TƏDQİQATLAR
A- A A+

Dünya düzəninin pozulması və ideoloji böhran

2020-03-25 21:55:29

Səlahəddin XƏLİLOV

“Hər bir yeni böhran xilas yulunu da özü ilə gətirir."

Əbu Turxan

Yaxşı planlaşdırılmış təxribatlar həmişə “təsadüfən” baş verir.

Amma əslində təsadüfi heç nə yoxdur. Hətta öz iradələrini həyata keçirdiklərini düşünən təxribatçılar da əslində daha böyük proseslərin icrasında alət olduqlarından xəbərsizdirlər.

Viruslar da alətdirlər, amma heç də həmişə onu törədənlərin, süni yolla mutasiya edənlərin deyil... Gözə görünməyən varlıqlar daha çox dərəcədə gözə görünməyən daha böyük güclərin iradəsinə tabe olurlar.

Böyük güclər özündən daha böyük gücün mümkünlüyünü qəbul etmirlərmi? Dünya ədalətinin əvvəl-axır təmin olunacağına inanmırlarmı?

Əlbəttə, onların da öz məntiqi vardır.

- Məzlumluq heç kimə haqq qazandırmır. Zəhmət çəkib güclü olmaq lazımdır.

Amma başqa yanaşma da var:

- Zəiflərin faciəsi üçün güclülər məsuliyyət daşıyırlar.

XXI əsrdə tərəqqinin hərəkətverici qüvvələri, hətta milli varlığın meyarları dəyişmiş, yeni meyarlar oluşmuşdur. İrəlidə gedən dövlətlərin və xalqların bütün diqqəti dünyanın yeni üsullarla idarə olunmasına yönəlmişdir.

Bir suala başqa suallarla cavab verək. Niyə bu qədər hərbi potensial toplamış böyük dövlətlər torpaq istilası ilə özləri məşğul olmur? Nədən bu işlə geri qalmış bölgələr uğraşır və böyük güclər bu münaqişələrin həllini niyə istəmir, niyə onların həmişə gündəmdə qalmasında, artıb-çoxalmasında maraqlıdırlar?

Əgər hər hansı bir millətin ən böyük sərvəti olan intellektual potensial səfərbər edilə bilmirsə, mühafizə edilmirsə, əgər təhsil sistemi ağlın gücə çevrilməsinə xidmət etmirsə, əqli və mədəni-mənəvi dəyərlər qlobal güclərin istilasına məruz qalırsa, alimlər elmi nailiyyətlərini xarici dillərdə çap etdirmək və Böyük güclərin istifadəsinə vermək məcburiyyətində qalırsa və bu bir uğur sayılırsa - bütün İslam dünyasında və bütün geri qalmış xalqlarda vəziyyət belədir - onda həmin böyük güclər zəiflərin torpağını niyə işğal etsinlər ki? Əgər hamı onsuz da onlara xidmət edirsə, əgər yerli xalqlar ucuz işçi qüvvəsinə çevrilirsə, özlərini niyə əziyyətə salsınlar ki?!

Bəli, İndi başqa zamandır.

Müstəmləkəçiliyin də, qəsbin və təcavüzün də yeni formaları ortaya çıxmışdır.

İqtisadi müstəmləkəçilik - sərvətlərin istismarı, vahid maliyyə məkanı, kürəsəlləşmə, mədəniyyət ixracı və onun "könüllü" istehlakı. Düşüncələrin istilası…

Dünya başdan-başa savaş içindədir. Savaşlar çox fərqli çeşidlərdə - bəziləri (ərazi davaları) göz önündə, bəzilərindən heç xəbərimiz də yoxdur...

Dünyanın görünməyən reallıqları…

Məqsədimiz heç də məhz koronavirusdan bəhs etmək deyil.

Koronavirus daha böyük təhlükələr şəbəkəsindən sadəcə biridir. Biz bu virusun bioloji müharibə perspektivləri yönündə aparılan tədqiqat və təcrübələrin kontroldan çıxan bir sıçrantısı olma ehtimalını istisna etmirirk. Amma yolundan sapmış bəşəriyyətə bir xəbərdarlıq olması ehtimalı da az deyil.

Bu hadisə dünyaya ağalıq etmək istəyən böyük güclərə bir ibrətdirmi - yoxsa nə qədər riskli və təhlükəli oyunlara girdiklərinin heç fərqində də deyildilər?!

