QHT və MEDİA
A- A A+

Azərbaycan Milli Radiosunda uşaq proqramları

2019-12-12 17:30:24

Şəlalə MƏHYƏDDİNQIZI Azərbaycan Radiosunun redaktoru

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailənin bəzəyidirsə, həm də millətin, ölkənin, dövlətin taleyinə məsuliyyət daşıyan gələcəyidir. Bu gün uşaqların sağlam böyüdülməsi, milli mənəvi ruhda yetişdirilməsi, düzgün tərbiyə olunması dövlətin əsas prioritet istiqamətlərindən biridir ki, Azərbaycanımızın sabahı hərtərəfli sağlam nəsilə sahib olan vətəndaşlarımıza etibar edilsin. Uşağın fiziki və mənəvi inkişafında ən böyük məsuliyyət ailənin üzərinə düşür. Lakin gəlin görək müasir dövrdə uşağın yetişməsində ailə tərbiyəsi kifayət edirmi? Günün çoxusunu bağçada, məktəbdə keçirən uşağın düşdüyü mühit onun formalaşmasında necə rol oynayır? Valideynlərlə yanaşı, müəllimlər də sidqi-ürəkdən çalışırmı ki, balacalara ancaq yaxşı xüsusiyyətləri yeridə bilsinlər? Bu kimi suallara cavab verməkdə acizlik çəkirik. Ürək ağrısıyla da olsa etiraf etməliyik ki, uşaq psixologiyasını dərindən duya bilən tərbiyəçilər, sözün əsl mənasında pedoqoqlar, hətta övladına qayğı ilə yanaşmağı bacaran valideynlər belə cəmiyyətdə elə də çox deyil.

Psixoloqlar hesab edir ki, adi bir xoşagəlməz hadisə uşağın durumuna təsir edər, hafizəsini zədələyə bilər. Valideyn, xüsusilə analar ailənin sıxıntısından üzüləndə övladının varlığını unudur, maddiyyat dalınca qaçır, körpəsini yadlara etibar edir. Evə yorğun gələndə də azyaşlıya diqqət ayırmır, nəvaziş göstərmir. Məktəbli balasının günü necə yaşadığı ilə maraqlanmır, nə yediyi, nə içdiyinin fərqinə varmır. Qida rassionuna düzgün fikir vermir, fastfood yeməkləri ilə qidalanmasına sanki özü şərait yaradır. İsti xörəklərdən təcrid olunan uşağın yemək zövqünün, ağız dadının dəyişməsinə bilavasitə bais olur. Başa düşmür ki, sağlam qida ən vacib amillərdən biridir. Anlamır ki, onun xoşbəxtlik sandığı o maddiyat adi məsuliyyətsizliyi üzündən uşağına gələcəkdə böyük problemlər yaşadar, bir ana kimi özünün ən böyük əzabına çevrilə bilər.

Bağça tərbiyəçiləri və müəllimlər də bu gün uşaqla işləməyin düzgün mexanizmlərini qura bilmirlər. Bununla bağlı yüzlərlə konfliktli olaylar eşidirik ki, maddi cəhətdən tam təmin olunmayan tərbiyəçinin uşaqla davranışı necədir. Məktəbdə də eyni aqibət yaşanır. Valideyn imkansızdırsa, məktəb fondunun təminatından məsrəfini əsirgəyirsə, ayrı-ayrı fənn müəllimlərindən repititor tutmağa çalışmırsa, onun övladına diqqət göstərilməyəcəyi hər birimizə gün kimi aydındır.

Ailədə, bağçada, məktəbdə diqqətdən kənar qalan, nəvazişdən məhrum olan uşaq hansı insani xüsusiyyətləri mənimsəyə bilər? Yaxşını pisdən, ağı qaradan, dostu düşməndən necə ayırmağı bacarar?

Evlərdə, təlim-tərbiyə müəssisələrində azyaşlıya olan etinasızlıq, laqeydlik adi küçələrdə, ictimai yerlərdə də açıq-aşkar hiss olunur. Dəfələrlə şahidi olmuşam ki, ictimai nəqliyyata çiynində ağır çantası ilə ayaq üstündə duran bir uşağa kimsə diqqət etmir, əksəriyyəti adi nəzakət xatirinə belə əlindəki yükünü alıb saxlamağı lazım bilmir. Özündən böyüyə yer verməyib oturubsa, o uşaq ən ağır təhqirlərə məruz qalır. Bir adam o uşağa öz evindəki övladı kimi yanaşmır, başa düşmür ki, o, yuxusuz, ac ola bilər. Fiziki cəhətdən zəif olduğuna görə gedəcəyi məsafəni qət etməyə gücü yetmədiyi üçün oturmaq məcburiyyətindədir. Həqiqətən əksər sərnişinlər azyaşlılarla kobud davranır, birinə qəfil toxunarsa, "çiynindəkini əlinə götür, mənə niyə dəyməlidir" deyib qarşısındakı uşağı acılayır.

