QHT və MEDİA
A- A A+

“The Jerusalem Post”: “Ermənistan-Azərbaycan münaqişəsi: israilli jurnalistlər təmas xəttində olublar”

2019-07-06 08:20:43

İsrailli jurnalistlərin Azərbaycana səfəri səmərəli olub. İsraillə Azərbaycan arasında etibarlı və möhkəm tərəfdaşlıq münasibətləri var. İki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir, illik ticarət dövriyyəsinin həcmi 3,5 milyard ABŞ dollarına çatır, enerji sektoru isə bu münasibətlərin strateji əsası və dayağıdır.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu barədə İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Ermənistan-Azərbaycan münaqişəsi: israilli jurnalistlər təmas xəttində olublar” sərlövhəli məqaləsində yazır.

Məqalə müəllifi qeyd edir ki, Azərbaycanda əhalinin təqribən 90 faizi müsəlman, islam dini rəsmi din olsa da bu ölkə tamamilə dünyəvi dövlətdir.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib: “Bizim ölkəmiz islam dünyasının bir hissəsidir. Lakin bu gün İsrail ilə Azərbaycan arasında ticarət, energetika və iqtisadiyyat sahələrində müstəsna müsbət, konstruktiv münasibətlər var. Azərbaycan İsrail ilə yaxşı münasibətlərini dəstəkləməkdə və inkişaf etdirməkdə maraqlıdır. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanda yəhudilər tarixən sülh və həmrəylik şəraitində yaşayıblar. Bu gün Azərbaycanda və İsraildə yaşayan yəhudilər arasında sıx əlaqə var”.

Azərbaycan XİN rəhbəri vurğulayıb: “Azərbaycan digər etnik və dini qruplar, o cümlədən xristian və yəhudi icmaları üçün də doğma ev kimidir. Hətta 30 ilə yaxın bundan əvvəl Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlananda da Azərbaycan cəmiyyətində etnik qruplar arasında sülh və harmoniya qorunub saxlanıldı”.

Arye Qut qeyd edir ki, israilli jurnalistlər Bakıda olarkən 95 metr hündürlüyündə dörd minarəsi olan möhtəşəm Heydər Məscidini ziyarət ediblər. İsrailli ekspert yazır: “Bu möhtəşəm məsciddə bizi biri şiə, digəri sünni məzhəbli iki imam, habelə dini konfessiyaların nümayəndələri, o cümlədən dağ yəhudilərinin başçısı Melih Yevdayev və alban-udi icmasının rəhbəri Robert Mobili qarşıladılar. Onlar bizə dedilər ki, bütün dinlərə mənsub insanlar arasında hörmət və harmoniya mövcud ola bilər”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov deyir: “Bu səmərəli qarşılıqlı münasibətlərin səbəbi odur ki, Azərbaycan həmişə multikulturalizmin hökm sürdüyü nadir məkan olub.

Ermənistanla münaqişə

Məqalə müəllifi vurğulayır ki, 1991-ci ildə Sovet İttifaqının dağılması Azərbaycana xas olan ənənəvi dözümlülük və multikulturalizm münasibətləri üçün əsl sınaq oldu. Arye Qut vurğulayır: “Həmin dövrdə Ermənistan Respublikası Azərbaycana müdaxilə etdi və respublika torpaqlarının təqribən 20 faizini, o cümlədən Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonu işğal etdi. Elan olunmamış bu müharibə nəticəsində təqribən 30.000 azərbaycanlı həlak oldu, bir milyona yaxın azərbaycanlı öz yurdunda qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ermənistanın zorakılıq və qəddarlıqla törətdiyi bu təcavüzkar işğalçılıq hərəkətləri, habelə soyqırımı aktı XX əsrin sonunda ən dəhşətli faciələrdən biridir. Xocalıda törədilmiş soyqırımı aktını xatırlatmaq da yerinə düşər. Həmin qırğın nəticəsində bir gecədə 613 azərbaycanlı qətlə yetirildi, 487 nəfər yaralandı, 1275 dinc sakin girov götürüldü. Bu insanların yeganə “təqsiri” onların azərbaycanlı olması idi”.

İsrailli ekspert qeyd edir ki, Ermənistan tərəfindən 27 ildən çox bundan əvvəl işğal edilmiş Azərbaycan əraziləri ilə hərbi təmas zonasına – cəbhəyanı zonaya səfər etmiş israilli və digər xarici jurnalistlər çox olmayıb. Arye Qut yazır: “Cəmi üç il bundan əvvəl bizim indi dayandığımız və müşahidə etdiyimiz yerdə hərbi əməliyyatlar, real müharibə gedirdi. Öyrəndik ki, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusu Ermənistanın hərbi provokasiyasına cavab olaraq Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr endirməklə öz vətəndaşlarının təhlükəsizliyini təmin edib.

Tərtər rayonunun Marağa kəndində 1978-ci ildə - ermənilərin İrandan Azərbaycanın bu hissəsinə köçürülməsinin 150 illiyi münasibətilə ucaldılmış “Marağa” abidəsinə baxdıq. Bizə izah etdilər ki, XX əsrin 80-ci illərinin sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlananda ermənilər bu abidəni dağıdıblar. Sonradan abidənin qalıqları bərpa edilib və Dağlıq Qarabağın əzəli Azərbaycan ərazisi olmasının sübutu kimi qorunub saxlanıb”.