Bu həm də yeni dünya müharibəsinin vasitələrindən biri kimi böyükmiqyaslı fənd/qurğu və ya hətta düzgün hesablanmamış təxribat da ola bilər. Və ya iqtisadi müharibənin qlobal taktiki vasitələrindən biri…

Hal-hazırda durum necədir?

Koronavirusdan dünya üzrə gündə 300 adam ölür. Bütövlükdə isə dünyada ölənlərin sayı gündə 110 min adamdır. Statistik baxımdan böyük deyil.

Deməli, qorxu daha çox kütləvi yayılma və nəzarətdən çıxma ehtimalına görədir. Amma bu qorxu sadəcə fərdi miqyasda deyil, ölkələr, xalqlar miqyasında bir təşviş/panik doğurur.

Bu virüs əhvalatını sadəcə bioloji-tibbi müstəvidə dəyərləndirmək sadəlövhlük olardı. Çünki ən böyük ziyanlar son yüz ildə qloballaşma istiqamətində əldə edilmiş yeni dəyərlər sisteminə yönəlidir. Bütövlükdə sivilizasiya zərbə alır. Təhsil sistemi, mədəniyyət, ticarət, istehsal və istehlak sahələri…

Deməli, “yeni dünya düzəni” dediyimiz qlobal və sivil sistemlər dağılır. Və bəşəriyyət ənənəvi həyat tərzindən əl çəkərək tamamilə yeni, hələ ölçülüb-biçilməmiş, sanaqdan çıxmamış münasibətlər sisteminə qədəm qoymaq məcburiyyətində qalır - əlbəttə, bu təhdidə qarşı təcili və səmərəli mübarizə vasitələri tapılmasa…

İnsan ağlının gücü və gücsüzlüyü

Bu gün bəşəriyyət böyük bir sınaqdan keşməkdədir. Təhlükəyə məruz qalan sadəcə insan sağlığı deyil; ağıl, ruh və bədən – hər üçü sınaq qarşısındadır.

Lakin biz bəşəriyyətin gəldiyi bu nöqtəyə tarixi retrospektivdən baxmaq istərdik.

Bəşəriyyət son onilliklərdə zatən təhlükəli bir sonluğa sürüklənirdi.

Yüksək mənəvi dəyərlərlə tənzimlənməyən hər bir güc təhlükə mənbəyidir.

Dünyanı və insanlığı məhvə sürükləyən böyük güclərin qarşısı bir an öncə alınmalı idi...

Amma bu mümkün idimi?!

Düşdüyümüz duruma bir az da əvvəlki tarixdən nəzər salaq.

Son əlli ilə qədər - üç əsr ərzində Qərbdə hakimiyyətin sükanı ağlın əlində idi. Rasionalizm epoxasında ağılların yarışı və rəqabəti yaratdı bu sivilizasiyanı.

Sonra azadlığın yeni dalğası gəldi və ağla da, mənəviyyata da meydan oxuyan bir ab-hava oluşdu. Qərbdə maddi nemətlər bolluğu yarandı, ataların neçə əsrlik əqli və fiziki zəhməti sonucunda övladlar üçün işləmədən yaşamaq, kef çəkmək və kefdən, əyləncədən də qazanc götürmək imkanı açdı...

Elmə-texnologiyaya əsaslanan İstehsal cəmiyyətinin yerini İstehlak (və xidmət) cəmiyyəti tutmağa başladı. Qloballaşma da daha sadəcə Elmin bayrağı altında deyil, ağla üsyan dalğalarının yayılması ilə, postmodernist dünyagörüşü ilə müşayiət olundu.

Azadlıq ideyası absurda çatdırıldı və insanları öz milli varlığından və hətta "ailə tiraniyasından", sevgi bağlarından azad etmək dərəcəsinə qalxdı. Neçə min illik nəfsin fövqünə qalxmaq mücadiləsini nəfsə azadlıq çağırışları əvəz etdi, əyləncə biznesi istehsalı və elmi tərəqqini sıxışdırdı, "keyf eylə" motivləri sənəti və həyatı bayağılaşdırdı... İnsanlıq böyük insani təkamül yolundan sanki geri döndü, uçuruma sürükləndi... "Qalib gələcəkmi cahanda kamal?!" axtarışları ovazıdı, mənəvi yüksəliş əzmi sarsıldı...

