SİYASƏT
A- A A+

Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır

2019-01-19 19:50:45

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir

Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirərkən deyib.

Elçin Əhmədov bildirib ki, sifariş xarakterli bu bədnam “qətnamə”nin həmmüəlliflərindən biri Rebekka Harms (Almaniya, Yaşıllar qrupu) Sorosun təsiri altında olan şəxsdir və özü də bunu açıq şəkildə etiraf edir. Təsadüfi deyil ki, onun Sorosla sosial şəbəkələrdə çoxsaylı şəkilləri vardır. Onu da qeyd etmək lazımdır ki, Avropadan “International Media Support”, ABŞ-dan isə NED təşkilatının koordinatorluğu ilə Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyasının əsas sponsorlarından biri də məhz C.Sorosdur. Uzun müddət ermənilərin iş ortağı hesab edilən Açıq Cəmiyyət İnstitutu bir sıra beynəlxalq təşkilatlar və QHT-lərin də əsas maliyyə dayağıdır. “Amnesty International”, “Human Rights Watch”, “Free Press”, “Mercy Corps”, Beynəlxalq Böhran Qrupu kimi təşkilatlar əsas gəlir götürənlərdir. Qətnamə”nin müzakirələrində ilk çıxış edən AP üzvü, eyni zamanda, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms məsələ ilə bağlı azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Maraqlıdır ki, Avropa Parlamentində keçirilən təcili dinləmələr ilə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan Xarici İşlər Nazirliyinə, nə də Azərbaycanın Brüsseldəki səfirliyinə hər hansı müraciət daxil olmadığı bildirilir. Bu baxımdan, sifarişlə hazırlanmış bu “qətnamə” Mehman Hüseynov amilindən istifadə edərək və qəsdən məsələni şişirdərək Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir.

Qeyd etmək vacibdir ki, müzakirələr zamanı çıxış edən, hər zaman insan hüquqlarından dəm vuran AP üzvlərindən heç biri çıxışında Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğal olunması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum edilməsi, eləcə də münaqişənin 25 ildən çoxdur ki, həll olunmaması barədə bir kəlmə belə danışmadılar. Bu, Avropa Parlamenti üzvlərinin qərəzli, antimüsəlman və ikili standartlara söykənən siyasətinin göstəricisidir.

Müzakirələrdə çıxış edən Avropa İttifaqının (Aİ) ən yüksək səviyyəli rəsmisi, qurumun ticarət komissarı Sesilia Malstrom Avropa İttifaqının məsələni yaxından izlədiyini və Azərbaycan hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini bildirərək qeyd edib ki, Aİ diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o, aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur.

Daha bir vacib bir məqam isə M.Hüseynovun qardaşı Emin Hüseynovun qətnamə üzrə səsvermədən az əvvəl AP üzvlərinə təlaş içində elektron məktub ünvanlamasıdır. Məktubunda komissar Malstromun çıxışında M.Hüseynovun aclıq aksiyası keçirmədiyi sözlərindən böyük peşmançılıq keçirdiyi hiss edilən E.Hüseynov özü bunu “şok oldum” kimi yazır.

Maraqlıdır o, yüksək səviyyəli Aİ rəsmisinin həqiqəti dilə gətirəcəyini gözləmədiyi üçün şok keçirib, yoxsa əldə olunmuş razılığa əməl etmədiyindən dərin məyusluq keçirib?! Strasburqa AP üzvləri ilə görüşlər keçirərək hər kəsi sifariş əsasında qurduqları şouya inandırmağa çalışan Emin Hüseynovun səsvermə öncəsi deputatlara isterik şəkildə yazdığı müraciət bir daha onu göstərir ki, bu insanı qardaşı Mehman Hüseynovun taleyi maraqlandırmır, o, bu oyundan əldə edəcəyi şəxsi maraqlarını güdür və onun havadarlarının sifariş etdiyi musiqini ifa edir.

Şübhəsiz ki, Avropa Parlamenti tərəfindən qəbul olunmuş bu “qətnamə” ikili standartların və ölkəmizə qarşı qərəzli münasibətin daha bir nümunəsidir. Qərbin bəzi dairələri və Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür “sənədlər”in qəbul olunması dinamik inkişafa malik, dünyəvi müsəlman ölkəsi olan Azərbaycana qarşı gözügötürməzlikdən qaynaqlanır. Bu, həmçinin Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür. Məlumdur ki, əvvəllər də Azərbaycana qarşı ayrı-ayrı vaxtlarda həyata keçirilən qarayaxma kampaniyaları Azərbaycan dövlətinin müstəqil xarici siyasət yürütməsi ilə bağlı olub. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı antiAzərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktdır. Şübhəsiz ki, bu “qətnamə”nin hazırlanmasında da erməni lobbisi, onun təsiri altında olan antiAzərbaycan dairələr, o cümlədən insan haqlarının müdafiəsi adı altında fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatlar, QHT və müxtəlif KİV nümayəndələri yaxından iştirak ediblər.

Məhz bu səbəbdən də Azərbaycanın dinamik inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməkdə davam edirlər. Elə bu səbəbdəndir ki, AP-nin qəbul etdiyi “qətnamə” barədə ilk məlumat məhz erməni mətbuatında işıqlandırılıb. Şübhəsiz ki, “qətnamə”nin qəbulunu onlar gözləyirdilər və bu məsələdə AP dəyirmanına su tökənlərin kim olduğu da artıq heç kimə sirr deyil. Bu baxımdan, Avropa Parlamentinin qəbul etdiyi “qətnamə”nin heç bir qüvvəsi yoxdur və zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etdiklərinin şahidi olmuşuq. Lakin bu da bir həqiqətdir ki, belə alətlərdən istifadə edən dairələr elə M.Hüseynov kimilərinin taleyi üzərində öz məkrli planlarını reallaşdırmağa çalışırlar.

Bu cür “sənədlər”in qəbul edilməsi hazırda Avropada Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, xüsusilə Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyasında ikili standartlar və islamofob əhval-ruhiyyənin hökm sürdüyünü göstərir. Onu da vurğulamaq lazımdır ki, müxtəlif vaxtlarda Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr”də sürülən iddialar yanlış məlumatlar əsasında hazırlandığından qərəzli xarakter daşıyır və gərəksiz kağız parçasından başqa bir şey deyil.

Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələrin bu cür təxribatçı hərəkətlərindən danışarkən Prezident İlham Əliyevin bir neçə il əvvəl Çexiya Prezidenti Miloş Zeman ilə mətbuat konfransında söylədiyi fikirləri xatırlatmaq yerinə düşər: “Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər, bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar.

Burada əlbəttə ki, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar pis olmaz... Azərbaycanı özünə tabe etmək istəyən xarici dairələrə də sözüm ondan ibarətdir ki, sizin bütün səyləriniz əbəsdir. Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 679

QHT və MEDİA

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...