
Bu suala cavab verməmişdən əvvəl ideoloji işlə bağlı olan bəzi məqamlara toxunmaq istərdim...
Əvvəlcə deyim ki, damcıyla düşən su qayanı yarıb özünə yol açır. Qaya nə qədər bərk olsada belə, su damcısı onu yarmaq gücündədir. Yeri gəlmişkən bir faktı söyləyim ki, Ağdamda bir “Çömçəli bulaq” var idi. Fərux yüksəkliyi həndəvərində. Xıdırlı kəndinin ərazisi olsada, bulaq başına qonşu erməni kəndi olan Xoramord kəndindən gedirdin. Bir metr yüksəklikdən düşən su damçısı qaya da çömçə fiquru əməl gətirdiyindən hamı “Çömçəli bulaq” deyirdi. Səfalı yerlərimizdən idi...
Qayıdaq mətləbə.
Hər bir dövlətin əsasını ideoloji iş təşkil edir. Açığı yuxarıda qeyd etdiyim su damcısının gördüyü işi dövlətdə ideoloji iş görür. Bu sahədə yalnışlığa yolverən iqtidar sahibləri postu erkən tərk etməli olurlar. Yüksək ideoloji iş ölkənin həm müdafiə gücünə, həm də iqtisadi potensialına bərabər tutulur. Fikrimcə, müharibə şəraitində olan ölkəmizində ideoloji işi yüksək qurulmalı və ilk qələbəmizi də məhz bu cəbhədə qazanmalıyıq.
Deməliyəm ki, görülən işlər göz önündədir. Azərbaycan on il əvvəlki Azərbaycan deyil. Bütün sahələrdəki irəliləyişimiz və qazandığımız nailiyyətlərin kökündə ideoloji işin uğurları da dayanır. İstər “Avroviziya” müsabiqəsi, istərsə də ilk Avropa oyunları ölkəmizin təbliğində ciddi rol oynaması şübhəsizdir. Amma etiraf etməliyik ki, nə qədər ölkəmizi təbliğ etsəkdə, hələki son istəyimizə çatmamışıq. Yəni Qarabağımız düşmən tapdağı altındadır. İyirmi ildən artıqdır ki, istəyimizi həyata keçirə bilmirik...
Gec-tez torpaqlarımıza qayıdacağımıza şübhəm yoxdur. Amma əlimizi yana salıb gözləmə mövqeyində də qala bilmərik. Məhz bu məqamda ideoloji işə üstünlıük verməliyik. Unutmaq olmaz ki, Qarabağsız böyüyən gəncin 25 yaşı tamam olub. Bu gənc öz doğma yurd-yuvası, el-obası barədə, işğal altında qalan maddi-mədəni irsimiz barədə nə qədər məlumatlıdır? Sabah doğma yurduna qayıdan gənc hansı hissləri keçirə bilər. Bilirikmi?
Fikrimcə, bu suala ən doğru cavabı “Qarabag” televiziyası verə bilər. Televiziya ideologiyanın ən aparıcı qüvvəsidir. ABŞ-ın İraq və Yaxın Şərqdə apardığı müharibələri zamanı telekanalların oynadığı rolu əvəzsizdir. Bu gün Rusiyanı götürək. Ölkə ən gərgin dövrü yaşasada televiziyaların sivil yolla dövlət siyasətini təbliğ etməsi əhalidə dövlətə etimadı və etibarı dayanıqlı edir.
“Qarabag” Televiziyasının məhz cəbhə zonasında açılması, orada fəaliyyət göstərməsi güclü ötürücülərlə Ermənistana kimi ən sadə üsullarla yaylılması qələbəmizi bəlkə təmin edə bilər və ya ən azı Qarabağımızı bizə yaxınlaşdıra bilər. Üstəlik ermənicə verilişlərin təşkili, ermənilərə özlərinin fitnəkarlığını isbat edən verilişlərin göstərilməsi, erməni şovinizminin açılmasında rolu əvəzsiz olacaqdır.
Son olaraq qeyd edim Millət vəkili xanım Flora Qasımovanın bu təklifi təqdirəlayiqdir. Bu günkü televiziyaların əksəriyyətinin milli-mənəvi dəyərləri zəif təbliğ etdiyini nəzərə alsaq onda bu televizyanın açlımasının böyük rolu ola bilər.
Vüqar Tofiqli