İnsanlıq qloballaşma dalğaları ilə yayılan bu mənəvi deqradasiya epidemiyasına davam gətirə bilmədi... Onun silkələnib özünə gəlməsini kim təmin edəcəkdi?!

Buna gücü çatacaq o tək, böyük qüdrət məlum... Amma bunu necə edəcəkdi, hansı vasitələrlə? Daha dəhşətli və davamlı bir epidemiyadan qurtulmaq üçün elə həmin qloballaşmanın törəməsi olan başqa bir epidemiyamı, əcəba?!

"Özünə gəl" çağırışı "evində qal" məcburiyyəti üzərindənmi aşılanacaqdı?!

Ağlın şeytani üzü...

Ağıl gücü yönləndirəndə insanlığı irəli aparır. Amma təəssüf ki, sosial-siyasi güc fərdi ağılları istismar etmək imkanlarına sahib olur və ağıl siyasi iradənin qulluqçusuna çevriləndə, o da şeytana uymuş ola bilir. Neçə əsrlərdi ki, İslam dünyasında İblisin/şeytanın girə biləcəyi bir bacanı qapatmaq uğrunda mübarizə gedir. Bu bacanın adına da "nəfs" deyirlər, - əslində "heyvani nəfs" nəzərdə tutulur. Həm də söhbət onu tənzimləməkdən deyil, ona qarşı mübarizədən, onu öldürməkdən, bacanı tamamən qapatmaqdan gedir. (“Çirkli su ilə bərabər uşağı da atmaq” misalı). Amma şeytan üçün ikinci baca da var...

Adı - ağıldı. "Ağla gələn başa gələr." Çoxları bu bacanı bilmir və ya heç ağıllarına da gəlmir. Amma çoxbilmişlər bu qapını da qapatmaq üçün əllərindən gələni edirlər. Yəqin ona görədir ki, İslam çoğrafiyasının çox yerində ağıl bacasını hörümçək toru tutub.

Cavidin "İblis" əsərində də İblisin iki qapısı var; biri nəfsə yönəli qapıdı ki, burdan İblis əlində şərab, cibində pul girir. Amma İblisin o biri özəlliyi ağıllı şeylər danışması, adamların "gözünü açması", gücün mənbəyini, “qalib gəlməyin” yollarını göstərməsidi. Bax, bu məsələdə “İblisin” İblisi onluğa düşüb... Oxucu və tamaşaçıların qəlbinə də əsasən bu bacadan girib. Belə ki, bu düşüncələrinə görə müasir ədəbi tənqid onu az qala müsbət qəhrəman kimi dəyərləndirmək yolunu tutub.

- Ağıllı şeylər danışmaqla, gücün mənbəyını gostərməklə də İblis insanın təkəbbür, şöhrət və rəyasət duyğularına müraciət etmirmi? Bunlar da elə nəfsin bir parçası deyilmi? Ağıllı-ağıllı danışmaqla da yenə nəfs bacasından keçməyə calışmırmı?

Bəli, sui-istifadə olunan yenə duyğulardır. Amma söhbət hansı bacadan keçməkdən gedir. İblisin arqumentləri və düşüncə tərzi məntiqi-rasional olduğu üçün biz "ağıl bacasından" danışırıq.

Bəşəriyyəti qırğına sürükləyən “böyük güc”lərin də əsas aləti ağıldır – qəlbdən ayrı düşmüş, proqramlaşdırılmış ağıl.

Necə ki, ayrıca adamlar ağıldan bəlaya düşə bilir, eləcə də bəşəriyyət ağlın tuzağına düşür.

Necə ki, insan bir qapıdan girməzdən öncə, ordan necə çıxacağını düşünməli, ən azından çıxa biləcəyindən əmin olmalıdır, eləcə də bəşəriyyət… Amma təəssüf ki, bəşəriyyəti yönləndirənlər heç də həmişə əqli-mənəvi tərəqqinin önündə gedənlər olmur. Və nə yazıq ki, qurunun oduna yaşlar da yanır; ictimai bəlalar gələndə yaxşıya-pisə, ağıllıya-axmağa baxmır. Ona görə də hər bir insan sadəcə özü üçün deyil, həm də ictimai proseslər üçün, millətin və bəşəriyyətin taleyi üçün məsuliyyət daşıdığını dərk etməlidir.

