SOSİAL
A- A A+

Milli Yaylaq Festivalı milli yaddaşımızın yenilənməsi, çoxəsrlik ənənələrimizə qayıdış oldu

2019-08-07 20:45:41

Köç mədəniyyəti bəşər sivilizasiyasının dan yeridir

- Dünyanın ən qədim mədəniyyəti köç mədəniyyətidir. Köç mədəniyyəti çadır mədəniyyəti və çadır arxitekturası ilə birlikdə bəşər sivilizasiyasının dan yeri kimi xarakterizə edilməlidir...

- Bir dəqiqə... Siz nə danışırsınız? Dərsimiz Dünya mədəniyyəti tarixidir. Dünyada isə cəmisi beş qədim mədəniyyət var. Hind-Qanq, Misir, Yunan-Roma, Çin və Mesopotamiya-Babil mədəniyyəti... Tədris proqramına uyğun olaraq bunlardan danışın...

- Doğru buyurursunuz. Akademik tarix yalnız 5 mədəniyyəti qədim hesab edir və bu 5 mədəniyyətdən çox danışılıb. Mən isə mənə doğma olan və əcdadımın yaratdığı, sizə görə altıncı, mənə görə isə birinci olan qədim Turan-Köç mədəniyyətindən danışacam...!

Bu dialoq tələbəlik illərində Dünya mədəniyyəti tarixi dərsində bu fənni tədris edən professorla mənim aramda yaşanmışdı. Aradan uzun illər keçməsinə baxmayaraq, mən yenə o qənaətdəyəm ki, dünyanın ən qədim mədəniyyəti, ən qədim kəşfləri, ən qədim dövlətçilik ənənələri, ən qədim yasa (qanun) və törə (hüquq normaları) köç mədəniyyəti ilə əlaqədardır. Bu gün də alternativ tapa bilmədiyimiz sürət vasitəsini təmin edən təkər məhz köçəri türk tayfalar tərəfindən yükdaşımalar üçün icad edilib. Hərb tarixində barıtın kəşfinə bərabər tutulan üzəngi hərbi vasitə kimi yenə köçərilər tərəfindən yaradılıb. Çünki üzəngi olmasa, at üstündə qılınc çalmaq üçün müvazinətini saxlamaq olmaz. Atın əhliləşdirilməsi skiflər tərəfindən 5-7 min il əvvəl baş verib. At minik və qoşqu vasitəsi kimi kəşf edilməsəydi, nə dövlət, nə imperiyalar qurmaq olardı. Şalvar geyim vasitəsi kimi at minmək üçün xüsusi olaraq yaradılıb. Maraqlıdır ki, şimalda yaşayan şotlandlar da, Misirdə yaşayan yerlilər də xalat tipli paltar geyinirdilər. Türklər isə şalvarı icad etdilər və bu gün bütün dünya ən yaxşı geyim vasitəsi kimi ondan istifadə edir. Köçəri türklər tarixdə ilk dəfə dəmiri emal etməyi öyrəndilər və üzəngidən sürüşməsin deyə çarıxa daban düzəltdilər. Bu gün dabansız ayaqqabı geyinmək heç kəsin ağlına gəlmir. Bu siyahını nə qədər desəniz uzatmaq olar. Ancaq gəlin bir anlıq dünyanı bunlarsız təsəvvür edək. Tutaq ki, təkər kəşf olunmayıb... Gerisini özünüz təsəvvür edin...!

Qədim mədəniyyətlər tarixinə bu qısa ekskursdan sonra bu mədəniyyətlər içərisində mühüm yeri olan köç mədəniyyəti, köçəri mədəniyyəti qarşımıza parlayan inci kimi çıxır. Mənim uşaqlıq illərimin ən şirin xatirələrindən biri də köç və yaylaqlarla bağlıdır. Kəndimiz, əslində, elə yaylaqda yerləşirdi. Ancaq yenə də yaz aylarında Türkiyə ilə sərhəddə yerləşən Göy dağ yaylaqlarına köç edilirdi. Burada Taya qaya, Naxoş dağ, Ağlayan kimi zirvələr vardı və yüksəklikdən sərhədin o tayında inci kimi parlayan Çıldır gölü görünürdü...!

