TƏDQİQATLAR
A- A A+

“Foreign Policy News”: “Azərbaycan Cənubi Qafqazda və Yaxın Şərqdə mühüm rol oynayır”

2015-10-21 16:15:05

Amerikanın nüfuzlu “Foreign Policy News” analitik nəşrində “Antiazərbaycan ritorikası” adlı məqalə dərc edilib

Materialda Avropa Parlamentinin Azərbaycana ədalətsiz münasibətindən, ona qarşı ikili standartların tətbiq edilməsindən, bu respublikanın çoxvektorlu və praqmatik xarici siyasət strategiyası, Azərbaycan cəmiyyətinin multikulturalizmi və tolerantlığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir.

Həmin məqalə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut tərəfindən yazılıb.

Müəllifin fikrincə, son vaxtlar miqrantlarla bağlı çox gərgin xaos yaranmasına baxmayaraq, Avropada və ABŞ-da antiazərbaycan ritorikasını görməmək olmaz. 

Məqalə müəllifi yazır: “Bir ay bundan əvvəl Avropa Parlamenti Azərbaycanda bəzi məmurlara qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağıran qətnaməni bəyənib. Qətnamə müəlliflərinin fikrincə, həmin məmurlar insan hüquqlarına riayət etmirlər. Azərbaycana qarşı irəli sürülmüş ittihamlar Avropa demokratiyasının hüquq normalarını pozur. Təbii ki, rəsmi Bakı buna görə hiddətlənmiş və hətta möhkəm incimişdir. Özü də ona görə yox ki, burada insan hüquqları sarıdan vəziyyət tam qüsursuzdur - belə hal heç yerdə mövcud deyil, fərq yalnız həmin hüquqların pozulmasının miqyasındadır – ona görə ki, ABŞ və Avropa ona tabe olmayan, zəngin karbohidrogen ehtiyatlarına malik olan və regionda geosiyasi mövqeyi böyük əhəmiyyət kəsb edən Azərbaycanı hörmətdən salmaq üçün əlindən gələni etməyə çalışır. Azərbaycan həm də Avropa üçün enerji təchizatının şaxələndirilməsinin və təhlükəsizliyinin əsasıdır. Azərbaycan regionda iri enerji mərkəzi olmaqla bərabər həm də neftin və təbii qazın əsas istehsalçısıdır. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan kimi boru kəmərləri (bu, Alyaska boru kəməri ilə yanaşı dünyada ən iri neft kəməridir) Xəzər dənizindən çıxarılan nefti Gürcüstan ərazisindən və Aralıq dənizindən keçməklə Türkiyənin Ceyhan limanına çatdırır. Bundan əlavə, daha bir mühüm məqamı qeyd etmək lazımdır: Azərbaycan və onun qərbdəki tərəfdaşları Azərbaycanın böyük qaz ehtiyatlarının Avropaya nəql edilməsi üçün Cənub qaz dəhlizini təşkil edən boru kəmərləri şəbəkəsinin inşasına başlayıblar. Postsovet Azərbaycanı zəif və asılı geosiyasi subyekt olmadığını, Cənubi Qafqazda və Yaxın Şərqdə mühüm rol oynadığını sübut edə bilib. Azərbaycanın məsələlərə praqmatik yanaşması Azərbaycan cəmiyyətinə xas olan multikulturalizm və tolerantlıq, dünyanın bir sıra başqa hissələri ilə müqayisədə diplomatiyanın qat-qat mürəkkəb olduğu regionda öz qonşuları ilə konstruktiv münasibətləri – bütün bu amillər ölkənin bu qədər uğurla inkişaf etməsində rol oynayır”.

Arye Qut vurğulayır ki, indiki Amerika administrasiyasının, eləcə də istər Yaxın Şərqdə, istərsə də Cənubi Qafqazda Avropa İttifaqının xarici siyasət strukturunun dəqiq və ölçülüb-biçilmiş xarici siyasət strategiyası yoxdur. 

