CƏMİYYƏT
A- A A+

Uğur qazanmağın uzun yolları - Mətbuatla bağlı düşüncələr

2019-07-22 11:20:47

.

Bu günlərdə yaxın dostum və həmkarım Tahir Aydınoğlu ilə metronun İçərişəhər stansiyasının qarşısında görüşdük. Söhbətləşmək, dərdləşmək üçün əla fürsət idi və razılaşdıq ki, onun iş yerinə - “Xalq qəzeti” redaksiyasınadək piyada gedək. Yolüstü təzə yazım dərc olunmuş gündəlik qəzetlərdən birini almaq niyyətim isə axıradək baş tutmadı. Qəzet köşklərindəki satıcılar çox soyuqqanlılıqla gah “yoxdur”, “hələ gətirməyiblər” deyir, gah da bir küncə tıxlanmış su yeşiklərini göstərib “deyəsən, qəzetlər altda qalıb, sonra gələrsiniz, baxaram” deyirdilər. Axırda Tahir müəllim cavan satıcıya yumşaq şəkildə iradını bildirdi:

-Bala, siqaret soruşana dərhal tapıb pəhə-pəhlə ikiəlli təqdim edirsən, nədən qəzetə, jurnala bu cür soyuqqanlı, biganəsən? Axı, sənin əsas işin...

Cavan oğlan görünür bu iradın mahiyyətini, alt qatını o qədər də dərindən anlamadı, sadəcə gözlərini döyməklə canını bizdən qurtarmaq istədi və mənə bu yazını yazmaq üçün bir mövzu da verdi.

Bir vaxtlar paytaxtın küçə və meydanlarında saysız-hesabsız qəzet köşkləri qoyuldu. Bəli, məhz qəzet köşkləri. İlk vaxtlar xeyirxah missiya daşıyıcıları olan bu obyektlər normal işləyir, qəzet-jurnal xiridarlarını razı salırdılar. Amma sonralar bu köşklər gündəlik istehlak məhsulları, oyuncaqlar, çeşidli xırdavat malları ilə zənginləşdirildi. Başadüşüləndir. Adam qazanmaq, həm də işığın, suyun pulunu, kirayə haqqını vaxtında vermək istəyir. Beləliklə, az-çox itirən bu satlıq malların içində itib-batan çap məhsulları oldu. Onsuz da qəzetə, jurnala marağın nədənsə azalması, abunənin çətinləşməsi fonunda redaksiyalar maliyyə çətinlikləri ilə üzləşməli olublar. Təbii ki, abunəçilərin və real alıcıların azalmasını tamamilə qəzet, jurnal köşklərindəki laqeydlik və pərakəndəliklə əlaqələndirmək düzgün olmazdı. Elektron KİV-in sürətli inkişafı, peşəkar oxucu və qəzet-jurnal redaksiyalarında professional qıtlığı, insanların daha operativ və xərcsiz-filansız informasiya əldə etmək istəyini də unutmaq olmaz. Burada bir məqamı yada salmaq istərdim. Yaşlı nəslin nümayndələri yəqin ki, yaxşı xatırlayırlar, ötən əsrin axırlarında Bakının küçə və meydanlarında asılmış lövhələrə Bakıda və Moskvada çıxan ən populyar, oxunaqlı qəzetlər vurular və hər kəs yol keçərkən ürəyi istəyən informasiyanı, materialı elə ayaqüstü oxuyardı. Sadə və rahat üsullardan biri idi. Zənnimcə, bu məsələyə yenidən baxmaq olar. Böyük Çin filosofu Konfutsi deyirdi ki, ən yaxşı yenilik çoxdan unudulmuş köhnəlikdir.

