CƏMİYYƏT
A- A A+

Əhməd bəy Ağaoğlunun azadlıq və demokratiya axtarışları

2020-01-04 10:30:43

Bədirxan ƏHMƏDLİ

Ə.Ağaoğlunun yaradıcılığının sonuncu dövrü (1920-30-cu illər) həm mahiyyəti, həm də məzmunu baxımından yeni bir mərhələ təşkil edir.

"Türk təşkilati-əsasiyyəsi" (1925), "Üç mədəniyyət" (1927), "İngiltərə və Hindistan" (1929), "Sərbəst insanlar ölkəsində" (1930), "Türk hüquq tarixi" (1931-1933), "Mən kiməm?" (1936), "Dövlət və fərd" (1936), "İran və inqilabı", "Könülsüz olmaz" (1929), "Təkamülmü, inqilabmı?!", "Sərbəst firqə xatirələri" (1931) kimi əsərlərində və yüzlərlə məqalələrində yeni cəmiyyət quruculuğunun tarixi, nəzəri, müasir aspektləri ilə bağlı dərin təhlillər aparır. Bu əsərlərdən biri 1930-cu ildə Ankarada tamamladığı "Sərbəst insanlar ölkəsində" adlı fəlsəfi traktatıdır. 30-cu illər Türkiyəsində (bu zaman Türkiyə birpartiyalı sistemə malik idi və hələ demokratiyaya tam oturuşduğunu demək olmazdı) belə bir əsərin ortaya çıxmasına yalnız təəccüb etmək olardı. Əslində, özü də sərbəst düşüncəli insan olan Ə.Ağaoğlu bu əsərdə hələ heç Avropada belə mövcud olmayan bir demokratiyanın, azad cəmiyyətin konturlarını cızmışdır. Əsərin bir çox yerində avtobioqrafik cizgilər yer alsa da, bu gün də utopik görünən fikirlərə də rast gəlmək olur.

Əsər Azərbaycanın və Türkiyənin respublika quruluşuna yiyələndikdən, müəyyən dövlətçilik, cəmiyyət və fərd, sərbəstlik, azadlıq, bərabərlik yolunda qazandığı zəif təcrübədən sonra yazılıb. Onun arzu etdiyi Avropa üsullu-respublika quruluşlu dövlət Şərqdə ilk olaraq türk millətinə nəsib olmuşdu. Özünün də təmsil olunduğu Azərbaycan türkləri cəmi 23 ay bu quruluşda yaşamış, Türkiyə türkləri 7 il idi ki, respublika idarəetməsini qoruyub saxlayırdı. Əsərdəki bir çox yanaşmaların, anlayışların praktik olaraq hələ Türkiyə cəmiyyətinə şamil edilməsi çox çətin idi. Əsərin başlanğıcındakı qeydlərdən görünür ki, müəllif bunu yazmaqda çox çətinlik çəkmiş, özünün də yaşadığı cəmiyyətin gələcəyini düşünmüşdür. Bu dövrdə müxalifət cəbhəsinə çəkilməsi də əsərin yazılmasını çətinləşdirən amillərdən idi. Ona görə də, filosof əsərin forması, janrı üzərində xeyli düşünmüş, nəhayət, onu hekayət, fəlsəfi traktat şəklində yazmağı qərara almışdır: "Əsərimə hansı biçim verməklə bağlı xeyli tərəddüd keçirdim; nəhayət, onu bir hekayə şəklində yazmağa qərar verdim. Əsarətdən qurtulmuş bir Türk fərdini azad və sərbəst bir ölkəyə apardım..." Lakin elə buradaca "...bu ölkənin rəhbərləri Türk Cümhuriyyətini quran dahinin əməl və arzularının gerçəkləşməsi üçün çalışmaqdadır", - deyir və bu Cümhuriyyətin baş memarı Atatürkü "dahi" olaraq qiymətləndirir. Bununla da əsərinin Türkiyə mühitində düzgün başa düşülməyəcəyindən ehtiyat edərək yaşadığı cəmiyyət və respublika ilə bağlı fikirlərini də bildirməklə özünü tənqidlərdən sığortalayır. Bu özəllikləri öz üzərində hiss edən Ə.Ağaoğlu bir fərd olduğuna görə Respublikanın mənəvi cəhətdən ideolojisini qurmaq cəsarəti göstərir. Ə.Ağaoğlu dövlət quruluşunda Respublikaçılığı təqdir edirdi. Bəzən o, içində yaşadığı cəmiyyətin şərtlərini və tarixi şəraiti də nəzərdən qaçırmırdı. Ancaq bütün hallarda yazdıqları ilə fəaliyyəti üst-üstə düşürdü.

