TƏDQİQATLAR
A- A A+

Qloballaşma və əxlaqi-mənəvi dəyərlərin qorunması

2019-04-10 21:35:56

Sürətli inkişaf əsri sayılan XX yüzillik təbiət və cəmiyyətdə təbii ehtiyatların tükənməsi, enerji, ərzaq, şirin su qıtlığı, ekoloji erroziyalar, bütün sahələrdə kəskin ictimai fərqin yaranması ilə yanaşı, cinayət, terror, narkotik maddələrin alveri, uşaq alqı-satqısı, qadın alveri kimi problemlər də yaratmışdır

XXI əsrə möhkəm addımlarla daxil olan bu problemlərin bir qismi ölkənin maliyyə və təbii resurslarını sarsıdırsa, digər bir qismi insan intellektinin, bəşəri dəyərlərin, mənəvi zənginliyin, milli əxlaqın gün-gündən qloballaşma və modernləşmə içərisində əriyib itməsinə gətirib çıxarır.

Qloballaşmanın geniş vüsət aldığı – iqtisadiyyatdan, siyasətdən tutmuş təhsilə, mədəniyyətə qədər nüfuz etdiyi bir dövrdə bütün sosial-siyasi proseslər, iqtisadi, sosial, təhsil, mədəni və digər qurumların fəaliyyəti şəxsiyyətin inkişafına və kamilləşməsinə yönəlmişdir. Ümumavropa məkanına inteqrasiya, xüsusilə təhsildə yeni texnologiyaların tətbiqi, idarəetmə, innovativ irəliləmə dövrü qlobal dəyişikliklərlə yanaşı, əxlaqi-mənəvi dəyərlərin qorunmasını diqqət mərkəzində saxlayır.

İnsan dünyaya gələndə əxlaqi və mənəvi cəhətdən pak, zəngin, xeyirxah olur. Yaşa dolduqca valideynlərin, müəllimlərin, onu əhatə edən ətraf mühitin, aldığı təhsilin ona əxz etdiklərindən faydalanır, önəm verdiyi dəyərlər onun milli intellektini formalaşdırır, öz tarixi kökünə, özünütanıtıma, özünüdərkə aparır. Əxlaqi dəyərlərin formalaşdırılması ilk növbədə ailədə, adət və ənənələrdə ifadə olunur.

Cəmiyyətin uzunmüddətli tarixi inkişaf prosesində ibtidai insan xeyir və şəri bir-birinə qarşı qoymaqla, şüurda əxlaq anlayışını, onun dialektikasını formalaşdırır. Təbii ki, insanlarda şüur formalaşmadan öncə əxlaq da olmayıb. Təfəkkür inkişaf etdikcə, insan daha bir irəliləyişi – cinslər arasında fərqi duyur və bu fərqə münasibətdə kor-koranə “ehtiyatlanır”. İnsanların sosial-ictimai durumundakı bərabərsizlik etik-psixoloji situasiyalara keçir. Davranış vərdişlərinin əxlaqi tənzimini ibtidai insan adətlər, ənənələr, ayinlər və s. vasitəsilə həyata keçirirdi. Bu əxlaq normaları sadə, lakin hamı üçün məcburi idi. Bu normalar insanı tədricən inkişaf etdirir, davranışını nizama salırdı. İnsanlar arasında sosial bərabərsizlik meydana gəldikdə, əxlaqın mahiyyəti də dəyişir, quldarlıq quruluşunda vahid əxlaqi normalar artıq siniflərin mənafeyinə görə əxlaqa çevirir. İnsanda ləyaqət və şəxsiyyətin qiyməti haqqında yeni təsəvvürlər formalaşır. Əxlaq özünün əks qütbünə – əxlaqsızlığa qarşı qoyulur. Məzlumun şərəfinə, heysiyyətinə, mənliyinə zalımın müdaxiləsi əxlaqi dəyərləri ucuzlaşdırır. “Burjua əxlaqı” öz antaqonist mahiyyətini bəşəri hisslərdə deyil, özü üçün yaratdığı əxlaqi əsaslarda tənzimləyir. Sinifli cəmiyyətdə hakim təbəqənin əxlaqi münasibətləri mənsub olduğu sferadan çox-çox aşağı dayanır. Humanizm, sədaqət, mərhəmət, məhəbbət kimi əxlaqi-estetik hisslərdə kapitalın hökmü ilə fərqlərin disbalansı yaranır.