Dağların yaşıl yamaclarına yayılan sürülər, atların tarixin qədim qatlarından gələn kişnərti səsləri, oymaq-oymaq səpələnmiş binələr, alaçıqlar elə bir möhtəşəm mənzərə yaradırdı ki, ən dahi rəssam belə bu mənzərəyə həsəd aparardı. Mən uzun illər yenidən belə bir mənzərəni görməyin həsrəti ilə yaşadım. Və...!

Yaylaq Festivalı əsl bayram əhval-ruhiyyəsi yaratdı

İyul ayının 26-28-də Gədəbəydə, Miskinli yaylağında Milli Yaylaq Festivalında iştirak etmək üçün dəvət aldım. Böyük həyəcan və səbirsizliklə tədbirə gedəcəyim günü gözlədim və budur, Miskinli yaylağındayıq...!

Yaylaq deyəndə, onun gözəlliyini görəndə ilk yada düşən, şübhəsiz ki, Ulu Ozanımız Ələsgər oldu. Qeyri-ixtiyari onun "Yaylaq" şeirini pıçıltı ilə əzbər söylədim.

Gözəllər seyrangahısan, Görüm səni var ol, yaylaq! Açılsın gülün, nərgizin, Təzə mürgüzar ol, yaylaq!

Gözüm qaldı siyah teldə, Bülbül öldü meyli güldə. Kimsəm yoxdu qürbət eldə, Sən mənə qəmxar ol, yaylaq!

Mən səni görəndən bəri Sinəm oldu qəm dəftəri, Yazıq Aşıq Ələsgəri Öldür, günahkar ol, yaylaq!

Miskinli yaylağından ruhumuz Kəlbəcərə, Göyçəyə boylandı

Ustad, yazırsan ki, "Kimsəm yoxdu qürbət eldə, Sən mənə qəmxar ol, yaylaq!" Ancaq bizim qürbət eldə kimsələr kimsəsi vətənimiz qaldı! Ustad, vətən bizə qürbət oldu, əcdadlarımızın qəbri, Ulu Ələsgərin məzarı qürbətdə qaldı. Bizə qəmxar oldu, ustad. Qoy ruhun bizi bağışlasın! Göyçəyə, Kəlbəcərə, Zəngəzura, İrəvana, Ağbabaya, Şuşaya qayıdana qədər, yurd yerlərimizi şenləndirənə qədər bizə möhlət ver, Ulu Ozan!

Miskinli yaylağından Göyçəyə qədər olan 70-80 km yol indi dünyanın ən uzun yoludur. Ustad, bilmirəm bu yolu gedib başa çatmaq üçün bir ömür bəs edəcəkmi!? Ancaq bu gün yenə də ruhun şad olsun. Şəninə nəğmə qoşduğun yaylaq və yaylaq ənənəsi Ulu Gədəbəydə yaşadılır.

Gədəbəy qədim mədəniyyət beşiyi, düşmənlə sərhəddə alınmaz qalamızdır

Gədəbəy Azərbaycan tarixinin ən qədim dövrlərindən bu günədək mövcuddur, Xocalı-Gədəbəy mədəniyyətinin beşiyidir. Düşmənlərimizlə, işğalçı Ermənistanla sərhəddə alınmaz qalamızdır. Baş kəndi işğaldan azad edən, ürəyimizə az da olsa təskinlik verən qürurumuzdur. Gədəbəy torpağı yaratdığı daş abidələrlə, qala surları ilə, Kurqan məzarlıqlar ilə, əcdadlarımızın çadır arxitekturası ilə birlikdə daş arxitekturasını da yaşatmağı bacardığını sübut edir.

Bu qədim mədəniyyət məbədində milli yaddaşımızı yeniləyən Milli Yaylaq Festivalının keçirilməsi isə bu gün də Gədəbəyin gələcək nəsillər üçün yeni tarix yaratdığından xəbər verir.

Milli Yaylaq Festivalı milli ruha müraciət, tariximizə səyahətdir

Milli Yaylaq Festivalı hər şeydən öncə milli ruha müraciət, tariximizə səyahətdir. Bu festival adət-ənənələrimizə qayıdış, milli şüurun yenilənməsi hadisəsidir, tarixi şüurun canlanması üçün vəsilədir. Bütün bunlar isə xalqımızın bugünkü birliyi üçün, dəyərlərimiz ətrafında sıx birləşməsi üçün, işğalçı Ermənistana qarşı bir yumruq kimi birləşməmiz üçün, Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı bir həmlədə işğaldan azad etməmiz üçün çağırışdır. Mən Milli Yaylaq Festivalında bunları gördüm və təqdir etdim!