Ədibin qızı Tezer Taşkıran onun 20-30-cu illər mücadiləsinin demokratiyaya köklənməsi ilə bağlı yazır "...Cümhuriyyət dövründəki mücadiləsi də bu nöqtəyə çevrildi. Bütün çalışmalarında millətə dayanan dövlət görünüşünü fərdin haqq və hürriyyətlərini qoruyan dövlət deyə mənimsəyir, hər vəzifənin qarşılığında bir haqq vardır tezisini müdafiə edirdi. Bu tezis Əhməd Ağaoğlunun fikir və siyasət həyatının son mərhələsidir". T.Taşkıranın bu fikri Ə.Ağaoğlunun əsərləri və fəaliyyəti ilə təsdiq edilir. Xüsusilə, demokratiya, fikir azadlığı, hürriyyət məsələsində heç zaman heç kimə güzəştə getməmişdir. F.Sakal bəlgələrə dayanaraq onun millət vəkili olduğu zaman Türkiyə Böyük Millət Məclisində "hər şeyin bir münəqqidi olmalıdır" fikrini söylədiyinə diqqət çəkir. Bu isə onu göstərir ki, Ə.Ağaoğlu demokratiya üçün ən mühüm şərtlərdən biri olan tənqid institutunu həmişə müdafiə etmişdir.

Ə.Ağaoğlu "Ön söz"də filosof Monteskyönün "Qanunların ruhu" adlı əsərindəki hakimiyyət biçimləri ilə bağlı deyilmiş "İstibdad-yəni şəxsi hakimiyyət-məşrutiyyət-şərəfə, respublika isə ləyaqətə dayanır" fikrini xatırladır və bunun hələ də məna və əhəmiyyətini itirmədiyini söyləyir. Yazıçı-filosofun Ş.Monteskyenin (1689-1755) fikrini sitat gətirməsi onu göstərir ki, Ə.Ağaoğlu demokratiya və azadlıq anlayışları ilə bağlı nəzəri və praktik qənaətlərə malikdir. O, bu zaman yalnız Ş.Monteskyenin deyil, dünyanın bir çox tanınmış filosofların fikirlərilə tanış olmuşdur. Şarl de Monteskye C.Lokkun ənənələrini davam etdirməklə demokratik dövlət quruluşunun sistemini daha da formalaşdırmışdır.

Ə.Ağaoğlu əsərdə C.Lokk, C.Milton, Spenser, Kant, Hegel, Volter, Jan-Jak Russo, Makiavelli, Bruno və b. mütəfəkkirlərin də adını çəkir. Bu isə o deməkdir ki, bu müəlliflərin əsərlərini oxumuş, fikirlərilə yaxından tanış olmuşdur. Əsərin sonunda millət mövzusunda ustadın meydana atdığı ən mühüm yenilik millətin təşəkkülü haqqındakı fikri və ədəbi cərəyanların çox önəmli olduğunu göstərir. Ə.Ağaoğlu bu fikrini ustada aid edir və onun inqilab etdiyini düşünür. Onun fikrincə, millətlərin təşəkkül tapmasına ədəbiyyat da çox önəmli təsir göstərir. Ə.Ağaoğlu bu sırada Şekspir, Höte, Şiller, Molyer, Viktor Hüqo, Dante, Puşkin, Lermontov, Tolstoy kimi yazıçıların, şairlərin adını çəkir və "...onlar olmasaydılar, ingilis, alman, fransız, italyan, rus millətləri yaranmazdı", - deyə millətin formalaşmasındakı rolunu yüksək qiymətləndirir.