Fərdi və ictimai dünyalar

Mənəvi meyarlarla tənzim olunmayan istənilən güc təhlükə mənbəyidir. Və bu uyarı sadəcə fərdlərə deyil, həm də ictimai, iqtisadi, siyasi güclərə aiddir.

“Böyük güclər” bütün bu güc komponentlərini özündə birləşdirir və “ağıl axınları” sayəsində insanlığın zehni potensialına da sahib çıxdıqlarını düşünürlər. Amma onların istəkləri elə də rahat həyata keçmir. Güc ağlı önlədiyinə görə perspektivləri düzgün dəyərləndirə bilmirlər.

Və planları çətinə düşəndə, bütün qüsurların, bütün bəlaların səbəbini ya dini, ya da milli mənsubiyyətdə axtarmaqdan, qlobal düşmən obrazları yaratmaqdan başqa çarə qalmır. Getdikcə bu yanlış mövqe ictimai rəyə yeridilir və cəmiyyət bu təhlükəli sindroma yoluxdurulur.

Beyinlərin idarə olunması, düşüncələrin yönləndirilməsi, dinlərin, inancların da qlobal güclərin planlarına alət edilməsi… Bəli, bu sindrom öz-özünə oluşmur, onu qafalara yeridənlər var. Optimal sosial təşkilatlanmanın rolu haqqında yetərli bilgi olmayanda, insanlar uyduruq “səbəblərə” inanır və bütün təqsirlər mili və dini zəminə yüklənir. Dini sivilizasiyalar və onlar arasında çatışmalar haqqında absurd təlimlər də belə ortaya çıxmışdır.

Amma unudulur ki, fərdi və ictimai dünyalar arasında sinxronluq pozularsa, ən böyük ziyanı sivilizasiya özü çəkər. Necə ki, bu günlərdə biz hamımız bunun şahidiyik, amma sadəcə nə baş verdiyinin fərqində deyilik.

Bir var, hər bir insanın öz dünyası - fərdi dünyalar. Bir var - ictimai dünyalar və nəhayət, bütün bəşəriyyəti ehtiva edən qlobal ictimai dünya. Bu - sosial iyerarxiyalar baxımından. Və bir də cismani dünyanın, və bir də mənəvi dünyanın öz iyerarxiyası - çoxqatlı sistemi var.

Fərdi dünyalar yaşadığımız ölkələrin ictimai orqanizminə, onlar da öz növbəsində artıq qlobaıllaşmış ümumbəşəri sosial orqanizmə bağlıdır və bu bağlılığın əsas şərti yenə də sinxronluq - zaman eyniyyətidir. (Bunsuz sosial orqanizmlər pozular.)

İndi fərz edək ki, bu dünyalardan birində zaman ləngiyir, dayanır və ya hətta geri gedir. Qlobal dünya strukturları və sivilizasiya öz yüzillik nailiyyətlərindən geri çəkilir. Həm də hansı isə bir virusun təhdidi ilə.

Problem virus və ya təbabət miqyasından çıxaraq, sosial orqanizmlərə , qlobal dünya saatının əqrəblərinə transfer olunur...

İnsanoğlu indi belə böyükmiqyaslı bir proseslə üz-üzə qalmış və öz acizliyini hiss etməkdədir.

Bu, dünyaya meydan oxuyanlara bir xəbərdarlıq, bir uyarıdır. İnanırıq ki, bəşəriyyət bu böhrandan çıxmağı bacaracaq, amma bundan çıxardığı ibrətləri heç vaxt unutmamalıdır.

Ümid edirik ki, dünya yenidən düzənlənərkən, uyduruq prinsiplərə deyil, sivilizasiyanın gerçək hərəkətverici qüvvələrinə istinad edəcəkdir. Bəşəri ağıl da yedəkdən qurtulub sükanı yenidən ələ alacaqdır.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 348

QHT və MEDİA

2020-07-15 08:00:17

QHT və MEDİA
“Vətən Uğrunda Hərakat” Ermənistanın tö...
“Vətən Uğrunda Hərakat” Ermənistanın tö...

12 iyul tarixində, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz, Qazax və N...

2020-07-14 17:25:04

QHT və MEDİA
Azay Quliyev QHT-lərə müraciət etdi
Azay Quliyev QHT-lərə müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...