SİYASƏT
A- A A+

Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür

2019-02-16 09:05:35

Dövlətimizin başçısı İlham Əliyevin çox aktiv siyasi liderlik həyatı yaşadığını hər kəs qəbul edir. Azərbaycan Prezidenti yorulmadan müstəqil dövlətçiliyin inkişafı naminə səmərəli proqramlar reallaşdırır

Siyasət və diplomatiya sahəsində ölkə başçısının əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə açıq etiraf edilir. Bununla yanaşı, İlham Əliyev jurnalistlərlə də ünsiyyətə tam açıq liderdir. Dünyanın müxtəlif ölkələrinin aparıcı nəşrləri ondan müsahibələr götürür, fikirlərinə böyük maraq göstərirlər. Azərbaycan mediası da dövlət başçısı ilə ünsiyyətə çox can atır.

Son olaraq Prezident Real televiziyasına geniş müsahibə verib. Dövlət başçısı müsahibədə KİV-lə ünsiyyətində hər şeydən öncə Azərbaycan dövlətçiliyinin maraqlarına üstünlük verdiyini ifadə edib. Bu, çox əhəmiyyətli yanaşmadır və Prezidentin fəaliyyətinin mahiyyətini dərk etməyə yardımçı olur. Həmin kontekstdə biz, müsahibənin bir sıra məqamları üzərində geniş dayanmağa böyük ehtiyac duyduq. Dövlətçilik və müstəqillik naminə: jurnalistlərlə münasibətin başlıca meyarı Azərbaycan müstəqil dövlət kimi Cənubi Qafqazın ən cazibədar ölkəsidir. Dünyanın inkişaf etmiş ölkələri bu məkanda əməkdaşlıq üçün ilk olaraq Azərbaycanı düşünürlər. Lakin keçən əsrin 90-cı illərinin əvvəlində mənzərə tamamilə fərqli idi. Hətta dünya xəritəsindən Azərbaycan adlı dövlətin silinəcəyini gözləyənlər də var idi. İndi, müstəqilliyin 27-ci ilində isə regionun lideri olan qüdrətli Azərbaycan mövcuddur. Bu, ulu öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu kursunun həyata keçirilməsinin birbaşa nəticəsidir. Və hazırda Prezident İlham Əliyev həmin kursu müasir tələblər səviyyəsində böyük uğurla həyata keçirir. Dövlət başçısının Real televiziyasının rəhbərinə müsahibəsinin məzmunu bu qənaəti bir daha təsdiq edir.

İlham Əliyev növbəti dəfə səmimi, millətini və müstəqil Azərbaycanı çox sevən, bu yolda yorulmadan çalışan və hər bir vətəndaşın Prezidenti olmağı bacaran lider kimi özünü göstərdi. Müsahibə boyu verilən suallara açıq, konkret və məzmunlu cavablar verən ölkə rəhbərinin qətiyyətli və strateji məsələləri dərindən bilən siyasi xadim olduğu aşkar göründü. Hər şeydən öncə, Prezident Azərbaycan mediasına olan münasibətini açıq ifadə edib. İlham Əliyev vurğulayıb: "...mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır". Burada dövlət başçısı üç maraqlı məqamı ifadə edib.

Birincisi, İlham Əliyev dövlət başçısı kimi həmişə medianın inkişafına xüsusi diqqət yetirib. Prezidentin bu istiqamətdə atdığı addımlardan bu, aydın görünür. Nəşrlərə qayğı, jurnalistlərə hərtərəfli dəstək, söz azadlığının təmin olunması və digər məsələlər üzrə Azərbaycan mediasına ölkə rəhbərinin dəstəyi çox böyükdür. İkincisi, Prezident lakonik surətdə vurğulayır ki, Azərbaycan mediası ölkənin sosial, siyasi, mədəni və informasiya həyatında əhəmiyyətli rol oynayır. Media bu istiqamətdə kifayət qədər fəaldır. Bu o deməkdir ki, İlham Əliyev həyata keçirdiyi islahatlar siyasətində cəmiyyətin inkişafına, demokratik qaydada fikirlərin sərbəst ifadə edilməsinə və bu prosesdə jurnalistlərin aktiv olmasına daim önəm verib. Üçüncüsü, Prezident özü mediadan geniş istifadə edir. Dövlət başçısı deyir ki, fəaliyyətində mediadan yararlanır, verilən informasiyalara diqqət yetirir. Dövlət başçısının belə nümunəvi və demokratik davranışı bütün məmurlar üçün model olmalıdır. Müasir tarixi mərhələdə mediasız tərəqqi mümkün deyil. İnformasiya bütövlükdə inkişafın əsas faktoru kimi getdikcə daha çox əhəmiyyət kəsb etməkdədir.

Prezident bu həqiqəti cəmiyyətə bir daha çatdırdı.

