MÜSAHİBƏ
A- A A+

Fərasət Qurbanov: “Şura şəffaflıq, aşkarlıq ənənəsini və mədəniyyətini Azərbaycanda milli donor səviyyəsində tətbiq edir"

2015-11-23 18:20:50

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanovun mətbuata müsahibəsini təqdim edirik

- Fərasət müəllim, noyabrın 26-da Şura QHT-lərin Ümumrespublika toplantısını keçirməyi planlaşdırır. Bu tədbirin məqsədi və müzakirə olunan məsələlər haqqında məlumat verməyinizi xahiş edirəm

- Bəli, 26 noyabr, saat 11:00-da Hilton hotelinin “Sevda” zalında Şura QHT-lərin Ümumrespublika Toplantısını keçirəcəkdir. Toplantının əsas məqsədi 2016-cı il üçün elan edəcəyimiz maliyyə müsabiqəsinin mövzularını QHT-lərlə müzakirə etmək və bu barədə onların istək və təkliflərini öyrənməkdir. Bilirsiniz ki, Şura hər il qrant müsabiqəsi elanından öncə QHT-lərlə ictimai dinləmə təşkil edir və QHT sektorunun vacib və prioritet hesab etdiyi mövzuları müsabiqənin əsas mövzuları sırasına daxil edir. Noyabrın 26-da keçirəcəyimiz tədbirdə də QHT-lərlə məsləhətləşmə aparılacaq və onların rəy və təklifləri nəzərə alınacaq.

- Toplantıya kimlər dəvət olunub?

- Fəaliyyət göstərən bütün QHT-lər, o cümlədən region QHT-ləri toplantıya dəvətlidir. Təxminən 500 QHT-nin iştirakı gözlənilir. Ona görə də biz tədbiri QHT-lərin Ümumrespublika toplantısı adlandırırıq.

- Fərasət müəllim, Siz Şuranın icraçı direktoru kimi QHT-lərin həyata keçirtdikləri layihələrə birbaşa cavabdehlik daşıyan və bu işə nəzarət edən şəxs olaraq onların icra vəziyyəti barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, QHT-lər öz müqavilə öhdəliklərini necə yerinə yetirirlər?

- Suala görə təşəkkür edirəm. Mən bu haqda istər QHT-lərlə keçirdiyim görüşlərdə, istərsə də mətbuatda öz fikirlərimi daim açıq şəkildə bildirirəm. Ümumiyyətlə, layihələrin icra vəziyyəti qənaətbəxşdir. QHT-lərə ayrılan qrantlar hesabına həm ölkə daxilində, həm də xaricdə çoxlu sayda ictimai əhəmiyyət kəsb edən və milli maraqlarımıza xidmət edən layihələr icra olunubdur. Bu haqda biz hər il QHT-lərin və mətbuatın iştirakı ilə hesabat verir və layihələrin icrasına həsr olunmuş ayrıca kitab çap edirik. Xüsusi olaraq onu qeyd etmək istəyirəm ki, Şura hər il fəaliyyəti və gördüyü işlər haqqında cənab Prezidentə rəsmi hesabat təqdim edir. Yeri gəlmişkən təvözakarlıqdan uzaq olsa da ayrıca vurğulamaq istərdim ki, Şura ölkədə fəaliyyət göstərən yerli və xarici donorlar içərisində yeganə təşkilatdır ki, həm qrant layihələrinin qiymətləndirilməsi və maliyyələşdirilməsi, həm də hesabatlılıq baxımından şəffaflıq və aşkarlıq prinsiplərinə tam riayət edir. Təsadüfi deyil ki, biz hər il maliyyələşən mövzuları dediyim kimi ictimai müzakirələrdən sonra müəyyənləşdirir, layihələri obyektiv şəkildə 3 mərhələdə qiymətləndirir və görülən işlərələ bağlı ictimaiyyətə yazılı və şifahi hesabatlar təqdim edirik. Bizim hesabatlar və layihələrin icrasına həsr olunmuş kitabın elektron variantı ilə Şuranın rəsmi saytına daxil olub indi də tanış ola bilərsiniz. Sevinirəm ki, bütün çətinliklərə və maneələrə baxmayaraq Şura şəffaflıq və aşkarlıq ənənəsini, hətta deyərdim mədəniyyətini Azərbaycanda milli donor səviyyəsində tətbiq edə bildi. Əlbəttə, layihələrin icrası zamanı QHT-lərin yol verdiyi qüsur və nöqsanlar da az deyil və bunun qarşısını almaq üçün ən sərt tədbirlərə əl atılır. Şuranın katibliyi layihələrin icrasına tam nəzarət edir və onların müqavilə öhdəliyi çərçivəsində həyata keçirilməsini təmin edir. Fürsətdən istifadə edib bir daha bildirmək istərdim ki, Katibliyin əməkdaşları QHT-lərə layihələrin icrası zamanı hər cür köməkliyi etməkdə bundan sonra da davam edəcək və eyni zamanda qüsurlara və pozuntulara yol vermiş QHT-lərə qarşı da güzəştsiz olacaqdır.

