TƏDQİQATLAR
A- A A+

Tariximizin qara səhifəsi – Aprel işğalı

2020-04-27 16:05:02

.

Tarix həm də zamanın müxtəlif dövrlərində baş verən neqativ və pozitiv hadisələrin beynimizdə inikasıdır. Təəssüflər olsun ki, tariximizin müxtəlif dövrlərinə nəzər yetirdikdə pozitiv hadisələrlə yanaşı neqativ hadisələrin də şahidi olmaqdayıq. Bu hadisələr tariximizin məhək daşını formalaşdırmış və beynimizdə dərin izlər buraxmışdır. Qanlı yaddaşımızın ən ürək ağrıdan tarixi mərhələlərindən biri də 1920-ci il aprel ayının 28-də bolşevik Rusiyasının Azərbaycanı işğalı faktıdır. Bu tarixi hadisə XX əsrin əvvəllərində yaranan və formalaşma mərhələsində olan Azərbaycanın milli dövlətçilik sisteminə ağır zərbə vurmuşdur. Rus-bolşevik işğalı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlanan milli-demokratik dövlətçilik sisteminin, müasir cəmiyyət modelinin, mədəni və mənəvi dəyərlərin sonu, yeni siyasi təlatümlərin və mənəvi böhranın başlanğıcı olmuşdur. Sovet totalitar rejimi ilə başlayan bu fəlakətlər cəmiyyətin bütün sahələrini cənginə almış, sağalmayan yaralar açmışdır.

Azərbaycan dövlətçiliyinə vurulan ən böyük zərbələrdən biri XIX əsrin əvvəllərinə təsadüf edir. Bu dövrdə çar Rusiyasının Şimali Azərbaycanı işğal etməsi və 1828-ci il fevral ayının 10-da imzalanmış Türkmançay sazişi tariximizə qara hərflərlə yazılmışdır. Qacar Türk Xanədanlığı ilə çar Rusiyası arasında imzalanmış bu saziş Azərbaycanın şimal hissəsinin Rusiyanın işğal zonasına daxil olmasını hüquqi cəhətdən təsbit etmişdir. Bu müqavilə neçə minillik tarixi olan dövlətçiliyimizin milli xarakter almasını əngəlləmiş, Azərbaycan dövlətçiliyini inkişaf etməkdə olan yeni bir ictimai formasiyanın – kapitalizm cəmiyyətinin üst qurumu olan milli dövlətçilik sistemindən kənarda saxlamışdır.

XIX əsrin birinci yarısında baş verən bu hadisə Azərbaycan dövlətçilk tarixini yüz illər boyu sükunətə qərq edən faciəvi tarix salnaməsi olaraq yaddaşlara həkk olunmuşdur. Azərbaycanın şimal bölgələrinin işğalından sonra Çar Rusiyasının həyata keçirdiyi müstəmləkəçilik siyasəti, uzun müddət Azərbaycanda tətbiq olunan hərbi-diktatura rejimi, cəmiyyətimizin bütün sahələrinin inkişafını ləngidərək cəhalət burulğanına qərq etmişdir. Rus hakimiyyətinin Azərbaycanın milli və dini simasını dəyişmək məqsədilə ölkəmizə külli miqdarda xristian əhalinin, xüsusilə ermənilərin köçürülməsi siyasəti demoqrafik proseslərə ciddi zərbə vurmuş, Qərbi Azərbaycan bölgələrində -İrəvan, Naxçıvan, Qarabağ və digər ərazilərdə erməni məskənləri yaradılması ilə nəticələnmişdir. Bu köçürmə prosesində ən dəhşətli məqamlardan biri yerli əhalinin öz evlərindən zorla qovularaq ermənilərin bu evlərdə yerləşdirilməsi idi.

N.N.Şavrov Rusiyanın Azərbaycandakı müstəmləkəçilik siyasəti haqqında yazırdı: "Biz müstəmləkəçilik fəaliyyətimizə Cənubi Qafqazda rusların deyil, bizə yad olan xalqların yerləşdirilməsindan başladıq... 1826-1828-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində - 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 40 min İran və 84 min Türkiyə ermənisini köçürdük və onları erməni əhalinin cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik... XIX əsrin əvvəlində Cənubi Qafqazda yaşayan 1.300.000 ernəninin bir milyondan çoxu yerli əhali deyildi, onları bura biz köçürüb gətirmişik...

