MƏDƏNİ
A- A A+

Unudulmaz Qulam Məmmədli: İnsan-Ensiklopediya

2015-11-17 09:15:49

Qulam Məmmədli XX əsr Azərbaycan mədəniyyəti tarixində ən unudulmaz adlardan biri, teatr və mətbuat tariximizin yorulmaz tədqiqatçısı, tanınmış mətnşünas, ensiklopedik bilik və yaddaş sahibi (1897-1994). Üçcə il də yaşasaydı, 100 yaşını görəcəkdi

Ömrünün son günlərini, aylarını dünya işığına həsrət yaşadı. Amma tərtib etdiyi neçə ədəbi salnaməyə (“Molla Nəsrəddin”, “Hüseyn Ərəblinski”, “Azərbaycan teatrının salnaməsi”-iki hissəli”, “Üzeyir Hacıbəyov”, “Cavid ömrü boyu”, “Nəriman Nərimanov”, “Abbas Mirzə Şərifzadə”), illərlə redaktoru olduğu qəzet-jurnal səhifələrinə, elm aləminə tapıb gətirdiyi son dərəcə nadir əlyazmalara, çap üzü görməyən onlarla sənətkarın külliyyatına, ədəbiyyatımızın, mətbuatımızın və teatrımızın müxtəlif problemlərinə həsr edilmiş yüzlərlə məqaləyə Qulam müəllimin ömründən işıq düşmüşdü. Bu işıq Azərbaycanın Füzuli təbli şairəsi Heyran xanımı xalqına tanıtdırmış, Mirzə Cəlil, Hüseyn Cavid, Cəfər Cabbarlı, Nəriman Nərimanov, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Cahangir Zeynalov kimi qüdrətli sənətkarların ömür və sənət yollarını dolğunluğu ilə əks etdirmiş, yüzlərlə naməlum imzanın əsl müəllifinin kim olduğunu aydınlaşdırmış, Azərbaycan teatrının formalaşmasında böyük xilmətləri olan sənətkarların tərcümeyi-halını dəqiqliyi ilə əks etdirmiş, bir sözlə, tükənmək bilmədən şölələnmişdi.

 O zaman oxucular maraqlanırdılar ki, görəsən, bu qədər işləri görən Qulam Məmmədli Akademiyanın müxbir üzvüdürmü, bəlkə elmlər doktorudur, yaxud elmlər namizədidir? Yox, Qulam Məmmədli heç bir institut bitirməmişdi. Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədov yazırdı: “Hamısı bir yana, fövqəladə hal deyilmi ki, cibində nəinki universitet, yaxud institut diplomu, hətta orta məktəb attestatı da olmayan Qulam Məmmədli Azərbaycanın qabaqcıl ziyalılarından biri kimi çoxdan tanınmaqdadır. Təəccüblüdür: bizim əsrimizdə diplomsuz ziyalı, özü də görkəmlisindən... cəmi dörd il molla məktəbində oxuyasan, amma ən böyük ziyalı olasan”.

 Qulam Məmmədli universitet bitirməsə də, əsl həyat universiteti keçmiş, şəxsi mütaliədən, adi həvəs və maraqdan, ədəbiyyatımızın, mətbuatımızın, teatr tariximizin nüfuzlu araşdırıcısına çevrilmiş, bir sözlə, az qala bütöv bir institutun öhdələyə biləcəyi işləri görmüşdü. O, Mirzə Cəlili, Ə.Haqverdiyevi, N.B.Vəzirovu, Ruhulla Axundovu, S.Mümtazı, Ü. Hacıbəyovu, C.Cabbarlını görmüş, onların bir çoxu ilə şəxsən dost olmuşdu.

Hansı mənəvi qüvvə idi, hansı qarşısıalınmaz ehtiras idi onu bu gərgin, son dərəcə məşəqqətli fil əməyinə sövq edən? Axı, Qulam müəllim öncə qeyd etdiyim kimi, heç bir mükafat, təltif gözləmirdi. Sovet dövlətindən aldığı nə olmuşdu? Əməkdar mədəniyyət işçisi” fəxri adı, Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatı laureatı, bir də “Əmək veteranı” medalı. Bunları isə o dövrdə Qulam müəllimin gördüyü işlərin heç yüzdə birini də görməyən onlarla adama asanlıqla bəxş eləyirdilər. Bəlkə firavanlıq içində yaşayırdı? Yox, qələmiylə dolanırdı və darısqal bir otaqda ömür sürürdü, neçə yerə ərizə, şikayət yazmışdısa, qulaq asan olmamışdı? Bəs hansı qüvvə idi?

