MƏDƏNİ
A- A A+

“Sənətşünas taleyi”

2019-01-28 09:05:57

“Letterpress” nəşriyyat evində nəfis şəkildə çap olunan növbəti kitab belə adlanır - “Sənətşünas taleyi”.

Bu kitab Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin 70 illik yubileyinə həsr olunub. Kitaba sənətşünasın müxtəlif illərdə respublikamızın qəzet və jurnallarında çap olunmuş məqalələri və sənət haqqında fikirləri daxil edilib. Mətnin çoxsaylı illüstrasiyalarla müşayiət olunması yazıların əyaniliyinə kömək edir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda görkəmli sənətşünasın 70 il ərzində qazandığı uğurlarla yanaşı, mənsub olduğu millətin sənət dünyasına bələdliyi, sənət və sənətkarlar haqqında düşüncələri də yer alıb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru A.Xəlilovun redaktor olduğu 494 səhifəlik bu kitab “Keçmişə salam”, “Bir əsərin tarixçəsi”, “Müasirlərimiz” və “Düşüncə quraması” bölmələrindən ibarətdir.

Hər bir yazıda Ziyadxan Əliyevin özünəməxsus üslubu, heç bir sənətşünasa bənzəməyən yanaşması və sənət haqqında dəyərli fikirləri yer alıb. Qeyd edək ki, Ziyadxan Əliyev 20-dən çox monoqrafiyanın və yüzlərlə elmi-publisistik məqalənin müəllifidir. Z.Əliyev, həm də Azərbaycan Rəssamlar İttifaqının nəzdindəki “Tənqid və sənətşünaslıq” bölməsinin sədri kimi milli incəsənətimizi fəal şəkildə nəinki respublikamızda, onun sərhədlərindən çox-çox uzaqlarda da təbliğ etməkdədir. O, 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonra isə İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976-1982) təhsil alıb. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvüdür.

Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində başlayan Z.Əliyev, əvvəlcə elmi işçi, sonra isə “Qərbi Avropa və rus incəsənəti” elmi şöbəsinin müdiri vəzifəsində çalışıb. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə dünya və milli təsviri sənətimizin öyrənilməsi, təbliği sahəsində səmərəli fəaliyyət göstərib.

Həmin illərdə onun tədqiqatları sayəsində indiyə kimi elmə naməlum qalmış fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan rəssamı Qənbər Qarabağinin və görkəmli memar Zivərbəy Əhmədbəyovun rəngkarlıq və qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində müəllifliyi müəyyən olunub. Etiraf edilib ki, bu cür uğurlu elmi atribusiyalar milli sənətşünaslığımızda və muzeyşünaslığımızda rast gəlinən nadir hadisələrdəndir.

Sənətşünas Ziyadxan Əliyev həm də təsviri sənətimizin müxtəlif sahələrinə aid çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. O, hələ təhsil illərində “Qobustan” jurnalında “Şamaxının qədim abidələri” adlı ilk məqaləsini çap etdirməklə sənətşünaslıq elminə qədəm qoyub. Bundan sonra onun yüzdən çox elmi məqaləsi həm Azərbaycanda, həm də xarici dövlətlərin nüfuzlu jurnallarında dərc olunub. O, təsviri sənət sahəsində həm də bir çox elmi tapıntılara nail olmuş mütəxəssis kimi tanınır. Onun 1989-cu ildə nəşr olunmuş “Azərbaycan ekslibrisi” kitabı apardığı tədqiqatın nəticəsində işıq üzü görüb. Bu nəşrdə o, ilk ekslibrisin - kitab nişanının Avropadan da çox qabaq Şərqdə - Azərbaycanda yaradıldığını sübut edib. Bu yaddaqalan işdən sonra Ziyadxan Əliyev XIX əsr Azərbaycan təsviri incəsənətində öz möhtəşəm yaradıcılıq irsi qoymuş Mir Möhsün Nəvvabın yaradıcılığı haqqında kitab yazıb. “M.M.Nəvvabın rənglər aləmi” kitabında rəssamın təsviri sənət sahəsindəki bütün irsi ətraflı təhlil edilib.

Sənətşünasın təşəbbüsü və axtarışları nəticəsində hələ sovet dönəmində - 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində respublikada ilk dəfə olaraq xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Əzizim Vətən yaxşı...” adlı tarixi sərgi təşkil olunub. Ziyadxan Əliyev çoxsaylı kitabların və kataloq mətnlərinin müəllifidir. Onun Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş “Sənətin Məcnunu” kitabı xüsusi qeyd edilməlidir. Səttar Bəhlulzadə yaradıcılığının öyrənilməsinə ömrünün 30 ilini həsr edən sənətşünasın yazdığı bu kitabı təqdirəlayiq tədqiqat əsəri kimi dəyərləndirilir.

Ziyadxan Əliyevin bir alim kimi gənc sənətşünasların yetişməsində müstəsna xidmətləri var. O, hazırda elmi-pedaqoji fəaliyyətini davam etdirir. Uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İncəsənət tarixi fənnindən dərs deyən Ziyadxan Əliyev hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışır. O, müxtəlif elmi-nəzəri konfransların iştirakçısı və məruzəçisi olub, ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda təşkil olunan rəssamlıq sərgilərinin təşkilində yaxından iştirak edib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 500

QHT və MEDİA

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...