CƏMİYYƏT
A- A A+

Azərbaycan Parlamenti necə yarandı

2018-12-08 11:05:14

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamətdar bir hadisə - nümayəndəli ali qanunvericilik orqanının yaradılmasının 100 illiyi qeyd olunur

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamətdar bir hadisə - nümayəndəli ali qanunvericilik orqanının yaradılmasının 100 illiyi qeyd olunur.

Zaqafqaziya Seyminin süqutu və Milli Şuranın seçilməsi ilə Azərbaycanın parlamentarizm tarixində qısa, lakin son dərəcə mühüm bir mərhələ başa çatır. Bu mərhələnin ən böyük əhəmiyyəti Seymin azərbaycanlı nümayəndələrinin olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə, çoxmillətli və federativ xarakterli qanunvericilik orqanında təmsil etdikləri xalqın və ölkənin milli maraqlarını layiqincə müdafiə etməyə qadir olan professional siyasətçilər kimi özlərini təsdiq etməsi ilə səciyyələnir. Eyni zamanda, Zaqafqaziya Seymi və Zaqafqaziya hökumətində ən müxtəlif vəzifələr tutmaqla azərbaycanlı deputatlar az sonra yaradacaqları öz müstəqil dövlətlərinin - Azərbaycan Xalq Cümhuriyyətinin idarə olunması üçün mühüm təcrübə məktəbi keçdilər.

Milli Şuradan Azərbaycan Parlamentinə.

1. Tiflis dövrü

1918-ci il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şuranın ilk iclası keçirilir. Həsən bəy Ağayevin sədr, Mahmud Mahmudovun katib olduğu bu tarixi iclasda Milli Şuranın 26 üzvü iştirak edirdi. İclas son hadisələrlə əlaqədar Yelizavetpolda (Gəncədə) vəziyyət barədə Həsən bəy Ağayevin məlumatını dinlədikdən və M.Ə.Rəsulzadənin Batumdan N.b.Yusifbəyli ilə göndərdiyi məktub və teleqramlarla tanış olduqdan sonra gündəliyin əsas məsələsinin müzakirəsinə başlayır. Xəlil bəy Xasməmmədov Seymin buraxılması və Gürcüstanın öz müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanda yaranmış vəziyyət haqqında məruzə edərək Azərbaycanın Müstəqil Cümhuriyyət elan edilməsinin vacibliyini və təxirəsalınmazlığını əsaslandırır. Məsələnin işgüzar və ətraflı müzakirəsindən sonra Şuranın 24 üzvü - H.b.Ağayev, F.x.Xoyski, N.b.Yusifbəyli, X.b.Xasməmmədov, M.Y.Cəfərov, M.Mahmudov, Ş.b.Rüstəmbəyov, X.P.b. Sultanov, F.b.Köçərli, M.h.Seyidov, N.b.Nərimanbəyov, H.b.Məmmədbəyov, R.b.Vəkilov, Ə.b.Mahmudbəyov, M.b.Hacınski, C.b.Hacınski, A.b.Qardaşov, Ə.a.Şeyxülislamov, M.b.Hacıbababəyov, X.b.Məlik Aslanov, H.b.Şahtaxtinski, M.Məhərrəmov, H.S.Axundzadə, C.b.Məlik Yeqanov - təxirə salınmadan Azərbaycanın Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən ərazi hüdudlarında müstəqil Xalq Cümhuriyyəti elan edilməsinə səs verirlər. İki nəfər - S.M.Qənizadə və C.b.Axundov səsvermədə bitərəf qalırlar. Bundan sonra Milli Şura üzvləri qalxaraq İstiqlal Bəyannaməsini ayaq üstə dinləyirlər. 6 bənddən ibarət olan bu müstəqillik aktı bütün türk-müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradıldığından xəbər verirdi. Həmin dövr Əqdnamə və ya Misaqi-Milli adlanan bu sənədi Milli Şura üzvlərindən Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov və Mustafa Mahmudov imzalayırlar. Azərbaycan Milli Şurasının 28 mayda keçirilmiş bu tarixi iclasında eyni zamanda, Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin də tərkibi təsdiq edilir.

İstiqlal Bəyannaməsinin qəbulu Azərbaycan milli dövlətçiliyin əsasını qoymaqla Azərbaycan xalqının taleyində misilsiz tarixi hadisə idi. Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, millətindən, dinindən, sinfindən və cinsindən asılı olmayaraq insanların, o cümlədən, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, eləcə də qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsiplərini özündə ehtiva etməklə İstiqlal Bəyannaməsi Azərbaycanın istiqlal mübarizəsi tarixində ən dəyərli və parlaq sənəd sayıla bilər.

Lakin İstiqlal Bəyannaməsinin əhəmiyyəti yalnız yuxarıdakılarla məhdudlaşmırdı. Yeni yaradılan dövlətə "Azərbaycan" adının verilməsi özlüyündə böyük bir tarixi hadisə idi. "Azərbaycan" kəlməsinin XIX əsrin sonları - XX əsrin əvvəllərindən milli ruhlu Azərbaycan ziyalıları tərəfindən türk dilli mətbuatda və ədəbiyyatda dövriyyəyə gətirilməsi ilə başlanan bu proses, coğrafi mənada - Cənub-Şərqi Zaqafqaziya, ərazi-inzibati vahidləri kimi Bakı, Yelizavetpol (Gəncə), İrəvan quberniyaları adlanan ərazilərə, müsəlman, tatar, Qafqaz türkü adlanan xalqa və türk adlanan dilə "Azərbaycan" adının şamil edilməsi ilə ildən-ilə və gündən günə geniş vüsət almaqla, nəhayət ki, İstiqlal Bəyannaməsində öz qanunauyğun həllini tapdı. Təsadüfi deyil ki, "Azərbaycan" adının onun aid olduğu xalqın şüuruna və ictimai-siyasi baxışlarına hakim olmasında müstəsna xidmətləri olmuş Məhəmməd Əmin Rəsulzadə İstiqlal Bəyannaməsinə qiymət verərkən bu məqamı da xüsusi vurğulayır: "28 mayıs 1918-ci il Bəyannaməsini nəşr etməklə, Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beylə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur".