Çar Rusiyasının Azərbaycanda həyata keçirdiyi siyasi, sosial-iqtisadi və mənəvi terror müxtəlif bölgələrdə azadlıq hərəkatına səbəb olmuş və uzunmüddətli hərbi qarşıdurmalarla xarakerizə olunmuşdur. Rus işğalının ilk dövrlərindən başlayan və tədricən bütün Azərbaycanı bürüyən azadlıq hərəkatı rus işğalçılarının həyata keçirdiyi mənfur siyasətin məntiqi nəticəsi idi. Tarixi mənbələrin verdiyi məlumatlara görə, bu azadlıq hərəkatı zamanı çar hakimiyyət orqanları tərəfindən yüz mindən çox insan qətl edilmişdir.

Çarizmin Azərbaycanı işğal siyasəti torpaqların ilhaqı və yerli idarəçiliyin ləğvi ilə bitməmişdi. Çarizm Qafqazda öz qayda-qanunlarını bərqərar etmək, xristianlığı yaymaq, bölgədə İslam dininın oynadığı mühüm rolu mümkün qədər məhdudlaşdırmaq üçün əlində olan bütün vasitələrdən istifadə etmişdir. Bu siyasət Azərbaycanın hər yerində ciddi müqavimətlə qarşılanmış, hətta xristian Rusiyasına qarşı cihada çağırış səsləri belə eşidilməyə başlanmışdı. Bu dövrdə rus işğalına qarşı çıxış edən başlıca qüvvə məhz cəmiyyətin savadlı və mütəşəkkil hissəsini təşkil edən müsəlman ruhaniləri idi. Azərbaycanın əksər bölgələrində, o cümlədən, Şuşa, Quba, Car-Balakən, Lənkəran və Nuxada rus işğalına və İslam dininə qarşı həyata keçirilən zorakılığa etiraz olaraq üsyanlar baş vermişdi.

Bu dövrdə çar Rusiyasının Azərbaycandakı dini siyasəti əsasən üç istiqamətdə həyata keçirilirdi: Müsəlman cəmiyyətinin əsaslarını sarsıtmağa yönəlik hüquqi əsasların yaradılması; Müsəlman ruhanilərini gözdən salmaq üçün aparılan anti-islam təbliğatı; Çar Rusiyasına sadiq din xadimlərinin yetişdirlməsi.

Hələ Azərbaycanın işğalı dövründə dini sistemin zəiflədilməsi ilə bağlı hüquqi əsaslar yaradılmağa başlandı. Gəncə xanlığının (1804/2-3 fevral) işğalından sonra Sisianovun tərtib etdiyi “Göstəriş”də müsəlman ruhanilərinin və məscidlərin sayının azaldılması barədə xüsusi maddə var idi. Bu göstərişdə həmçinin mövcud olan məscidlərdə ruhanilərin sayının artmasına imkan verilməməsi və mədrəsələrdə rus dilinin tədris edilməsi tapşırılırdı. Bununla da, Azərbaycanda müsəlman əhalinin ruslaşdırılması və xristianlaşdırılması siyasətinin əsası qoyulmuşdu.

Bu siyasət Rus qoşunlarının Qafqaz üzrə baş komandanı Aleksey Yermolovun dövründə də ciddi vüsət almışdır. Həmin dövrdə nüfuzlu ruhanilərin Qacarlar dövlətinə və Osmanlı imperiyasına cəsusluq etməkdə suçlandırılaraq cəzalandırılması ənənəvi hal almışdır.

Aleksey Yermolovun 1824-cü ildə tərtib etdiyi “Qaydalar”da göstərilirdi ki, şiə məzhəbindən olan gənclər molla və axund rütbələrinə yiyələnmək üçün mütləq Rusiya imperatorunun tabeliyində olan ali dini müəssiələrdə öz təhsillərini davam etdirməlidirlər. Gənclərə xarici ölkələrdə dini təhsil almaq qadağan olunur, xüsusilə Qacarlar dövlətində dini təhsil alan şəxslərin ali təhsil şəhadətnamələri etibarsız sayılırdı. Bu qadağalar Azərbaycanda çar Rusiyasının özünə sadiq din xadimlərinin yetişdirlməsinin əsasını qoymuşdu.

