CƏMİYYƏT
A- A A+

"Ovqat"ın ictimai marağa xidmət missiyası - Cahangir Məmmədli

2019-03-08 15:50:51

Azərbaycan televiziyası - AzTV yarandığı ilk çağlardan bu günə kimi özünün bütün proqram formatlarında maarifçilik missiyasını əsas istiqamət seçmişdir

Klassik Azərbaycan maarifçilərinin bu sahədəki arzu və istəklərini, dünyagörüşünü televiziyaya transfer etmiş AzTV bu vəzifəsinin öhdəsindən peşəkarlıqla gəlməkdədir. Yuxarıda qeyd etdiyimiz kimi, AzTV özünün "Xəbərlər" informasiya proqramından tutmuş hətta ilk baxışda əyləncə məqsədi daşıdığını zənn etdiyimiz verilişlərinədək - hər məqamda tamaşaçını maraqlandırmaq və maarifləndirmək funksiyasını önə çəkmiş və bu gün, bəlkə də bu missiyanı daha artıq bir peşəkarlıq səviyyəsilə ortaya qoymaqdadır. Mənim qəti şəkildə bu fikrə gəlməyimin səbəbi bu televiziyanın proqram setkasına təkcə bir tamaşaçı kimi deyil, həm də telejurnalistikaya az-çox bələd olan bir adam kimi bir daha diqqətlə yanaşmağım səbəb oldu. Bu proqram setkasında yer alan veriliş formatları öz tematikası və bu tematikaların peşəkarcasına təqdimatı ilə bu gün daha çox uğur qazanmaqdadır.

Azərbaycan televiziyasının uzun illərdən bəri efirə çıxardığı "Ovqat" proqramı, sözün birbaşa mənasında, maarifçilik missiyası daşıyır. Əlbəttə, "Ovqat" səhər proqramıdır və o da məlumdur ki, televiziyaların səhər proqramları dünya təcrübəsinə əsasən, xeyli dərəcədə tamaşaçının istirahətinə yönəlir. Lakin dünya təcrübəsi onu da sübut edir ki, istirahət və xeyli dərəcədə həm də əyləncə məqsədi daşıyan səhər proqramları maarifçilik vəzifəsinə daha çox diqqət yetirir. Cəsarətlə deyərdik ki, "Ovqat" ciddi bir mədəniyyət proqramı olaraq televiziyanın əsas funksiyalarını əhatə edən məlumatlandırmaq, maarifləndirmək, əyləndirmək kimi üç mühüm vəzifəni eyni zamanda yerinə yetirməkdədir. Xüsusi qeyd edərdik ki, belə bir ciddi məqsədi yerinə yetirmək üçün bir çox şərt vardır. Bu sırada indiki rəhbərliyin yaratdığı müstəqillik ab-havasından tutmuş aparıcı, rejissor, kameraman, prodüser və s. kimi komanda üzvlərinin peşəkarlığı dayanır.

Mən "Ovqat" proqramını baxımlı edən bəzi yaradıcılıq xüsusiyyətləri üzərində dayanmaq istərdim. Bunlardan biri və əlbəttə ki, ən başlıcası aparıcı peşəkarlığıdır. Nəcibə Əlixanova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdiyi vaxtdan televiziyada çalışır. O, aparıcının təkcə milli telekanallarımızda deyil, dünya təcrübəsində özünü göstərən peşəkarlıq keyfiyyətini mənimsəmiş və öz yaradıcılığında tətbiq etməkdədir. Bu peşəkarlıq keyfiyyətlərinin əsasında Nəcibə xanımın proqrama qonaq seçimi, bu qonağın sahib olduğu yaradıcılıq sahəsinə yüksək səviyyədə bələdliyi, qonağı tamaşaçı istəyinə uyğun olaraq danışdıra bilməsi, onun daxili aləmini göstərə bilməsi, proqrama xüsusi rəng qatan musiqi komandasına xarizmatik münasibəti, özünün son dərəcə iddiasızlığı, qonağa suallarının səmimiliyi, ən kritik anlarda belə bu səmimiyyəti qoruya bilməsi və s. kimi onlarca xarakterik xüsusiyyətlər dayanır. Bu mənada mən onu Rusiyanın ORT kanalındakı "Na edine so vsemi" proqramının aparıcısı Yuliya Menşova ilə müqayisə etməkdən çəkinməzdim.

Bütün bu keyfiyyətlər "Ovqat"ın həqiqətən yaxşı bir səhər ovqatı yaratmağına səbəb olur. Əlbəttə, "Ovqat"ın bütün buraxılışları haqqında ancaq müsbət fikirlər demək mümkündür və mən bu barədə əvvəllər də öz sözümü demişəm. "Ovqat"ın, adətən, bütün qonaqları ictimai maraq kəsb edən, öz fikir və düşüncələri, təmsil etdikləri sahələri ilə tamaşaçını cəlb edən adamlar olur. Mən bu məqamda həmin proqramın ötən bazar günü (3 mart 2019) buraxılışı üzərində dayanmaq istərdim. "Ovqat"ın budəfəki buraxılışının qonağı Əməkdar İncəsənət Xadimi, Bakı Xareoqrafiya Akademiyasının professoru Rafiq Sadıqov oldu. Proqramda Rafiq Sadıqovun dərin savadı, Azərbaycan mədəniyyətinə, incəsənətinə doğmalığı, dramaturgiyaya və digər sahələrə dair bilgiləri və bildiklərini son dərəcə maraqlı şəkildə tamaşaçıya çatdırması çox uğurlu alındı. Əlbəttə, proqramın bu istiqamətdə uğrunu təmin edən əsas səbəb aparıcının sual vermək, problem qaldırmaq - bir sözlə, həmsöhbətinin aydın və sərbəst danışmasına yaratdığı efir şəraiti və bir az da dəqiq ifadə etsək, efir mədəniyyəti oldu.

