TƏDQİQATLAR
A- A A+

Birtərəfli yanaşma, yoxsa diplomatik gediş, ziddiyyətli mövqe

2019-12-27 10:55:49

.

Ekspertlər haqlı olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son İrəvan səfərində ifadə etdiyi bir sıra fikirlərinə iradlarını bildirirlər. Həmin fikirləri məhz Rusiyanın xarici siyasət idarəsinin başçısının deməsi ona olan marağı daha da artırıb. Çünki Rusiya-Azərbaycan münasibətləri dinamik inkişaf edir və şimal qonşumuz ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Ekspertlər isə hesab edirlər ki, münaqişənin "həlli açarı Kremldədir". Lakin S.Lavrovun İrəvandakı bəyanatlarından sonra həmin ekspertləri kədər bürüyüb. Ən azı, onlar açarın yerini "itiriblər". Çünki S.Lavrov, faktiki olaraq, bir çox şeyləri alt-üst edən fikirlər səsləndirib.

Rusiyanın xarici işlər naziri İrəvanda deyib ki, "Dağlıq Qarabağ xalqı"nın qəbul etmədiyini Ermənistan da qəbul etməyəcək. Bu kontekst onu göstərir ki, S.Lavrov "Dağlıq Qarabağ xalqı" anlayışını qəbul edir və Ermənistanın mövqeyini haqlı sayır. Halbuki Azərbaycan Prezidenti "Valday" klubunun toplantısında aydın və konkret izah etmişdi ki, "Dağlıq Qarabağ xalqı" anlayışı yoxdur, uydurmadır. Dağlıq Qarabağda Azərbaycan cəmiyyətinin bir parçası kimi azərbaycanlı və erməni əhali yaşayırdı. İndi azərbaycanlıları erməni separatçı-terrorçuları öz yurdlarından qovublar və orada hələlik erməni əhalisindən qalanlar var. Digər qisim isə xaricdən köçürülən və Ermənistan ordusunda qulluq edənlərdir.

Deməli, birincisi, "Dağlıq Qarabağ xalqı" ifadəsini işlətmək birtərəfli mövqe tutmaq deməkdir. Konkret olaraq, işğalçının hərəkətlərinə haqq qazandırmaqdır, ikincisi, münaqişənin mahiyyətinin real proses olaraq təhrif olunmasıdır, üçüncüsü, faktiki olaraq, danışıqlar prosesini yeni çətinliklərə atmaqdır. Çox təəssüf ki, bütün bunları Rusiyanın xarici işlər naziri öz fikirləri ilə yaradır.

Digər tərəfdən, S.Lavrov Dağlıq Qarabağdakı separatçıların danışıqlarda bir vaxtlar iştirak etdiyini və Ermənistanın keçmiş prezidentlərindən birinin onları müzakirələrdən çıxardığını söyləyir. Burada da dolaşıqlıq vardır. Əvvəla, Azərbaycan heç zaman məhz "Dağlıq Qarabağ xalqı"nın nümayəndələri kimi danışıqlarda separatçıların iştirakına razı olmayıb. Orada yalnız Ermənistan nümayəndə heyətinin tərkib hissəsi kimi iştirakdan söhbət gedə bilərdi. Eyni zamanda, Dağlıq Qarabağın azərbaycanlı icması da danışıqlarda iştirak edə bilərdi. Bu səbəbdən S.Lavrovun situasiyanı məhz İrəvanın təqdim etdiyi formada təkrar xatırlaması müəyyən suallar doğurur. Yəni, faktiki olaraq, rusiyalı nazir işğalçının tərəfini tutur.