Azərbaycanın müsəlman ruhaniliyinin əsasən Osmanlı və Qacarlar dövlətinin dini mərkəzləri ilə dini-mənəvi əlaqələrini kəsmək, həmçinin müsəlman əhaliyə ruhani rəhbərlər vasitəsilə mənəvi təsir göstərmək, həmçinin müsəlman din xadimlərini müstəmləkə üsuli-idarəsinin buyruq quluna çevirmək, xüsusilə də əhali arasında dini-mənəvi birliyi parçalamaq məqsədi ilə çar hökuməti Qafqazda ali dini rəhbər-şiə Şeyxülislam və sünni Müfti vəzifələrinin təsis edilməsini qərara aldı. 1823-cü ildə Qafqaz Şeyxülislamı, 1832-ci ildə isə Qafqaz müftisi vəzifələri təsis edildi. Bu vəzifələrə təyinat birbaşa çar Rusiyasi tərəfindən həyata keçirilirdi. Bu isə İslam ənənələrinə birbaşa zidd idi.

Çarizm həmişə müsəlman ruhaniliyini mənəvi basqı altında saxlamağa çalışır, onları mənəvi baxımdan təhqir etməkdən belə çəkinmirdi. Çar məmurları Rus-Osmanlı, Rus-Qacar müharibələri dövründə rusların müsəlman dövlətləri üzərindəki hər bir kiçik qələbəsi münasibətilə məscidlərdə moizələr oxunmasını, rus əsgərlərinin və Əlahəzrət İmperatorun adına dualar oxunmasını tələb edirdilər.

Çar Rusiyasının Azərbaycan dövlətçiliyinə vurduğu ən böyük zərbələrdən biri də Azərbaycanlı məmurların vəzifələrdən tamamilə uzaqlaşdırılması idi. 1865-ci il yanvarın 28-də bəyləri məhkəmə və polis hakimiyyəti hüququndan məhrum edən və guya “seçkili” əsaslar üzərində qurulan “Kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında Əsasnamə” tərtib edildi. Bu “Əsasnamə” nəticəsində ağalar və bəylər kənd hakimiyyəti orqanlarından uzaqlaşdırıldı və nəticədə rus hakimiyyəti yetişdirdiyi imperiyaya sadiq bəylərin – “Qurbanəli bəylərin” idarəçilikdə təmsil olunmasını təmin etdi. Həmçinin çar Rusiyası dövründə Azərbaycan gənclərinin ümumi hərbi xidmətə çağırışına qadağa qoyulması isə ordu ənənələrinə qarşı sui-qəsd idi.

Rus hakimiyyətinin Azərbaycanda imperiyaya sadiq məmurları və din xadimlərini hakimiyyətə gətirməsi cəmiyyətin sosial-iqtisadi, mənəvi həyatında ağır izlər buraxdı.

Azərbaycanın görkəmli ideoloqlarından biri, “Həyat” qəzetinin baş redaktoru Əli bəy Hüseynzadə yazırdı: “Ey müsəlmanlar, zaman qəflət zamanı deyil. Baxıb ibrət götürün. Abrozovannı müftilər, rus darülfünunda təhsili ikmal etmiş Sultanov cənabları kimi son 30 ildə məmləkətə nə kimi fayda gətirdilər? Müsəlmanların mənfəəti üçün hansı işləri gördülər? Bircə dəfə də olsun padşah hüzuruna çıxıb müsəlmanların ehtiyaclarını dilə gətirdilərmi? Müfti olmaq üçün insan ilk növbədə dinin və elmin mahir bilicisi olmalıdır. Rusiyada sürətli dəyişikliklərin həyata keçdiyi, islahatların aparıldığı hazırkı həlledici zamanlarda bizə üləma rəislərinin cahil yox, aqil adamlar olması lazımdır ki, biz müsəlmanlar da bu nailiyyətlərdən faydalana bilək. Bunun üçün müftilər rus məktəblərində yetişdirilmiş din adamlarından deyil, əsl üləmadan olmalıdır...”.