Burada M.Ə.Rəsulzadənin şəxsiyyətini səciyyələndirən bir cəhətə diqqət yetirilməlidir. Rəsulzadənin 1915-1918-ci illərdə Bakıda təsis və nəşr etdiyi "Açıq söz" qəzeti azərbaycançılıq ideyasının təşəkkülündə böyük rol oynamış, Məhəmməd Əmin bəy özü isə hələ o vaxtlar, istər həmməsləkləri, istər S.Şaumyan da daxil olmaqla siyasi rəqibləri tərəfindən birmənalı olaraq Azərbaycan milli istiqlal hərəkatının ideoloqu kimi qəbul edilmişdir. Bununla belə, M.Ə.Rəsulzadə "Azərbaycan" ideyasına siyasi məna verilməsi təşəbbüsünün onun özünə deyil, Nəsib bəy Yusifbəyliyə aid olduğunu daima etiraf etmişdir: "Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir". Azərbaycan Milli Şurasının Tiflisdə cəmi 6 iclası keçirilmişdir. Bu iclasların əksəriyyətində müzakirələr əsasən İrəvan quberniyası, qəzası və şəhəri ətrafında aparılmış, Milli Şuranın qəbul etdiyi ən ağır qərar isə İrəvanın Ermənistana güzəştə getməsi ilə bağlı olmuşdur. Milli Şuranın 29 may tarixli iclasında "İrəvanın Ermənistana güzəştə getməsinin qaçılmaz olduğunu" bildirən, bunu "tarixi zərurət, bizim üçün isə qaçılmaz acı bir həqiqət" kimi qiymətləndirən və bu qərara səs verən 16 nəfər Şura üzvlərinin işlətdiyi "qaçılmaz" sözünün arxasında həmin qərarın qəbul edildiyi dövr regionda yaranmış son dərəcə mürəkkəb vəziyyət dururdu. Azərbaycanlılarla eyni gündə müstəqil Ararat (Ermənistan) Respublikasının yaradıldığını elan etmiş erməni milli qüvvələrinin regionda həm də real siyasi və hərbi qüvvə, bu dövlətin yaradılmasının isə böyük dövlətlər tərəfindən artıq həll edilmiş məsələ olduğu ilə hesablaşmamaq mümkün deyildi.

Digər tərəfdən, həmin dövr yeni yaradılan respublikaların taleyinin müəyyən edilməsində Osmanlı dövlətinin həlledici rol oynadığı, Ermənistan Respublikasının hansı ərazilərdə yaradılması məsələsini həmin dövr məhz bu dövlətin həll etdiyi də qaçılmaz həqiqət idi. Öz ərazilərində hər hansı formada erməni dövlətçiliyi yaratmaq ideyasını qətiyyətlə mümkün saymayan Osmanlı siyasi dairələrinin onun Cənubi Qafqazda yaradılması məsələsində də mövqeyinin birmənalı olmaması onsuz da mürəkkəb olan vəziyyəti daha da dərinləşdirirdi. Birinci dünya müharibəsinin son aylarında Osmanlı ordusunun Qafqaz cəbhəsində uğurları qarşısında Tələt paşa və Ənvər paşa (baş nazir və hərbi nazir) Cənubi Qafqazda erməni dövlətinin yaradılmasını ümumiyyətlə, məqsədəuyğun bilmir, yaxud çox zəif, yaşamaq qabiliyyəti olmayan bir Ermənistan yaradılmasını mümkün hesab edirdilər. Batum danışıqlarında türkləri təmsil edən nümayəndə heyəti isə tarixən Azərbaycana məxsus bir sıra ərazilərin ermənilərə verilməsini vacib sayır və Azərbaycan nümayəndələrinə beynəlxalq aləm qarşısında ermənilərin mövcudluğunu tanımağı və onlara müəyyən ərazi güzəştləri etməyi tövsiyə edirdilər. Mayın 27-də hələ Milli Şuranın yaradılması haqda tarixi qərarın verilməsindən əvvəl, fövqəladə iclasa yığılan Seymin keçmiş azərbaycanlı deputatları qarşısında Batumdan yenicə qayıtmış Nəsib bəy Yusifbəylinin etdiyi məruzə bu məsələdə son qərarın kim tərəfindən verildiyini göstərdi: "Türkiyə nümayəndə heyətinin qənaətinə görə, Zaqafqaziyanın çiçəklənməsinin başlıca rəhni Zaqafqaziya xalqlarının birliyi və həmrəyliyidir. Bu məqsədə çatmaq üçün bizim tərəfimizdən ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır".