Bunlardan başqa, S.Lavrovun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Nikol Paşinyanın sayıqlamalarını qəbul edilən fikir kimi təqdim etməyə çalışması daha böyük təəccüb doğurur. Konkret desək, S.Lavrov hesab edir ki, istənilən razılıq Azərbaycan, Ermənistan və Dağlıq Qarabağı (yəni, ancaq oradakı separatçıları) qane etməlidir. Ermənistanı və separatçı kütləni nəyin qane etdiyi isə aydındır – onlar Azərbaycan ərazisində dövlət qurmaqdan bəhs edirlər. Deməli, S.Lavrov bu mövqeyi ilə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına haqq qazandırır, bununla da Kremlin də sözdə ifadə etdiyi mövqeyə qarşı çıxır. Bu isə müəyyən dərəcədə "diplomatik separatizmdir" (bəlkə də bunun S.Lavrovun atasının erməni olmasına heç bir aidiyyəti yoxdur). Hər bir halda, belə bir mövqenin dost Rusiyanın xarici işlər nazirinin dilindən səsləndirilməsi Azərbaycan cəmiyyətini təəccübləndirməyə bilməzdi.

Bunların fonunda S.Lavrovun Ermənistanda sosial-iqtisadi vəziyyəti sabitləşdirməyə istiqamətlənmiş "geniş işlər"in aparılmasından bəhs etməsi də düşündürücüdür. Çünki belə bir proses qətiyyən getmir və əksinə, Ermənistanda daxili-siyasi vəziyyət həm də Rusiyanın təzyiqləri ilə daha da mürəkkəbləşir. Məsələn, biolaboratoriyalarla bağlı yaranmış vəziyyət buna əyani sübutdur. Moskva ABŞ-ın yaradığı həmin obyektlərə daxil olmaq hüququnu tələb edir. Bir neçə müddətdir ki, İrəvan tərəddüd edir. Digər məsələ "Amulsar" qəzəl mədəni ilə bağlıdır. Burada da Rusiya ilə Ermənistan arasında fikir ayrılığı vardır. Belə ki, İrəvan Kremlin istədiyinə əməl etmir. Nəhayət, Ermənistanla Rusiya arasında Robert Koçaryana görə anlaşılmazlıq mövcuddur. Hələ də bu anlaşılmazlıq aradan qalxmayıb.

Eyni zamanda, Ermənistanda ümidverici hər hansı siyasi və iqtisadi islahatlar da həyata keçirilmir. Artıq N.Paşinyanın "məxməri inqilab"ın "xarüqələri" aspektində nağıllarının da limiti tükənib. Xalq real nəticə arzulayır. Sözlə inkişaf olmur. Bəs onda Ermənistanda hansı sosial, siyasi və ya iqtisadi sabitlikdən söhbət gedir? Bel çıxır ki, S.Lavrov sadəcə Ermənistanın indiki hakimiyyətinin başına sığal çəkir. Məqsəd nədir? Məsələyə bir qədər geniş prizmadan yanaşdıqda, müəyyən geosiyasi məqamlar aydın olur.

Geosiyasi baxış: "ermənilər suyu bulandıra bilərlər"?

Hazırda Yaxın Şərqdə sürətlə geosiyasi mənzərə yeniləşir. Orada qüvvələr nisbəti çox dayanıqsızdır və Türkiyənin mövqeyi getdikcə güclənməkdədir. ABŞ da yenidən Suriyada fəallığını artırıb. Paralel olaraq, İranla bağlı situasiya gərginliyini saxlayır. Üstəlik, İraq və Livanda Tehranın mövqelərinə ciddi zərbələr vurulur. Bu proses bülövlükdə Yaxın Şərqdə və ona yaxın regionlarda geosiyasi vəziyyəti daha da mürəkkəbləşdirir. Həmin kontekstdə Tacikistanda İŞİD-in hərbi əməliyyat keçirməsi narahatlıq doğurub.

Rusiya Federal Təhlükəsizlik Xidməti bəyan edib ki, bu, terrorun Yaxın Şərqdən postsovet məkanına yayılması ehtimalını artıran olaylardandır. Əslində, Rusiya təhlükəsizlik xidməti proqnozlarında daim İŞİD-in Əfqanıstan istiqamətindən Mərkəzi Asiyaya və oradan da Rusiyaya təsir etməsini istisna etmir. İndi məsələnin başqa tərəfi İŞİD-in məhz İrana çox yaxın olan Tacikistanı hədəfə almasıdır. Belə görünür ki, Mərkəzi Asiya istiqamətindən də İrana problem yaratmağa başlayıblar.