XIX əsrin ikinci yarısında dünyada və Rusiya imperiyasında baş verən siyasi dəyişikliklər imperiyanın bir əyalətinə çevrilmiş Azərbaycana da öz təsirini göstərdi. Çar məmurlarının bütün sahələrdə həyata keçirdiyi müstəmləkəçilik siyasətinə baxmayaraq, Azərbaycan aydınları, ideoloji fikir adamları, maarifçilik hərəkatının nümayəndələri milli burjuaziyanın öndərlərinin maddi dəstəyi ilə milli şüur, milli dövlət, millət, vətən anlayışlarını gündəmə gətirərək milli məfkurənin formalaşmasında və imperiyaya qarşı milli azadlıq hərəkatının başladılmasında müstəsna dərəcədə rol oynadılar. Lakin özünün tənəzzül dövrünə daxil olmuş çar Rusiyası bu qarşısıalınmaz prosesə ciddi şəkildə maneə olur, bütün aqressiv metodlardan çəkinmirdi. Bu dövrdə milli mədəniyyətin bütün sahələri və ilk növbədə mətbuat kəskin məhdudiyyətlərə məruz qalırdı. İsmayıl xan Ziyadxanov 1906-cı ildə Dövlət Dumasındakı çıxışında deyirdi: "

Deyirlər ki, müsəlmanlar geridə qalmış xalqdırlar, lakin bu düzgün deyil. Onları yatmağa və geridə qalmağa məcbur etmişlər. Bir nümunə göstərim. Senzura nizamnaməsi ciddi olanda bizi qəzet çıxarmağa qoymurdular. Senzura zəifləyəndən sonra isə təkcə keçən il bizdə 30 müsəlman qəzeti nəşr olunmuşdur”. 1875-ci ildə Həsən bəy Zərdabi böyük fədakarlıq göstərərək ilk milli mətbu orqan olan "Əkinçi" qəzetini təsis etmiş, bununla da Azərbaycanda böyük bir maarifçilik hərəkatı başlatmışdır. Bu qəzetin səhifələrində mütərəqqi, demokratik və maarifçilik ideyalarının təbliği, Azərbaycan xalqının milli mənlik şüurunun formalaşmasına təsiri çar üsuli-idarəsini narahat etməyə bilməzdi. Sonda çar senzurası qəzeti bağlamaq üçün bəhanə taparaq 1877-1878-ci illər Rus-Osmanlı müharibəsinin başlanması ilə əlaqədar qəzetə siyasi xarakterli məsələlərə toxunmaq qadağası qoymuş, 1877-ci ilin sentyabrında isə onun bağlanması haqqında rəsmi qərar vermişdir.

Azərbaycan cəmiyyətinin bir çox imkanlı şəxsləri çar hakimiyyətinin milli mətbuat orqanlarına bu cür mənfi münasibəti ilə üzləşdikləri, bəzən isə ciddi təqiblərə məruz qaldıqları üçün kütləvi nəşrlərə maddi yardım göstərməkdən qorxur, maarifçilik və xeyriyyəçiliklə bağlı tədbirləri müdafiə etmirdilər.

Bununla bağlı böyük mütəfəkkir Əhməd bəy Ağaoğlu yazırdı: "75 min müsəlmanın yaşadığı Bakıda müsəlmanlar xeyriyyə cəmiyyəti yaratmağa icazə verilməsi barədə vəsatət qaldırdılar. Onlardan bir ay sonra müsəlmanlarla müqayisədə sayca çox cüzi olan gürcü cəmiyyəti də vəsatət qaldırdı. Gürcülərə icazə verdilər, müsəlmanlara isə rədd cavabı verdilər...”