Qəzetlərin bəziləri manevr edərək böhrandan çıxmaq yollarını axtardılar və tapdılar – elektron varianta keçmək yolu ilə . Əlbəttə, özünü doğrultmuş metoddur. İndi çap məhsulları baha başa gəlir. Doğrudur, günün tələblərinə və normativlərinə cavab verən nəşrlərə KİV-ə Dövlət Dəstəyi Fondu müəyyən olunmuş qaydalar əsasında ardıcıllıqla maliyyə yardımı göstərir. Dövlətimiz qəzet və jurnalların normal fəaliyyəti üçün rasional addımlar atır. Mətbəə xərcləri silinir, vergilərdən azad olunma və yüngülləşdirmə ilə bağlı tədbirlər görülür. Mətbuat Şurası qəzet redaksiyalarının və jurnalistlərin ideya-siyasi və mənəvi cəhətdən düzgün istiqamətləndirilməsi, reketçiliklə məşğul olan cızma-qaraçılarla mübarizə sahəsində səmərəli işlər görür. Elə buradaca Mətbuat Şurası nəzdindəki Ahıl Jurnalistlər Məclisinin hamımızın ürəyindən xəbər verən fəaliyyətini xüsusi qeyd etmək istərdim. Ömrünü-gününü jurnalistikaya, qəzetçiliyə həsr etmiş fədakar jurnalistlərimizin taleyi, sağlamlığı, məişət qayğıları Məclisin daim müşahidə radiusundadır. Onların yubileylərinin keçirilməsi, kitablarının təqdimatı, sosial problemlərinin həlli bu insanları mənəvi cəhətdən həvəsləndirir, yenidən cəmiyyətə, media aləminə dönüşünə rəvac verir. Yaşlı və artıq işləməyən jurnalistlərin təcrübəsindən öyrənmək üçün qurum axtarışlar aparır. Bu adamların iştirakı ilə gənc yazarlar üçün “Ustad dərsləri” keçirilməsi və onların təcrübəsini əks etdirn xüsusi nəşrin hazırlanması nəzərdə tutulub. Yeri gəlmişkən, ustad hesab olunan professionallar arasında ayrıca yazı müsabiqəsi keçirmək, onları mətbuatla bağlı kütləvi tədbirlərə daha geniş şəkildə cəlb etmək də faydalı olardı. Bu tədbirlər onların hələ də yazıb-yaratmaq həvəsini və qismən də olsa maddi cəhətdən təminatını stimullaşdıra bilərdi. Belə yazarların, tanınmış publisistlərin imkanlı redaksiyalarda müqavilə əsasında fəaliyyətinə də meydan verilsə, ahıl jurnalistlərimizin sevincinə, daha səmətrəli çalışmasına təkan verərdi. Bu cür praktika dünyanın bir çox ölkələrində tətbiq olunur. 2002-ci ildə ABŞ-a səfərim zamanı “Vaşinqton Post”, “Nyu-York Tayms” kimi nüfuzlu nəşrlərdə 70-80 yaşlı jurnalistlərin gənclərlə bir sırada çalışdıqlarının şahidi olmuşam.

Jurnalistikanın cəmiyyətdə daha çox nüfuz qazanması, ön mövqelərə çıxması media əsgərlərinin söz arsenalının daha da zənginləşdirilməsi zərurətini ortaya qoyur. Bu da təbii ki, hər bir qələm sahibinin öz əlindədir. Qələmi və kameranı, kompüteri və bloknotu ən bahalı mağazalardan almaq mümkündür, amma istedad hər bir söz-sənət yiyəsinin canında-qanında, anadangəlmə olmalıdır, biliyi, savadı hər kəs öz zəhməti, sənət eşqi, dünyanı daha çox tanımaq, bilmək həvəsi hesabına qazanmalıdır. Bu həqiqəti jurnalistikaya bağlanan hər kəs özünün fəaliyyət devizinə çevirməlidir. Bütün bunlar barədə həmkarlarımla tez-tez söhbətləşir, polemikaya giririk. Təbii ki, hər kəsin orijinal fikri, qənaəti var. Uğur qazanmağın sadə düsturu isə usanmadan yazmaq, işləmək, mütaliə etmək, dünya praktikasından bəhrələnməkdir. Yaradıcılıq diskussiyaları, müsabiqələr, səviyyəli mətnlərin yüksək qiymətləndirilməsi indi xeyli aktuallaşmıış və çox yaxşı ki, Azərbaycan Mətbuat Şurası və KİVDF bu yöndə də nəzərəçapran, təqdirəlayiq işlər görür. Redaksiyalar da bu istiqamətdə səmərəliliyi artırmalıdırlar. Yeri gəlmişkən, niyə də müəllimlər, həkimlər, dövlət qulluqçuları kimi jurnalistlər də işə test yolu ilə götürülməsin? Belə olarsa, qəzet redaksiyaları da qazanar, işə yalnız professionallar qəbul olunar, jurnalist olmaq eşqinə düşən bəzi işbazlar da bacardıqları işin qulpundan yapışarlar.