Həmin iclasda yaradılan Milli Şuranın mayın 28-də keçirdiyi ilk tarixi iclasda M.Ə.Rəsulzadənin Batumdan göndərdiyi məktublar və teleqramlar oxunur. Həmin günün ən mühüm məsələsi İstiqlal Bəyannaməsinin qəbulu olduğundanmı, ya hansı səbəbdənsə, iclasın protokolunda bu məktub və teleqramların məzmunu açıqlanmır. Lakin Milli Şuranın ertəsi gün, mayın 29-da keçirdiyi iclas artıq bütünlüklə Ermənistana ərazi verilməsi məsələsinə həsr olunur və burada nə üçün məhz İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsinin səbəbi də aydınlaşır. Həmin dövr İrəvan quberniyasına daxil olan 7 qəzadan artıq 5-i, o cümlədən, quberniyanın ikinci böyük şəhəri - Aleksandropol (Gümrü) artıq türk qoşunları tərəfindən tutulmuşdu. Fətəli Xan Xoyski məhz bu faktı vurğulamaqla, "ermənilərə veriləcək siyasi mərkəzin" artıq ancaq İrəvan şəhəri ola biləcəyini və bu şəhərin ermənilərə güzəştə gedilməsinin qaçılmaz olduğunu qeyd edir.

Azərbaycan Milli Şurasının bu "qaçılmaz" reallıqla, xüsusilə Osmanlı nümayəndələrinin "tövsiyələri" ilə hesablaşmamaq imkanı var idimi? Bütün bu məsələlərin Batumda və Tiflisdə həll edildiyi, Azərbaycan Xalq Cümhuriyyətinin hələ özünün siyasi mərkəzinin - neft Bakısının düşmən əlində - bolşevik-daşnak Bakı Soveti hökumətinin ixtiyarında olduğu, bu siyasi mərkəzi azad edə bilən Azərbaycan qoşununun hələ də yaradılmadığı, 14 minlik nizami Qızıl Ordunun Azərbaycan milli qüvvələrinin mərkəzi Gəncəyə yürüşə hazırlaşdığı, Azərbaycanın işğal edilmiş torpaqlarını azad edəcək və Azərbaycan xalqını kütləvi qırğından qurtaracaq yeganə qüvvə kimi Osmanlı ordusuna ümid edildiyi nəzərə alınarsa, bu sualın cavabı özlüyündə aydınlaşar.

Həmin dövr Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti paytaxtı sayılan Gəncədə hələ onları nə gözlədiyindən xəbərsiz olan Milli Şura üzvləri itirilmiş torpaqların acısını azaltmaq üçün elə həmin iclasda ermənilərlə konfederasiya yaratmaq məsələsini müzakirə edir və yekdil səslə qəbul edirlər. Eyni zamanda, Ermənistan qarşısında onlara edilən güzəştlər müqabilində həmin dövr Zəngəzur və Qarabağda erməni generalı Andranikin silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı aparılan hərbi əməliyyatların dayandırılması, ermənilərin Qarabağa olan iddialarından imtina edilməsi kimi şərtlər qoyulur. Azərbaycan hökumətinin başçısı Fətəli Xan Xoyskinin mayın 29-da xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazdığı məktubdakı sətirlər - "Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik" - Azərbaycan dövlət xadimlərinin bu labüd itkidən mümkün qədər siyasi fayda götürmək cəhdlərindən xəbər verirdi.

Azərbaycan Milli Şurasının qərarı ilə dövlət yaratmaq üçün ermənilərə cəmi 9 min km2 - İrəvan şəhəri və onun ətrafındakı ərazini əhatə edən torpaqlar verilmişdir. Bu ərazilərdə yaşayan əhalinin ümumi sayı 321.000 nəfər idi ki, onun da 230 mini erməni, 80 mini türk-müsəlman, 11 mini isə digər xalqların nümayəndələri idi. Burada xüsusi vurğulanmalıdır ki, AXC dövründə Ermənistan dövləti elə bu hüdudlarda qalmışdır.

Milli Şuradan Azərbaycan Parlamentinə.

2. Gəncə dövrü

1918-ci il iyunun 16-da öz fəaliyyətini Tiflisdən Gəncəyə köçürən Azərbaycan Milli Şurası və Hökuməti burada son dərəcə gözlənilməz və xoşagəlməz bir münasibətlə qarşılaşır. Azərbaycan cəmiyyətinin ictimai-siyasi baxımdan fəal hissəsi arasında hələ 1918-ci il martın əvvəllərindən güc toplamağa başlayan və sonradan "ilhaqçılıq" (ilhaq-birləşmək) adlanacaq prosesin öz inkişafında son həddinə çatdığı aydınlaşır. Azərbaycanlıların əsasən qeyri-dost millətlər əhatəsində yaşadığı, Azərbaycan torpaqlarına qonşuları tərəfindən iddialar edildiyi və xalqa qarşı artıq silahlı hücumlar və qırğınlar aparıldığı bir şəraitdə Azərbaycan milli qüvvələrini təmsil edən bir qrup tanınmış şəxslər, xüsusilə Gəncə bölgəsinin nümayəndələri bu vəziyyətdən çıxış yolunu Osmanlı dövlətinə birləşməkdə görürdü. Bu məqsədlə əhali arasında imzalar toplanır, Zaqafqaziya Seyminin hələ Trabzonda və Batumda danışıqlar apardıqları zaman Gəncədən bu şəhərlərə, eləcə də İstanbula nümayəndə heyətləri göndərilir, ayrı-ayrı türk xadimləri ilə, o cümlədən, yüksək rütbəli hərbçilərlə danışıqlar aparılırdı. Osmanlı dövləti ilə rəsmi danışıqlarda iştirak edən Zaqafqaziya Seyminin azərbaycanlı nümayəndələrin Gəncəyə, öz həmkarlarına göndərdikləri məktub və teleqramlarda bu növ təşəbbüslərin qarşısını almaq tələbləri nəticəsiz qalırdı. Lakin ilhaqçıların bu mövqeyi yalnız mövcud siyasi durumdan və xalqın maraqlarından irəli gəlmirdi. Əsasən dini-klerikal və mülkədar-burjua zümrələrin nümayəndələrindən ibarət olmaqla, onların böyük əksəriyyəti Azərbaycan Milli Şurası və hökumətinin "həddən artıq demokratik" islahatlar keçirəcəyindən də ehtiyat edirdilər.