Məqalə müəllifi yazır: “Amerika və Avropanın ölkələrə “demokratiya və insan hüquqlarına hörmət” gətirməli olan hərbi müdaxilə layihələrinin əksəriyyətinə nəzər salsaq, həmin layihələr bu ölkələrə və xalqlara böyük mənəvi və maddi ziyan vuraraq tamamilə iflasa uğrayıb. Avropalıların və amerikalıların guya demokratik rejimlər qurmağa cəhd göstərdiyi hər yerdə - Əfqanıstanda, İraqda, Liviyada, Suriyada bu cəhdlər tam siyasi fiaskoya uğrayıb, yüz minlərlə insanın əzab-əziyyətinə, həlak olmasına, son nəticədə milyonlarla qaçqın yaranmasına gətirib çıxarıb. Əlbəttə, Azərbaycanı insan hüquqlarının pozulmasında ittiham etmək riyakarlıq, nəzakətsizlik və ləyaqətsizlikdir, çünki bu ölkə 24 ildən artıq müddətdə Ermənistanın təcavüzündən əziyyət çəkir, bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib və bir milyondan çox insan bu ərazilərdən qovulub. Məgər Avropa Parlamenti bunu bilmir? Bəlkə özünü bilməzliyə vurur? Bəlkə avropalılar elə hesab edirlər ki, öz torpaqlarından qovulmuş bir milyon azərbaycanlı qaçqının elementar insan hüquqları yoxdur? Onlar erməni silahlıları tərəfindən ələ keçirilmiş və indiyə qədər ermənilərin əlində dəhşətli və qeyri-insani şəraitdə girov saxlanılan 4000-dən çox dinc azərbaycanlının taleyi və insan hüquqları ilə nə üçün maraqlanmırlar?”

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut vurğulayır ki, Azərbaycan haqlı olaraq ABŞ-ın və Avropanın xarici siyasətində ikili standartlarla əlaqədar öz incikliyini və bu siyasəti başa düşmədiyini bildirir. 

Müəllif vurğulayır: “Məsələ Krıma aid olanda ABŞ və Avropa Ukraynanın ərazi bütövlüyünə riayət olunmasının zəruriliyini sözsüz bəyan edir. Lakin Azərbaycanın ərazi bütövlüyünə münasibətdə, Dağlıq Qarabağa münasibətdə bu prinsipə məhəl qoyulmur. Müasir beynəlxalq münasibətlərdə bu ikili standart sadəcə qəbuledilməzdir”.

A. Qut yazır: “Doğrudanmı Avropada və ABŞ-da Azərbaycanın ABŞ və Avroatlantika strukturları ilə səmimi əməkdaşlıq etmək və strateji tərəfdaşlığı möhkəmlətmək istəyini və arzusunu görmürlər? Görmürlərmi ki, ABŞ-ın Əfqanıstanda və İraqda sülhyaratma missiyalarını dəstəkləyən, öz oğullarını bu qaynar nöqtələrə göndərən yeganə müsəlman ölkəsi məhz Azərbaycandır?”.

Məqalə müəllifi qeyd edir ki, bəzi avropalılar və amerikalılar Azərbaycanda “ərəb inqilabı” arzusu ilə yaşayırlar. 

Arye Qut yazır: “Görün Suriyada, İraqda və Liviyada nələr baş verir, orada sivilizasiya parçalanmasını müşahidə edirik, eyni dinin nümayəndələri bir-birini məhv edir, yalnız ona görə ki, onlar müxtəlif cərəyanlara mənsubdurlar. Terrorçular şəhərləri, bütöv regionları və neft mədənlərini ələ keçirirlər. Bu gün “İraq Şam İslam Dövləti” dünyada ən varlı terror qruplaşmasıdır. O, İraqda ondan çox neft yatağına nəzarət edir. Orada çıxarılan “qara qızıl” İordaniyanın, İraqın, digər ölkələrin qara bazarlarına göndərilir, gündə üç milyon dollara yaxın gəlir gətirir. Bu gün ekspertlərin çoxu etiraf edir ki, Suriyada İŞİD ümumiyyətlə Amerikanın hesabına yaranıb. Amerikalıların və avropalıların bu regionda uğursuz və ağılsız siyasəti, kobud qüvvə tətbiq edilməsi, hakim rejimlərin zorakılıqla devrilməsi bumeranq effekti doğurub. Doğrudanmı ABŞ Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz lideri olan ölkədə, bu gün multikulturalizm və tolerantlıq siyasətini uğurla həyata keçirən, ölkə ərazisinin 20 faizinin qonşu dövlət tərəfindən işğal edilməsinin onun əsl sivilizasiyalararası dialoq nümunəsi və bütün xalqların, bütün konfessiyaların nümayəndələrinin sülh şəraitində yaşadığı məkan kimi qalmasına mane olmadığını bütün dünyaya göstərən ölkədə bu cür qanlı və amansız xaos yaratmaq istəyir? Qoca Avropanın üzləşdiyi qaçqın axını ilə bağlı qarmaqarışıqlıq bu hegemonçu qüvvələrin ölkələrə zorla qəbul etdirməyə çalışdığı demokratiyanın tərs üzüdür. Mən yüz faiz əminəm – öz üstünlük hissinə əsaslanan düşüncəsiz və ağılsız siyasətin bumeranqı gec-tez ABŞ-ın özünə də zərbə vuracaq”.