Təşkilatçılıq, proqram və ardıcıllıq yüksək səviyyədə idi

Təşkilatçılıq, proqram və ardıcıllıq yüksək səviyyədə idi. Festival iştirakçılarının bütün tələbatlarını qarşılaya biləcək infrastruktur hazırlanmışdı. Rəsmi, mədəni və əyləncə hissələri bir-birini elə tamamlayırdı ki, bütün proqramları bayram əhval-ruhiyyəsində izləyirdim. Milli mətbəx nümunələrimiz Festival iştirakçılarının damaq zövqünü oxşayırdı. Bütün bunlar ölkəmizdə və regionlarımızda nə qədər zəngin turizm potensialının olmasından xəbər verirdi.

Fəsəli - milli mətbəximizin unudulmaqda olan ləzzəti

Köşklərin birində milli mətbəximizin az qala unudulmuş ləzzəti fəsəli satıldığını gördüm. Əlbəttə, ləziz təamı dadmadan olmazdı. Bir saatlıq növbədən sonra fəsəli aldım! Uzun illərdir dadmadığım bu təamı böyük ləzzətlə yedim. Əlbəttə ki, fəsəlini milli şirniyyat mətbəximizin şedevrlərindən biri kimi ədəbiyyata gətirən böyük şairimiz Səməd Vurğunun məşhur qoşmasını yada salaraq!

Başına döndüyüm gül üzlü sona! Ömrümün ilk çağı yadıma düşdü. Şairlər vətəni, bizim tərəflər, Tərlanın oylağı yadıma düşdü.

... Göylərə baş çəkir Göyəzən dağı, Axşam açıq olur ayın qabağı. Bizim gəlinlərin bayram qabağı Fəsəli yaymağı yadıma düşdü.

Sən bizim ellərin ruhuna bir bax! Bizdən inciməmiş bir əziz qonaq. Nişanlı qızların görüşdən qabaq Telini saymağı yadıma düşdü.

Vurğunun xəyalı gəzdi aranı, Gözümdə oynadı dağın boranı. Qışın buz qatığı, yayın ayranı, Payızın qaymağı yadıma düşdü.

Ruhun qarşısında baş əyir, rəhmət və şükranla anırıq səni, ey böyük Ustad!

"Sən bizim ellərin ruhuna bir bax, Bizdən inciməmiş bir əziz qonaq"

Bu sözlər xalqımızın qonaqpərvərliyini izah edir. Elə Milli Yaylaq Festivalında da bütün qonaqlar təşkilatçılardan, yerli əhalidən olduqca məmnun görünürdülər. Qələbəliyin içərisində irəliləyərək tez-tez mənə salam verir, adımla müraciət edirdilər. Doğrusu, ictimaiyyət arasında bu qədər tanındığımı güman etmirdim. Bu, məni həm sevindirir, həm də bir qədər daha məsuliyyətli edirdi. Qarışıq hisslər içərisində irəliləyərkən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı ilə üzləşdik. Rayona daxil olandan bəri İbrahim müəllim Mustafayevlə bir neçə dəfə telefonla danışsaq da, ilk dəfə idi görüşürdük. Bu insanın sadəliyi, yerli əhali ilə birlikdə gələn hər qonağa ayrıca diqqət göstərməyi, üstəlik, 50 minə qədər qonağın qatıldığı bu böyük kütləvi tədbirdə hər şeyin yüksək səviyyədə olmasını təmin etməsi, doğrusu, olduqca hörmətəlayiq bir iş idi. Bu qədər rəsmi və qeyri-rəsmi qonağın içərisində heç kimsəni diqqətdən kənarda qoymamağa çalışırdı İbrahim müəllim.