Azərbaycan Müdafiə nazirinin müavini ilə görüş

Arye Qut vurğulayır ki, israilli jurnalistlər Tərtərdə və Cocuq Mərcanlıda olarkən Azərbaycan Ordusunun zabitləri və əsgərləri ilə görüşüblər. Hərbçilər bildiriblər ki, Azərbaycan istər canlı qüvvə, istərsə də silahlanma baxımından Ermənistandan tam hərbi üstünlüyə malikdir. Arye Qut yazır: “Lələtəpədə əsgərlərə baş çəkdik. Biz ətrafa nəzər salanda anladıq ki, Lələtəpə yüksəkliyi sayəsində geniş bir əraziyə tam nəzarət etmək olar. 1993-cü ildə hərbi əməliyyatlar zamanı erməni silahlı dəstələri bu yüksəkliyi ələ keçirmiş, orada möhkəmlənmiş mövqe yaratmışdılar. Lakin azərbaycanlı əsgər və zabitlər qısamüddətli, amma ağır döyüşdən sonra bu kompleksi azad ediblər. Əsgərlər və zabitlər döyüş əməliyyatlarının yenidən necə başlanmasını, Lələtəpə yüksəkliyinin erməni silahlı dəstələrindən necə azad edildiyini ətraflı təsvir etdilər. Təcrübə göstərir ki, müasir müharibədə hansı tərəfin daha yüksək texnoloji silahları varsa, həmin tərəf qalib gəlir. 2016-cı ildə Aprel döyüşləri zamanı İsraildə istehsal edilmiş pilotsuz uçuş aparatlarının erməni işğalçılara qarşı səmərəli tətbiq edilməsini xatırlamaq kifayətdir. Bu barədə çox danışmaq olar”.

Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev dedi: “Beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standartlar nümayiş etdirirlər. Biz işğal altında olan tarixi torpaqlarımızı azad etməyə hazır olmaq üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksəltməliyik. Biz qan tökülməsini istəmirik. Lakin əgər münaqişənin nizamlanması üçün başqa vasitələr nəticə verməsə, bizim ordumuz torpaqlarımızı azad etməyə qabildir”.

General Vəliyev sözünə davam edərək dedi: “2016-cı ilin Aprel döyüşləri göstərdi ki, bu münaqişə həll edilə bilər. Azərbaycan bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında dinc yolla nizamlanmasının tərəfdarıdır. Lakin dinc yolla problemin həlli tapılmasa, biz ölkəmizin ərazi bütövlüyünü başqa vasitələrlə təmin etmək hüququmuzdan istifadə edəcəyik. Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi erməni təcavüzündən azad etməyə hazırdır”.

Aşağı Əbdürrəhmanlı kəndinə səfər

Arye Qut qeyd edir ki, onlar Aşağı Əbdürrəhmanlı kəndinə səfər zamanı çox kədərli bir mənzərə ilə üzləşiblər. Erməni təcavüzü nəticəsində kənd boşalıb. Dağıdılmış evlər, məktəblər, uşaq bağçaları, yandırılmış torpaq... İndi kabusu xatırladan bu kənddə sanki həyat da, zaman da dayanıb.

Bu kəndin sakini, mənim dostum Umud Mirzəyev israilli jurnalistlərə erməni silahlı dəstələri tərəfindən məhv edilmiş kəndinin taleyi barədə danışdı.

Viran edilmiş kəndi gəzirik, dağıdılmış evləri, məktəbləri, uçurulmuş, eybəcər hala salınmış məzar daşlarını gördük. Bu, dəhşətdir: Erməni snayperlər hətta ölülərə də atəş açırlar. Bizi müşayiət edən əsgərlər Umuda təlimat keçirlər, əyilməsini məsləhət görürlər. Lakin emosional Umud əyilmir və məzarın qarşısında dayanaraq, öz torpağına, ulu babasının, babasının və atasının torpağına, öz ölkəsinə və Azərbaycan xalqına sadiq qalacağını bildirir.

O, bizi özünün doğulduğu, sonradan ermənilər tərəfindən dağıdılmış kəndə aparmağı təklif etdi. Çöhrəsindən nur yağan bu yaşlı insan danışdıqca kövrəlirdi: “Burada mənim məktəbim olub, burada mənim evim olub, həyat yoldaşımın valideynlərinin evi burada olub, uşaq vaxtı burada futbol oynayırdıq”. Yamyaşıl təpəliyə çatanda isə sözünə davam etdi: “Burada atamın vəsiyyətini yerinə yetirmişəm. O, öləndə öz kəndimizdə, öz torpağımızda dəfn olunmasını vəsiyyət etdi. Mənə dedi: “Oğlum, Azərbaycan torpaqlarının azad edilməsi prosesi başlanıb və inanıram ki, yaxın gələcəkdə torpaqlarımızın hamısı azad ediləcək, məni öz kəndimizdə dəfn et”.