Buna Qulam müəllimin öz sözləriylə cavab verək: “Məni bütün bu işlərə təhrik edən qüvvənin adı zəhmətdir. Mən burada heç bir sirr-zad görmürəm, yəni, mən ömrümü sərf elədiyim bu işə ləzzət və zövq mənbəyi kimi baxmışam. Bilirəm ki, məndən çox, xalqa lazımdır. Elə olub ki, Moskvada ya başqa bir şəhərdə kitabxanaya getmişəm, bir də ayılıb görmüşəm ki, kitabxanaçı əlini çiynimə vurur: “A yoldaş, hamı gedib, bircə siz qalmısınız”.

Qulam müəllimin çox yaxın dostları olub, onlardan biri də mərhum professor Abbas Zamanov idi. Abbas müəllim məqalələrinin birində yazırdı: “Deyə bilərlər ki, faktları toplayıb bir-birinə calamaq çox da çətin iş deyildir. Yox, bu işin xüsusiyyətinə bələd olanlar bilirlər ki, salnamə elmi ədəbiyyatın ən çətin növüdür. Qulam bu salnamələri gərgin günlərin, yuxusuz gecələrin hesabına yaratmışdır. Bunun üçün o, Bakıda və Təbrizdə, Tbilisidə və Yerevanda, Moskvada və Leninqradda, Daşkənddə və Aşqabadda və bir çox başqa şəhərlərdə arxivlərin təkində uzun illər boyu axtarışlar aparmış, çalışıb-çapalamış, necə deyərlər, iynə ilə gor qazmalı olmuşdur”.

Qulam müəllim deyirdi: “Mənim xoşbəxtliyim bundadır ki, bu işə - salnamə tərtibinə, mətbuat və teatr tarixiylə bağlı araşdırmalara gəncliyimdən başlamışam. Bir də baxıb görmüşəm ki, böyük qovluqlar yaranıb. İndi məni küçədə də yaxalayıb hər hansı bir ədəbi faktı, istənilən sənətkarın bir əsərinin tarixi, çapı, taleyi barədə soruşsalar, dərhal cavab verərəm. Mənim Məmmədəli Sidqi adlı bir dostum olub. Bütün ömrünü mətbuata həsr etmişdi. 1910-1911-ci illərdə “Molla Nəsrəddin” jurnalında Mirzə Cəlili redaktor kimi əvəz etmişdi. Cavid, Hacı İbrahim Qasımov, Hüseyn Minasazov kimi ədiblərlə yaxın olub. Amma Məmmədəli özüylə çox-çox açılmamış sirlər apardı, bu adam vaxtında xatirə yazsaydı, salnamələr yaratsaydı, nə qədər xeyirli iş görmüş olardı. Məmmədəli sinəsində dəryaları apardı”.

Nə yaxşı ki, Qulam Məmmədli vaxtında bu işləri gördü. Elə bircə “Sizə kim lazımdır?” ədəbi-tarixi məlumat cədvəlini götürək, burada 40000 ədəbi mənbə vasitəsilə 2700 şəxsiyyətin adı çəkilirdi.

Xoşbəxtəm ki, tale məni bir neçə dəfə Azərbaycan mədəniyyətinin bu canlı ensiklopediyası ilə üz-üzə gətirib. O zaman Qulam müəllim keçdiyi həyat yolundan xeyli danışdı.

Onun dedikləri: “Nəslimiz Təbrizdə

ndir. Orada doğulmuşam. Məni Aşqabada 6 aylığında bələkdə gətiriblər. Atam və anam adi adamlar idilər. 7 yaşından Molla Hüseynin “məktəbində” oxumuşam. Bir cümə axşamı atam məni çağırıb dedi: “Ay bala, bu əziz axşamda gətir “Quran”ı, bir şey oxu”. Mən də “Quran”ı götürüb avazla oxumağa başladım. “Yasin vəl-Quran-ül hakim-ləmin əl seyyid-əl-mürsəlin”. Atam “Ölmədim, bu günü də gördüm, yaxşı, bəsdi daha, səndən molla çıxmayacaq, mirzə olmayacaq, çörək qazanmaq lazımdır”-dedi. Mən də başladım çörək qazanmağa. Altı ay çəkməçi şagirdi oldum. Sonra usta Hüseynağanın dəmirçi dükanına gəldim. Mənim savadlanmaya, qəzetə gedən yolum da o dəmirçi dükanından başladı. Usta Hüseynağa və onun dəmirçi dostları pul yığıb Bakıdan göndərilən “Səda” qəzetini alıb oxuyurdular. Əlbəttə, ustalar savadsız idi, qəzeti onlar üçün mən oxuyurdum.

Bakıya 1923-cü ildə gəldim. Məni “Kommunist” qəzetinin Aşqabad müxbiri Yaqub Nəsirli gətirdi. Yaqub dedi ki, əvvəlcə gedək Mirzə Cəlilin yanına. O zaman Mirzə Cəlil “Molla Nəsrəddin”dən başqa həm də “Yeni yol” qəzetinin redaktoru idi. Yaqubla Mirzə Cəlil söhbət edirdilər. Birdən Mirzə Cəlil dedi:

 -Bu cavan kimdir?