Beləliklə, Azərbaycan milli-siyasi qüvvələrinin və daha geniş mənada Azərbaycan cəmiyyətinin iki - istiqlalçılar və ilhaqçılar adlanan hissəyə parçalandığı məlum olur. Eləcə də ilhaqçıların Nuru paşa və Azərbaycanda türkçülük hərəkatının ideoloqlarından biri, görkəmli ictimai-siyasi xadim, 1909-cu ildə Türkiyəyə mühacirət etmiş və Nuru paşanın siyasi müşaviri kimi onunla birgə Gəncəyə gəlmiş Əhməd bəy Ağaoğlu (Ağayev) tərəfindən dəstəkləndiyi aydınlaşır. İlhaqçılar və onları dəstəkləyən qüvvələr tərəfindən Cümhuriyyət rəhbərlərinə ünvanlanan bəyanatlar - onlara xalq adından müstəqil dövlət yaratmaq səlahiyyəti verilmədiyi, azərbaycanlıların müstəqil yaşamaq qüdrətinə malik olmadığı və bu səbəbdən Osmanlı dövlətinə birləşməyin daha məqsədəuyğun olduğunu - əslində, Azərbaycanın dövlətçiliyini tanımaqdan imtina demək idi.

Gəncə dövrü, cəmi bir neçə ayı əhatə etməsinə baxmayaraq, Azərbaycan parlamentarizminin yaranma tarixində ən dramatik və eyni zamanda, təhlükəli bir mərhələ hesab edilə bilər. Bu təhlükənin içəridən - azərbaycanlı və qismən də dost türk nümayəndələrindən gəlməsi bütöv bir millətin taleyinin nə dərəcədə fərdi yanaşmalar və ziddiyyətli münasibətlərdən asılı olduğunu göstərirdi. Milli Şuranın - "xalqın təmsilçisi olan bir təsisatın Azərbaycanın müvəqqəti paytaxtı Gəncə şəhərində səhnədən çəkilməsi"ni onun sədri M.Ə.Rəsulzadə "demokratiyanın geri çəkilməsi və mürtəce qüvvələrin uğuru" kimi qiymətləndirir. Öz vəzifəsindən əl çəkmiş Məhəmməd Əmin bəy Milli Şuranın sədri kimi bu iclasdakı son nitqində yaranmış şəraitdə "tarixi məsuliyyətin bütün çəkilməz ağırlığını" boynuna götürmüş Fətəli xan Xoyskinin və onun "Azərbaycanın taleyini əllərinə almış" hökumət üzvlərinin "qismətinə ən çətin, lakin həm də ən mühüm borc - yeni doğulmuş Azərbaycanı məhv olmağa qoymamaq borcu" düşdüyünü vurğulayır. Bununla belə, Milli Şura üzvlərinin son dərəcə pərt və məyus əhval-ruhiyyəsi qarşısında M.Ə.Rəsulzadə öz həmkarlarını gələcəyə nikbin baxmağa çağırır: "İndi gəlin, bu ağır günlərdə üzərinə ağır vəzifə yüklədiyimiz bu hökumətlə vidalaşaq və ayrılaq. Gəlin, qardaş kimi ayrılaq. Əfəndilər, ayrılarkən ümid edək ki, Allahın köməyi ilə tezliklə Azərbaycanın paytaxtı Bakıda, Təsis yığıncağında görüşəcəyik. Yaşasın Azərbaycan! Yaşasın Türk xalqı!"

Beləliklə, olduqca mürəkkəb beynəlxalq və daxili şəraitdə Azərbaycanın siyasi xadimləri həmin dövr faktiki olaraq soyqırımına məruz qalan Azərbaycan xalqının varlığını və dövlətçiliyini qorumaq məsuliyyətini bir daha öz üzərilərinə götürürlər, Azərbaycan istiqlalını bütün digər məsələlərdən, o cümlədən, Milli Şuranın sədri M.Ə.Rəsulzadənin tələb etdiyi kimi, vəzifə, partiya və şəxsi maraqlarından üstün tutaraq siyasi böhrandan çıxmağa müvəffəq olurlar.

Milli Şuradan Azərbaycan Parlamentinə.

3. Bakı dövrü

Gəncə böhranından keçən sonrakı aylar ölkənin siyasi, ictimai, iqtisadi və mədəni həyatında son dərəcə mühüm hadisələrlə əlamətdar olur ki, onların arasında ən əhəmiyyətlisi sentyabrın 15-də Bakının Qafqaz İslam ordusu tərəfindən azad edilməsi, bütün bu müddət ərzində geniş fəaliyyət göstərmiş Azərbaycan hökumətinin öz siyasi mərkəzinə - paytaxt Bakıya köçməsi hesab edilə bilər.