Bunun fonunda ölkə rəhbəri Azərbaycan jurnalistləri ilə ünsiyyətinin bir sıra özəl məqamlarını da ifadə edib. Prezident vurğulayıb ki, "...bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir". Konkret ifadə etsək, dövlət başçısı KİV ilə ünsiyyətində başlıca meyar kimi yenə dövlətçiliyi götürür. İlham Əliyev qısamüddətli maraqlar üzrə deyil, tarixi dövlətçilik maraqlarını nəzərə alaraq fəaliyyət göstərir. İndiki tarixi mərhələ isə tələb edir ki, Azərbaycan müstəqil dövlət kimi dünyada əsl simasında tanınsın. Həmin mənzərəni Prezident dolğun təsvir edib: "Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni, bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq". Bu səbəbdən İlham Əliyev ingilis və rus dillərində gözəl müsahibələr verib, həm Azərbaycanı anladır, həm də yüksək peşəkar səviyyədə siyasi lider olduğunu nümayiş etdirir. İnformasiya mübarizəsinin dünya siyasətində ciddi yer tutduğu bir dönəmdə, təbii ki, bu, olduqca səmərəli üsuldur.

Vəzifə və məsuliyyət: dövlət başçısının fəaliyyətinin işıqlandırılması

Məsələnin digər tərəfini də dövlət başçısı konkret ifadə edib. İlham Əliyev vurğulayıb: "...mən ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi müntəzəm olaraq müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada uğurlara nail olmuşuq, harada hələ ki, həll olunmamış problemlər, nöqsanlar var və həm də görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müxtəlif mövzularla bağlı müntəzəm olaraq öz fikirlərimi çatdırıram".

Burada ölkə rəhbəri əhəmiyyətli bir məqamı ictimaiyyətə çatdırır. Məsələ ondan ibarətdir ki, Prezidentin rəsmi tədbirlərdə, hesabat xarakterli iclaslarda ifadə etdiyi fikirləri media insanlara çatdırmalıdır. İnformasiya formasında, təhlillər və proqnozlarla, ölkə rəhbərinin apardığı siyasətin dərin qatlarını açmaqla bu işi görməlidir. Azərbaycan mediasının hər bir qurumu bu işi görə bilirmi? Təəssüf ki, görə bilmir, bəziləri isə görmək istəmir. Bu da bütövlükdə dövlətçiliyə zərər verən haldır. Yəni jurnalistlər dövlət başçısı ilə ünsiyyəti onun söylədiyi fikirləri doğru-düzgün, səmərəli üsulla, təhlil və proqnostik aspektdə kütləviləşdirməklə də qura bilərlər. Bizcə, cəmiyyətin inkişafı baxımından məsələnin bu cəhəti də son dərəcə önəmlidir.

Əslində, Prezident müsahibəsinin sonrakı hissəsini yenə də sırf dövlətçilik mövqeyindən həyata keçirilən siyasi kursun konkret nəticələrinə həsr edib. İlham Əliyev hazırda ölkədə aparılan islahatların əsl mahiyyətini bir daha açıqlayıb. Əhalinin müxtəlif təbəqələrini əhatə edən sosial təminat siyasətinin dəqiq hədəflərinin reallaşma dinamikasını lakonik ifadə edib, idarəetmənin təkmilləşdirilməsi çərçivəsində yeni üsulların tətbiqini əsaslandırıb (məsələn, "ASAN xidmət" Azərbaycan brendi kimi), ordu quruculuğu və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımların məzmunu, Azərbaycanda beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının təşkilinin siyasi və geosiyasi əhəmiyyəti, gənclər siyasəti və ölkədə sabitliyin təmin edilməsinin dövlətçiliyin qorunması baxımından əhəmiyyəti kimi aktual məsələləri geniş izah edib.

Bunlar dövlət başçısının həyata keçirdiyi proqramların tam siyahısı deyil. Ancaq sadalananların obyektiv işıqlandırılmasının bütövlükdə ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti dünyaya anlatmaq üçün faydalı olduğuna şübhə yoxdur. Deməli, əslində, Prezident-media mənsubları münasibətlərindən danışarkən jurnalist məsuliyyətini ön sıraya qoymalıyıq. Hər bir jurnalist düşünməlidir: "mən ölkəmə necə xidmət edirəm, informasiyanı doğru və obyektiv çatdırırammı?". Təbii, KİV-də informasiyanı tərəfsiz yaymaq önəmli bir göstəricidir. Lakin bunun üçün jurnalist qərəzsiz olmalı və hansı ölkənin vətəndaşı olduğunu unutmamalıdır. Ümumiyyətlə, bitərəf söz və ya fikir yoxdur, çünki hər bir kəlmə hansısa konkret dildə və konkret şəxs tərəfindən deyilir. Bu, artıq mövqedir.

Beləliklə, Prezident bir müsahibəsində Azərbaycanın siyasi, sosial, iqtisadi, beynəlxalq və mədəni həyatının demək olar ki, bütün aspektlərini əks etdirən fikirlər söylədi. Bir daha bütün dünyaya aydın oldu ki, Azərbaycan rəhbəri dərin düşünülmüş daxili və xarici siyasət yeridir. Ən inkişaf etmiş ölkələrdə belə özünü göstərən bir sıra çətinliklərin fonunda bu kurs çox səmərəli və milli maraqlara xidmət edən mükəmməl sistemin əsasını təşkil edir. Məsələnin bu tərəfi xüsusi analiz olunmalıdır və biz ona ayrıca yazı həsr etməyi düşünürük. Newtimes.az


Kateqoriya : SİYASƏT Baxış sayı : 333

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...