Cocuq Mərcanlı

Arye Qut və israilli jurnalistlər erməni işğalının daha bir qurbanını – məşhur Cocuq Mərcanlı kəndini ziyarət ediblər. İsrailli ekspert yazır: “Bizə söyləmişdilər ki, Azərbaycanın bu kəndi işğalçılar tərəfindən dağıdılıb, lakin oradakı erməni silahlı dəstələri darmadağın ediləndən sonra Azərbaycan rəhbərliyi bu kəndi bərpa edib. Azərbaycanlılar istəyirlər ki, ərazilərinin işğal olunması, bir milyondan çox qaçqının və məcburi köçkünün problemləri barədə dünya ictimaiyyətinin məlumatı daha çox olsun. Onlar istəyirlər ki, erməni işğalı nəticəsində Azərbaycan xalqının üzləşdiyi dəhşətli fəlakət barədə, bu xalqın öz torpaqlarına qayıtmaq və yurdlarını bərpa etmək arzusu barədə bütün dünya bilsin”.

Prezidentin köməkçisi ilə görüş

Məqalə müəllifinin sözlərinə görə Azərbaycanın güclü, müstəqil dövlət, Cənubi Qafqaz regionunun real lideri olması bu gün hamılıqla qəbul edilmiş faktdır. Azərbaycan özünün müxtəlif geosiyasi və geoiqtisadi layihələri sayəsində regionda və onun hüdudlarından kənarda sülhə və firavanlığa şərait yaradır.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında strateji münasibətləri yüksək qiymətləndirir.

Əli Həsənov deyib: “İsrail və Azərbaycan siyasi, iqtisadi və hərbi-strateji sahələrdə uğurla və səmərəli əməkdaşlıq edirlər. Azərbaycana səfər etmiş ilk israilli yüksəkvəzifəli dövlət xadimi Benyamin Netanyahu olub. O, 1997-ci ildə Baş Nazir vəzifəsində birinci kadensiyası dövründə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşüb. Məhz bu tarixi səfərdən sonra ölkələrimiz arasında xüsusi münasibətlər yaranıb”.

Əli Həsənov daha sonra vurğulayıb: “2016-cı ilin dekabrında Baş Nazir Netanyahu Azərbaycana ilk rəsmi səfər edib. Bu, ölkələrimizin və onların liderlərinin Bakı ilə Təl-Əviv arasında strateji tərəfdaşlığı möhkəmlətmək və genişləndirmək əzmini nümayiş etdirdi. Biz İsrailin Baş Naziri Benyamin Netanyahunun Azərbaycana və ölkəmizin Prezidenti İlham Əliyevə hörmətini böyük ehtiramla etiraf edir və qiymətləndiririk”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib: “Qeyd etmək istəyirəm ki, İsraildə istehlak edilən neftin 65 faizi məhz Azərbaycandan daxil olur. Azərbaycan da, öz növbəsində, İsrailin ixrac etdiyi yüksək texnoloji məhsulların ən sanballı alıcılarından biridir. İsrailli mütəxəssislər illər boyu Azərbaycanda müxtəlif sahələrdə çalışırlar.

İsraildə bu ölkənin cəmiyyətinə uğurla inteqrasiya olunmuş nüfuzlu Azərbaycan icması var. Onlar ölkəmizi ləyaqətlə təmsil edirlər. Bakıda və Qubada mövcud olan yəhudi icmalarını sıx bağlayan insan amilini də qeyd etmək istərdim. Quba rayonundakı məşhur Qırmızı Qəsəbənin yəhudi icması ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində unikal rol oynayır. Biz İsrail ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsi və dərinləşdirilməsi üzrə işimizi davam etdirəcəyik. İsrail-Azərbaycan strateji tərəfdaşlığı bütün regionda sülhə və sabitliyə xidmət edir.

Sonuncu görüşdə müsahibimiz Hikmət Hacıyev oldu

İsrailli jurnalistlərin Azərbaycan paytaxtında sonuncu görüşü Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə oldu. H.Hacıyev görüşdə Azərbaycanın nadir statusu və ölkələrimiz arasında münasibətlərin strateji əhəmiyyəti barədə danışdı.

O dedi: “1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra İsrail ilə Azərbaycan arasında xüsusi münasibətlər yarandı. İsrail Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən biri oldu. Bizim iqtisadi, siyasi, hərbi, mədəni və ticari münasibətlərimiz çox gözəldir. Təl-Əvivdən Bakıya birbaşa aviareyslər açılması sübut edir ki, ölkələrimiz arasında yaxşı sabit münasibətlər var.

Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvüdür. Mən həmişə zarafatla deyirəm ki, xəritəyə fikir versəniz, mənim ölkəm Şərqdən Qərbə uçan quşa oxşayır. Lakin uçmaq üçün hər iki qanad lazımdır”.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “Aşkardır ki, İsrail ilə strateji əlaqələr və Ermənistanla ərazi münaqişəsinin ədalətli həlli Cənubi Qafqaz regionunda İsrail Dövlətinin bu etibarlı və mühüm müttəfiqinin prioritetləri siyahısında ilk yerlərdən birini tutur”.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 158

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...