Ə.Ağaoğlu əsərdə hakimiyyət məsələsinə də toxunur. Konstitusiyalı monarxiya zamanı hakimiyyətin hökmdarla imtiyazlı hakim sinfin əlində, respublikada isə bütünlüklə xalqın əlində olduğu qənaəti əsər boyu öz təsdiqini tapır. Onun fikrincə, şəxsi hakimiyyət zamanı xalq tək şəxsin şıltaq və həvəsinə tabe olur, milyonlarca insan bu şıltaqlıq və həvəsə itaət edir, xalq qorxur və xof işində yaşayır. Konstitusiyalı monarxiya zamanı isə hakimiyyət hökmdarla imtiyazlı bir sinfin əlində olur. Respublikaya gəlincə isə orada hakimiyyət bütövlükdə xalqın əlində olur, o, xalqa aiddir və hər kəsin idarəçiliyə qatılmaq haqqı vardır. Yazıçı burada əsas diqqəti ləyaqətə yönəldir və respublika zamanı vətəndaşların ləyaqətlərinin qorunmasına diqqət çəkir.

İlk dəfə 1930-cu ildə Türkiyədə "Cümhuriyyət" qəzetində hissə-hissə dərc edilən "Sərbəst insanlar ölkəsində" əsəri "Mən bir əsir idim, azad olmaq istədim" epiqrafı ilə başlayır. Bu epiqraf müəllifin Azadlığa nə qədər böyük önəm verdiyinə sübutdur. Bu mənada əsərin baş qəhrəmanını "Azadlıq aşiqi" də adlandırmaq olar. Zəncirlərini qıraraq əsirlikdən qurtaran insanın azad olduqdan sonra qarşısında iki yol görünür: Azadlıq və köləlik yolu. Sağ tərəf Azadlıq, sol tərəf isə köləlik yoludur. O, Azadlığı istədiyi üçün sağ tərəfi tutur və Sərbəst insanlar ölkəsinə gəlib çıxır. Lakin ölkəyə gəlməklə hələ hər şey həll olunmur. Azadlığa çatmaq kimi, orada yaşamağın da müəyyən şərtləri vardır. "Azadlıq aşiqi" "Əsl mən istəyən yerdir", - deyə fikirləşərək içəri keçmək istəyərkən, sorğu-sual edilir: İç zəncirini də söküb atmısanmı?; Tamahına yiyə durmusanmı?; Doğrunu sevirsənmi?; Həqiqətə dözümün varmı?; Ləyaqət sahibisənmi? Bu sualların hər biri Azadlığı əldə etmənin prinsipləri kimi müəyyənləşir.

Sərbəst insanlar ölkəsinin vətəndaşı olmaq istəyən insanlar, hər şeydən əvvəl, o ölkənin Anayasasını bilməli və əməl etməli idi. Pirlərin tanış olmaq üçün ona verdiyi "Anayasa"da isə bu ölkənin qanunları, azadlığın şərtləri öz əksini tapmışdı. Yasada qeyd olunan maddələrdə deyilirdi:

1. Azadlıq doğruya və cəsarətə söykənir;

2. Yalan sərbəst insanlar ölkəsində tam yasaqdır. Bu azara tutulan ölkə xaricinə çıxarılır;

3. İkiüzlülük və yaltaqlıq ən ağır günahdır. Bu günaha batanlar hamılıqca daşa tutulurlar;

4. Çuğulluq edənlər sərbəst insanlar ölkəsinin vətəndaşlığından çıxarılırlar; qorxaqlıqla sərbəst ölkə vətəndaşlığı bir araya sığmaz.

Ə.Ağaoğlunun qəhrəmanı haqqı qorumaq, çalışmaq, dözüm və yardım göstərməyin bir vəzifə olduğunu deyir. Bu yasalarla və sərbəst insanlar ölkəsinin həyatı ilə yaxından tanışlığı əsir insanı azad ölkədə yaşamağın, onun qanunlarına əməl etməyin şərəfli olduğu qədər də çətinliyini başa düşür. Ancaq artıq bu bir şərəf işi olduğundan əsir adam bütün deyilənlərə can-başla əməl edir, bu ölkənin tarixini öyrənir. Məlum olur ki, bu ölkənin şərəfli bir tarixi olub; indi insanların azad gəzib dolaşdığı küçələrdə bir vaxtlar insanlar bir-birinin üstünə qalxmış, qan su yerinə axmışdı. Lakin insanlar azadlıq uğrunda mübarizə aparıb və çarpışıbdır. Ə.Ağaoğlu bununla iki məsələni demək istəyir; birincisi, Azadlıq verilmir, alınır. Onun uğrunda mübarizə aparılmalıdır; ikincisi, bu gün müəyyən mənada bu cəmiyyətə sahib olan Avropada cəmiyyət heç də bugünkü kimi olmamışdır, insanlar bir-birinin üzərinə qalxmış, qan su yerinə axmışdır. Məncə, bu fikir, Ə.Ağaoğlunu həddən artıq Qərbi öyməkdə tənqid edənlər üçün yaxşı cavabdır. O, tarixə müraciətdə yalnız Şərqi tənqid etmirdi, həm də Qərbi tənqid edirdi. Ancaq indi Qərb bütün bu mərhələləri keçmiş, yeni cəmiyyət quruculuğunda demokratik əsaslara söykənmişdir.

