MƏDƏNİ
A- A A+

Füzuli irsinə sonsuz məhəbbətlə...

2019-03-07 16:15:07

Tədqiqatçı Zəkulla Bayramlının yeni kitabı haqqında qeydlər

Füzuli şeiriyyətindən ilhamlanan, öz elmi axtarışlarını bu əsasda quran tanınmış ədəbiyyatşünas, fədakar tədqiqatçı Zəkulla Bayramlının böyük şairin yaradıcılığı ilə bağlı ikinci kitabı işıq üzü görüb. Müəllifin bu yaxınlarda nəşr edilmiş "Füzuli... və ..." kitabı, fikrimizcə, Füzuli yaradıcılığı üzrə aparılan son araşdırmalar içərisində ən qiymətli əsərlərdən biridir. Onu ələ alınca Füzuli işiğını hiss etməyə bilmirsən. Kitabı vərəqlədikcə Z.Bayramlının "Füzuli əsərləriylə tanış olduqdan sonra kimi oxudumsa, istər-istəməz onunla tutuşdurdum, onunla müqayisə etdim və bu dünyada Füzuli varkən başqa bir şairdən nəsə ciddi bir şey yazmağı heç vaxt ağlıma sığışdıra bilmədim", - fikirlərinin səmimiliyinə inanmamaq olmur. Füzuli sevgisinin şair təbiətli Z.Bayramlının qəlbini necə ovsunlaması onun Füzuliyə həsr etdiyi bu məqalələrin hər birində özünü göstərir.

Müəllif Füzuli ilə bağlı apardığı tədqiqatlara həm məsuliyyətlə, həm də sevərək yanaşmış və Füzuli haqqında ən yaxşı sözü deməyi, onun adına layiq tədqiqatlar aparmağı özünə borc bilmiş, həm də bu borcu böyük sevgi və şərəflə yerinə yetirməyə çalışmışdır. Fikrimizcə, müəllif öz istəyinə nail olmuşdur. Bu, onun Füzuli yaradıcılığı ilə bağlı illərlə apardığı tədqiqatların nəticəsi olsa da, hələ son deyildir.

Əsəri oxuduqca müəllifin Füzuliyə olan sevgisindən doğan məsuliyyətlə yanaşı, gərgin əməyi və qələminin gücü xüsusilə nəzərə çarpır. Bu gərgin əmək isə qeyd etdiyimiz kimi, sevgi ilə qovuşuq şəkildə özünü göstərir. Kitaba alimin Füzulinin həyat və yaradıcılığı, yaradıcılıq yolu, sənətkarlığı, poetikası və s.-dən bəhs edən "Bağdaddan doğan günəş", "Axundzadə və Füzuli", "Nigari lirikasına Füzuli təsiri", "Məcnun - tanrı sevgisi", "Füzuli "Divan"larının dibaçəsi nəsr örnəkləri kimi" və s. mövzularla bağlı bir sıra tədqiqatları daxildir. Bu günəşin şüası tədqiqatçının qəlbini isitmiş və bu hərarətin təsiri müəllifin qələminə də sirayət etmiş, sanki Füzuli haqqında deyilməmiş ən gözəl sözləri axtarıb tapmağı qarşısına məqsəd qoymuşdur. Füzulini bir günəşə bənzədən Z.Bayramlının bu prinsipi, demək olar ki, onun bütün məqalələrində, bütün yaradıcılığı boyu gözlənilmişdir.

Kitaba eyni zamanda, müəllifin klassik ədəbiyyatla bağlı apardığı "Şah İsmayıl Xətai", "Sürurinin bir qəzəli haqqında", "Orta yüzillər mühacir şairimiz Hamidi "Divan"ının yeganə avtoqraf nüsxəsi" kimi bir sıra sanballı tədqiqatları da daxildir. Lakin tədqiqatçı alimin Füzuli yaradıcılığı ilə bağlı məqalələri, fikrimizcə, kitaba daxil edilən və Füzuli zirvəsini ən yaxşı tədqiq edən əsərlərdəndir. Müəllif şairin yaradıcılığını müxtəlif rakurslardan tədqiq etmiş və bir çox maraqlı məsələlərə toxunmuşdur. Bu mövqedən yanaşsaq, kitabdakı tədqiqatları aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

1. Şairin həyatı, doğum tarixi;

2. Yaradıcılığı, lirikası;

3. "Leyli və Məcnun" poeması haqqında;

4. Şairin xələfləri və sələfləri; 5. M.F.Axundzadə və Firudin bəy Köçərlinin Füzuli yaradıcılığı ilə bağlı tədqiqatlarına münasibət və s.;

Burada xüsusilə qeyd etmək istərdik ki, tədqiqatçının Füzulinin doğum tarixi və eləcə də Axundzadənin Füzuliyə münasibətilə bağlı qaldırdığı problemlər daha aktual və əhəmiyyətlidir.