Milli Şuranın 20 noyabrda keçirilən növbəti iclasında artıq "Müvəqqəti Azərbaycan Parlamanı" (Məclisi Məbusan) təsis edilməsi haqqında Qanun layihəsi geniş müzakirə olunaraq qəbul edilir. Qanunda göstərilirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Şurası milli bir idarə formasından dövlət idarə forması almışdır. Lakin Azərbaycan əhalisi yalnız türklərdən ibarət olmadığı üçün bu ərazidə yaşayan bütün xalqlar Parlamentdə təmsil olunmalıdırlar. Azərbaycan Parlamenti Qafqaz məlumat-təqviminə görə 2 milyon 750 nəfər təşkil edən ölkə əhalisinin hər 24 min nəfərinə 1 nümayəndə hesabı ilə 120 deputatdan ibarət olmalı, bu deputatlardan 80 nəfər türk-müsəlman, 21 nəfər erməni, 10 nəfər rus, 1 nəfər alman və 1 nəfər yəhudi əhalisini təmsil etməli idi. Hətta, sayları çox az olduğu üçün Parlament seçkilərində iştirak edə bilməyən gürcü və polyaklara da Parlamentə hərəsi 1 deputatla təmsil olunmaq hüququ verilirdi.

Qanunda qeyd edilirdi ki, Milli Şuranın 44 üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün mexaniki olaraq parlamentə keçirlər. Lakin bu 44 nəfər müxtəlif siyasi partiyaların nümayəndələri olduğundan Azərbaycan xalqının ayrı-ayrı təbəqələrinin nümayəndələrinin də Parlamanda təmsil olunmalarına ehtiyac vardır, odur ki, qalan 36 yer ölkənin müxtəlif şəhər və qəzalarının türk-müsəlman əhalisi arasında bölünür. Qanuna görə, erməni əhalisinin 21 nəfər nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i Bakı erməni Milli Şuralarından, rus əhalisinin 10 nəfər nümayəndəsi isə Rus Milli Şurası tərəfindən təklif edilməli idi.

Azərbaycan Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası 1918-ci il noyabrın 29-da "Bütün Azərbaycan əhalisinə" müraciət edir. Bu sənəddə dekabrın 3-də 120 üzvdən ibarət Parlament toplanacağı, həmin məclisə azlıqda qalan millətlərin nümayəndələri, eləcə də ölkənin vilayətlərindən olan vəkillər gələcəyi bildirilirdi. Müraciətnamədə deyilirdi ki, bu üsulla yığılacaq Parlament qarşıda ümumi seçki üsulu ilə Azərbaycan Müəssislər Məclisi toplanana qədər "yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək". Parlamentin dekabrın 3-də açılacağı nəzərdə tutulurdu. Lakin bu böyük hadisəyə hazırlıq işləri ölkənin hər gün dəyişən siyasi həyatında çox mühüm və azərbaycanlılar üçün arzuedilməz hadisələrlə müşayiət olunurdu. 1918-ci il noyabrın 17-də Bakıya daxil olan ingilis hərbi qüvvələrinin komandanı general Tomsonun əmri ilə yalnız Osmanlı deyil, Azərbaycan hərbi qüvvələri də Bakını tərk etməli oldular. Şəhərdə ingilis general-qubernatorluğu yarandı və bütün idarəçilik onun nəzarəti altına keçdi. Azərbaycan hökuməti və xalqı üçün yenidən ağır günlər başlandı. Bakı azad edilərkən şəhəri tərk etmiş bütün erməni-daşnak və rus qüvvələri təntənəli əhval-ruhiyyə ilə Bakıya qayıtdılar. Mart hadisələri zamanı əli azərbaycanlıların qanına bulaşmış ermənilər, rus generalı Bıçeraxovun əsgər və zabitləri ilə birgə Bakının küçələrində azad və asudə gəzərək Azərbaycan dövlətçiliyinin atributlarını təhqir edir, Azərbaycanca yazılmış lövhələri sındırır, azərbaycanlılara məxsus dükan və idarələri dağıdır, müsəlman kişilərin papaqlarını başlarından vurub yerə atırdılar.

Azərbaycanın müstəqilliyinin tanınmasına mənfi münasibət bəsləyən Tomson Rusiya dövlətinin əvvəlki hüdudlarda bərpasını müttəfiq dövlətlərin başlıca vəzifəsi olduğunu bəyan edərək ilk vaxtlar Azərbaycan hökumətinə etimadsızlıq nümayiş etdirir. Azərbaycan hökumətini İngilis komandanlığı qarşısında nüfuzdan salmağa və ümumən siyasi səhnədən silməyə çalışan rus və erməni-daşnak təşkilatları ilk vaxtlar buna həqiqətən nail olurlar. Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratı üçün yaranmış belə bir ağır şəraitdə Fətəli xan Xoyski hökuməti nəinki mövcud vəziyyət qarşısında geri çəkilmir, əksinə, müvazinətini saxlayaraq öz fəaliyyətini davam etdirir. Böyük təlatüm keçirən azərbaycanlı cəmiyyətinə və ümumən Bakı əhalisinə müraciətində ingilis qoşunlarının işğalçı ordu olmadığı, Azərbaycan hökumətinin işlədiyini və vəziyyətə nəzarət etdiyini bildirərək onu sakitləşdirən Fətəli xan Xoyski, eyni zamanda, general Tomsonla intensiv danışıqlar aparır. Tomson Azərbaycan hökumətindən Bakıdakı Rus Milli Şurası ilə əməkdaşlıq etməyi tələb edir. Danışıqlar zamanı Rus Milli Şurası Azərbaycan siyasi qüvvələri qarşısında Rusiyanın birliyi və bütövlüyünü, Rusiya Məclisi-Müəssisanı və Ufadakı Kolçak hökumətini qəbul etmək kimi şərtlər irəli sürür. Azərbaycan Milli Şurasının 24 noyabr tarixli qapalı iclasında bu şərtlər müzakirə olunur və həmin şərait daxilində Azərbaycan maraqlarını ifadə edən bir qərar qəbul edilir: "Milli Şura Rusiya ərazisinin bölünməzliyi prinsipini tanıyaraq, üzvlərinin və ictimai xadimlərin yığıncaqlarının təkliflərini nəzərə alaraq belə hesab edir ki: 1) Azərbaycanın siyasi vəziyyəti və dövlət quruluşu məsələsi qəti olaraq Ümumi Sülh Konfransında həll olunmalıdır; 2) O vaxta qədər Azərbaycanda mövcud olan faktiki idarə sistemi öz qüvvəsində qalır; 3) Əgər Rusiyada öz müqəddəratını təyin etmiş bütün millətlərin nümayəndələrinin iştirakı ilə Ümumrusiya Müəssislər Məclisi Ümumi Sülh Konfransından əvvəl çağırılarsa, onda Azərbaycan orada iştirak edəcək və orada öz müqəddəratının təyini məsələsində öz prinsipləri üzərində təkid edəcəkdir".