Əsərdə Pirlərlə verilən söhbətlərin məna yükü böyükdür; azad olmaq istəyən insan azadlığın çətin və keşməkeşli yollarda keçdiyini dərk edir. "Yalan", "İkiüzlülük", "Yaltaqlıq" bölümündə bunlarsız cəmiyyəti ağlına gətirə bilməyən insan Pirlərin söhbətindən sonra fikrini dəyişməli olur və bunun bir tərbiyə məsələsi olduğunu anlayır: "Ən xırda və ən günahsız yalana da dözüm göstərmək olmaz. Bir sözlə, uşaq ailə və məktəbdən çıxıb cəmiyyətə qovuşduğu zaman yalanın iyrənc bir azar olduğunu duyub anlamalıdır".

Maraqlıdır ki, bu məsələyə Ə.Ağaoğlu buna qədərki əsərlərində də toxunur. Onun fikrincə, bütün bunlar demokratik cəmiyyətlərdə deyil, dövləti hökmdardan ibarət bir zümrənin hakim olduğu cəmiyyətlərdə baş verir. Belədə hamı bir şəxsə bağlıdır. "Üç mədəniyyət" əsərində də bunun üzərində dayanaraq yazırdı: "Fəqət iş bir kərə şəxsi bağlılıq alanına töküldümü, yaltaqlanma, ikiüzlülük, hiylə, yalan, intriqa, xəyanət və cinayət dövlət adamları üçün məziyyət və fəzilət yerinə keçər. Rəqabət dövləti yaxşı idarəetməkdəki ləyaqəti bilgi, əzm, mətanət, namus sahəsindən çıxar. Şəxsə bağlılıq alanındakı zillət və rəzalətlərə tökülür. Gerçək ağıl, zəka və fəzilət yerinə biclik, hiylə, fırıldaq keçər".

Sərbəst insanlar ölkəsində Azadlıqla çuğulçuluq da bir araya sığmır; Azadlıq səmimiyyət və doğruçuluq istəyir. Azad bir ölkəyə xəbərçilik, çuğulçuluq qədər zərərli şey olmaz. Çuğulçuluq olan yerdə kimsə kimsəyə inanmaz, yalan və ikiüzlülük artar.

Bu ölkənin bir parkında Azadlıq heykəli də ucaldılmışdır. Heykəl istibdada qarşı Azadlıq bayrağını qaldıran ilk vətəndaşın şərəfinə ucaldılıb. Heykəlin ətrafında vaxtaşırı mitinqlər keçirilir. Azad olmaq istəyən adam həmin gün üç mitinqin şahidi olur; mitinqlərin birində hökumətin proqramına sadiq qalmadığı, ikincidə gənc nəslin yurdsevərlik keyfiyyətindən uzaqlaşdığı və bunda təhsil sisteminin günahkar olduğu, üçüncüdə isə qadın hüquqlarının kişilərlə tam bərabər tutulması istənilirdi. Sonuncu mitinqdə qadınlar bütün hallarda kişilərlə bərabər tutulan hüquqlarının eyni olmasını istəyirdi.

Ə.Ağaoğlu cəmiyyətdə ziyalı, ədib mövqeyindən danışarkən məqalələrində olduğu kimi, Qərb-Şərq müqayisəsini aparır, ziyalının Şərq aləmində millət amilinə yabançı qalması məsələsinə də toxunur. Onun fikrincə, Şərq aləmində millət anlayışı Qərbinkindən fərqlənib. Şərq ədəbiyyatı içində olduğu mühitə, insan və təbiət mühitinə yabançı qalıb, daim göylərdə, boşluqlarda dolaşıb. Bu ədəbiyyat tək bir şəxsin ifadəsi olduğundan insanlıq və təbiətlə dil tapmağı aşılamayıb. Təbiətlə insan arasındakı, eləcə də insanların öz arasındakı yadlaşmanı aradan qaldırmağa, mənəvi baxımdan bütövləşdirməyə çalışmayıb.