İsrailli ekspert öz məqaləsində belə bir təbii sual verir: Nə üçün avropalılar və amerikalılar insan hüquqları ilə bağlı vəziyyətin heç də yaxşı olmadığı Ermənistana qarşı bu cür tələblər irəli sürmürlər? 

Müəllif yazır: “ABŞ Dövlət Departamentinin məruzəsində qeyd edildiyi kimi, insan hüquqlarının müdafiəsi məsələsində 2014-cü ildə Ermənistanda sistemli korrupsiya və idarəetmənin şəffaflığının çatışmaması, ədliyyə sisteminin müstəqilliyinin məhdudluğu və vətəndaşların öz hökumətini dəyişmək imkanının çatışmaması Ermənistanda ən böyük problem kimi qalıb. Məruzədə o da qeyd edilir ki, Ermənistan polisi etiraf ifadələri almaq məqsədilə istintaq zamanı işgəncə və döyülmə praktikasının tətbiqini davam etdirir. Ermənistan qanunvericiliyində təqsirsizlik prezumpsiyasının tanınmasına baxmayaraq, hakimiyyət orqanları bu qanuna hörmət etmirlər. Məruzədə həmçinin prezidentin əleyhinə danışanların “qulağını kəsmək” barədə polis rəisi müavinin hədə-qorxusu xatırladılır. Nədənsə həm Avropa Parlamenti, həm də digər Avropa strukturları Ermənistan barədə susurlar”.

Müəllif qeyd edir ki, Ermənistan prezidenti Serj Sarkisyan bir neçə gün bundan əvvəl işğal edilmiş dağlıq Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi elan edib. 

İsrailli ekspert yazır: “Tamamilə aydındır ki, prezident Sarkisyan bu bəyanatı ilə Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunmasını rəsmən etiraf edib. Belə ki, bu ölkənin rəsmi şəxsləri indiyə qədər bəyan edirdilər ki, Dağlıq Qarabağ “region sakinlərinin iradəsi ilə Azərbaycandan ayrılıb və münaqişənin tənzimlənməsinə dair danışıqlarda müstəqil tərəf kimi çıxış etməlidir”. Ermənistan prezidenti artıq ikinci müddətə dövlət başçısı olduğuna baxmayaraq daim özünü diplomatik protokol normalarına zidd aparır... Onun bütün bəyanatları bir daha sübut edir ki, Sarkisyan tamamilə məsuliyyətsiz və uzağı görməyən siyasətçidir, Ermənistanın siyasi həyatının ön səhnəsinə təsadüfən gəlib çıxmış separatçıdır. Onun əlləri dirsəyə qədər qan içindədir. O, özünün bütün çıxışlarında Ermənistanın işğalçı siyasətinə haqq qazandırmağa çalışır. Bu baxımdan mən tez-tez düşünürəm ki, Ermənistan prezidenti “meqaloerməni” yuxusundadır, Cənubi Qafqaz regionunda nələr baş verdiyini görmür. Ermənistan prezidenti öz ölkəsinin müstəqilliyi barədə danışmağı sevir, lakin mübahisəsiz faktdır ki, Ermənistan Cənubi Qafqazın ən asılı ölkəsidir”.

Qutun fikrincə, Ermənistanda vəziyyət günbəgün gərginləşir, protest edənlərin, aclıq çəkənlərin və narazıların sayı artır, hərçənd hakimiyyətdə olanlar bu faktları gizlətməyə çalışırlar. Ermənistanın hakimiyyət orqanlarının bütün hərəkətləri açıq-aşkar nümayiş etdirir ki, Ermənistanda vəziyyət çox gərgindir. Bu, nə ilə bağlıdır? Serj Sarkisyan və Ermənistanı idarə edən, özünü bu ölkənin hakimiyyəti adlandıran kriminal-oliqarxik piramida bütün kiçik və orta biznesi məhv edir. Bu isə əhalinin narazılığına səbəb olur. Ölkədə işsizlik sürətlə artır və kütləvi aksiyalara çıxmağı arzu edənlər çoxalır. Ermənistanın hakimiyyət orqanları həqiqəti nə qədər gizlətsələr də Ermənistan iqtisadiyyatında sistemli böhran baş verir. Ermənistanın hakimiyyət orqanları ölkə iqtisadiyyatının fəlakətli vəziyyətdə olmasına dəlalət edən həqiqi rəqəmləri gizlədir. Xalqın kəskin sosial narazılıqları Serj Sarkisyan rejiminə hökmən son qoyacaq. Məsələ yalnız bunun nə vaxt baş verəcəyindədir.