Çarizm ana dilində məktəblər açılmasına da mane olur, məktəblərdə ana dilinin tədrisinə qadağa qoyur, yeni tədris metodlarını təqib edir, buna mövcud rejimə qarşı çıxmaq kimi baxırdılar. Müsəlmanlara təkcə Zaqafqaziyada deyil, həm də bütün Rusiya imperiyasında orta məktəblərdə dərs deməyə icazə verilmirdi. İsmayıl xan Ziyadxanov Azərbaycanda mütləqiyyət siyasətini həyata keçirən rus məmurlar haqqında yazırdı: "Cənab xalq nümayəndələri, bizdəki administrasiya heç bir əndazəyə sığmır. Əgər təsəvvür etsəniz ki, Rusiya dənizdir, Zaqafqaziya isə onun sahilidir, sizin hər cür tullantılarınız gəlib Zaqafqaziya sahillərinə çıxır və diyarın onsuz da mənəviyyatsız olan administrasiyasının heyətini tamamlayır. Bizim administrasiyanın idealı rüşvətxorluq və adamlara əzab-əziyyət verməkdir".

XX əsrin əvvəllərində Azərbaycanda yetərincə məmur-ziyalı təbəqəsinin olmasına baxmayaraq azərbaycanlılar dövlətin idarəçilik sistemində işə cəlb edilmirdilər. Bu barədə "Şərqi-rus" qəzeti yazırdı: "Bakı müsəlmanları indiyədək şəhər rəisi cənab Novikovdan narazıdırlar. Boş yer açılan kimi rəis dərhal ora bir rus təyin edir, müsəlmanları isə qətiyyən unudur. Boş yerləri tutmaq üçün rəis Rusiyanın ucqar kəndlərindən məmurlar gətizdirir, onlara böyük və artıq məbləğdə məvacib təyin edir”.

Yüz il ərzində çar Rusiyasının bu mərhumiyyətlərinə baxmayaraq, Azərbaycan ziyalıları, siyasi xadimləri və milli burjuaziyanın nümayəndələri bütün maneələri aşaraq, Rusiya imperiyası tərkibində qəzalara, əyalətlərə bölünmüş Azərbaycanı bir siyasi vahid kimi gündəmə gətirmiş və əhalini vahid milli müstəqillik ideologiyası ətrafında birləşdirərək ilk dəfə türk-müsəlman dünyasında demokratik dəyərlərin carçısı olan milli dövlətçiliyimizin əsasını qoymuşdurlar. Təəssüflər olsun ki, milli dövlətçiliyə gedən yolda yenə də qarşımızda işğalçı və müstəmləkəçi mahiyyətli rus imperiyası dayanmışdır. Bu imperiya milli dövlətçiliyimizin yenidən doğuşunun qarşısını kəsmək üçün bütün vasitələrdən istifadə etmiş, ermənilərlə birgə məqsədyönlü şəkildə türk-müsəlman əhalisinin kütləvi qırğınlarını törətmişdilər.

kütləvi faciələrə və qırğınlara, maneələrə baxmayaraq 1918-ci ildə dahi Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Cümhuriyyəti elan edilmişdir. İlk milli dövlətimiz olan Azərbaycan Cümhuriyyəti qısa zaman kəsiyindəki fəaliyyəti dövründə siyasi, sosial-iqtisadi və mədəni həyatda olduqca əhəmiyyətli işlərə imza atmışdır.

Təəssüflər olsun ki, bu dəfə də şimaldan əsən xəzri Azərbaycanı sonu görünməyən fəlakətlər girdabına düçar etdi. Məhəmməd Əmin Rəsulzadənin dili ilə desək, mahiyyət etibari ilə çar Rusiyasından fərqlənməyən bolşevik-sovet Rusiyası öz sələflərinin yolu ilə gedərək Azərbaycan Xaq Cümhuriyyətinin varlığına son qoyaraq ölkəni işğal etdi. Bu işğal faktı görünüşcə fərqli olsa da, mahiyyət etibarı ilə çar Rusiyanın işğalçılıq siyasətinin yenidən təkrarı idi. Sadəcə işğalçının adı dəyişmişdi. İşğal edən çar deyil, bolşeviklər idi.