Uşaqların formalaşmasında, məlumatlanmasında kütləvi informasiya vasitələrinin də rolu danılmazdır. Televiziyanın, radionun böyük təsir gücünə malik olduğu nəzərə alınaraq 1994-cü ilin aprelində Kann şəhərində BMT-nin Uşaq Fondu (YUNİSEF) tərəfindən 11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günü elan edilib. O zamandan hər il dekabrın ikinci bazar günü dünyanın bütün aparıcı teleradio şirkətləri efiri uşaqların və uşaq verilişlərinin ixtiyarına verir.

Ölkəmizin qanunvericiliyində də uşaq siyasəti bir çox ali sənədlərdə yetərincə əksini tapıb. Bununla bağlı kifayət qədər qanunlar qəbul edilib. Azərbaycan 1992-ci ildə BMT-nin "Uşaq Hüqquqları haqqında" Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1998-ci ildə ölkəmizdə BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasının müddəalarını özündə əks etdirən "Uşaq Hüquqları haqqında" Qanun qəbul edilib. Qanunun 3-cü maddəsində deyilir ki, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı, digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər... Qanunun daha diqqət çəkən bir hissəsi Reklamda uşaqların müdafiəsi adlı bir bölümüdür (maddə 11-1). Uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə uşaqlara aid olmayan əmtəənin reklamı onlar üçün nəzərdə tutulmuş kütləvi informasiya vasitələrində, teleradio proqramlarında (verilişlərində), audio və video materiallarda yerləşdirilə bilməz (maddə 11-1.1.5.). Yaxud dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, uşaqlar üçün nəzərdə tutulmuş kitabda reklam qadağandır (maddə 11-1.2.)

Uşaqlar üçün verilişlər "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq reklamla kəsilə bilməz (maddə 11-1.3.). Uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxında ola bilməz (maddə 11-1.4.).

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarının yaş təsnifatı aparılır. Qeyd edək ki, informasiya məhsulları ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan kütləvi informasiya vasitələri məhsulları, audiovizual məhsullar, kompüter və digər elektron oyunlar, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər informasiya məhsullarıdır.

Əfsuslar olsun ki, reallıqda bu gün məktəblərin yanında fəaliyyət göstərən internet oyun evləri, karaokelər, Topaz oyunları və s. əyləncə obyektləri azyaşlıları özünə rahatca cəlb edir. Əlinə pul düşən azyaşlı internet oyunlarına alüdə olur və saatlarını belə yerlərdə keçirir. Nə qədər ki, belə məkanların sahibi azyaşlı müştərinin mənafeyini düşünməyəcək, orada normal vətəndaşlıq qayəsindən danışmaq qeyri-mümkündür. Cəmiyyətdə bu kimi halların çoxalması eyni ilə vəziyyətinin daha da mürəkkəbləşməsinə gətirib çıxaranda xoş gələcəkdən danışmaq inandırıcı görünmür.

Teleradiolarımızda uşaq verilişləri ürəkaçan səviyyədədir? Bütün kanallarda, efirlərdə qanunun tələblərinə uyğun olaraq balacaların bilgilənməsi üçün proqramlar varmı? Bu barədə danışmayacam. Çünki görünən dağa nə bələdçi! İndiki hansı məşhur bir uşaq proqramının adını çəkə bilərik ki, reytinqi ilə gündəmi tutsun, onun kifayət qədər çoxmilyonlu dinləyicisi olsun?

Vaxtilə Azərbaycan radiosunda "Biləyən" verilişi vardı. Ona hətta böyüklər də diqqətlə qulaq asır, məlahətli aparıcılardan, xüsusilə Savalan babadan çox şey öyrənirdilər.

Xalq artisti Ofelya Sənani "Biləyən" rolunu elə həvəslə, şövqlə oynayırdı ki, onun səsi hələ də qulağımdadır:

Biləyənəm Biləyən Bilgilərim təzədir, Əlini ver dost olaq, Mən biləni sən də bil...

Verilişə çoxlu məktublar gəlir və Savalan babaya suallar ünvanlanırdı. Bu gün deyəcəksiniz ki, uşaqlar radioya qulaq asmır, televizora baxmır, bir sözlə, Savalan babadan yox, internetdən öyrənirlər. Uşaqlara radionu dinləmək vərdişi aşılanarsa, maarifləndirici verilişlər hazırlanarsa və diqqətlə təbliğ olunarsa, əlbəttə, teleradio uşaqların inkişafında öz sözünü deyə bilər. Çox böyük təsir gücünə malik olan kütləvi informasiya vasitələrinin üzərinə bu sarıdan böyük məsuliyyət düşür.