- Fərasət müəllim, qərar qəbulu haqqında danışdınız, ümumiyyətlə, Şurada qərarlar necə qəbul olunur və bu qurumda kimlər təmsil olunur?

- Bildiyiniz kimi, Şura kollegial qurumdur və qərarların qəbulu qurumun 11 üzvü tərəfindən həyata keçirilir. Şuranın 11 üzvündən 3-ü dövlət qurumlarının, 8-i isə QHT təmsilçilərinin nümayəndələridir. Dövlət qurumlarını Preziden Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, o eyni zamanda Şuranın sədr müavinidir, Maliyyə nazirliyinin sosial sahələrin maliyələşməsi idarəsinin rəisi müavini Vüqar Məcidli, o eyni zamanda Şuranın katibidir və Ədliyyə nazirliyinin Notariat və Qeydiyyat Baş idarəsinin rəisi İlqar Məmmədov təmsil edirlər. QHT- nüamyəndələri də kifayət qədər tanınmış və təcrübəli şəxslərdir. Hamımızın yaxşı tanıdığı, QHT sektorunun və vətəndaş cəmiyyətinin inkişafında böyük xidmətləri olan Azay Quliyev Şuranın sədri, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, “Mülk” İctimai Assosiasiyasının sədri Dilarə Vəliyeva, Gender və İnsan Hüququnun Araşdırması İctimai Birliyinin sədri Rəna Mirzəzadə, Hemofeliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova və Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov ictimai sektorun nümayəndələri olaraq Şuranın üzvləridirlər. Qeyd etdiyim kimi, QHT layihələrinin maliyyələşdirilməsi və Şuranın fəaliyyətininin təşkili Şuranın 11-üzvü tərəfindən kollegial qaydada həyata keçirilir və qərarların qəbulunda hər kəs, xüsusilə dövlət qurumlarının nümayəndələri yaxından iştirak edir. Hesab edirəm ki, aidiyyatı dövlət qurumlarının nümayəndələrindən və QHT sektorunun təcrübəli təmsilçilərindən ibarət bu tərkib Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətinin düzgün qurulmasının və əldə etdiyi nailiyyətlərin əsasını təşkil edir. Bunu təkcə yerli ekspertlər yox, həmçinin xarici ekspertlər də dəfələrlə qeyd ediblər. 2011-ci ildə Avropa İttifaqının Budapeştdə təşkil etdiyi beynəlxalq tədbirdə Şuranın QHT-hökumət əməkdaşlığı baxımından Avropa üçün ən yaxşı və qabaqcıl təcrübə kimi təqdim olunması dediyimə əyani sübutdur.

- Şuranın üzvüləri əmək haqqı alırmı? Şura üzvlərinin sayı haqqında dediniz və əgər sirr deyilsə Katibliyin neçə nəfər işçisi var və onların işə qəbulu proseduru necədir?

- Xeyr, nə Şuranın rəhbərliyi, nə də üzvləri şuradan əmək haqqı almırlar. Ümumiyyətlə üzvlər üçün Şura daim iş yeri sayılmır. Şuranın cari işi katiblik tərəfindən həyata keçirilir və katibliyin əməkdaşları daimi işçi statusuna malikdirlər. Hal–hazırda Katiblikdə 14 ştat və 11 ştatdan kənar əməkdaş fəaliyyət göstərir. Onların işə qəbulu və işdən azad olunması isə Katibliyin icraçı direktorunun səlaiyyətlərinə daxildir. İşə qəbul isə müsabiqə əsasında həyata keçirilir.

- Fərasət müəllim, Şuranın son illər QHT sektorunun inkişafı və vətəndaş cəmiyyətinin güclənməsi istiqamətində gördüyü işlər hamı tərəfindən təqdir olunur. Lakin bəzən Şuraya və onun sədri Azay Quliyevə qarşı reket mətbuatda sifarişli yazılara və qarayaxma kampaniyasına da rast gəlirik. Bunun haradan qaynaqlanması haqqında nə deyə bilərsiniz?

