SİYASƏT
A- A A+

Ermənistandakı cinayətkar rejim təkcə qonşulara deyil, öz xalqına da düşməndir

2015-10-02 09:05:30

Sərbəst müzakirələr son illərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyalarında ənənəvi hala çevrilən müzakirə formasıdır

Bu müzakirələr deputatlara sessiyanın gündəliyində yer almayan, amma aktuallıq kəsb edən ayrı-ayrı problemlər barədə düşüncələrini bölüşməyə imkan verir. Budəfəki sərbəst müzakirələr də qaldırılan problemlərin rəngarəngliyi ilə diqqəti cəlb edirdi.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov sərbəst müzakirələrdə iştirak edərək Ermənistandakı mövcud rejimin çürüklüyünü təfərrüatı ilə təhlil edib.

R.Hüseynov Ermənistan hakimiyyətinin yalnız qonşulara deyil, öz xalqına qarşı da düşmən siyasət apardığını vurğulayaraq deyib: “Yəqin, əksər xalqlarda bu zərbülməsəl var ki, “qonşunun xoş gününü istəməyənin özü də xoş gün görməz”. İyirmi ildən artıqdır ki, Azərbaycan müəyyən xarici qüvvələrin dəstəyi ilə gerçəkləşmiş Ermənistan təcavüzünün, bu dövlətin ardıcıl olaraq həyata keçirdiyi terrorizm siyasətinin əziyyətini çəkir. Başqa beynəlxalq təşkilatlarda, o cümlədən son 15 ildə burada, Avropa Şurasında biz Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, bu təcavüzün nəticəsi olaraq 1 milyondan artıq azərbaycanlını qaçqına və məcburi köçkünə çevirmiş Ermənistanın beynəlxalq hüquq normalarına və insanlığa zidd olan əməllərinə qarşı daim səsimizi qaldırır, bütün bunları ifşa edirik. Lakin hədəfimiz özü də bizim kimi qurbanlıq olan erməni xalqı deyil, Ermənistanı terrorist ədaları ilə idarə edən qüvvələrdir. Məhz Ermənistanın cinayətkar dövlət rəhbərliyi Azərbaycana qarşı genişmiqyaslı və çoxistiqamətli təcavüz siyasətini davam etdirdiyi kimi, erməni xalqını da girova çevirib. Ermənistan iqtidarı və onu xaricdən idarə edən qüvvələr bu xalqın yalnız indiki həyatının faciəli gedişinə səbəb olmayıb, həm də ölkənin bütün gələcəyini uçuruma, siyasi, iqtisadi, mənəvi fəlakətlərə doğru aparmaqdadır. Faktik olaraq, Ermənistan bu gedişatda öz dövlət müstəqilliyini də itirib, aciz vassala çevrilib. Erməni iqtidarının ölkəyə və xalqa vurduğu ən ağır zərbə də elə budur.”

Azərbaycanlı deputat növbəti dəfə Avropa Şurasının Ermənistandakı cinayətkar rejimə kifayət qədər sərt olmayan münasibətini qınayaraq bildirib: “Təəssüf ki, Avropa Şurası da antidemokratik rejim tərəfindən incidilən, gündən-günə daha artıq iqtisadi tənəzzül və böhran içərisində yaşamağa məcbur qalan erməni xalqının deyil, bütün bu zülmlərə bais olan cinayətkar Ermənistan rəhbərliyinin tərəfindədir. Avropa Şurası yarandığı ilk vaxtlardan insan haqları onun uğrunda mübarizə apardığı əsas istiqamətlərdən biri olub. Biz də bu gün məhz insan haqlarına hörmət naminə bu kürsüdən erməni xalqının müdafiəsinə qalxır, onu despotik erməni idarəçiliyindən sözün əsl mənasında xilas etməyə çağırırıq. Çünki erməni xalqı göz görə-görə ölkə içərisindəki mövcud yaşanılmaz siyasi, iqtisadi, sosial şəraitdən sözün birbaşa mənasında məhv olur. Bu xalq müqavimət göstərmək imkanlarından məhrum edilib, ən xırda etiraz bütöv nəslin ən dəhşətli şəkildə təqib, müxtəlif cəzalara düçar olması ilə müşayiət edilir. Ölkədən əhalinin ildən-ilə artan xaricə axını da ilk növbədə bunlarla bağlıdır. Elə bu günlərdə Ermənistan müxalifətinin tanınmış nümayəndələrindən biri, “Ermənistanın daxili milli azadlıq hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan öz ölkəsindən qaçaraq Azərbaycandan siyasi sığınacaq istəyib. Buna səbəb Martirosyana və ailəsinə dövlət tərəfindən göstərilən təzyiqlərin dözülməz həddə çatması olub. O, Bakıda jurnalistlər qarşısında çıxış edərək Ermənistanda əhalinin ağır vəziyyətini, xüsusilə də az-çox sərbəst düşüncəyə malik olan şəxslərin hansı təhlükələrlə üzbəüz qaldığını konkret faktlarla təsvir etdi. Bütün çıxışlarından da aşkar duyulur ki, bu insan qətiyyən satqın, vətən xaini deyil, əksinə, öz xalqını çox sevən, bu xalqın gələcəyi üçün məsuliyyət hiss edən, narahatlıq keçirən şəxsdir. Azərbaycana pənah gətirməyinin əsas səbəbi odur ki, o, Ermənistan xüsusi xidmət orqanlarının buraya əli çatmayacağına, Azərbaycanın onu Ermənistana geri qaytarmayacağına, ən azı təhlükəsizliyinə təminatçı olacaq 3-cü bir Avropa ölkəsinə təhvil veriləcəyinə əmindir. Bakıda sərbəst gəzib-dolaşan, Ermənistanda aparılan təbliğatın əksinə olaraq burada düşmən münasibətlə rastlaşmadığını, güclü inkişaf və rifah gördüyünü bildirən Martirosyan vurğulayib ki, bütün reallıqlardan xəbərdar olsa və azacıq münasib fürsət düşərsə, sərhədlər açılarsa, minlərlə erməni qaçqını mənim kimi edər, indi miqrantların Avropaya üz tutması kimi güclü bir əhali axını Ermənistandan Azərbaycana gələr. Amma təəssüflər olsun ki, erməni müxalifətinin haqq səsi buradan eşidilmir. Burada, Avropa Şurasında Ermənistandan olan və müxalif mövqe ifadə edənlər, ölkə rəhbərliyinin tiranlığını tənqid hədəfinə çevirənlər də qısa müddətdən sonra nümayəndə heyətinin tərkibindən çıxarılır, buradan uzaqlaşdırılırlar.  Zənnimcə, Ermənistanın həyatının bu dramatik günlərində Avropa Şurası həmin dövlətin antimilli, korrupsioner, terrorist, antidemokratik iqtidarının deyil, əzablar çəkən erməni xalqının tərəfində olmalıdır. Bir qonşu kimi bu, bizi narahat edir. Amma əslində gərək hər siyasətçini, hər insanı narahat edə”.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1120

QHT və MEDİA

2019-08-21 09:25:02

QHT və MEDİA
Leyla Əliyeva Fondun layihələri çərçivəs...
Leyla Əliyeva Fondun layihələri çərçivəs...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun l...

2019-08-20 15:40:01

QHT və MEDİA
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənist...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...