Azərbaycanda bərqərar olan totalitar bolşevik hakimiyyəti ilk dövrlərdən başlayaraq bütün sahələrdə qırmızı terror siyasəti həyata keçirməyə başladı. Rəsmi arxiv sənədlərinə görə, təkcə 1920-ci ilin may ayından – 1921 ilin yanvar ayınadək bolşevik höküməti 48 min nəfər azərbaycanlını qətlə yetirmişdir. Azərbaycan Parlamentinin hakimiyyətin bolşevik-kommunistlərə təhvil verilməsi ilə bağlı qəbul etdiyi 1920-ci il 27 aprel qətnaməsini kobud şəkildə pozan bolşevik hökuməti Müstəqil Azərbaycan dövlətinin bütün atributlarını məhv edərək, siyasi elitasını demək olar ki qətlə yetirdi və ya sürgün həyatına məcbur etdi. Dövlətin hərbi elitası isə may-iyun aylarında rus işğalına qarşı mübarizədə məhv edildi.

Sağ qalan bəzi yüksək çinli zabitlərin taleyi isə daha acınacaqlı oldu. 1904-cü il rus-yapon müharibəsində zabit şərəfinin nə olduğunu rus zabitlərinə nümunə göstərən Səməd bəy Mehmandarov AXC dövründə müdafiə naziri olduğu üçün hətta mənəvi terrora belə məruz qalmışdır. Azərbaycan hərb tarixinin tədqiqatçısı Şəmistan Nəzirli qeyd edir ki, 1923-cü ildə ağ saqqallı Generalı… əlində süpürgə Bakı küçələrini süpürərkən görüblər...

Dövrün tədqiqatçılarının verdiyi məlumatlara görə, təkcə 1937-1938-ci illərdə Azərbaycanda repressiya nəticəsində öldürülən insanların sayı 120 min nəfəri ötmüşdür.

İkinci Dünya Müharibəsində bütün təbii sərvətini, sosial-iqtisadi rifahını, insan resuslarını müharibəyə cəlb edən Azərbaycan təkcə ön cəbhədə 300 min insan itkisinə məruz qalmışdır. Təəssüflər olsun ki, Azərbaycan xalqının bu rəşadəti Sovet hökuməti tərəfindən öz layiqli qiymətini almamış, böyük qəhrəmanlıq nümunəsi göstərən Bakı şəhərinə qəhrəman şəhər adı belə verilməmişdir. Əksinə, müharibə qurtardıqdan sonra bu fədakarlığın “mükafatı” olaraq 200 min nəfərə qədər azərbaycanlı Qərbi Azərbaycan torpaqlarından deportasiya edilərək öz dədə-baba torpaqlarından birdəfəlik qovulmuşdur.

Məhz Sovet imperiyası dövründə tarixi Azərbaycan torpaqlarının - Zəngəzurun, Dərələyəzin ermənilərə hədiyyə edilməsi, Qarabağ bölgəsində münaqişə ocağının siyasi və hüquqi əsaslarının yaradılması totalitar kommunist rejiminin müstəmləkəçilik siyasətinin tərkib hissəsi idi.

70 illik Sovet işğal rejimi Azərbaycanın mənəvi və mədəni həyatından da yan keçməmişdir. Ölkə boyu həyata keçirilən ruslaşdırma siyasəti, gerçək Azərbaycan tarixinin təhrifi, milli və dini mərasimlərin, bayramların qadağan edilməsi bu totalitar sovet rejiminin azərbaycanlılara qarşı gerçək simasının təzahürü idi. “Allahzılar cəmiyyətinin” yaradılması isə bu totalitar sovet rejiminin mənəvi deformasiyasının pik nöqtəsi idi.