Keçmiş sovet postməkanında “kommunist əxlaqı” anlamı cəmiyyətin sərvətlərindən insanın inkişafı, mənafeyi üçün istifadə kimi başa düşülür, xalq kütlələrinin əvvəlki tarixi dövrlərdə yaratdığı bütün qabaqcıl əxlaqi sərvətlərə əsaslanırdı. Bu əxlaq bütün sosial qrup və təbəqələrə aid edilir, onların şüurunun daxili məzmunu, mənəvi inkişafının məhsulu olur. Bəlkə bu səbəbdəndir ki, postsovet məkanında “əxlaq” anlayışının prinsipləri şablon xarakterdə olsa da, müxtəlif irqlərdən və dini mənsubiyyətindən asılı olmayaraq, hamı onları gözləməyə çalışır və sanki bir-birindən utanırdı. Əxlaqın ən bariz təcəssümü olan həya, abır, namus (hərçənd bu anlayışlar bu gün bir çox xalqların lüğət tərkibində yoxdur, amma “bizdə var” deyib öyünməyimiz özümüzdə şübhə yaradır) cəmiyyətin hər bir fərdində digəri qarşısında mənəvi borc, cəmiyyətin mədəni-mənəvi həyatı isə kulturoloji aspektdən mühüm rol oynayır.

Bu gün milli-mənəvi köklərimizə qayıdışda, milli mənsubluğumuzun məzmun və forma baxımından təsdiqi uğrunda apardığımız mübarizə soykökümüzə və əxlaqi dəyərlərimizə əsaslanmalıdır. Televiziyanın, mətbuatın milli mənəviyyatımıza yad ünsürlərlə dolduğu və “qloballaşma” adı altında pərdələndiyi, gənclərdə avropalaşmaya hədsiz maraq və ehtiras olduğu bir vaxtda mənəvi mühitin, mənəviyyatın qorunması çox aktualdır. Təbii ki, qloballaşma prosesi elm, texnika, texnologiya ilə yanaşı, ümumbəşəri dəyərlərə, milli kimliyi təyin edən mənəvi amillərə də sirayət edir. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu, hansı məsələdə lazım gələrsə, konservator olmağı bacarmaq lazımdır. İnsan xisləti yaradılışdan yenini mənimsəyib köhnəni atmağa, təfəkkür və şüur dərki ilə deyil, göz ilə gördüyünü mənimsəməyə məhkumdur, xüsusilə də yüksək mədəniyyətin mənəvi-əxlaqi dəyərlərə malik Şərqin hər bir şeyi olduğu kimi göstərən Qərbə münasibətində.

Bu gün Avropanı Avropa edən, onu irəlidə zənn etməyə vadar edən əsl cəhətləri unudanlar özünütəsdiqin milli-tarixi köklərə söykəndiyini unudurlar. Qərb tənəzzülü, süqutu, onun qondarma “barbar” mədəniyyəti, bayağı roklar, erotik musiqi klip-çəkilişləri, gecə barları, kazinolar və dilə gətirilməyən bir çox “müasirlər”, üstəlik bu “müasirləri” təcəssüm etdirən geyim imicləri mənəviyyata təsir etməklə yanaşı, gənclərin psixikasını da pozur. Müasirliyə, qloballaşmaya gedən yol disko və videotekalardan, internet klublarından deyil, fərdi mənəviyyat prizmasından keçməlidir.

Təsadüfi deyildir ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri azərbaycançılıqdır. Azərbaycançılıq həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda – mənəvi mədəniyyətin bütün sahələrində əsas istiqamətləndirici məfkurə olmalıdır. Şifahi xalq ədəbiyyatımız, el sənətimiz, milli musiqimiz, millətin mədəni-mənəvi mövcudluğunun bütün təzahürləri bu gün vahid bir ideya ətrafında sıx surətdə birləşməlidir.

Əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlər nəinki təkcə müasir milli mövcudluğumuzun, həm də siyasi mövcudluğumuzun, dövlətçiliyimizin qarantına çevrilməlidir və əksinə, milli-mənəvi varlığımızın qorunub saxlanması da dövlətin ən əsas funksiyalarından biri olmalıdır. İndi bizim qarşımızda bir tərəfdən milli köklərə, milli-mənəvi dəyərlərə qayıdış, digər tərəfdən də elmi-texniki inkişaf və informasiya cəmiyyətinin qoyduğu çağdaş tələblərə uyğunlaşmaq vəzifəsi durur. Hər bir şəxsin fərdi-mənəvi aləmində gedən proseslər də bütövlükdə millətin mənəvi həyatı ilə bağlı problemlərdir.

Mənəvi dəyərlərin formalaşdırılması, inkişafı və qorunması həmişə təhsil işçilərini və elm adamlarını daha çox düşündürmüşdür. Təhsilin ilk pilləsindən başlayaraq mənəvi şüur, mədəni davranış, əxlaqi normalar və vərdişlərin aşılanması bir məqsədə xidmət edir. Bu işdə təhsil işçilərinin üzərinə böyük vəzifə düşür. Lakin bu gün müəllimlərin – tərbiyə verənlərin özlərinin mənəvi kamillik, intellektual hazırlıq dərəcəsi yetərlidirmi? Onlar üzərlərinə düşən böyük missiyanın öhdəsindən gəlməyə hazırdırlarmı? Mən deyərdim ki, yox. Əlbəttə, yüksək səviyyəli, öz işinin öhdəsindən layiqincə gələn müəllimlərimiz də var. Ancaq bunu əksəriyyət üçün demək olmaz. Cəmiyyət dəyişirsə, yeni yetişən gənc kadrların tərbiyə sistemi, onlara verilən biliklərin məzmunu da dəyişməlidir. Mənəviyyatdan, milli dəyərlərdən danışan, mühazirə oxuyan hər bir kəs özü ilk növbədə daxili zənginlik, gözəl əxlaq və mənəvi dəyərlər təmsilçisi olmalıdır. Lakin cəmiyyətin inkişafı ilə dəyərlər də dəyişikliyə uğrayır.

Əsrlər boyu formalaşmış vətənpərvərlik, əməksevərlik, adət və mərasimlərlə bağlı ənənələr dövlətə, onun ideologiyasına və siyasətinə xidmət etməklə bərabər, əxlaqi-mənəvi dəyərlərin, insan təkamülünün, şüurun, düşüncənin, idrakın zənginləşdirilməsinə də xidmət edir. Dünyanı xaos kimi bürüyən ziddiyyətlərin, fəlakətlərin, katastrofik vəziyyətlərin, psixoloji cəhətdən sağlam olmayan başçıların əxlaqi cəhətdən çürümə prosesi keçirdiyi, multimedianın insan mənəviyyatını zənginləşdirməkdən daha çox tənəzzülə, iflasa apardığı, əxlaqi-mənəvi ab-havanın dünyagörüşdə pozuntular etdiyi müasir dövrdə isə bu dəyərlər zədələnir. Mənəviyyatda baş verən pozuntular – laqeydlik, soyuqqanlılıq, ürəyiyumşaqlıq, kobudluq, cinsi zəiflik nəticədə şəxsiyyəti müsbət iradi-emosional keyfiyyətlərdən məhrum edir, əmək qabiliyyətinin aşağı düşməsinə, mənəvi yaddaşın – intellektin korlanmasına, yaradıcılıq bacarığının pozulmasına, şəxsi tələbatın ümumi mənafeyi üstələdiyinə gətirib çıxarır. Heç bir elmi əsası olmayan mənasız düşüncələr insan idrakını və mənəviyyatını işğal edir.

Qloballaşan dünyada əxlaq və mənəviyyat nəzəriyyəsi dünya haqqında sistemli elmi bilik, bütövlük, özünütərbiyə və özünüdərk, dönməzlik, insanın təbiətlə dialoqu prosesində cəmiyyətin təkmilləşdirilməsini əsas məqsəd kimi qarşıya qoyur. Bu məqsəd milli xüsusiyyətlər və ümumbəşəri dəyərlər zəminində tarixi köklərinə sadiq qalaraq inkişaf edən Azərbaycan təhsilinin qloballaşma şəraitində şəxsiyyətin cəmiyyətlə münasibətlərini tənzimləyən aparıcı komponenti və dominant dəyərlər sistemidir.

NAZİLƏ ABDULLAZADƏ

pedaqogika üzrə fəlsəfə doktoru, dosent


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 469

QHT və MEDİA

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...