SİYASƏT
A- A A+

Avropa İttifaqı-Azərbaycan münasibətləri: “Şərq tərəfdaşlığı” və yeni strateji əməkdaşlıq modeli

2019-09-05 05:50:18

Bir neçə müddətdir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanması ilə əlaqədar bəzi məsələlər qızğın nəzəri diskussiyaların mövzusuna çevrilib. Burada fərqli mövqelər ifadə edilir, bəzən hətta bir-birinə zidd tezislər səsləndirilir. Rəsmi Bakı isə təmkinli və reallığı əks etdirən fəal mövqe tutur, tərəfdaşlıq sazişi üzrə danışıqların konstruktiv müstəvidə davam etdirildiyini ifadə edir. Bu xüsusda ekspertlər bir mühüm məqama diqqət yetirməlidirlər.

Azərbaycan ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Suverenlik və milli maraqların qorunması başlıca yer tutur. Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq təkliflərində müəyyən məqamlar onu qane etmədiyindən özünün əməkdaşlıq modelini irəli sürüb. Bu istiqamətdə səmərəli müzakirələr aparılır. Məhz bu kontekstdə Aİ-Azərbaycan münasibətlərinin bir sıra aspektləri üzərində geniş dayanmağa ehtiyac görürük.

Əməkdaşlığın tarixi: transformasiya mərhələləri

Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa İttifaqı ilə münasibətlərin qurulması bütün aktuallığını əyani şəkildə nümayiş etdirməyə başladı. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev ölkənin xarici siyasət kursunu müəyyən edərkən bu nüfuzlu Avropa qurumu ilə əlaqələri prioritet istiqamətlərdən biri kimi müəyyən edib. 1999-cu ildə isə Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalanıb. Bu, tərəflər arasında qarşılıqlı əlaqələrin hüquqi əsasını təşkil edirdi. XXI əsrin başlanğıcından Aİ-nin özünün daxilində, qlobal geosiyasətdə və regional məsələlərdə dəyişikliklər meydana gəldi. 2004-cü ildə təşkilatın 10 ölkə ilə genişlənməsi Aİ-nin daxili və xarici siyasətinə öz möhürünü vurdu.

Avropa Qonşuluq Siyasəti (AQS) adlanan proqram qəbul edildi. Bu proqramda təşkilatın öz qonşuları ilə münasibətlərini tənzimləməsi qaydaları və hüquqi şərtləri ifadə olundu. Bu, iki istiqamətdə – Aralıq dənizi bölgəsi və Şərq istiqamətində reallaşmalı idi. Xatırladaq ki, Balkanlar ayrıca xətti təşkil edirdi, çünki həmin istiqamətdə ölkələrin Aİ-yə üzv qəbul edilməsi nəzərdə tutulurdu.

Aİ-nin Şərq istiqamətindəki qonşuluq siyasətində isə Cənubi Qafqaz xüsusi yer tutdu. Lakin 2008-ci il Rusiya-Gürcüstan müharibəsi və 2008-2009-cu illərdə Ukraynanın üzləşdiyi qaz münaqişəsi mövcud reallığı kəskin surətdə dəyişdi. Aİ Şərq qonşularının təşkilata daxil olması şərtini aradan qaldırdı və assosiativ üzvlük məsələsi önə çıxdı. Bununla yanaşı, Aİ azad ticarət zonasının yaradılması, enerji təhlükəsizliyi, insan haqları, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük kimi məsələləri də önə çəkdi.

Aydın görünürdü ki, Aİ yeni qonşularına sırf özünün geosiyasi, iqtisadi, enerji və maliyyə maraqları prizmasından baxır. Onun 2007-ci ilə kimi həyata keçirdiyi əməkdaşlıq proqramları – TRASEKA, TASİS, İNOGEYT və digər təşəbbüslər dolayısı ilə həmin məqsədlərlə bağlı idi. 2007-ci ildə geosiyasi vəziyyət dəyişəndə, Aİ yeni proqramlar hazırladı. Məsələn, TASİS proqramı Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) ilə əvəz olundu. AQTA yeni qonşularla daha sıx və əhatəli əlaqələrin qurulmasını nəzərdə tuturdu. Bu proqram demokratiya və insan hüquqlarının təşviqi, bazar iqtisadiyyatına keçidin asanlaşdırılması və davamlı inkişafın təşviqi, habelə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişafını özündə ehtiva edir. AQTA çərçivəsində Tvinninq, Texniki yardım və Məlumat mübadiləsi (TAİEX), Büdcəyə dəstək, Tempus, Erasmus Mundus kimi proqramlar həyata keçirilib.

