SİYASƏT
A- A A+

Dmitri Savelyev: Azərbaycan Prezidenti Davos forumundan ölkənin uğurlarını nümayiş etdirmək məkanı kimi bacarıqla istifadə edir

2019-01-30 08:05:44

.

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun işi başa çatıb. Dünyanın siyasi və işgüzar elitası nümayəndələrinin builki görüşündə ən nəzərəçarpan iştirakçılardan biri Azərbaycan Prezidenti İlham Əliyev olub. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində dünya birliyində Azərbaycanın artan rolu və bu artımın Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığına təsiri barədə danışıb.

-Dmitri İvanoviç, Siz Davos iqtisadi forumunu necə səciyyələndirərdiniz?

-İlin mühüm beynəlxalq hadisələrindən biri statusuna malik olan bu tədbir artıq yarım əsrə yaxındır ki, keçirilir. Bəzən Davos forumunu dünyanın beyin mərkəzi adlandırırlar, çünki praktiki olaraq bütün ölkələrdən Davosa toplaşan aparıcı siyasətçi və iqtisadçılar dünya iqtisadiyyatının yeni trendlərini müəyyən edir və kollektiv strategiyanı əlaqələndirirlər. Bu Foruma əliboş gəlmirlər, axı, dünya miqyaslı ideyaları və investisiya layihələrini məhz burada təqdim etmək olar. Bu sahədə inanılmaz rəqabət gedir və Dünya İqtisadi Forumunun səriştəli auditoriyasını nəyləsə maraqlandırmaq çox çətindir.

-Siz Azərbaycanın bu Forumda iştirakını necə qiymətləndirirsiniz?

-Prezident İlham Əliyev bu foruma hər il perspektivli layihələr və təkliflər portfeli ilə gəlir, həmin layihələr və təkliflər hər dəfə potensial investorların güclü marağına səbəb olur. Transmilli korporasiyaların bəzilərinin rəhbərləri hətta açıq etiraf edirlər ki, onlar Davosa məhz Azərbaycan lideri ilə görüşmək üçün gəliblər. Bunlar quru sözlər deyil: Azərbaycan Prezidentinin Forum çərçivəsində iş cədvəlini təhlil etsək görərik ki, İlham Heydər oğlu dörd gün ərzində iri biznes nümayəndələri və siyasi xadimlərlə onlarca görüş keçirib. Azərbaycan Prezidenti bu Forumdan ölkənin iqtisadi sahədə qazandığı bütün uğurları təqdim etmək mümkün olan bir məkan kimi bacarıqla istifadə edir. Axı, Azərbaycanın təcrübəsi energetika sahəsində əldə edilmiş gəlirləri rentabelli infrastruktur layihələrinə nə dərəcədə uğurla sərmayə qoymaq mümkün olduğunu göstərən parlaq nümunədir. Azərbaycan öz coğrafi mövqeyindən səmərəli istifadə edərək ölkələri birləşdirən beynəlxalq hab missiyasını öz üzərinə götürüb. Respublika elektrik enerjisi istehsalına və qazlaşdırma səviyyəsinin artırılmasına (ölkədə bu göstərici 95 faizdir), yol tikintisinə (yolların keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yeri tutur), həmçinin “Şimal-Cənub” nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və ya Ələt Beynəlxalq Ticarət Limanı kimi qlobal layihələrin həyata keçirilməsinə çox sanballı vəsait qoyur. Bütün bunlar son 15 ildə ölkəyə genişmiqyaslı – 250 milyard dollara yaxın sərmayə cəlb etməyə imkan verib. Dünya Bankının “Doing Business” hesabatında əks olunmuş məlumatlara görə, hazırda Azərbaycan iqtisadi inkişaf sürəti üzrə dünyada 25-ci yerdədir. Bir il ərzində respublika 32 bənd irəliləyib. Bu, rekord artımdır.

-Sizin fikrinizcə, Azərbaycanın bu qədər sürətlə inkişaf etməsi neft-qaz gəlirlərindən bacarıqla istifadə edilməsindən başqa daha nəyin sayəsində mümkün olur?

-İqtisadiyyata savadlı rəhbərlik edilməsə, təbiətin respublikaya bəxş etdiyi ehtiyatlar gərəksiz bir yük kimi qalardı. Bu məsələdə Azərbaycanın rəhbər sarıdan çox bəxti gətirib: Prezident İlham Əliyev vəziyyəti bir neçə gediş qabaqcadan hesablamağı bacarır, perspektivli layihələri və innovasiya ideyalarını dərhal hiss edir və qiymətləndirir. Bundan əlavə, o, diplomatiya istedadına malikdir, axı, Azərbaycan özünün bütün qonşuları ilə (əlbəttə, Ermənistan istisna olmaqla) əla münasibətlər yarada bilib. Bu ölçülüb-biçilmiş, çoxvektorlu siyasət həm də sanballı iqtisadi səmərə verir. Rusiya ilə tərəfdaşlıq buna əla nümunə ola bilər: burada mehriban qonşuluq münasibətləri genişmiqyaslı müştərək layihələrin əsası olub.