Arye Qut qeyd edir ki, İsrail dövləti Azərbaycan rəhbərliyinin və şəxsən Azərbaycan Prezidentinin yəhudi icmasına səmimi münasibətini yüksək qiymətləndirir. Dünyada bu münasibətin analoqu yoxdur. 

İsrailli ekspert Arye Qut yazır: “Biz İsraildə müasir dünyəvi, tolerant və güclü Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsini müşahidə edir və qiymətləndiririk. Bu illər ərzində ölkələrimiz arasında qarşılıqlı diplomatik və iqtisadi münasibətlər sürətlə genişlənib. Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr tərəqqi edir, İsrail dünya bazarında Azərbaycan neftinin ən iri idxalatçısıdır. İsrailin yüksək texnoloji sənaye məhsulları Azərbaycanın telekommunikasiya infrastrukturu layihələrində tətbiq edilir. Bununla belə, İsrail ilə Azərbaycan arasında, azərbaycanlılarla yəhudilər arasında münasibətləri təkcə qarşılıqlı maraqlarla izah etmək mümkün deyil. Bu gün ümumi dəyərlər və ortaq tarix müasir Azərbaycan-İsrail münasibətlərinə nüfuz edir. Hər iki ölkə onların arasında insani əlaqələr olması və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hesabına zənginləşir”.

İsrailli ekspert öz məqaləsinin sonunda vurğulayır ki, bu gün Azərbaycan ABŞ, Avropa və İsrail dövlətinin həqiqi və real strateji tərəfdaşıdır. 

Arye Qut son olaraq yazır: “Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən cəmi 24 il keçir. Azərbaycan xalqı bu müstəqillik çərçivəsində yeni demokratiyanın əsasını qoyub. ABŞ və Avropa Azərbaycanın Sovet sistemi buxovlarını qırandan sonra necə böyük addımlar atdığını etiraf etməlidirlər. Bu gün ölkədə vətəndaş cəmiyyətinin strukturları, sağlam və davamlı demokratiyanın inkişafı üçün bütün bazis elementləri vardır. Ən başlıcası – dünyəvi Azərbaycan və onun xalqı inkişaf etməkdə və öz ölkəsini düzgün istiqamətdə qurmaqda davam edir”.(AzərTAc)

Məqaləni aşağıdakı istinad üzrə oxuya bilərsiniz: http://foreignpolicynews.org/2015/10/19/anti-azerbaijani-rhetoric/.

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 749

QHT və MEDİA

2018-04-20 20:05:48

QHT və MEDİA
Şura QHT-lər üçün məlumatlandırma sessiy...
Şura QHT-lər üçün məlumatlandırma sessiy...

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ...

2018-04-20 10:55:20

QHT və MEDİA
“Kəlbəcərlilər dövlət və dövlətçilik nam...
“Kəlbəcərlilər dövlət və dövlətçilik nam...

Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib...

CƏMİYYƏT

2018-04-20 08:20:56

CƏMİYYƏT
“Ordu üçün bütün işlər görülür, görüləcə...
“Ordu üçün bütün işlər görülür, görüləcə...

“Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığı...

2018-04-20 07:45:17

CƏMİYYƏT
Şamil Sabiroğlunun Daxili İşlər Nazirli...
Şamil Sabiroğlunun Daxili İşlər Nazirli...

Azərbaycanın Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə y...

İQTİSADİ

2018-04-20 07:55:10

İQTİSADİ
Nazir: “Hərbi əməliyyatlarda həlak olan ...
Nazir: “Hərbi əməliyyatlarda həlak olan ...

"APA-Economics" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri vəzi...

2018-04-16 21:45:12

İQTİSADİ
UNEC ilə Türkiyənin İnönü Universitetini...
UNEC ilə Türkiyənin İnönü Universitetini...

Sənədə əsasən, tərəflər müəllim, bakalavr, magistr, doktorant və tədqiqatçıla...