SİYASƏT
A- A A+

Xocalı soyqırımından 27 il ötür

2019-02-26 09:05:07

Bu gün Xocalı soyqırımında 27 il ötür. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal ediblər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törədiblər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən, 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub. Azərbaycanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluğunun Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar yaydığı birgə bəyanatda deyilir ki, Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil,

Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub: "Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi. Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən aparılan istintaqla bir sıra hərbi qulluqçu və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımı, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa və digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar çıxarılıb.

Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7000-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən, 1771 şahid və 2699 zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaq hərəkətləri icra edilib. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı hərbi güc tətbiq etməsini və təcavüz zamanı beynəlxalq humanitar hüququ ciddi şəkildə pozmasını BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri başda olmaqla çoxsaylı beynəlxalq təşkilatların qərar və qətnamələrində qəti şəkildə pisləyib.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlib. Hazırda 16 dövlətin milli qanunvericilik orqanı, həmçinin, İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.

Lakin Ermənistan hələ ki, dünya ictimaiyyətinin mövqeyinə, xüsusilə Azərbaycanın zəbt olunmuş torpaqlarından işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam geri çəkilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymur və beləliklə, beynəlxalq hüququ kobudcasına pozmağa davam edir. Ermənistan qəsb olunmuş ərazilərdə hərbi mövcudluğunu saxlayaraq, həmin ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirərək, yüz minlərlərlə azərbaycanlının orada yerləşən doğma yurd-yuvalarına qayıtmasının qarşısını alaraq, işğala əsaslanan mövcud status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir.

Ermənistan Respublikasının beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsuliyyətləri ilə yanaşı, beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən, Xocalı şəhərində törədilənlər də daxil olmaqla silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur. Bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, eləcə də onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar. Məlumdur ki, ötən il Ermənistan əhalisinin kütləvi etirazları nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış həmin ölkənin əvvəlki rəhbərliyinin bəzi nümayəndələri, digər çoxlu yüksək rütbəli siyasi və hərbi rəsmiləri və Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin rəhbərləri ilə birlikdə, Azərbaycan torpaqlarının zəbt olunmasında və Xocalı da daxil olmaqla azərbaycanlı mülki şəxslərə və hərbçilərə qarşı zorakılıqda şəxsən iştirak ediblər.

Öz təqsirini utanmadan etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri və sabiq prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində demişdir: "Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq" (Tomas de Vaal, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Nyu York və London, Nyu York Universiteti Nəşriyyatı, 2003), səh. 172).

Danılmaz faktdır ki, bu gün ən qatı beynəlxalq cinayətlər, o cümlədən, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırımı və etnik təmizləmədə adı hallandırılan heç bir şəxsə onun indiki və ya əvvəlki hər hansı statusu immunitet verə bilməz. Bununla əlaqədar, hal-hazırda Ermənistanda öz xalqına qarşı müxtəlif cinayətlərin törədilməsi ittihamları ilə barələrində istintaq və məhkəmə prosesləri aparılan şəxslərin Azərbaycan xalqına qarşı ən ağır cinayətlərin törədilməsinə görə də məsuliyyətə cəlb edilməsi həm beynəlxalq ədalətin bərqərar olunması, həm də Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla danışıqlar vasitəsilə nizama salınmasına mühüm töhfə verə bilər. Məhz belə olacağı təqdirdə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin və ümumiyyətlə, dünya ictimaiyyətinin dəstəklədiyi Ermənistan və Azərbaycan əhalisinin sülhə hazırlanması və qarşılıqlı surətdə etimadın yaradılması istiqamətində gerçək irəliləyişin baş verməsinin mümkünlüyü artacaq.

Azərbaycan Respublikası əmindir ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə çıxarılmasına xidmət edəcək". Qeyd edək ki, bu gün səhər Azadlıq meydanından başlayaraq Xocalı qurbanlarının xatirəsinə ucaldılan "Ana Harayı" abidəsinə kimi ümumxalq yürüşü olacaq.


Kateqoriya : SİYASƏT Baxış sayı : 185

QHT və MEDİA

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

2019-05-23 09:20:12

QHT və MEDİA
Cənubi Karolina ştatının qubernatoru ADR...
Cənubi Karolina ştatının qubernatoru ADR...

Bəyannamədə 1918-ci il may 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli re...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...