-Xahiş edirəm, Azərbaycan Prezidentinin Davosda Rusiya nümayəndə heyətinin üzvləri ilə görüşlərinin yekunları barədə danışın.

-Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. Forumun kuluarlarında Prezident İlham Əliyev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüş keçirib. Azərbaycan lideri respublikanın ərazisində iri neft-qaz layihələrinin həyata keçirilməsi məsələsini dünyanın aparıcı neft şirkətlərinin rəhbərləri ilə müzakirə edib. Onların arasında Rusiyanın “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərov da vardı. VTB Bankı Azərbaycanda çoxdan və səmərəli fəaliyyət göstərir. Prezident İlham Əliyev bu əməkdaşlığın perspektivləri barədə VTB Bankının prezidenti Andrey Kostinlə fikir mübadiləsi aparıb. Təkrar edirəm: bütün perspektivli və innovasiyalı layihələr azərbaycanlıları maraqlandırır, çünki respublikanın maliyyə sabitliyinin güclənməsi rəqəmsal iqtisadiyyatın təməlini qoyur. Məsələn, Azərbaycan dəmir yolları boyunca çəkilən magistral optik-lifli rabitə xətləri Azərbaycanın Rusiya və digər qonşu dövlətlərlə davamlı genişzolaqlı rabitə imkanlarını formalaşdırır.

-İqtisadiyyat sahəsində Rusiya-Azərbaycan münasibətlərinin cari vəziyyətini necə qiymətləndirirsiniz?

-Bizim ölkələrimiz arasında münasibətlərə müəyyən hədd qoymaq çətindir, çünki iqtisadi əməkdaşlıq daim hərəkətdədir, inkişaf edir və genişlənir. Müxtəsər desək, təkcə 2018-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 20 faiz artaraq, təqribən 2,5 milyard dollara çatıb. Bu göstərici onun sayəsində əldə edilib ki, biz qarşılıqlı kapital qoyuluşunu genişləndirməyə (bu gün kapital qoyuluşunun həcmi 5 milyard dollara yaxındır), sənaye sahəsində kooperasiyanı dərinləşdirməyə, habelə müştərək şirkətlərin və istehsalatların fəaliyyətini stimullaşdırmağa nail olmuşuq. Prezidentlər Vladimir Putin və İlham Əliyev arasında sentyabr ayında aparılmış danışıqların yekunlarına əsasən, Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının üstün istiqamətlərini əks etdirən beş “yol xəritəsi” işlənib hazırlanıb. 2018-ci il dövlətlərimizin tərəfdaşlığı və ticari-iqtisadi münasibətlərin inkişafı baxımından xüsusilə uğurlu olub.

-Siz əsas amillər kimi məhz hansı amilləri fərqləndirərdiniz?

-Belə amillərdən biri Xəzər dənizinin Hüquqi Statusu barədə Konvensiyanın imzalanması oldu. Bu tarixi sənəd diplomatların və siyasətçilərin çoxillik gərgin əməyinin nəticəsidir. Xəzərdən və onun təbii ehtiyatlarından istifadə məsələsində Xəzəryanı dövlətlərin hüquq və vəzifələrini müəyyən edən bu Konvensiya sayəsində indi Rusiya və Azərbaycan şirkətləri neft hasilatı, nəqliyyat, yükdaşımalar, turizm, balıq ovu, ekologiya və Xəzərin bioloji ehtiyatlarının qorunub saxlanması sahəsində çoxsaylı layihələri birgə həyata keçirə biləcəklər. Ölkələrimizin regionlararası səviyyədə qarşılıqlı əlaqələrinin inkişafı daha bir mühüm amil oldu. Bu gün bizim ölkənin 83 regionundan 71-i Rusiyanın cənub qonşusu ilə əməkdaşlıq edir, onlardan 20-si Azərbaycan ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalayıblar. Bütün bunlar biznesi daha fəal inkişaf etdirməyə, ticarəti və humanitar əlaqələri genişləndirməyə imkan yaradır. İqtisadiyyat siyasətin əsasıdır. Ona görə deyə bilərik ki, Rusiya və Azərbaycan möhkəm iqtisadi baza əsasında həqiqətən dürüst və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri qurmağa nail olublar.


Kateqoriya : SİYASƏT Baxış sayı : 438

QHT və MEDİA

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...