Onu vurğulayaq ki, AQTA çərçivəsində 2007-ci ildə Brüssel 2007-2013-cü illər üçün Azərbaycanla əməkdaşlığı ifadə edən strateji sənəd hazırladı. Bu sənəddə Azərbaycanda bazar iqtisadiyyatının inkişafına yardım, təhlükəsizlik məsələsi və Aİ-Azərbaycan Birgə Fəaliyyət Planının həyata keçirilməsi ifadə edilib. 2008-ci ildə isə postsovet məkanının altı ölkəsini əhatə edən "Şərq tərəfdaşlığı" proqramı irəli sürüldü. 2009-cu ildə Praqada “Şərq tərəfdaşlığı”nın təsis sammiti keçirildi. Bununla da faktiki olaraq, Aİ-nin Ukrayna, Moldova, Belarus, Azərbaycan, Gürcüstan, Ermənistan istiqamətlərində qonşuluq siyasəti məzmun və məqsəd baxımından transformasiyaya uğradı.

Nədənsə, bir sıra ekspertlər Aİ-Azərbaycan əlaqələrinə bu transformasiyaların özündə daşıdığı məzmun çalarları kontekstində baxmır, həmin səbəbdən də tərəflər arasında münasibətlərin real dinamikasını dərk etməkdə çətinlik çəkirlər. O cümlədən Azərbaycanın hansı səbəblərdən 2007-ci ildən Aİ ilə münasibətlərə özəl aspektdə yanaşmağa başlamasının arxasında dayanan real faktları qəbul edə bilmirlər. Məsələ ondan ibarətdir ki, "Tərəfdaşlıq və əməkdaşlıq haqqında" sazişdən (TƏS) başlayaraq, Aİ Azərbaycan siyasətində bir xətti qorumağa çalışıb – əlaqələri özünün geosiyasi, iqtisadi, təhlükəsizlik və enerji təhlükəsizliyi maraqlarına uyğun qurmaq. Bunun konkret təzahürlərindən biri də assosiativ üzvlük və ÜTT-yə üzv olmaqdır. Ola bilsin ki, hansısa postsovet məkanı ölkəsi üçün bu cür yanaşma qəbul ediləndir, ancaq Azərbaycanın suverenliyi və müstəqilliyi üçün iki mühüm faktor vardır. Birincisi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həlli sayəsində ərazi bütövlüyünün bərpası, ikincisi, bütün istiqamətlərdə müstəqil kursun qorunub saxlanması, milli maraqların təmin edilməsi.

Müstəqillik və suverenlik: iki mühüm şərt

Aİ ilə əlaqələr də mütləq surətdə bu iki məqamı nəzərə almalıdır. Məhz həmin səbəbdəndir ki, rəsmi Bakı assosiativ üzvlük modelini qəbul etmədi, əvəzində, hər iki tərəf üçün faydalı olan strateji tərəfdaşlıq üzrə yeni hərtərəfli saziş təklifini irəli sürdü. 2015-ci ildə Riqa sammitində Azərbaycan rəhbərliyi bu barədə açıq və konkret mövqe bildirdi. Bir qədər çaşqın vəziyyətə düşən Brüssel, nəhayət, bunu qəbul etdi və 2017-ci ildə Azərbaycanın təklif etdiyi əməkdaşlıq modeli üzrə danışıqlar başladı. 2018-ci ildə "Tərəfdaşlığın prioritetləri" adlı sənəd paraflandı.