Azad olmaq istəyən adam pirlərin müşayiəti ilə Sərbəst insanlar ölkəsinin parlamentində, universitetində, institutunda, iri maşınqayırma zavodunda, ibtidai məktəbdə və kitabxanada olur, nizamnaməsi və onun maddələri haqqında düşünmək üçün vaxt istəyir. Ölkənin qəribəliyi və heyrətamizliyi onu məftun etmişdi. Hər şeyi yenidən öyrənmək, hər şeyə yenidən alışmaq lazım idi. Nə qədər çalışıb-çabalasa da, köhnə vərdişlərdən əl çəkmək heç də asan deyildi. Bu işi bacarmayacağı haqqında pessimizmə də qapılır, ancaq onu da fikirləşir ki, mən bu ölkənin tarixi ilə tanış olarkən onların da eynən bizim yolumuzu keçdiyini gördüm, deməli, onlar da başladıqları zaman hər şey asan olmayıb, onlar da əziyyət çəkib. Köhnə həyata dönməyin mümkünsüzlüyünü görərək o, Sərbəst insanlar ölkəsində qalmağa qərar verir.

Demokratiya, hakimiyyət, dövlət və fərd məsələləri də Ə.Ağaoğlunun yaradıcılığının sonlarında ən çox toxunduğu məsələlərdəndir. "Dövlət və fərd", "Üç mədəniyyət" əsərlərində, "Demokrasi və dövlətçilik" məqaləsində bu mövzuda fikirlərini sıx-sıx bildirmişdir. Bu məsələdə həmişə Qərblə Şərq demokratiyasını müqayisə də etmişdir. Onun fikrincə, demokratiyanın əsaslarını çeynəyən dövlətçilik sistemində demokratiyadan danışmaq mümkün deyil. Bu cür rejimlər şəxslərin və zümrələrin təhəkkümünə yol aça bilirlər. Hətta xalqın tənqid azadlığının olması belə demokratiya üçün yetərli deyildir, bu azadlığı qullana biləcək güc də əsasdır. Bu gücü isə xalq liberal toplumlarda tapır və işlədir.

Ə.Ağaoğlunun "Üç mədəniyyət" əsərində də demokratiya mücadiləsinin şahidi oluruq. Onun dövlət qavramında insanın haqq və hürriyyətini qoruyan Qərb mədəniyyətinin təməl prinsipləri başlıca yer tutur. Əsərdə mədəniyyət anlayışı geniş anlamda götürülür və burada din, əxlaq, fərd, ailə, cəmiyyət, dövlət, hökumət amilləri təhlil edilir. Cəmiyyət həyatının qüvvətlənməsinə və gəlişməsinə səbəb olan amilləri təhlil edən müəllif Böyük Fransa inqilabına toxunaraq Volter, Didro, Monteskye, Russo, Kant, Şellinq, Hegel kimi fikir adamlarının nəzəriyyələrinə istinadlar edir, İnsan haqları bəyannaməsinin adını çəkir. Bu əsərində Ə.Ağaoğlu demokratiya, cəmiyyət və fərd anlayışlarına iki kontekstdə - Şərq və Qərb kontekstində yanaşır. Bir tərəfdə "kimsə yox, padşah var, haqq yox, keyf var, digər tərəfdə isə "fərd yox, cəmiyyət var, haqq yox, vəzifə var" prinsipi yer tutur. Ümumiyyətlə, demokratiya, insan haqları məsələsində Ə.Ağaoğlu daim Qərbçiliyi üstün tutur. F.Sakal bunu "Şərqin keçmişini demokratiya acısından yerə vurması" kimi dəyərləndirir.

"Sərbəst insanlar ölkəsində" əsərində filosof-ədib dövlət idarəedilməsində demokratiyanı əsas götürür. Bu isə xalq idarəetməsidir. Xalq idarəetməsi olan yerdə "istibdad quruluşunda olduğu kimi, dövlət səriştəsizlərin əlində təcrübə taxtası ola bilməz". Onun fikrincə "Xalq idarəsi ilə istibdad arasındakı əsas fərqlərdən biri də budur ki, istibdadda dövlət adamlarının və məmurların arxalandıqları güc hökmdarın yaxşılıq və qayğısıdır. Halbuki xalqın yönəltdiyi dövlətdə həmin adamlar yalnız xalqın inamına söykənə bilər".