Milli Şuranın noyabrın 26-da M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən növbəti qapalı iclasında M.H.Hacınski Xəzər-Qafqaz hökuməti təşkil etmək istəyən sol eserlərlə aparılan danışıqlar, F.x.Xoyski isə Rus və Erməni milli Şuraları ilə Azərbaycan Parlamentinə daxil olmaq ətrafında aparılan danışıqlar barədə məlumat verirlər. Aydın olur ki, sol eserlər tərəfindən qoyulan şərtlər Milli Şuranın 24 noyabr tarixli qərarına zidd olduğu üçün ümumi dil tapmaq mümkün olmayıb. Rus Milli Şurası ilə danışıqlar da, demək olar ki, eyni səbəblərdən uğursuzluqla başa çatıb. Erməni Milli Şurasının bəzi nümayəndələri isə Rus Milli Şurasının bu işə münasibətindən asılı olmayaraq, yeni yaradılacaq Parlament və Hökumətə daxil olmağa hazır olduqlarını bildiriblər. Rus Milli Şurasının kəskin barışmaz mövqeyi qarşısında Milli Şura üzvləri həmin iclasda Azərbaycanda yaşayan rus əhalisini daha dolğun təmsil edən digər təşkilata - Slavyan-Rus Cəmiyyətinə müraciət edilməsi barədə qərar qəbul edirlər. Bütün bu iclaslar Parlamentin milli baxımdan geniş nümayəndəli olmasında istər Milli Şuranın özünün maraqlarını, istərsə onun çağırılması üçün İngilis Komandanlığının mövqeyini nəzərə alan Şura sədrinin və üzvlərinin, eləcə də Hökumət başçısının nə qədər səy göstərdiklərini nümayiş etdirirdi. Bu məqam Milli Şuranın dekabrın 1-də keçirilən növbəti iclasında xüsusilə aydın nəzərə çarpır. Həmin iclasda Parlamentə seçkilərin gedişi barədə məlumat verən F.x.Xoyski bildirir ki, artıq əyalətlərlə seçkilər başa çatmışdır və nümayəndələr dekabrın 3-nə təyin olunmuş Parlamentin açılışına gəlib çata bilərlər. Lakin həmin gün peygəmbər Məhəmməd Əleyhissəlamın hüzr gününə düşdüyü üçün Parlamentin açılışını dekabrın 7-nə keçirmək qərara alınır.

İclasda həmçinin, Slavyan-Rus Cəmiyyətindən Parlamentdə rus əhalisini təmsil etmək barədə daxil olan müraciət müzakirə edilərək səs çoxluğu ilə qəbul olunur. Daha sonra, Fətəli xan general Tomsonla olan görüşünün nəticələri haqqında məlumat verərək bildirir ki, Tomson Mili Şuranın 24 noyabr tarixli qətnaməsindən çox razı qalmış, həmin qətnamədən sonra Rus Milli Şurasının öz tələblərində həddini keçdiyini, böyük səhv buraxdığını və tezliklə peşman olacağını qeyd etmişdir. Görüş zamanı Tomson həmçinin, Azərbaycan hökumətinə xeyirxah münasibətini bildirmiş, onun təşəbbüslərini bəyənərək daxili işlərinə qarışmayacağını vəd etmişdir.

Beləliklə, sanki Azərbaycan Parlamentinin təyin olunduğu gün açılmasına mane olacaq həll edilməmiş bir məsələ qalmır. Lakin 2 gündən sonra vəziyyət birdən-birə dəyişir. Dekabrın 3-də axşam saat 8-də Şura üzvləri, həmçinin, yaradılacaq Parlamentin yeni seçilmiş üzvləri və hökumət nümayəndələrinin iştirakı, M.Ə.Rəsulzadənin sədrliyi və H.b.Ağayevin katibliyi ilə Milli Şuranın geniş iclası çağırılır. Hökumət başçısı F.x.Xoyski həmin gün günorta saat 2-də Tomsondan aldığı məktubun məzmununu açıqlayır. Məlum olur ki, Bakıdakı İngilis Komandanlığı koalisiyalı hökumət elan edilməyənə qədər Bakıda Parlamentin açılmasına icazə verməyəcək. Məktuba münasibət bildirən Fətəli Xan qeyd edir ki, general Tomsona yalnız Azərbaycan Parlamentinə təbii olaraq qərəzkarlıqla yanaşan ruslar və ermənilər deyil, bəzi müsəlman şəxslər tərəfindən də güclü təsir göstərilir, bütün vasitələrdən və böhtanlardan istifadə edilərək Azərbaycan Milli Şurasını Tomsonun gözündə nüfuzdan salmaq, onun əhəmiyyətini azaltmaq və heçə endirmək üçün cəhdlər edilir.