Beləliklə, aydın oldu ki, Azərbaycan iqtisadi, siyasi, geosiyasi, energetik müstəqilliyini qoruyub saxlayaraq Aİ ilə strateji tərəfdaş olmağa hazırdır. Bunun əsasında Aİ Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını əks etdirən yeni bir sənədi də qəbul etdi. Hazırda strateji tərəfdaşlıq sənədi üzərində iş davam edir. Təbii ki, bu, asan proses deyil. Çünki ilk dəfədir ki, Aİ "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində tərəfdaş olan ölkənin özünün təklif etdiyi əməkdaşlıq sənədi üzərində işləyir. Adətən, "Şərq tərəfdaşlığı"nın digər üzvləri Brüsselin şərtlərindən kənara çıxa bilmirlər. Bu da onları Aİ-nin xarici siyasətinin birbaşa obyektinə çevirir. Yəni söhbət Brüsselin irəli sürdüyü şərtlər daxilində əlaqələrdən gedə bilər.

Azərbaycan isə bərabərhüquqlu tərəfdaş kimi Aİ ilə əməkdaşlıq modeli təklif edib və onu qətiyyətlə reallaşdırır. Hərçənd, Brüssel istərdi ki, əlavə şərtlərlə Bakını özündən asılı vəziyyətə salsın, Azərbaycan isə bərabərhüquqluluğu tam qorumağa çalışır. Bu məqamda Brüssellə Bakının müəyyən fikir ayrılığı ola bilər. Məsələn, ÜTT-yə üzvlüklə bağlı fikir ayrılığı qala bilər. Çünki o halda Azərbaycan üzərinə müəyyən məhdudlaşdırıcı öhdəliklər götürməlidir. Təcrübə göstərir ki, böyük dövlətlər belə ÜTT-nin bir sıra şərtləri ilə razı deyillər. Onlar dövlətlərə eyni dərəcədə yanaşılmadığını deyirlər. O halda ÜTT-yə şərtsiz daxil olmağın mənası nədir? Aİ bu faktordan istifadə edib Azərbaycana başqa şərtlər qoymayacaq ki?

Bu kimi suallara cavab tapılmalıdır. Bunlarla yanaşı, Ermənistan da ÜTT-yə üzvdür. Eyni zamanda, bu ölkə Azərbaycana qarşı təcavüzkar siyasət yeridir. Bu istiqamətdə ÜTT daxilində Azərbaycan Ermənistanla necə tərəfdaş ola bilər? Meydana indi görünməyən çox sayda qeyri-müəyyən məqamlar çıxır.

Onu da nəzərə almaq lazımdır ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü tanısa da, işğalçı Ermənistanla da sıx əlaqələrə can atır. Hətta forpost ölkəyə daha böyük vədlər də verilir. Hakimiyyət strukturlarının demokratikləşməsi, korrupsiya ilə mübarizə və s. kimi vəzifələrdən bəhs edilir. Və sanki Dağlıq Qarabağ işğal olunmayıb. Ermənistan qonşu dövlətin ərazilərini tutmayıb. Bu baxımdan Aİ-nin "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində də İrəvana qarşı hər hansı ciddi tələb irəli sürdüyü görünmür.

Bütün bunlar, əlbəttə, Azərbaycan-Aİ münasibətlərinə təsirsiz ötüşmür. Lakin hazırlanan sənədin başa çatdırılması tamamilə mümkündür. Tərəflərin ortaq mövqeyə gələcəyinə şübhə yoxdur. Sadəcə, anlamaq və qəbul etmək lazımdır ki, Azərbaycan müstəqil dövlət kimi öz maraqlarını heç nəyə güzəştə gedə bilməz. Xüsusilə söhbət ərazi bütövlüyündən və enerji təhlükəsizliyindən gedirsə, bu, mümkün deyil.

Müasir mərhələdə müstəqil dövlət olmaq asan deyil. Bütün məsələlərdə milli mənafeləri qorumaq gərəkdir. Təcrübə göstərir ki, bir sıra ölkələr bu məsələdə kifayət qədər qətiyyətli ola bilmirlər. Azərbaycan isə həmin məsələdə son dərəcə yüksək iradə və qətiyyətlilik göstərir. Avropa İttifaqı ilə hazırlanan yeni strateji əməkdaşlıq sənədində də bu məqam tam şəkildə öz əksini tapıb.

Newtimes.az


Kateqoriya : SİYASƏT Baxış sayı : 240

QHT və MEDİA

2019-10-22 09:45:08

QHT və MEDİA
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin T...

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

CƏMİYYƏT

2019-10-22 08:40:42

CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbayc...

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

İQTİSADİ

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...