Sovet rejiminin gerçək siması XX əsrin sonlarında imperiyanın tərkibində olan xalqların müstəmləkəçiliyə qarşı milli-azadlıq hərəkatında daha qabarıq şəkildə üzə çıxdı. Bu dövrdə Azərbaycan xalqının 70 illik sovet rejiminə qarşı başlatdığı müstəqillik hərəkatı bütün ənənəvi metod və üsullarla yatırılmağa çalışıldı. Hətta kommunist rejimi bu hərəkatı yatırtmaq üçün dinc əhaliyə qarşı kütləvi qırğınlardan belə çəkinmədi. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda və digər rayonlarda dinc əhaliyə qarşı törədilən kütləvi qırğınlar Sovet imperiyasının daxili mahiyyətinin və cinayətlərinin son akkordları idi. Bu vəhşi və aqressiv metodlara baxmayaraq Azərbaycan xalqının milli mübarizə əzmi qırılmadı, əksinə daha da güclənərək imperiya işğalına son qoydu. 1991-ci ilin oktyabr ayının 18-də özünün şanlı tarixini yazmaqla uzun illərdən sonra öz dövlət müstəqilliyini bərpa etdi. Bununla da, xalqlar həbsxanası olan Sovet imperiyası öz müstəmləkəçilik xarakteri, azərbaycan xalqının sosial-siyasi və mədəni həyatına vurduğu çoxsaylı yaralarla tarixin arxivinə gömüldü...

Bəzən müxtəlif kuluarlarda və cəmiyyətimiz arasında 70-ci illərin sovet nostalgiyasına qapılıb bütünlüklə 70 illik sovet dövrü Azərbaycanının inkişafından danışılır. Bəli, 70-ci illərə qədər kommunist rejiminin Azərbaycanda törətdiyi fəlakətlərə nəzərən sonrakı illərdə Azərbaycanın sosial-iqtisadi həyatında inkişaf meyilləri güclü olmuşdur. Lakin bu uğurlar Moskva kommunist hakimiyyətinin Azərbaycan xalqına ərməğanı deyil, bu dövrdə Azərbaycana rəhbərlik etmiş Ümummilli lider Heydər Əliyevin ümumittifaq səviyyəsində siyasi nüfuzu, Azərbaycanın inkişafında göstərdiyi müstəsna xidmətlərinin məntiqi nəticəsi idi. Çünki bu dövrdə də ermənilərin Azərbaycan torpaqlarına qarşı dəfələrlə qaldırdığı yersiz ərazi iddiaları və mərkəzin bu iddialara qarşı loyal münasibəti, həmçinin imperiya rəhbərliyinin müstəmləkə xarakterli digər addımlarının qarşısı Azərbaycan rəhbərliyi tərəfindən qətiyyətlə alınmışdır.

Bu yazını yazarkən, müxtəlif təbəqələrin bəzi nümayəndələrinin nostalji hisslərə qapılaraq söylədiyi və daha çox məişət yaşamını özündə ehtiva edən “sovet dövrünün müsbət cəhətləri”ni xatırlaması məndə belə bir təəssürat yaratdı ki, 200 illik rus imperiyasının xalqımıza etdiyi faciələrinin qarşısında “bu müsbət cəhətlər” çox kiçik və cılızdır. Və bu qənaətə gəldim ki, bir kəsim insanların sovet nostalgiyası ən yaxşı halda sosial rifah istəkləri ilə hüdudlanır.

Eyni zamanda, bu sətirləri yazdığım zaman, sovet hakimiyyəti dövründə dahi Məhəmməd Əmin Rəsulzadənin sürgün həyatı, Əlimərdan bəy Topçubaşovun Parisin kiçik bir qəsəbəsində ac-yalavac qalsa belə, Azərbaycan uğrunda apardığı milli mücadiləsi, rus-yapon müharibəsində zabit şərəfini ləyaqətlə qoruyan, həmçinin Azərbaycan Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun bolşevik süpürgəsi ilə Sovet Bakısının küçələrini süpürməyə vadar edilməsi, Azərbaycanın xeyriyyəçi-mesenatı Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın bir tikə çörəyə möhtac edilməsi, azadlıq məfkurəsi, müstəqil dövlətçilik ideyaları yolunda qətl edilən, sürgün həyatı yaşayan, haqsız olaraq repressiya qurbanı olan yüz minlərlə insanın ruhi silueti qarşımda canlandı... Bu zaman ürəyimdən keçən tək istək bu idi. Uca Yaradan bizlərə və gələcək nəsillərə bir də belə utopik və puç ideyalarla dolu xalqlar həbsxanasını nəsib etməsin...

Mübariz AĞALARLI

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 462

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...