MÜSAHİBƏ
A- A A+

Qubar bağlayan Qubadlı

2015-09-05 10:40:25

Feyziyyə

“Qab-qacağı əl çıxardıb, yumuşdum, qazanları sürtüb yığmışdım, pəncərələrə təzə pərdələr alıb asmışdım. Bir həftədən sonra oğlumun kiçik toyu idi. Elə ev-eşiyə, həyət bacaya əl gəzdirirdim ki, birdən güclü partlayış səsi gəldi, hər yer silkələndi. Həyətə qaçanda gördüm ki, qrad qonşunun evinə düşüb. Ev sahibi olan qonşu kişi darvazadan küçəyə sarı sürünürdü. Ayağının biri dizdən aşağı yox idi. Adamlar həyətindən çıxıb yol aşağı qaçışırdı. Mən də oğlumun əlindən tutub darvazadan çıxanda qəfil yadıma düşdü ki, qızımı beşikdən götürməyi unutmuşam. Geri qayıdıb, körpəmi götürdüm, xəstəxanaya qaynanamın yanına qaçdım. Qaynanam o vaxt xəstəxanada işləyirdi. Camaat rayona göndərilmiş helikopterlərə sarı qaçışırdı. Mənsə yoldaşımı gözləyirdim. Bilirdim ki, bizim arxamızca gələcək. Çox keçmədi ki, yoldaşım yük maşını ilə gəldi. Göydən mərmi, güllə kimi yağırdı. Yoldaşım biləndə ki, qonşunun evinə mərmi düşüb, kişi ayağını itirib, maşını geri sürdü. Qonşu kişi küçənin ortasında halsız uzanıb qalmışdı. Onu birtəhər qaldırıb maşına qoyandan sonra, tez evə qaçıb, yükdən iki döşək çəkib bayıra sürüdüm. Özümüz heç, uşaqları yerdə yatırda bilməzdik.”

Mətanət xala 1993-cü il ilin avqustunda erməni qəsbkarları tərəfindən işğal olunan Qubadlı qaçqınıdı. Gəlin getdiyi kənddən didərgin düşəndən bəri iki uşağı, yoldaşı və qaynanası ilə Sumqayıtdakı peşə məktəblərinin birində məskunlaşıb. Qubadlı İcra hakimiyyətinin ərazi-idarəetmə şöbəsinin müdiri Məhəmməd Həsənovla rayonun işğalı ilə bağlı görüşə gedəndə həmin qadının söylədikləri yolboyu yadımdan çıxmırdı. O, köçkün həmyerlilərimizdən, iş yerimizdə otaq, avtobusda, metroda yol yoldaşlarımızdan, soydaşlarımızdan biridi. Nə olsun ki, hamının danışmaq, dərdini paylaşmaq imkanı olmur. Deyilənlər, bəsimizdi ki, o məşum gün haqqında kifayət qədər təsəvvürümüz olsun.  Söhbəti yarıda ona görə kəsirəm ki, artıq Qubadlı rayonu İcra Hakimiyyətinin Sumqayıtda yerləşən binasına çatmışam. Bina səhv etmirəmsə, keçən il əsaslı təmir edilib. İçəri olduqca səliqəli və rahatdı. Qapıda dayanmış polis əməkdaşına özümü təqdim edib, Məhəmməd müəllimin otağına qalxdım. Salamlaşandan sonra yarızarafat-yarıciddi ilk dəfə müsahibə verdiyini vurğuladı:

- İcra Hakimiyyətində iyirmi ildən artıq təlimatçı işləmişəm. Bu yaxınlarda məni yeni vəzifəyə təyin ediblər. Qubadlı rayonu qərbdən Ermənistan Respublikası, şimaldan Laçın rayonu, şimal-şərqdən Dağlıq Qarabağ ilə həmsərhəddi. Məlum olduğu kimi 1988-ci ildə münaqişə başlayanda Qərbi Azərbaycanda 250 minə yaxın azərbaycanlı öz yurdundan-yuvasından qovuldu. Dağlıq Qarabağda separatçı qüvvələr fəallaşmağa başladı və Dağlıq Qarabağın Ermənistana birləşməsini tələb etdilər. Elə həmin vaxtdan etibarən mütamadi olaraq rayon atəşə tutulurdu. Yerli əhali gah girov götürülür, gah qətlə yetirilirdi. Bunun qarşısını almaq məqsədi ilə rayonda könüllülərdən ibarət özünümüdafiə dəstələri yarandı. Əhali həm özünü müdafiə edir, həm də təsərrüfat işləri ilə məşğul olurdu. Mütamadi olaraq rayona mərmi atırdılar. Adamların çoxu həyətlərində xəndək düzəltmişdi ki, mərmi atılanda qaçıb gizlənə bilsinlər. Bəziləri isə hündürmərtəbəli binaların altındakı zirzəmilərə sığınırdı. Erməni silahlı qüvvələrinin hücumları zamanı 238 Qubadlı sakini şəhid oldu. Onlardan 122-si döyüşçü, 116 nəfəri isə dinc sakin idi.