Çay süfrəsi arxasında bakılı qonaqların təklifləri rayon rəhbərliyi tərəfindən xüsusi diqqətlə qarşılandı

Söhbət edərkən qonaqların içində dostlarım Rəşad Məcid və Xəyal Rzanı gördüm. Onları gənc şairimiz, əslən gədəbəyli İntiqam Yaşar müşayiət edirdi. İbrahim müəllim dərhal bizi çay süfrəsinə dəvət etdi. Xeyli şirin-şirin söhbət etdik. Tədbirin gözlənildiyindən daha yüksək səviyyədə baş tutmasından, təşkilatçılığın yüksək səviyyədə olmasından danışdıq. Şair Xəyal Rza növbəti tədbirdə Yazıçılar Birliyi üçün ayrıca "kitab köşkü" ayrılmasını və həm də yazarlarımızla imza gününün keçirilməsini təklif etdi. İbrahim müəllim dərhal razılıq verərək, xüsusi qeyd apardı. Rəşad Məcid Yaylaq Mədəniyyətini vəsf edən hekayə və şeirlər müsabiqəsinin keçirilməsini, mən isə tarixi-etnoqrafik məqalələr müsabiqəsinin keçirilməsi və qalib olan tədqiqatçı alim və jurnalistlərin məhz Yaylaq Festivalında elan edilməsi təklifini verdik. İbrahim müəllim böyük məmnuniyyətlə bütün təkliflərimizin gələn il keçiriləcək festivalda nəzərə alınacağını bildirdi. Mən Gədəbəy İH ilə əhalinin münasibətlərində bir ailə səmimiyyətinin olduğunu müşahidə etdim. Və bunu Prezident İlham Əliyevin kadr islahatlarının səmərəli nəticəsi kimi başa düşdüm.

Yaylaq Festivalının mötəbər qonağı Bilal Ərdoğan!

Mən həmişə istedadın genetik olduğuna inanmışam. Festivala təşrif buyurmuş Dünya Etnospor Federasiyasının başçısı Bilal bəy Ərdoğanın çıxışını dinlədikdə bir daha əmin oldum ki, Ərdoğan ailəsində natiqlik, yüksək pafosla nitq söyləmək qabiliyyəti genetikdir. Bu, bir ilahi töhfədir. Möhtərəm qonağımız Bilal bəy olduqca maraqlı bir çıxış etdi. Onun çıxışının fikir tacı isə bu idi..."Torpaqlarımızı işğal edə bilməyənlər beyinlərimizin içini işğal etmək istəyirlər". Bu fikir Qlobal İmperializmin milli dövlətləri işğal etməsinin yeni strategiyasını çox gözəl izah edir. Hərbi-siyasi güclə milli dövlətləri yıxa bilməyən Qlobal İmperializm ölkə vətəndaşlarının beynini manipulyasiya etməklə öz dövlətini öz əli ilə yıxdırmağa çalışır. "15 Temmuz" hadisələrində də elə buna cəhd etdilər, ancaq qardaş Türk xalqı öz lideri Rəcəb Tayyib Ərdoğanla birləşərək imperializmə qalib gəldi! Bu, mühüm tarixi qələbə idi. Elə bizim üçün də! Çünki Türkiyə ilə Azərbaycan Ulu Öndərimizin dediyi kimi, bir millətin iki dövlətidir. Prezident İlham Əliyev isə Türkiyə güclü olduqca biz də güclü oluruq deyir. Elə Milli Yaylaq Festivalında Bilal Ərdoğanın tədbirə qatılmasıyla bir daha güclü olduq. Sərhəd bölgəmizdən işğalçı Ermənistana bir daha mesaj verdik ki, işğala son qoysun.

Gözün aydın, Gədəbəy, Kərkükdən, Türkmən elindən qonaqların var

Festivalda birdən-birə qarşıma Türkmən elimin şair balası, yazıçı-publisist, Kərkük Kültür Dərnəyinin genel başqanı Şəmsəddin Kuzəçi çıxdı. Qardaş sevgisiylə salamlaşdıq. Kərkük Kültür Dərnəyinin İraq şöbəsinin başqanı, keçmiş millət vəkili Fevzi Əkrəm Terzioğlu ilə görüşdük. Doğrusu, kərküklü qardaşlarımızla Bakıda dəfələrlə görüşsək də, Miskinli yaylağında görüşməyin ləzzəti başqa oldu. Gədəbəydən Kərkükə, Tuzhurmatuya, bütün Türkmən elinə, Türk kimliyinin qalası olan Kərkük Qalasına salamlar göndərdik.

