QHT və MEDİA
A- A A+

“Mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların mümkün təsirlərindən qorunması” adlı layihə

2019-10-25 08:50:33

Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların mümkün təsirlərindən qorunması” adlı layihənin təqdimatı olub.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan layihə UNESKO-nun 2018-2019-cu illər üçün İştirak Proqramı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən həyata keçirilib.

Təqdimat mərasimində layihənin koordinatoru Araz Bağırlı çıxış edərək layihə barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin məqsədi silahlı münaqişələr və fövqəladə hallarda mədəni sərvətlərin qorunması üçün strateji planlaşdırma, preventiv kompleks tədbirlərinin keçirilməsi, habelə təhlükəsiz evakuasiyasını təmin etmək üçün müvafiq hədəf auditoriyasını hərtərəfli təlimatlandırmaq və bu sahədə mövcud beynəlxalq təcrübəni tətbiq etməkdir.

Qeyd edilib ki, təqdimat mərasimi çərçivəsində UNESKO və Beynəlxalq Muzeylər Şurasından (ICOM) dəvət edilmiş ekspertlərin iştirakı ilə ölkəmizdə iki günlük seminarın keçirilməsi də planlaşdırılır. Seminar çərçivəsində müxtəlif regionların, həmçinin sərhədyanı bölgələrin muzey əməkdaşlarına fövqəladə hallarda mədəni sərvətlərin düzgün evakuasiyasına dair müvafiq təlimatlar veriləcək.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, 74 il öncə, 1945-ci ilin oktyabrın 24-də San-Fransiskoda dünyanın 50 ölkəsinin imzaladığı BMT Nizamnaməsi qüvvəyə minib. Bu tarix bütün dünyada BMT günü kimi qeyd olunur: “Təsadüfi deyil ki, layihənin təqdimatı məhz belə bir gündə keçirilir. Bu layihə UNESKO-nun İştirak Proqramının qrant qalibi seçilib. Layihə 14 may 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyası və ona dair İkinci Protokol (1999) əsasında hazırlanıb. Azərbaycan bu Konvensiyaya 1993-cü ildə, onun İkinci Protokoluna isə 2000-ci ildə qoşulub. UNESKO çərçivəsində ölkəmizin fəal təmsil olunduğu qurumlardan biri də həmin Konvensiya əsasında fəaliyyət göstərən Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitədir. Komitədə təmsil olunduğumuz dövr ərzində Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərarlar qəbul edilib”, -deyə S. Məmmədəliyeva vurğulayıb.

Nazir müavini söyləyib ki, həmin konvensiyanın ölkəmiz üçün xüsusi önəmi var: “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 22 muzey işğal altında qalıb, 100 mindən artıq eksponat talan edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombardmanı zamanı yerlə yeksan olunub, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən artıq qiymətli və nadir əşyası talan edilərək Ermənistana aparılıb. Onların bəziləri hazırda xarici ölkələrə çıxarılaraq erməni mədəni nümunələri kimi təqdim edilməyə cəhd olunur. Erməni təcavüzkarları Azərbaycan musiqisinin böyük xadimləri Üzeyir Hacıbəylinin və Bülbülün, habelə şairə Xurşidbanu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışlar. Bu abidələr bütün əxlaq normalarına zidd olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnib. Həmin abidələr çox çətinliklə əldə edilərək Bakıya gətirilmiş və hazırda bu muzeydə nümayiş etdirilir”.

Vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ bölgəsindən Ermənistan ordusunun dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri hələ də icra olunmamış qalır. Bu qətnamələrin icra olunmaması nəticəsində bizim mədəni sərvətlərimizə təcavüz də davam edir. Dağlıq Qarabağın azərbaycanlı icması öz mədəni hüquqlarından istifadə edə bilmir, oradakı mədəni irs və muzey sərvətləri məhv olunur.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək layihənin önəmi haqqında danışıb. Layihənin həyata keçirilməsinə UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası tərəfindən verilən dəstəyə görə məmnun olduğunu deyən Elnur Sultanov son illər silahlı münaqişələr zamanı mədəni sərvətlərin qəsdən dağıdılması hallarının artdığını diqqətə çatdırıb. Qeyd edib ki, belə bir zamanda BMT-nin mədəni sərvətlərin qorunmasını həyata keçirən əsas qurumu olan UNESKO-nun mandatı bu gün çox əhəmiyyətli və aktualdır: “Bu kontekstdə UNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolu vacib hüquqi sənədlərdir. Bu sənədlər təhlükədə olan mədəni irsə beynəlxalq ictimaiyyət tərəfindən daha həssas yanaşmanı zəruri edir və silahlı münaqişələr zamanı mühafizənin həyata keçirilməsinin təmin olunması üçün hüquqi əsas yaradır. İki il öncə qəbul olunan BMT Təhlükəsizlik Şurasının 2347 saylı Qətnaməsində bildirilir ki, mədəni irsin dağıdılması beynəlxalq sülhə təhlükədir. Silahlı münaqişələr zamanı mədəni irsin dağıdılması, talan edilməsi və qanunsuz olaraq ölkədən çıxarılması, eləcə də mədəni irsin tarixi köklərinin və mədəni müxtəlifliyinin inkar edilməsi, münaqişələrin daha da kəskinləşməsinə gətirib çıxarır”.

E. Sultanov söyləyib ki, Azərbaycan 1992-ci ildə UNESKO-ya üzv olduqdan bu günədək təşkilatla bütün sahələri üzrə sıx əməkdaşlıq edir. 1954-cü il Konvensiyası və onun iki protokolu Azərbaycanın UNESKO ilə əlaqələrində əsas yer tutur. Azərbaycan Ermənistanın hərbi işğalından əziyyət çəkir və işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin mədəni, dini, tarixi irsi kütləvi şəkildə məhv edilib. Bu xüsusda, Azərbaycan Haaqa Konvensiyasına və onun protokollarına önəm verir və UNESKO çərçivəsində müvafiq platformalarda, o cümlədən üzv olduğumuz komitələrdə bu məsələ gündəmə gətirilir.

UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi qeyd edib ki, UNESKO-nun 1954-cü il Haaqa Konvensiyası, onun protokolları və digər beynəlxalq qaydalar haqqında məlumatlılığın artırılması məqsədilə, 2016-cı ildə Azərbaycan Respublikası, UNESKO və İtaliyanın San-Remo şəhərində yerləşən Beynəlxalq Humanitar Hüquq İnstitutunun birgə əməkdaşlığı nəticəsində beynəlxalq ekspertlər tərəfindən Hərbi Bələdçi hazırlanıb. Hərbi əməliyyatların planlaması və icrası zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının müddəalarının yerinə yetirilməsi üçün praktik tövsiyələr verən həmin Hərbi Bələdçi, UNESKO-nun ən uğurlu nəşrlərindən biri hesab olunur və təşkilatın üzv ölkələri tərəfindən artıq istifadə olunmaqdadır. Diqqətə çatdırılıb ki, sözügedən nəşrin bu ilin iyun ayının 14-də Brüssel şəhərində NATO-nun Əməliyyatlar Siyasəti Komitəsində təqdimatı keçirilib. Azərbaycan dilinə tərcümə edilmiş nəşrin növbəti ildə təqdimatının Bakıda keçirilməsi planlaşdırılır.

UNESKO ilə sözügedən sahədə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini qeyd edən E.Sultanov, həyata keçirilən layihənin mədəni irsin qorunması sahəsində aparılan işlərə real töhfə verəcəyinə əminliyini ifadə edib, tədbir iştirakçılarına uğurlar arzulayıb.

Çıxış edən digər iştirakçılar da layihə ilə bağlı fikir və mülahizələrini bildiriblər.

Tədbir çərçivəsində protectheritage.az veb- saytının və Azərbaycan dilinə tərcümə olunmuş İCCROM (Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqatlar Mərkəzi) və UNESKO-nun Misir Mədəni İrsinin Qorunması Fondu ilə əməkdaşlığı çərçivəsində nəşr olunmuş “Təhlükədə olan irs və muzey sərvətlərinin təxliyə qaydaları” adlı məlumat kitabının təqdimatı keçirilib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 126

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...