Məlumdur ki, klassik dövr sənətkarları ilə bağlı bir sıra önəmli tarixlərin dövrümüzə gəlib çatmaması, müəyyən sənədlərin itib-batması nəticəsində bəzən onların həyatları ilə bağlı dəqiq tarix söyləmək mümkün olmur və çox zaman çaşqınlıq yaranır. Ona görə də tədqiqatçılar bu tarixləri dəqiqləşdirmək üçün ya ikinci dərəcəli mənbələrə, ya da yalnız sənətkarın öz əsərlərinə müraciət etmək məcburiyyətində qalırlar. Bu isə fərqli fikirlərin meydana çıxmasına səbəb olur. Füzulinin doğum tarixi haqqında da müxtəlif fikir və mülahizələr mövcuddur. Füzulişünas alim Z.Bayramlı da "Bağdaddan doğan günəş" və "Füzulinin doğum tarixi doğru deyildir..." məqalələrində Füzulinin doğum tarixinə aydınlıq gətirməyə çalışmış, maraqlı faktlarla çıxış edərək oxucuları bu məsələ ətrafında bir daha düşünməyə sövq etmişdir. Belə ki, tədqiqatçı alim Füzulinin doğum tarixini dəqiqləşdirərkən onun əsərlərindən gətirdiyi bəzi beytlərə və Füzulinin öz ifadələrinə əsaslanmağı daha doğru hesab etmişdir. Bu kimi faktları diqqətlə araşdıran müəllif sonda gəldiyi nəticəni belə ümumiləşdirir: "Füzulinin təxminən 1480-85-ci illər arasında Kərbəla şəhərində doğulduğu daha ağlabatandır". Özü də tədqiqatçı bu fikirləri sözgəlişi demir, mülahizələrinin təsdiqi üçün Füzuli yaradıcılığından gətirdiyi bir neçə qitə, qəzəl və b. əsərlərindən bu kimi misallar təqdim edir:

Ruzi yeyənik ali-rəsulun qapısında,

Bir ömrdür olmuş bizə bu ruzi müqərrər.

... Dünyada qənaətlə bizik kim, bəyənildik

Ağgün qocalar, həm ürəyi varlı fəqirlər.

Alim Füzulinin Nəcəfdə öz arzusu ilə qulluq etməsi məsələsinə də diqqəti yönəldir, onun burada heç kimin fərqinə varmadığı bir zaman kəsimində - əlli il qulluq etdiyini göstərir. Bu baxımdan yanaşdıqda, həqiqətən də, Füzulinin doğum tarixinin daha əvvəllərə gedib çıxması inandırıcı görünür. Müəllif bu fikrini də Füzulinin əsərləri əsasında söylədiyini nəzərə çatdırır, bir qəsidəsindən verdiyi aşağıdakı beytlərlə bunu sübut etməyə çalışır. Belə ki, Hindistan hakimi Nizamülmülk Nəcəf türbəsini ziyarətə gələrkən Füzuli ona bir qəsidə təqdim edir və həmin qəsidədə açıqca deyilir:

Ey sərvər, müddətdir ki,

övliya şahının məddahıyam,

Mənaqibdə əlli il söz sərf etmişəm.

Tağ kimi bu ulu dərgahda mənim sabitliyimə

bir şahid yoxsa da,

"Dal" hərfi kimi ikiqat olmuş qəddim bəs edər.

Müəllif də məhz şairimizin bu kimi avtobioqrafik qeydlərinə arxalanaraq Füzulinin lap qoca-ahıl yaşlarına qədər yaşaması qənaətinə gəlir: "Nəcəf türbəsində əlli il qulluq edən, hətta belinin "dal" hərfi kimi ikiqat olduğunu deyən şairin bəzi tədqiqatçılar tərəfindən süni olaraq "gəncləşdirilməsinin" əksinə olaraq, uzun illər ömür sürdüyü, qoca yaşlarında dünyasını dəyişdiyi məlum olur".

Maraqlıdır ki, tədqiqatçı alim Z.Bayramlı bu deyilənlərlə kifayətlənməyib, axtarışlarını davam etdirib. Füzulinin "Türk Divanı"ndan gətirdiyi beytlər də fikrimizin doğruluğunu bir daha təsdiq edir. Belə ki, bu beytlər də yuxarıda xatırlatdığımız qəsidə ilə eyni mövzudadır və bu beytlərdə də Füzulinin qocalığından bəhs olunur. Bütün bu faktlardan sonra tədqiqatçı Füzulinin doğum tarixinin 1494-cü il yox, məhz 1480-85-ci illər götürülməsini daha məqsədəuyğun və doğru variant hesab edir. Fikrimizcə, başqa füzulişünas alimlərimiz də bu məsələ haqqında bir daha dərindən düşünməlidirlər.