Haçaqaya - Hunna dərəsi, Kiçik Qafqazın parlayan incisi

Ayrılmaq istəmədiyim ümummilli bayram əhval-ruhiyyəsində keçən Festivaldan məni gədəbəyli dostum Rövşən Tanrıverdiyev ayırdı və Haçaqaya ziyarətgahına getməyimizi təklif etdi. Tədbirin sonuna yaxın dəniz səviyyəsindən 2226 metr hündürlükdə olan Haçaqaya zirvəsinə gəldik. Bu zirvə yerli əhali arasında müqəddəs sayılır və olduqca strateji əhəmiyyət daşıyır. Günəşli günlərdə bu zirvədən Tovuz və Gədəbəy rayonlarının çoxsaylı kəndləri, o cümlədən, Ermənistanın Şəmşəddil rayonunun Tovuzun Əlibəyli sərhəd kəndi ilə üzbəüz olan bir neçə kəndi aydın görünür. Bir qədər aşağıda isə məşhur Hunna (Xınna) dərəsi iti axan dağ çayı və yamaclarındakı yaşıl meşələri ilə ovsunlayıcı bir mənzərə yaradır. Bu zirvədən dağların yamaclarında qurulmuş oymaq-oymaq obalar köçəri mədəniyyətinin günümüzdə yaşayan inciləri kimi insanın ürəyini riqqətə gətirir. Qeyd edim ki, Hunna adı etnotoponimdir və əcdadımız olan qədim hunlarla bağlı çoxsaylı yer adlarından biridir.

Çadır turizmi üçün ideal məkan

Dünyada gedən səssiz müharibələrin bir növü olan ərzaq müharibəsinin qurbanı olduğumuz bir vaxtda bu obaların yanında çadır qurub bir neçə gün yaşamaq, saf, təmiz bulaq suyu içmək, təbii bal, yağ, qaymaqla qidalanmaq müasir turizmin baş tacı hesab edilə bilər. Əminəm ki, tədbirdə iştirak edən Mədəniyyət Nazirliyimizin, Dövlət Turizm Agentliyinin rəhbər işçiləri bu imkanları nəzərdən qaçırmadılar və "kənd turizmi", "çadır turizmi" brendi altında belə turist səfərləri təşkil etməklə həm daxili turizmin, həm də xarici turizmin bölgələrimizdə inkişafına təkan verəcəklər.

İndi əvəlik aşını yalnız Gədəbəydə içmək olar

Dostumun təkidi ilə bir gün "Nazran" restoranında nahar etməli olduq. Gədəbəy rayonunun gözəl infrastrukturu, müasir hotelləri və çox yaxşı restoranları var. Xidmət səviyyəsi də yaxşıdır. Milli mətbəximizin elə nümunələri təklif olunur ki, onları kim bilir, bəlkə də, yalnız Gədəbəydə tapmaq olar. Məsələn, mən "birinci", yəni duru yemək nə var sualına digər şorbalarımızla yanaşı, həm də "əvəlik aşı" cavabını aldım. Çox böyük məmnuniyyətlə bir boşqab "əvəlik aşı" içdim. Çatışmayan cəhəti bircə içərisində cızdağın olmaması idi. Bəzi regionlarımızda əvəlik aşına cızdaq da qatırlar ki, bu da aşı daha da ləzzətli edir.