Şübhə yoxdur ki, bütün bu proseslər Cənubi Qafqazı da bir region olaraq daha çox həssas hala gətirir. Yəni, istənilən anda burada vəziyyəti xaosa sürükləyə biləcək hadisələr başlaya bilər. Həm İran, həm də Rusiya Cənubi Qafqazla həmsərhəddir. Rəsmi Moskva bir neçə dəfə açıq surətdə bu regionun həssaslığını vurğulayıb. Rusiya Təhlükəsizlik Şurası sədrinin bu il bir neçə dəfə Cənubi Qafqaza səfər etməsi və konkret olaraq, terror təhlükəsindən bəhs etməsi təsadüfi deyil.

Həmin bağlılıqda Rusiyanın "Amulsar" mədəni və biolaboratoriyalar üzərində dayanması adi hal deyil. Görünür, Moskva həmin qaynaqlarda terror təhlükəsini görür. "Amulsar"dan alınan gəlirlər Ermənistan ərazisində Qərbin təsiri altında olan terror yuvalarının yaradılmasına sərf edilə bilər. Biolaboratoriyalar isə kütləvi qırğın silahı hazırlana bilinən məkanlardandır, baxmayaraq ki, BMT-nin bioloji silahların hazırlanmasını qadağan edən qərarı vardır.

Beləliklə, S.Lavrovun Ermənistana səfəri və orada Dağlıq Qarabağla bağlı birtərəfli fikirlər səsləndirməsi ancaq münaqişə edən tərəflərə Moskvanın münasibəti ilə bağlı deyil. Burada qlobal miqyasda formalaşmaqda olan geosiyasi mənzərənin təsiri də vardır. Konkret desək, Rusiya Ermənistanın yenidən terror mənbəyi olmasını önləməyə çalışa bilər. Orada yeni terror qaynaqlarının meydana gəlməsinə ehtimal vardır. Bunun kökündə Qərbin Ermənistandakı fəaliyyətinin bir sıra aspektləri dayanır. Moskva bilir ki, N.Paşinyanı hakimiyyətə Qərbin pulları gətirdi. Öncə Amerika və Avropa Ermənistanda çoxlu sayda sosial şəbəkə yaratdı və sonra ondan öz məqsədi üçün istifadə etdi. İndi kim təminat verə bilər ki, Qərb dayanacaq, yəni, yeni mərhələdə Ermənistandan region dövlətlərinə qarşı təzyiq kimi istifadə etməyəcək? Buna nail olmaq üçün rəsmi İrəvana pul və Dağlıq Qarabağı vəd etmək kifayətdir.

Reallıqdır ki, Amerikanın bu regionda təzyiq etmək istədiyi dövlətlər az deyil: Rusiya, İran, Türkiyə və hansısa məqamlarda Azərbaycan. Azərbaycan müstəqil siyasətinə görə bir sıra böyük dövlətlərin qəzəbinə tuş gəlib. Rusiya, Türkiyə və İran isə regionda iddiaları olan dövlətlərdir. Digər tərəfdən, məhz Cənubi Qafqaz Mərkəzi Asiyaya və oradan da Çinə təsir etmək üçün platsdarm rolunu oynaya bilər.

Belə görünür ki, S.Lavrovun ermənilərə sığal çəkməsi daha geniş və dərin kontekstə malikdir. O, Ermənistanı sakitləşdirmək və səhv etməməsi üçün başına ağıl qoymağa cəhd göstərib. Bunun üçün də ağızlarına yem atıb. S.Lavrov deyib ki, regionda geosiyasi mənzərə kəskin dəyişənə qədər münaqişəni sabit saxlamaq lazımdır. Yəni, vəziyyətdən asılı olaraq Rusiya mövqeyinə düzəliş edə bilər. Bu, kimin xeyrinə olacaq? Bunu proseslərin konkret gedişatı göstərəcək. Yəni, hələ heç nə itirilməyib.

Newtimes.az


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 395

QHT və MEDİA

2020-07-10 08:20:42

QHT və MEDİA
Azay Quliyev: Yeganə istəyimiz odur ki, ...
Azay Quliyev: Yeganə istəyimiz odur ki, ...

Azərbaycan ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə...

2020-07-09 09:25:58

QHT və MEDİA
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...

130-dan çox dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi ...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...