Daha sonra, Fətəli xanın bu məktubla bağlı özünün atdığı addımlar barədə məlumat verir. Aydın olur ki, hökumət başçısı ən qəti şəkildə hökumətin təşkilinin yalnız parlament yolu ilə formalaşması prinsipi üzərində israr etməklə, general Tomsonu Milli Şura haqqında bəzi şəxslər və dəstələr tərəfindən müəyyən məqsədlərə deyilən böhtan və iftiraların əsassız olduğuna inandırmağa müvəffəq olmuşdur: "Yalnız və yalnız Milli Şura, seçilmiş üzvlərdən ibarət olmaqla, Parlament çağırılana qədər səlahiyyətli orqan sayıla bilər. Milli Şura xalqın böyük əksəriyyətinin etimadını qazanmışdır, Hökumət ona arxalanır və onun qarşısında məsuliyyət daşıyır". Son nəticədə Tomson Fətəli xan Xoyskinin bu arqumenti ilə razılaşmışdır.

Generalın Parlamentdən əvvəl koalisiyalı Hökumət yaratmaq təklifini də Fətəli xan inandırıcı məntiqlə təkzib etmiş, Azərbaycan müsəlmanlarının ümidlərinin hazırda Parlamentə çevriləcək məhz Milli Şurada ifadə olunduğunu qeyd edərək Tomsonun diqqətini bu amillə hesablaşmağın zəruriliyinə cəlb etmişdir. "Yeni və koalisiyalı Hökumət yalnız Parlament tərəfindən yaradıla bilər, bunu Avropa ölkələrinin ənənələri, adi məntiq və məqsədəuyğunluq tələb edir. Ayrı üsulla yaradılmış koalisiyalı hökumət fəlakətli səhvə gətirib çıxarar, ölkədə qayda və asayişin yaradılmasına və ingilislərin nüfuzuna xidmət etməz, xalqın hüquqlarını pozar".

Fətəli xan Tomsonun koalisiyalı hökumətdə 5 nəfər azərbaycanlı, 5 nəfər isə azlıqda qalan qeyri millətlərin (3 rus, 2 erməni) nümayəndələri olması kimi təklifi ilə də razılaşmamış, bu nisbəti ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlmanlara qarşı yanlış və ədalətsiz hesab etmişdir. Hökumət başçısı ingilis generalına 7 azərbaycanlı, 3 erməni və 2 rus, yaxud 8 azərbaycanlı, 3 erməni və 3 rusdan ibarət hökumət təşkil etməyi məsləhət görmüşdür. Tomson bu təkliflərinin hər hansı birinin mütləq olması şərti ilə razılaşmış və beləliklə, bu məsələdə də razılıq əldə edilmişdir.

Bu danışıqlar zamanı Fətəli xanın söhbətarası verdiyi "Parlament xaricində yeni hakimiyyət yaratmaq olarmı? - sualına Tomsonun verdiyi cavabdan məlum olmuşdur ki, ingilis generalına yeni hökumət təşkil edə biləcək iki nəfərin - Mirzə Əsədullayev və Məmməd Həsən Hacınskinin adını çəkiblər. Tomson M.Əsədullayevi dəvət edərək onunla 2 saat söhbət edib və onun yeni hökumət təşkil etmək təklifinə cavab olaraq M.Əsədullayev 2 gün vaxt istəyib. Bu şəxslər haqqında təklifi ermənilər də ediblər. Bu məlumatın müqabilində, Fətəli xanın "Əlbəttə, hökumət təyin də oluna bilər, lakin təyin olunmuş hökumətə xalqın münasibətinin necə olacağı barədə gərək generalın özü də düşünsün" - deyə etirazı ilə razılaşan Tomson bu fikrindən imtina etmişdir. Sonda, ingilis generalı Azərbaycan xadimlərinin köməyi ilə razılaşdırılmış nisbətdə koalisiyalı hökumət təşkil etməyi, özünün rusları və erməniləri Parlamentdə iştirak etməyə məcbur edəcəyini, həmçinin, Parlamentin işini tamamilə müdafiə edəcəyini və onun açılacağı gün baş verə biləcək hər hansı bir xoşagəlməz halların qarşısını alacağını vəd etmişdir.

Beləliklə, Azərbaycan Parlamentinin öz işinə başlaması yolunda kifayət qədər ciddi olan bu maneə Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyskinin qəti və prinsipial mövqeyi, yüksək professionallığı və diplomatik məharəti nəticəsində aradan götürülür. Parlamentin açılışı ərəfəsində Azərbaycanda qəsdən hökumət böhranı törədilməsi cəhdinin qarşısının alınmasında da Fətəli xanın müstəsna xidməti Milli Şura üzvləri tərəfindən yüksək qiymətləndirilir. Əhməd bəy Pepinov "Nə ingilislərin gücü, nə də öz şəxsi maraqları ilə hesablaşmayan" hökumət başçısının bu ağır şəraitdə öz mövqeyini müdafiə etdiyinə görə Fətəli xana minnətdarlığını bildirir.