1988-ci ildən 1993-cü ilə qədər düz beş il sərasər Qubadlının hər günü mərmi, güllə yağışı altında keçib., 1993-cü ildə Cəbrayıl və Füzuli rayonları işğal olundu. Bundan sonra Qubadlı rayonu demək olar ki, artıq mühasirədə idi.

- Ermənistan, Laçın və Cəbrayıl istiqamətlərindən Qubadlıya hücumlar oldu və qüvvələr qeyri-bərabər olduğundan əhali rayonu tərk etmək məcburiyyətində qaldı. Heç kim evindən əşya çıxara bilmədi. Qubadlı rayonu Həkəri və Bərgüşad çaylarının arasında yerləşir. Bərgüşad Ermənistan tərəfdən axır, Həkəri isə Laçından. Rayonun Həkəri çayı istiqamətində olan kəndlərinə - Xanlıq, Basaraq, Muradxanlı kəndlərinə hücum olundu. Biz bu hücumu gözləmirdik. Rayonlar işğal olunduğundan kömək istəyəcək ünvan da qalmamışdı. Amma Laçında döyüşlər gedəndə Qubadlı könüllüləri getdi. Milli qəhrəman Əliyar Əliyev bilirsiniz ki, Laçında gedən döyüşlərdə şəhid oldu. Bizim rayonun səkkiz Milli Qəhrəmanı var.

O vaxt icra başçısı Həkəri çayı sahilindəki kəndlərdəki vəziyyətə nəzarət etmək, əsgərlərdə, yerli əhalidə ruh yüksəkliyi yaratmaq məqsədi ilə oralara mən də daxil olmaqla işçiləri ezamiyyətə gönədrmişdi. Mən Mərdanlı kəndində idim. Atamgil orda qalırdı. Ermənilər günortadan başlayaraq bütün silah növlərindən atəşlər açmağa başladılar. Onda mən Qubadlının Cəbrayıla ən yaxın postu olan Zilanlı postunda idim. Ermənistan və Dağlıq Qarabağ tərəfdən atırlar. Yolda gördüm ki, artıq camaat qaçır. Mən də özümü atamgilə çatdırıb, qonşunun maşını ilə ailəmi çıxartdım. Ailəmi İmişlidə Şuşadan qaçqın gəlmiş qohumların yanında qoyub, Məmmədbəyli kəndinə vəziyyəti öyrənməyə getdim. Məmmədbəyli Zəngilanın Qubadlı ilə sərhəd kəndidi. Görəndə ki, hərbçilər yolu bağlayıb, başa düşdüm ki, daha kəndlərə gedə bilmərik. Sumqayıta gələndə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə boş otaq tapa bilmədim. Sumqayıtda on üç evdə kirayə yaşamışam. Çox çətin vəziyyət idi. Adamların məskunlaşdığı yerlərin nə kanalizasiya sistemi var idi, nə qapı-pəncərəsi, nə qazı-işığı. Çarəsiz köçkünlər elə yarımçıq tikililərə sığınmışdı ki, sadəcə beton var idi. Qapıya palaz, pəncərəyə adyal tutub qalırdılar. Sonra Nərimanov adına Mədəniyyət Evində məskunlaşdım. Sağ olsun, yerli əhali, bizə çox kömək etdilər. Bəziləri əslən Qubadlıdan olub Sumqayıda yaşayan zavod direktorları, müsəssisə rəhbərləri hər biri öz idarəsində köçkünlərə yaşamaq üçün yer təklif edirdilər.

Məhəmməd müəllimin dediyinə görə rayon rəhbərliyi rayon əhalisinin əksəriyyətinin Sumqayıtda məskunlaşmasını nəzərə alaraq Qubadlı İcra Hakimiyyətinin də bura köçürülməsinə qərar verib:

- Rayonun otuz iki min əhalisindən iyirmi iki mini Sumqayıtda məskunlaşıb. Sumqayıt yeni yarananda müxtəlif dağ kəndlərindən bura işləməyə xeyli adam gəlmişdi. O cümlədən, Qubadlıdan da. Kiminin oğlu, kiminin əmisi, kiminin dayısı burda yaşayırdı. Ona görə də hamı öz qohumunun yanına gələsi oldu və beləcə Qubadlı əhalisi əsasən Sumqayıtda məskunlaşdı.

Bilirik ki, qaçqın və məcburi köçkünlərlə bağlı bir çox layihələr reallaşıb. Suallarımdan biri də adamların icra hakimiyyətindən daha çox nə umduqları ilə bağlı idi.

- Bildiyimiz kimi, dövlət proqramı çərçivəsində məcburi köçkünlər üçün qəsəbələr tikilib. Ailələr böyüyür, insanlar əvvəllər yaşadıqları yataqxana, bağça otaqlarına sığışa bilmirlər. İndi daha çox rayon üçün bir yaşayış massivinin salınması istəyi var. 
Məhəmməd müəllim əhalinin dolanışığından danışdı. Ağır həyat keçirən insanların hekayətlərini hamımız ürək ağrısı ilə görmüşük, eşitmişik. Hamıya ağır idi, çətin idi. Amma isti ocağından didərgin düşmüş Mətanət xalanın dedikləri bir zəngdi - əcəl zəngimi, zəfər zəngimi, ona özünüz qərar verin:

 

"Aydın yol" qəzeti


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1053

QHT və MEDİA

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...