SİYASƏT
A- A A+

Azərbaycan diplomatiyası 100 il: qazanılan uğurlar və tarixi nailiyyətlər

2019-07-09 11:15:26

Yüz il əvvəl - 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul etdi. Bu baxımdan Prezident İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamına uyğun olaraq, məhz bu tarix Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə ilk addımlarını atdığı dövrdən artıq yüz il keçir. Qeyd etmək lazımdır ki, Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas hissəsini, ilk növbədə, Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaq təşkil edirdi. Bununla yanaşı, Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələləri, xüsusilə, Ermənistanın ərazi iddiası məsələsini həll etmək idi. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti və hökuməti xarici təhlükənin qarşısını almaq üçün müstəqil respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində böyük iş aparırdı. Bununla əlaqədar 1918-ci ilin dekabrın 7-də açılmış Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə geniş səlahiyyətlərə malik xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimlərindən biri olan Ə.M.Topçubaşov qarşıya çıxan bütün çətinliklərə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin tanınması üçün çox fədakarlıq göstərdi. Bunun nəticəsində Azərbaycanın 1920-ci il yanvarın 11-də müttəfiq dövlətlərin Ali Şurası tərəfindən de-fakto tanınması haqqında qərar qəbul olundu. Azərbaycanın istiqlaliyyətinin Paris Sülh Konfransı tərəfindən tanınması tarixi əhəmiyyətli hadisə idi. Azərbaycanın müstəqilliyinin tanınması ona olan marağı da artırdı. Artıq Belçika, İsveçrə, Hollandiya, Çexiya, Slovakiya, Finlandiya və digər dövlətlər Bakıda öz konsulluqlarını açdılar. ABŞ, İngiltərə, Fransa və İtaliya Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməyə başladı.

1920-ci il mart ayının 20-də Azərbaycanla İran arasında əməkdaşlığın bütün sahələrini əhatə edən saziş və müqavilələr imzalanmışdı. Tərəflər arasında imzalanan dostluq müqaviləsinə əsasən İran Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanıdığını bildirdi. Qısa müddətdə Tehranda Azərbaycanın səfirliyi, Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Ənzəlidə, Məşhədlə vitse-konsulluq, Xoy və Əhərdə konsul-agentlikləri yaradıldı. 1920-ci il aprel ayının ortalarında Azərbaycan parlamenti Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveç, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər təsis etmək haqqında qanun qəbul etdi. Beləliklə, aprel işğalı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti təcridçilikdən çıxıb geniş beynəlxalq əlaqələr sisteminə daxil olmuşdu. Lakin az sonra - aprelin 28-də XI Qırmızı Ordunun Azərbaycanı işğal etməsi nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakı dayandırıldı.

XX əsrin sonunda SSRİ və sosializm sisteminin süqutu ilə dünyada bir sıra dəyişikliklər baş verdi. Soyuq müharibənin başa çatması ilə beynəlxalq münasibətlərin əsas güc mərkəzləri yeni geosiyasi reallıqlardan çıxış edərək öz fəaliyyətlərini mövcud şəraitə uyğunlaşdırmağı qərara aldılar. Köhnə beynəlxalq münasibətlər sisteminin süqutu ilə yanaşı, yeni dünya düzümünün əsası qoyulmağa başlandı.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan xalqı tarixinin yeni mərhələsinin başlanğıcına qədəm qoydu. SSRİ-nin süqutu ilə yaranan əlverişli tarixi şərait və milli-azadlıq mübarizəsi nəticəsində xalqımız XX yüzillikdə ikinci dəfə öz dövlət müstəqilliyini elan etdi. 1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən BMT Təhlükəsizlik Şurası ölkəmizin bu təşkilata üzv qəbul olunmasını tövsiyə etdi. Beləliklə, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT üzvlüyünə qəbul olması barədə qətnamə qəbul edildi. Xalqımızın haqq səsinin dünyaya çatdırılması və obyektiv ictimai rəyin formalaşdırılması, eləcə də dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində 1992-ci il martın 6-da Nyu-Yorkda fəaliyyətə başlayan Azərbaycanın BMT yanında daimi nümayəndəliyi mühüm rol oynadı. Həmin ilin noyabr ayında isə BMT-nin Azərbaycanda daimi nümayəndəliyi açıldı.