- Açığı deyim ki, biz bunu Azay müəllimlə bir neçə dəfə müzakirə etmişik və hər dəfə də onun fikri belə olub ki, bu kimi hərəkətlərə əhəmiyyət verməyək. Zatən hər kəs də bizə adları üzərində olan reket “jurnalistlər”ə fikir verməməyi məsləhət görür. İnsanlar başa düşür ki, yazılanların hamısı ağ yalandır və bu kampaniyanı aparanların əsas məqsədi isə özlərinin əhəmiyyətsiz personalarına diqqəti cəlb etmək, çirkli niyyətlərinin və qanunsuz tələblərinin həyata keçirilməsinə nail olmaqdan ibarətdir. Əgər kimsə zərrə qədər də olsun dediklərimə şübhə edirsə, mən çəkinmədən bildiriəm ki, istənilən şəxsin və jurnalistin iştirakı ilə istənilən məsələnin araşdırılmasına və Şuranın fəaliyyətinin təftiş olunmasına şərait yaratmağa hazıram.

Ancaq məsələ burasındadır ki, bu adamlar eyni yalanı və böhtanı dəfələrlə təkrarlamaqdan yorulmurlar və bununla da özlərini daha gülünc və eybəcər vəziyyətə salırlar. Yeri gəlmişkən bu yazıların eyni stildə yazılmasını, eyni qələmdən çıxmasını və hətta kim tərəfindən təşkil olunmasını da demək olar ki, bilirik. Lakin bu kimi reketlər (şübhə etmirəm ki, özləri də oxuyur) bilməlidirlər ki, onların qanunsuz istəklərinin həyata keçməsinə heç vaxt yol verilməyib və bundan sonra da yol verilməyəcək.

Yalnız Şuranın sədrinin hədəf seçilməsinə gəlincə isə, bax, bu çox maraqlı sualdı. Niyə məhz Azay Quliyev hədəf seçilir? Axı, Şuranın maliyyələşdirdiyi layihələrin icrasına nəzarəti və maliyyə üzərində sərəncamı Katiblik həyata keçirdir. Məntiqlə kimsə nəyisə tənqid etmək istəsə ilk növbədə bu işə bilavasitə məsul olan Şuranın Katibliyini və onun rəhbəri kimi məni tənqid etməlidir. Və yaxud Şura adından qərarlar onun yuxarıda adlarını sadaladığım 11 üzvü tərəfindən səs çoxluğu ilə qəbul edilir. Azay Quliyevin də digərləri kimi yalnız bir səsi var və sədr olaraq hər hansı bir həlledici səs hüququna malik deyil. Bu baxımdan da gərək Şuranın bütün üzvləri də ən azından müəyyən ölçüdə bu qarayaxma kampaniyasının necə deyərlər “qurbanı” olsunlar. Amma gördüyünüz kimi yalnız Azay Quliyevə bu cür əsassız hücumlar təşkil edilir.

- Onda niyə məhz Azay Quliyev ?

 - Məncə Azay Quliyevin belə bir şər və böhtan kampaniyasına məruz qalmasının əsas səbəbləri sırasına reket “jurnalistləri”nin nəsə qopartmaq istəyi ilə yanaşı onun geniş ictimai siyasi fəaliyyətini, Milli Məclisin deputatı kimi gördüyü müsbət işləri, ATƏT PA-da yüksək vəzifə tutmasını və ən vacibi isə xalqa, dövlətə və Prezidentə sədaqətlə xidmət etməsini də əlavə etmək lazımdır. Görünür, həm daxildə, həm də xaricdə Azay Quliyevin rəhbərliyi ilə Şuranın dövlətçiliyimizin güclənməsi və milli maraqlarımızın qorunması istiqamətində həyata keçirdiyi işlər kimlərisə ciddi şəkildə narahat edir və onlar da öz “ağılları” ilə şantaj və böhtandan istifadə etməklə nəyəsə nail olmağa ümid edrilər. Son zamanlar 5-ci kalonun dağıdıcı fəaliyyətinin zərərsizləşdirilməsini də diqqətdən qaçırmamalıyıq. Ancaq yenə də deyirəm ki, biz belə qarayaxmalara və sifarişli yazılara fikir vermirik. Qoy onlar özlərini nahaq yerə yormasınlar, onsuz da belə çirkin üsullla nə Şuranın, nə də Azay Quliyevin ictimai nüfuzuna xələl gətirmək mümkün deyil. Əsas məsələ odur ki, xalqımız və dövlətimiz kimin kim olduğunu çox gözəl bilir və bizə də lazım olan elə budur.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 669

QHT və MEDİA

2018-06-22 07:55:21

QHT və MEDİA
QHT maarifləndirici layihəsini başa çatd...
QHT maarifləndirici layihəsini başa çatd...

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezide...

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

CƏMİYYƏT

2018-06-23 09:35:31

CƏMİYYƏT
Şuranın fəaliyyətə başlamasının 10-cu il...
Şuranın fəaliyyətə başlamasının 10-cu il...

Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay...

2018-06-22 08:15:07

CƏMİYYƏT
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...

Bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayon...

İQTİSADİ

2018-06-23 10:05:16

İQTİSADİ
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...

2018-ci ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 mily...

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...