Əsərdə qoyulan məsələlər Ə.Ağaoğlunun "Dövlət və fərd və "Sərbəst firqə xatirələri" əsərlərində davam etdirilir. Bu əsərlərdə fəaliyyətinin müəyyən dönəmlərindəki situasiyada onun nə qədər doğru yol tutduğunu göstərir. 20-ci illərdə mövcud rejimi müdafiə edən Kadroçular ona qarşı hücuma keçmişdilər. Onların bu hərəkətlərini Ə.Ağaoğlu demokratiyaya qarşı hərəkət kimi qiymətləndirirdi. "Dövlət və fərd" əsərində Kadroçuların tənqidinə cavab verərək "Həqiqətən Kadronun müdafiə etdiyi sistem, cahanda örnəyi olmayan, anlaşılmaz, qərabətlərlə dolu bir şeydir. Bnaənəleyh hadisələr və vakaların önündə qoşan eşsiz və örnəksiz, məchul və anlaşılmaz bir sistemi Ağaoğlunun müfəkkirəsi təbiətiylə qavraya bilməz", - deyə yazırdı.

Türkiyədə seçkilərdən dərhal sonra yazdığı "Sərbəst firqə xatirələri" əsərində Türkiyənin təkpartiyalı sistemdən çoxpartiyalılığa keçid dövründə baş verən hadisələri qələmə alır. Bu əsər göstərir ki, hətta təkpartiyalı sistem zamanı Ə.Ağaoğlu nəzəri cəhətdən söylədiyi fikirləri həyatda da müdafiə etmiş, cəmiyyətin demokratikləşməsi ilə bağlı söylədiyi nəzəri fikirləri praktik cəhətdən həyata keçirməyə çalışmışdır. Nə qədər çətin olsa da, yeni cəmiyyətin qurulmasında müxaliflik institutunun yaranmasında qatqısı olmuş, yeni partiyanın yaranmasında əlindən gələni etmiş, lakin onun qapanmasından sonra partiyaya geri dönməmişdir.

Azadlıq və demokratiya anlayışları Ə.Ağaoğlunun bütünlüklə yaradıcılığında mühüm yer tutur. Bu təməl prinsiplər "Sərbəst insanlar ölkəsində" əsərində ilk dəfə olaraq sistemli şəkildə işlənilir. Onun fikirlərində Qərb dünyasının dövlətçiliyinin təməl prinsiplərinin başlıca yer tutduğunu görürük. Bu təməl prinsiplər, demək olar ki, onun əsərlərində olduğu kimi, həyatının və fəaliyyətinin də əsas prinsiplərindən olmuş, yeni cəmiyyətin formalaşmasında müstəsna xidmətlər göstərmişdir. Əsərdə Azadlıq və Demokratiya haqqında nəzəri fikirlərlə yanaşı, praktik məsələlər də yer alır. Yəni Ə.Ağaoğlunun yaşadığı cəmiyyətin bir çox məsələləri üstüörtülü şəkildə öz əksini tapır. Burada qoyulan məsələlərin bir çoxunu yaşadığı cəmiyyətə birbaşa şamil etməyin mümkün olmadığı üçün fəlsəfi traktat formasında yazmağa üstünlük verir. Bu forma həm fikrin çatdırılması, ümumiləşdirilməsi, həm də mövcud durumda kəskin tənqidlərdən uzaq durmasına imkan verir. Ə.Ağaoğlu cəmiyyətdəki demokratikləşmənin fərdin güclənməsinə etkisi olacağını, bununla da topluma dinamizmin gələcəyini və fərdlərin vəzifələrinin artması ilə azadlıqlarını daha da artıracağını düşünürdü.

Ə.Ağaoğlu "Sərbəst insanlar ölkəsində" əsərilə demokratiya, insan haqları, azadlıq, fərd, dövlət, cəmiyyət, hakimiyyət kimi təməl prinsiplərlə çıxış edən filosof və yazıçılar Aristotel, Tomas Hobbs, Con Lokk, Con Milton, Şarl de Monteskye, Jan Jak Russo, Con Stürt Mill, Mirzə Fətəli Axundzadə, Avraam Linkolnun fikirlərini yeni dövrdə inkişaf etdirmiş və zənginləşdirmişdir.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 223

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...