Lakin əsrin sonunda öz istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan dövləti öz suveren hüquqlarını reallaşdırmaq üçün ciddi maneələrlə qarşılaşdı. Heç şübhəsiz ki, bu, ilk növbədə, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü ilə bağlı idi. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə Dağlıq Qarabağda başlanan erməni separatizmi, eləcə də hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi. Bu dövrdə, yəni Azərbaycan müstəqillik əldə etdiyi ərəfədə və ondan sonra Ermənistanın hərbi təcavüzü ilə qarşılaşdı və torpaqlarımız işğal altına düşdü. Qeyd etmək vacibdir ki, həmin dövrdə ölkə çətin vəziyyətdə idi, ordu formalaşmamışdı, hansı istiqamətdə addımlar atılacağı bilinmirdi. Eyni zamanda, ölkədə sabitlik yox idi, xaos, hakimiyyətsizlik hökm sürürdü. Bu baxımdan, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət tələb edirdi. Belə bir şəraitdə yalnız 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndər çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və görkəmli siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar böyük əhəmiyyət kəsb edir. Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə ümummilli lider Heydər Əliyev 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak edən ulu öndər Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlayıb, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səyləri artırmağa çağırıb.

Azərbaycanın milli təhlükəsizliyi onun dünya və region dövlətləri, habelə beynəlxalq təşkilatlarla balanslaşdırılmış strateji xətt yeritməsini zərurətə çevirdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının xarici siyasət prioritetləri haqqında deyirdi: “Dəyişən dünyamızda Azərbaycanın siyasi missiyası dost və tərəfdaş axtarışına, blok və ittifaqların çoxvariantlılığına yönəlmişdir. Bu, Azərbaycanın dünya dövlətləri ailəsində statusunu, suverenliyini möhkəmləndirəcək, həm də müxtəlif dövlətlərlə yaxınlaşmasına kömək edəcəkdir”.

Bu baxımdan, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi “Böyük İpək Yolu”nun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərdən biridir.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirilib. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması ilə yanaşı, onların işlərində müntəzəm və fəal iştirakı, səmərəli əməkdaşlıq ölkəmizin problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, 1994-cü il mayın 4-də ümummilli lider Heydər Əliyevin “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, NATO-nun hərbi strukturları ilə Azərbaycan ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və s. sahədə birgə hərəkət etmək imkanı verməklə yanaşı, ölkəmizin bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün də əlverişli şərait yaradıb. Azərbaycan çoxtərəfli trans-Atlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirərək Avropa qitəsində, eləcə də onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir. Habelə 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və əməkdaşlıq sazişi” imzalanıb. Bu hadisə Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir.

Azərbaycanın Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması - respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Az sonra, yəni yanvarın 25-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirildi və dövlətimizin üçrəngli bayrağı ucaldıldı.

Əsası Ümummilli Lider tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə ehtiva edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçib. 2003-cü ildən başlayaraq, o cümlədən son on altı il ərzində xarici siyasət sahəsində böyük uğurlar əldə edilib. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq genişlənib. Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan “Avropa qonşuluq siyasətinə” qoşulub. 2006-cı ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb. Ölkəmizin 2008-ci ildə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulması ilə bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənib və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bununla yanaşı, 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanıb. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi qəbul edilməlidir.

Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Ölkə daxilində gedən demokratik proseslər və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəldir və bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaradıb.

Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını alıb. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı dünyanın qlobal səviyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur. Bununla yanaşı, son on altı il ərzində “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumuna, Madrid Klubunun toplantısına, Birinci Cənubi Qafqaz Forumuna, Avronest Parlament Assambleyasının Avropadan kənarda keçirilən ilk iclasına və digər möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bir daha göstərdi ki, ölkəmiz Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli məkandır.

Ulu öndər Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına və dinamik şəkildə davam etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyənləşdirən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf edir. Prezident İlham Əliyev tərəfindən təkcə 2018-ci ildə 16 xarici ölkəyə, o cümlədən Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika, Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistana rəsmi və işgüzar səfərlər edilib. Eyni zamanda, 16 dövlətin, o cümlədən Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın prezidentləri, həmçinin Almaniyanın Federal Kansleri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər. Bununla yanaşı, Azərbaycan müsəlman aləmində çox böyük hörmət, nüfuz qazanıb. İslam həmrəyliyi ilə bağlı atılan addımlar İslam Əməkdaşlıq Təşkilatı və bir çox müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin apardığı siyasət, yəni həm ölkə daxilində, həm də xaricdə bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi tədbirlər İslam aləmində həmrəyliyi, əməkdaşlığı və İslam birliyini daha da möhkəmləndirir. Keçən il Naxçıvanın İslam Mədəniyyətinin paytaxtı seçilməsi heç də təsadüfi olmayıb.

Ölkəmizin ev sahibliyi etdiyi, eləcə də dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm tədbirlər - 2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, 2019-cu ilin martında VII Qlobal Bakı Forumu və s. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.

Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı genişlənib. 2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə edilir. Həmçinin 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün Yekun Bəyannaməsində Alyans üzvlərinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək və hörməti əksini tapıb. Onlar regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasının zəruriliyini bildiriblər. 2019-cu ildə Bakıda dünyanın 120-dən çox ölkəsini birləşdirən Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycanın BMT-dən sonra üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatına sədrlik etməsi ölkəmizin nüfuzunu daha da artıracaq, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcək.

Qeyd edək ki, 2018-ci il avqustun 12-də Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə Toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri kimi qiymətləndirilməlidir. Bu Konvensiya ölkəmizin maraqlarının təmin edilməsi baxımından böyük diplomatik və siyasi uğurdur.

Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlətimizin başçısının bütün səyləri regionun inkişafına və sabitliyin qorunub saxlanılmasına yönəlib. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Gürcüstan-İran və digər əməkdaşlıq formatları buna əyani sübutdur. Keçən dövr ərzində müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət başçıları səviyyəsində keçirilmiş Azərbaycan-Rusiya Regionlararası Forumuna, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyənin Xarici İşlər nazirlərinin birinci dördtərəfli görüşünə ev sahibliyi edib. Xatırladaq ki, 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi iki dost və qardaş dövlətin münasibətlərinin ən yüksək zirvədə olduğunun bariz göstəricisidir. Sentyabrın 15-də keçirilmiş və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad iki qardaş dövlətin 100 il əvvəlki tək hər zaman bir-birinin yanında olmasını bir daha sübut etdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti və Prezident İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurğulayıb. Münaqişə həll olunmadan, yəni Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə (822, 853, 874, 884) müvafiq olaraq işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyiş mümkün olmayacaq. Azərbaycan dövləti öz milli mənafeyi uğrunda sona qədər mübarizə aparacaq. Bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək. Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Azərbaycan xalqı və dövlətinin torpaqlarımızı azad etmək üçün əsası var və bu, beynəlxalq hüquq normaları ilə təsdiqlənib. Dövlətimizin başçısı deyib: “Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”.

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, 100 illik tarixi olan Azərbaycan diplomatiyası müasir dövrdə çox uğurla və dinamik şəkildə Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və tarixi nailiyyətlərlə zəngin olan bu uğurlu xarici siyasətin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.

Elçin Əhmədov


Kateqoriya : SİYASƏT Baxış sayı : 497

QHT və MEDİA

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...