Ölkəmizdə medianın inkişafı şəksizdir. İndi qəzet və jurnallarda, televiziya və radiolarda öz işini sevən, bu sahəyə qəlbən bağlanan yüzlərlə gənc və yaşlı nəslin nümayəndələri olan peşəkar jurnalistlər çalışır. Bu adamlar elmin, sənətin, ədəbiyyatın, siyasətin ən müxtəlif sahələri barədə maraqlı, bitkin, yüksək səviyyəli yazılarla minlərin, milyonların sevimlisinə çevrilə biliblər. bu adamların bəziləri ilə tələbə yoldaşı olmuşam, bəziləri ilə iş yoldaşı. Bəzilərini ürəyimcə olan yazılarından, imzalarından tanımışam, bəzilərini mavi ekrandan-efirdən kəşf eləmişəm. Özü bütöv, sözü bütöv, Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli ənənələrinə və peşəsinə sədaqətli, yalnız ağlına, qələminə və üz tutduğu oxucusuna, dinləyicisinə güvənəndə daha güclü olmağın bəsirətindən faydalanan, pərvazlanan qələm dostlarımın adlarını çəksəm, uzun bir siyahı alınar. Kimsə yaddan çıxarsa, xəcalətli qalaram. Əgər bu yazını oxusalar, hər halda kimləri nəzərdə tuturam, yaxşı biləcəklər. Sevimli, oxunaqlı nəşrlərimiz var, alıram, oxuyuram, gözümün üstünə qoyuram və yazılarımı da onlara etibar edirəm. Allah işlərini avand eləsin. Jurnalistikaya qəlbən bağlanan, ağ kağıza ürəyindən gələn qızıl kimi kəlmələri səbirlə, dəyanətlə, ləyaqətlə köçürən hər kəsə uğur qazanmağın uzun və çətin yollarında uğurlar arzulayıram.

P.S. Dənizkənarı bulvarda rastlaşdığım köhnə tanışımın dedikləri günün mövzusu ilə bağlı düşüncələrimə nöqtə qoya bilər;

-Hər gün xeyli qəzet alıram. Əsasən “525-ci qəzet”i, “Kaspi”ni, “Ədalət”i, “Şərq”i, “Bütöv Azərbaycan”ı, “Ədəbiyyat qəzeti”ni, “İki sahil”i, “Bakı Xəbər”i, “Mövqe”ni, bir də rəsmi dövlət qəzetlərini tapıb alıram. Gözlərim zəif gördüyündən bəzi yazıları universitet tələbəsi olan nəvəm oxuyur mənim üçün. Həm də deyirəm qoy əlləri, barmaqları klaviaturadan ayrılıb qısa müddət də olsa qəzetə toxunsun. İnanın, bu təmasın doğurduğu təəssürat, kağızın ətri, enerjisi insan beyni, zehni üçün olduqc gərəklidir, dərman kimidir. Klassik ənənələri qorumaq hər birimizin borcudur.

Ağsaqqal ötən əsrin 70-80-ci illərində qəzetə, yazılı nəşrlərə olan hədsiz marağı, məhəbbəti kövrək notlarla xatırladı:

-Yəqin ki, yadınızdadır, qəzet köşklərinin qənşərində növbəyə durar, ilk nöbədə “Bakı-Baku” axşam qəzetlərini böyük təşnə ilə gözləyərdik. Çox istərdim ki, sevimli qəzetimiz tezliklə yenidən onu sevən, səbirsizliklə gözləyən oxucularının görüşünə gəlsin.

Akif Cabbarlı


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 305

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...