Bu gün öz ənənəsinə sadiq qalan Azərbaycan milli televiziyasında və radiosunda uşaq redaksiyaları fəaliyyət göstərir. Ana televiziyanın "Uşaq və gənclik proqramları" baş redaksiyasının əsas məqsədi Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətini təbliğ etmək, cəmiyyətin aparıcı qüvvələrinin potensial imkanlarını üzə çıxarmaqdır. Redaksiyanın əsas istiqamətləri sırasında uşaq və gənclərin maarifləndirilməsi, onların nailiyyətlərinin tamaşaçılara çatdırılması dayanır. "Uğur düsturu", "Yay tapşırığı", "Şirin yuxular" verilişləri uşaqların dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynayır.

Qocaman radiomuzda Uşaq verilişləri baş redaksiyasında uşaqlarla işləməyi bacaran peşəkar heyət çalışır. Azərbaycan balalarına gələcəyin qurucusu, sabahın vətəndaşı kimi baxan redaksiya uşaqların təlim-tərbiyəsinə, əyləncə və istirahətinə, maraq və dünyagörüşünə yaradıcı yanaşır. "Uşaqlara uşaq kimi baxmaq ideyasından uzaq olan əməkdaşlar hazırladıqları bütün verilişlərdə bu ideya və məfkurəyə sadiq qalmağa çalışırlar". Mövsümi vaxtlara uyğun olaraq uşaqlar üçün hazırlanan verilişlərin adı və məzmunu il ərzində dəyişir və efirə yeni vəsiqə alır. "Uğur", "Məktəb illəri", "Böyük tənəffüs" və "Dünyanı tanıyın" verilişləri efirə yeni vəsiqə alan proqramlar sırasındadır. "Sabaha pəncərə", "Yaşıl planet" uşaqların dünyagörüşünün formalaşmasında, coğrafi məlumatlarının genişlənməsində öyrədici rola malikdir. "Anasının balası", "Haydı, qoçaqlar" verilişlərinin ana xətti balacalara Vətən və ana məhəbbəti aşılamaqdır. "Boğça", "Uşaqdan xəbər al" proqramları bir qədər yumor üstə köklənən verilişlərdəndir.

Uşaq verilişləri redaksiyası "Navalça", "Bəhər", "Əsrlərə səyahət" verilişləri ilə də uşaqları şənləndirir. Həmçinin, "Şirin yuxular" nağıl proqramı axşam efirində yer alır.

Bu verilişlərin araya-ərsəyə yetməsi gərgin əmək tələb edir. İstedadlı uşaqları tapmaq, onları efirə cəlb etmək, hər dəfə rəngarəng proqramlar təqdim etmək elə də asan iş deyil. Azərbaycan radiosunun uşaq verilişlərinin əməkdaşları tez-tez bağçalarda olur, məktəbləri gəzir və balaca müsahibləri axtarıb tapır və radioya dəvət edirlər. Bu işdə Təhsil Nazirliyi ilə sıx ünsiyyət qurulur, radionun uşaq auditoriyası üçün məzmunlu verilişlərin hazırlanmasından ötrü hər iki qurum əlaqəli şəkildə çalışır.

Bununla bağlı bütün qurumlar birlikdə çalışarsa, uşaqları radioya, televiziyaya bağlamaq, onların diqqətini bu istiqamətə yönəltmək xeyir gətirə bilər. Əgər yaxşı verilişlər hazırlanarsa, balacaların dünyaya baxışının düzgün formalaşmasında bu verilişlər mühüm rol oynayar. Düşünülmüş dövlət siyasətinin gerçəkləşməsi mümkünləşər. Uşaqla təmasda olan valideyn, tərbiyəçi, müəllim, aparıcı, redaktor və s. hər biri bir ideya uğrunda mübarizə apararsa, balacalar cəmiyyətə layiqli vətəndaş kimi təqdim olunacaq. Gəlin bir günümüzü yox, bütövlükdə ömrümüzü, bütün fəaliyyətimizi uşaqlara həsr edək ki, gələcəyimiz sual altında qalmasın. Unutmayaq ki, biz nəyi təlqin ediriksə, uşaq onu götürür. Sonda 11 dekabr Beynəlxalq Uşaq Televiziya və radio günü münasibəti ilə bütün uşaqları və onlara böyük ümidlər bəsləyən, sağlam əqidəli yetişməyi üçün var gücü ilə çalışan böyükləri təbrik edirəm...


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 545

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...