 -Mürəttibdir.

 -Bura niyə gəlib?

 -Özünə iş axtarmağa.

 -Tapıbmı?

 -Xeyr.

 Mirzə Cəlil götürdü trubkanı, “Barışnya, dayte mne takoy nomer..”, kiminləsə danışdı: - Mirzə Qədir, burada bir cavan oğlan var, göndərirəm sənin yanına. Ona bir iş ver”. Mirzə Cəlilin köməyi ilə “Kommunist” mətbəəsində naborçu işlədim. Bir müddət keçdi, gördülər ki, təmiz yığıram, mənə ən ciddi materialları da etibar etdilər.

İyirminci illərdən üzü bəri bütün böyük sənətkarlarla bu və ya digər dərəcədə bağlılığım olub. Cəfər Cabbarlı ilə ən yaxın dost olmuşuq. Üzeyir bəylə də tez-tez görüşmüşük. Kazım Ziya, Rza Təhmasib, daha sonralar Rəsul Rza, Abbas Zamanov, Qılman İlkin ən yaxın dostlarım idi.

O zaman fəhlə müxbirləri tez-tez irəli çəkirdilər. 1929-cu ildə məni “Kommunist” qəzeti redaksiyasına ədəbi işçi götürdülər. Az sonra yaxşı işlədiyimi görüb əməkçi məktublar şöbəsinin müdiri, sonra isə məsul katibliyə irəli çəkdilər. Bir gün MK katibi Ruhulla Axundov məni çağırıb dedi: “Qulam, sən vicdanlı, təmiz adamsan. Biz səni “Kəndli” qəzetinə redaktor vermək istəyirik. Düzdür, qəzet Sultan Məcid Əfəndiyevin (Azərbaycan SSR MİK sədri-V.Y.) redaktorluğu ilə çıxır, amma onun adı formaldır, qəzeti sən idarə edəcəksən”. İki il həmin qəzetdə redaktor müavini oldum. Doğrusu, kənd təsərrüfatı məsələlərindən o qədər də başım çıxmırdı. Amma qəzetdə işləyən əməkdaşlar mənə kömək edirdilər. Qəzet ancaq təsərrüfat məsələlərini deyil, mədəniyyət məsələlərini də işıqlandırırdı. Maksim Qorki ilə də məktublaşmam elə bu qəzetdən başladı. Qorki bizi el ədəbiyyatı nümunələri toplamağa, folkloru təbliğ etməyə ruhlandırırdı. Qəzetin hər nömrəsində bizə göndərilən el ədəbiyyatı nümunələrini çap etməyə başladıq. İki ildən sonra Sultan Məcid Əfəndiyev məni öz kabinetinə çağırdı: “Sabahdan qəzetin sonunda mənim yox, öz adını redaktor yazarsan, bu MK-nın göstərişidir”-dedi.

1941-1946-cı illərdə Sovet Ordusu sıralarında Təbrizdə olmuşam, müəyyən fasilələrlə “Vətən yolu” qəzetində əməkdaşlıq etmişəm. Fədainin “Bəxtiyarnamə”sini, Heyran xanımın külliyyatını, Möcüzün əsərlərini ilk dəfə elm aləminə mən təqdim etmişəm. Təbrizdə Hacıməmməd Naxçıvani adlı bir ədəbiyyat vurğunu vardı. Onun nadir kitabxanasında Heyran xanımın yeganə əlyazmasını görəndə elə bil, dünyanı mənə bağışladılar”.

Söhbətimiz zamanı Qulam müəllim deyirdi ki, mən, elə gecələr olur sübhəcən işləyirəm. Uşaqlıqdan zəhmət çəkməyi, gördüyüm işlərdən fərəh duymağı adət eləmişəm.

Qulam Məmmədli indi bizim hörmətlə yad etdiyimiz “köhnə kişilər”dən idi. Heyif, onların sayı azaldı, amma bizim nəsillərə nümunə oldular.

Bu yazını başa çatdıranda bir nigaran sual dolaşdı beynimdə: “Görəsən, Qulam Məmmədlinin vəfatından sonra onun arxivi araşdırılıbmı?

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1610

QHT və MEDİA

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

CƏMİYYƏT

2018-12-18 10:35:09

CƏMİYYƏT
Dil normalarının pozulmasına görə cəzala...
Dil normalarının pozulmasına görə cəzala...

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Az...

2018-12-16 18:45:15

CƏMİYYƏT
Erməni işğalının yaratdığı humanitar-mə...
Erməni işğalının yaratdığı humanitar-mə...

Erməni işğalı nəticəsində yaranan humanitar-mənəvi itkilərin qiymətləndirilm...

İQTİSADİ

2018-12-18 09:45:15

İQTİSADİ
UNEC-dən iqtisad elminin tədrisinə daha ...
UNEC-dən iqtisad elminin tədrisinə daha ...

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.K...

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...