Rafiq müəllimin söhbətin əsas mövzusu ilə bağlı, son dərəcə zəngin bilgiləri, elmi və praktik səviyyəsi var. Lakin bütün bunların ifadəsi üçün aparıcının yaratdığı efir şəraiti çox böyük rol oynayır. R.Sadıqovun xarizmatik xarakterini üzə çıxaran daimi təbəssümü, iddiasız, zəngin fikirləri, bəzən zarafat tərzində yanaşmaları tamaşaçıya xoş təsir bağışladı. Onun Azərbaycan klassik incəsənət nümunələri haqqında, vaxtilə böyük populyarlıq qazanmış teatr, tamaşaları barədə, musiqi, xareoqrafiya haqqında fikirləri bizi həm klassikanı yenidən sevməyə, həm də müasir incəsənət xadimlərinin ənənələrə sədaqətini hiss etməyə yönəltdi. Aparıcının hər hansı bir sənətkar haqqında qısa xatırlatmaları Rafiq müəllimə həmin ustadlar barədə bildiklərini ortaya qoymağa münbit şərait yaradırdı.

Belə məqamlarda həmsöhbətin teatrımızın klassikləri Əli Zeynalov, Mehdi Məmmədov, Nəcibə Məlikova, Hökumə Qurbanova barədə hekayələri çox böyük maraq doğururdu. Maraqlı haldır ki, Rafiq müəllim özünə və bütövlükdə milli incəsənətimizin nəsil-nəsil nümayəndələrinə müəllim və örnək kimi qəbul etdiyi bu ustad sənətkarların hər biri haqqında içində sevgi dolu maraqla söhbət açırdı. Bu böyük sənətkarların hər birinin sənət dünyası, ictmai və şəxsi həyatının tamaşaçıya məlum olmayan və həm də ciddi ictimai maraq doğuran detallarını Nəcibə xanımın qonağı özünə xas olan səmimiyyətlə bizə çatdırdı. Aparıcı nədən söz salırdısa, Rafiq müəllim həmin anda həmin tematikaya bilgili reaksiya verirdi. Belə məqamlardan biri poeziyaya münasibətlə bağlı oldu. Rafiq müəllimdə poeziyaya sonsuz bir maraq və sevgi var, arabir kimdənsə gətirdiyi poetik misralar tamaşaçının duyğularını dilə gətirir. Ancaq səmimi etiraf edir ki, özü şeir yazmır. Çünki şeir yazmaq bacarığı Tanrı vergisidir. Şeir yazmır, ancaq poeziyanı, onun arxitektonikasını ustalıqla, istedadlı bir ədəbiyyatşünas kimi, həm də aktyora məxsus emossionallıqla təhlil edir. Onun Cəfər Cabbarlı, Məmməd Araz, Mikayıl Müşfiq, Nəbi Xəzri kimi bədii söz ustaları haqqında fikirləri tamaşaçıda proqramın qonağına rəğbət və hətta minnətdarlıq hissi doğurdu.

Musiqidən söz düşür və Rafiq Sadıqov studiyada onu "gözləyən" tarı əlinə alaraq kövrək musiqiləri ustad tarzən kimi ifa edir. Bu yerdə aparıcı replika atır, bildirir ki, teatrda vaxtaşırı qəfil hadisələr, dəyişmələr, konfliktlər tamaşanı daha maraqlı edir. Siz də bayaqdan bəri proqamımızı daha maraqlı edən gözlənilməz çıxışlar edirsiniz...

Bu anda Rafiq müəllim yenidən tara əl atır: "Qoyun onda mən bir bir kolliziya da yaradım" (təxminən) deyir və qəsdən yanıqlı bir "Qarabağ şikəstəsi" çalmağa başlayır. Proqramın musiqi qonağı - Əməkdar artist Arzu Əliyeva bu anda onun səsinə səs verir və yanıqlı bir səslə "Qarabağ şikəstəsi" oxuyur... Və tamaşaçı aydınca hiss edir ki, proqramdakı belə səhnələr ekspromt hadisəsidir, əvvəlcədən hazırlanan ssenaridən kənar olub çox güclü effekt yaradır. Beləcə, bəstəkar Ramiz Mirişlinin "Dalğalar"ı, tar-müğənni tandemində proqrama rəng qatır və s.

"Ovqat"ın yaradıcı və texniki komandası proqram üzərində məsuliyyətlə işləyir. Proqramda rejissor işi özünü çox peşəkarlıqla göstərir. Məlumdur ki, "Ovqat" əvvəlcədən lentə alınmış proqramlar sırasındadır və burda canlılığa ehtiyac da yoxdur. Ona görə ki, bu mədəniyyət proqramı mövzudan mövzuya keçid anlarında yeni görüntülərə ehtiyac duyur. "Ovqat"ın haqqında bəhs etdiyimiz buraxılışında qonağın kimdən və nədən danışmağından asılı olaraq xeyli dərəcədə arxiv materialından, portretlərdən, klassik tamaşa və filmlərə aid fraqmentlərdən əlavələr şəklində istifadə edilmişdir.

Deyilənləri belə bir rezyümə ilə bitirmək istərdim: AzTV-nin yeni rəhbərliyinin peşəkarlığa xüsusi diqqəti bütün proqram formatlarında olduğu kimi, "Ovqat"ın da daha effektli ovqat yaratmasında özünü aydın şəkildə göstərməkdədir.

Cahangir MƏMMƏDLİ

BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 255

QHT və MEDİA

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

CƏMİYYƏT

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...