyyət göstərir. Tanınmayan, qondarma respublikanın apardığı siyasətin nəticəsidir ki, dünyanın bir sıra ölkələrindən bura insanlar, xüsusilə də jurnalistlər gəlirlər. Onları yaxşıca yeyib-içirtdikdən sonra, "respublika" haqqında "ürək sözlərini" müxtəlif dillərdə yayırlar. Bizə isə işğal olunmuş ərazilərə qanunsuz səfərlər etmiş xarici ölkə vətəndaşlarının adını "qara siyahı"ya daxil etmək qalır.

Təəssüf ki, indiyədək işğal altında olan torpaqlarımızı geri ala bilməmişik. İşğaldan ruhlanan düşmən bu yaxınlarda RusArmİnfo Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyanın "Artsax heç bir halda Azərbaycanın tərkibində ola bilməz" fikrini tirajlayaraq yaydı. Qondarma respublikanın yeni seçilmiş "prezidenti" də bu fikirdədir.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri geniş işıqlandırmalıyıq. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Qərbin aparıcı qurumları ilə əməkdaşlıq formatı yaradılmalıdır, məsləhətləşmə, yaxud da ki, sadəcə olaraq informasiya müharibəsi aparılmalıdır. Biz bu yolla, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün xarici media məkanına daha çox çıxış əldə edə bilərik.

Məlum məsələdir ki, biz də Ermənistana qarşı informasiya müharibəsi aparırıq. Dağlıq Qarabağ və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xarici dilli internet resurslarının rolu az deyil. Diaspor təşkilatlarının xarici ölkələrdə mətbuatla yanaşı, saytları da fəaliyyət göstərir. Onlardan istifadə etməliyik.

"Azərbaycanın Holland dostları" təşkilatının, "Azərbaycan-Avropa İnformasiya Mərkəzinin", "Azəri-Çex" cəmiyyətinin, Azərbaycan Federasiyası İsveçin (AFİ ), "Azəri" Latviya Azərbaycanlıları cəmiyyətlərinin saytlarının fəaliyyəti Azərbaycanla bağlı əsas informasiya mənbələridir. "Azərbaycan Holland dostları" təşkilatının internet səhifəsini (www.dufoa.nl) xüsusi qeyd etmək yerinə düşər. Əvvəla, bildirim ki, informasiya baxımından çox zəngindir.

Bakı, Azərbaycan bölmələri ilə yanaşı, "Xocalı", "Xarı bülbül", "Azəricə danışaq", "Azərbaycan mətbəxi" və s. digər bölmələrin aktiv olması müsbət təəssürat yaradır. Saytda ön səhifədə Azərbaycanla bağlı bir neçə video da yerləşdirilib.

Bu istiqamətdə fəaliyyət göstərən saytlar Azərbaycanda da az deyil. Bu saytlar düşmənin informasiya hücumlarına tutarlı cavablar verirlər. Bu cavabların xarici dillərdə də olması lazımdır. Hazırda xarici dilli jurnalistlərə böyük ehtiyac hiss olunur.

İnformasiya təhlükəsizliyinin təmin olunmaması böyük fəsadlar törədə bilər. Məhz bunu nəzərə alan dövlətlər, o cümlədən, Azərbaycan bu sahəni xüsusi olaraq diqqətdə saxlayır. 2014-cü ildə Bakıda Azərbaycan İnternet Forumu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İnternet medianın informasiya təhlükəsizliyi" mövzusunda keçirdiyi dəyirmi masada yarana biləcək təhlükələr, onların aradan qaldırılması yolları müzakirə olundu. Və göstərildi ki, bəzən hansısa yoxlanılmamış, qərəzli və ya sifariş xarakterli informasiya ölkədə gedən proseslərin mahiyyətini təhrif edir, ictimaiyyəti çaşdırmağa xidmət göstərir. Bəzi hallarda isə bu, dövlətlərarası münasibətlərə mənfi təsir göstərir, əlaqələrə zərbə vurur. Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, informasiyanın özünün mahiyyət etibarı ilə yaratdığı təhlükələrlə bağlı bizim qanunvericiliyimizdə kifayət qadər müddəalar var ki, onlar tətbiq olunsa, informasiya təhlükəsizliyi sahəsində heç bir problem yaşanmaz.

Sonda demək istəyirəm ki, biz Ermənistana qarşı apardığımız informasiya müharibəsində çox ləng tərpənirik. Bu, mənim subyektiv fikrimdir, razılaşmaya bilərsiniz. Ermənilər isə xaricdəki lobbilərin köməyi ilə daha fəaldırlar. Bir yazımda yazdığım bir fikri təkrar da olsa, yenə yada salmağı lazım bildim. Məşhur Amerika araşdırıcı jurnalisti Tomas Qolts "Nyu-York Times" qəzetinə verdiyi müsahibədə bu barədə belə deyir: "Güman etməyin ki, ermənilər güclüdür, yox, siz azərbaycanlılar informasiya müharibəsində zəifsiniz, bu, bir həqiqətdir". Bəli, düşməni susdurmaq üçün müdafiədən hücuma keçməliyik.

Azərbaycan dövləti üçün informasiya təhlükəsizliyi prioritet məsələdir. Bunu nəzərə alaraq, internet media da Azərbaycan xalqının və dövlətin maraqlarından çıxış etməlidir.

Akif RÜSTƏMOV BDU-nun professoru


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 134

QHT və MEDİA

2020-06-01 08:10:21

QHT və MEDİA
Fransa mediası 28 May Respublika Gününə...
Fransa mediası 28 May Respublika Gününə...

Fransanın “Agoravox” portalında “Rusiya və Azərbaycanın qeyri-adi tarixi “ ad...

2020-05-31 18:25:45

QHT və MEDİA
Şamaxı rayonunun ağsaqqallarından
Şamaxı rayonunun ağsaqqallarından

Azərbaycanda bu virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması i...

CƏMİYYƏT

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...