Bu monoqrafik əsərin ən gözəl cəhətlərindən biri də budur ki, müəllif bir sıra tanınmış tədqiqatçıların, görkəmli alimlərin Füzuliyə münasibəti məsələsini xüsusi olaraq qabartmışdır. Bu sırada M.F.Axundzadənin, F.Köçərlinin, Ə.Səfərli və b. adlarını qeyd edə bilərik. Tədqiqatçı Axundovun Füzuliyə münasibətini xüsusilə ön sıraya çəkmiş və daha geniş təhlil etmişdir. Bu da səbəbsiz deyildir. Çünki başqalarından fərqli olaraq, Axundzadə Füzuliyə ədalətsiz münasibət göstərmişdir. Füzuliyə böyük sevgi və məhəbbətlə yanaşan Z.Bayramlı isə Axundzadənin fikirlərini daha obyektiv təhlil etməyi sanki şairin narahat ruhu qarşısında yerinə yetirə biləcəyi bir borc hesab edir və bu borcu ləyaqətlə yerinə yetirməyə çalışır. Təbii ki, bu işdə Füzuli sevgisi onun üçün tükənməz bir ilham qaynağı olmuşdur.

Qeyd etmək istərdik ki, Füzulinin öz dövründən bu günə qədər bir çox tədqiqatçı alimlər Füzuli şeiriyyəti haqqında danışarkən daha çox ona öz heyranlıqlarını ifadə etmişlər. Bunların içərisində M.F.Axundzadənin Füzuliyə münasibəti isə, deyildiyi kimi, çox fərqli, daha doğrusu, ədalətsiz olmuşdur. Belə ki, M.F.Axundzadə "Nəzm və nəsr" adlı məqaləsində Füzuliyə yersiz hücumlar edib, daha doğrusu, onu şair saymadığını açıqca bildirib. Bu məqalə, şübhəsiz ki, bir çox ədəbiyyatşünasların diqqətini cəlb edib, bəlkə bu məqalə ilə tanış olmayan tədqiqatçı alimə rast gəlmək də çətindir. Lakin məqalədəki fikirlərə münasibət bildirmək, Füzuliyə vurulan bu zərbəni mənən aradan qaldırmaq haqqında çoxları düşünməmiş, düşünmüşsə də, əməli iş görməmişlər.

Təbii ki, Füzuli haqqında deyilən sözlər, bəlkə də, adi bir tədqiqatçı tərəfindən deyilsəydi, başa düşmək olardı. Lakin əgər bu sözlər Azərbaycan dramaturgiyasının banisi, geniş dünyagörüşə və təhsilə malik bir şəxs tərəfindən söylənilirsə, o zaman bunun əsl səbəblərini araşdırmaq və həqiqəti ortaya çıxarmaq gərəkdir ki, bu işi də füzulişünas alim Z.Bayramlı layiqincə görüb. İndiyədək bəzi tədqiqatçılar Axundzadənin məlum məqaləsiylə bağlı fikir söyləsələr də, Axundzadəyə toxunmamağa çalışmış, daha çox "nə şiş yansın, nə kabab" prizmasından çıxış ediblər. Çünki yuxarıda qeyd etdiyimiz kimi, Axundzadə sıradan biri deyildi. Görünür, elə bu məsələdə uzun müddət çoxlarını susmağa vadar etmişdi.

Z.Bayramlı isə Axundzadə və Füzuli probleminə toxunarkən (fikrimizcə, burada məhz "problem" sözü yerinə düşür.) Axundzadənin şairə haqsız münasibətinin əsl səbəblərini arayıb axtarır və olduqca maraqlı nəticələrə gəlib çıxır.

Bəs görəsən, əsrlərdir qəzəlləri dillərdən düşməyən, hamı tərəfindən sevilən və qəlbi bütün insanlığa sevgi ilə dolu olan dahi şairimizə Axundzadənin bu cür ədalətsiz münasibətinə səbəb nə idi? Nə idi onu Füzulini bu cür gözdən salmaq istəyən ifadələr işlətməyə vadar edən? Bu sözlər hər hansı məqsəd üçün deyilmişdir, ya Axundov həqiqətən belə düşünürdü? Bütün bu suallar Z.Bayramlının "Axundzadə və Füzuli" məqaləsində geniş şərhlərlə və tam aydınlığı ilə öz həllini tapıb və deyərdim ki, çox güman, ulu Füzulinin ruhu bu yazıdan sonra çox sevinib.

Bir daha qeyd etməyi vacib bilirik ki, Z.Bayramlının həm bu məqaləsi, həm də elmi-nəzəri əsaslara söykənən digər yazıları Füzuli sevgisindən qaynaqlanıb, bu tükənməz sevgidən güc alıb.

Səltənət ƏLİYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 436

QHT və MEDİA

2019-03-20 12:10:55

QHT və MEDİA
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...

Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid ailələrinə diqqət v...

2019-03-19 10:05:59

QHT və MEDİA
Şura yeni elektron xidmətlə bağlı məluma...
Şura yeni elektron xidmətlə bağlı məluma...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...

2019-03-18 08:35:58

İQTİSADİ
Azərbaycan üzərindən keçən tranzit layih...
Azərbaycan üzərindən keçən tranzit layih...

Bakının neft sənayesinin beşiyi olduğunu xatırladan Pərviz Şahbazov bir əvvəl...