"Nazran"da ozan məclisi: aşıq, bir "Döşəmə Koroğlu" çal

Gədəbəyin ən gözəl cəhətlərindən biri də nahar zamanı yerli aşıqların milli müsiqimizi layiqincə təqdim etməyi bacarmalarıdır. Belə aşıqlardan birini dəvət edib aşıq havası çalınmasını xahiş etdim. Hansı havanı çalım, deyə soruşdu. Doğrusu, bu sual məni bir qədər provokasiya etdi. Və düşünmədən bir "İrəvan çuxuru" havası çal, vokal sənətinin əcdadının aşıq musiqisi olduğunu bir daha xatırlayaq dedim. Görünür, aşıq bu havanı xahiş edəcəyimi gözləmir, gündəlik hamının dinlədiyi populyar havalardan sifariş edəcəyimi düşünürdü. Ona görə də sual verdiyinin peşmançılığı içərisində o havanı bilmirəm dedi və dərhal soruşdu, başqa?! Dedim onda bir "Ayaq Cəlili" havası çal, qoy ruhumuzun mayasında aşıq havalarının olduğunu bir daha yada salaq. Dedi bu havanı da bilmirəm. Dedim onda bir "Döşəmə Koroğlu" havası çal, bu dağların zirvəsində ruhumuz cövlan eyləsin, cəngə köklənək! Dedi onu da bilmirəm. Dedim, aşıq, onda sazını qoy burada, get. Aşıq isə sazını götürüb getdi. Mənimsə yadıma yenə Ulu Ələsgərin bir qoşması düşdü.

Aşıq olub, diyar-diyar gəzənin Əzəl başdan pür kamalı gərəkdir. Oturub-duranda ədəbin bilə, Mərifət elmindən dolu gərəkdir.

Görünür, Gədəbəyimizin ustad aşıqları, bilgə aşıqları Yaylaq Festivalında olduqları üçün mənim bəxtimə aşıqlığa təzə başlayan "şəyird" düşmüşdü. Yəqin ki, bu hadisədən sonra ustadından daha bərk yapışacaq!

Gədəbəydə Milli Yaylaq Festivalı başa çatdı, ruhumuz da, yolumuz da Kəlbəcərə, Laçına, Göyçəyə qənşər... Amin!

Yenidən Milli Yaylaq Festivalına qayıtdıq. Bayram əhval-ruhiyyəsi bütün coşqusu ilə yaşanırdı. Qədirbilən, milli adət və ənənələrimizi sevə-sevə yaşadan gədəbəylilərin sevinci gözlərindən oxunurdu. Elə bu əhval-ruhiyyə ilə də düşmənlə sərhəddə mətin dayanan, qonaqpərvər, istiqanlı, şirin ləhcəli Gədəbəyimizdən ayrıldım. Yasamal aşırımını aşıb, Qafar bulağına salam verib, yavaş-yavaş yaylaqdan aşağı endim. Ancaq ürəyim və ruhum Miskinli yaylağında qaldı. Gələn görüşədək, Gədəbəyim. Gələn görüşədək, Miskinli yaylağı. Səfərin sonunda yenə yadıma bir qoşma düşdü...

Süsənli, sünbüllü, tər bənövşəli Yaylaq, bizim yaylaqlara bənzərsən. İçən ölməz sənin kövsər suyundan, Bulaq, bizim bulaqlara bənzərsən.

Ket dağı, Əyricə, Daşkənd baxarı, Ağ sürülər Sarıyaldan yuxarı, Var bizim suların əcəb axarı, Çaylaq, bizim çaylaqlara bənzərsən.

Ruhun şad olsun, Ulu Ozan, Aşıq Alı.

Miskinli yaylağından Əyricə, Sarıyal yaylaqlarına əl uzatsan, çatar. Kim bilir, bəlkə də, Gədəbəydən yanqılanan saz səsi sənin məzarına da çatdı, ruhun şad oldu. Növbəti Milli Yaylaq Festivalını Göyçədə, Kəlbəcərdə, Zəngəzurda, Şuşada, Ağbabada keçirmək arzusu ilə...

P.S. Sonda mən bu cür yaddaqalan tədbirin təşkilatçıları olan Gədəbəy rayon İcra Hakimiyyətinə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə (TİKA) və "Cavadxan" Tarix və Mədəniyyət Fonduna təşəkkür edirəm.

Hikmət BABAOĞLU

Bakı-Gədəbəy-Bakı


Kateqoriya : SOSİAL Baxış sayı : 204

QHT və MEDİA

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

2019-09-13 08:15:56

QHT və MEDİA
“Xocalılı Ləfixanım” filminin təqdimatı ...
“Xocalılı Ləfixanım” filminin təqdimatı ...

Ailənin başçısı Salman Abbasov, onun həyat yoldaşı Bəsti, oğlanları Mərkəz və...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...

2019-09-07 08:05:53

İQTİSADİ
Strateji yol xəritələrinin icra vəziyyət...
Strateji yol xəritələrinin icra vəziyyət...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Strateji yo...