Lakin Fətəli xanın məlumatında səsləndirilən bir sıra məsələlər - İngilis komandanlığının Milli Şuradan və ümumiyyətlə, Azərbaycan hökumətindən xəbərsiz yeni hökumət yaratmaq təşəbbüsü, baş nazir postuna mümkün namizədlər kimi M.Əsədullayev və M.H.Hacınskinin adlarının çəkilməsi, xüsusilə bu namizədlərin ermənilər tərəfindən təklif edilməsi - iclas iştirakçıları arasında geniş müzakirələrə səbəb olur və az qala hökumət daxili böhran yaradır. Daxili İşlər naziri Behbud bəy Cavanşir bu məsələyə aydınlıq gətirir, Mirzə Əsədullayevin Tomsonla söhbətində Milli Şura haqqında mənfi fikir söyləmədiyi, Tomsonun baş nazir postuna ümumiyyətlə, qeyri-müsəlman bir şəxs nəzərdə tutduğu, sonra bu post M.Əsədullayevə təklif edilərkən onun həmin vəzifədə yalnız Fətəli xanı gördüyünü bildirdiyi və digər bu kimi məqamlar açıqlanır.

Xarici işlər naziri Məmməd Həsən Hacınski də özünün bütün bu məsələyə aidiyyəti olmadığını, onun adının ermənilər tərəfindən deyil, bəlkə də M.Əsədullayevin özü tərəfindən çəkildiyini bildirməklə hökumətdə hər hansı vəzifə tutmaqdan imtina edir. Fətəli xan özü də bütün bu söhbətlərdən sonra hökumətdə qalmayacağını bəyan edir. Parlamentin açılmasına 3 gün qalmış Milli Şuranın iclasında yaranmış bu gərginlik Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə tərəfindən aradan qaldırılsa da, Azərbaycan istiqlalının düşmənlərinin, bu halda erməni və rus milli şuralarının Parlamentin açılışına hər vasitə ilə mane olmaq cəhdləri göz qabağında idi.

Bu məqsədlə müttəfiq qoşunların baş komandanından istifadə etməkdən belə çəkinməyən erməni-rus qüvvələrinin yalnız Azərbaycan hökumətinin deyil, ümumilikdə azərbaycanlı əhalinin hüquqlarının danılmasında irəli sürdükləri tələblər öz hədsiz nifrəti və həyasızlığı ilə hətta general Tomsonu da heyrətə salmış və tədricən onun Azərbaycan hökumətinə və siyasi xadimlərinə münasibətinin dəyişməsinə səbəb olmuşdur. Hələ Bakıya gəlmək ərəfəsində, Ənzəlidə onunla görüşə gəlmiş Azərbaycan nümayəndə heyətini (Ə.b.Ağayev, N.b.Yusifbəyli M.b.Rəfiyev) əvvəlcə qəbul belə etmək istəməyən və Azərbaycan hökumətini tanımaqdan imtina edən general Tomsonun tez bir zaman ərzində öz fikrini dəyişməsində şübhəsiz ki, yalnız onun erməni-rus millətçilərinin xislətini anlaması deyil, Azərbaycan liderlərinin siyasi məharəti və eyni zamanda, şəxsi keyfiyyətləri də müstəsna rol oynamışdır. Təsadüfi deyil ki, "vəhşi, barbar, qaragüruhçu müsəlmanlar" əvəzinə Avropa düşüncəli, bir neçə xarici dillərdə danışan, sivil, mədəni dövlət xadimləri ilə üzləşən və yerli şəraitlə tanış olan general Tomson artıq bir aydan sonra Azərbaycan hökumətini yeganə qanuni hakimiyyət orqanı kimi tanıyır. 1918-ci il 3 dekabr tarixli protokol Milli Şuranın fəaliyyətini əks etdirən iclas protokollarının sonuncusudur. Həmin sənəddən Milli Şuranın növbəti iclasının dekabrın 4-ə, axşam saat 7-yə təyin olunduğu aydın olsa da, təəssüf ki, Parlamentin açılışına qədər keçirilən sonuncu iclasların protokolları qalmamışdır. Lakin 1918-ci il dekabr ayının 7-də, yəni Milli Şura tərəfindən təyin edilən gün Azərbaycan Parlamentinin öz işinə başlaması Milli Şuranın bu məqsəd yolunda boynuna düşən vəzifələri ləyaqətlə sona çatdırdığını göstərir. Azərbaycanın müstəqillik, istiqlal, dövlətçilik və parlamentarizm tarixində Milli Şuranın misilsiz xidməti olmuşdur. Azərbaycanın "İstiqlal bəyannaməsinin" qəbulundan başlayan bu yolda Milli Şuranın üzvləri "Gəncə böhranı"nından keçmiş, Azərbaycan torpaqlarının və paytaxt Bakının yad, işğalçı qüvvələrdən xilasını təmin etmiş, İngilis Komandanlığı ilə iş birliyi yaratmağa müvəffəq olmaqla, öz hakimiyyət strukturlarını saxlaya bilmişlər. Azərbaycan Parlamentinin yaranması ilə Milli Şuranın tarixi funksiyası başa çatmış və onun fəaliyyətinə xitam verilmişdir.

Azərbaycan Parlamentinin açılışı

1918-ci il dekabrın 7-də, saat 13-də H.Z.Tağıyevin Bakının Nikolayevski (İstiqlal) küçəsində yerləşən qız məktəbinin (indiki Əlyazmalar İnstitutu) binasında təntənəli bir şəraitində Azərbaycan Parlamenti açıldı.

Həmin gün güclü xəzri küləyinin əsməsinə baxmayaraq, bu münasibətlə bəzədilmiş şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürürdü, mağazalar, dövlət idarələri və təhsil müəssisələri bağlanmış, şəhər əhalisi gəzintiyə çıxmışdı. General Tomson Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyskiyə söz verdiyi kimi, İngilis komandanlığı tərəfindən şəhərdə nümunəvi qayda-qanun yaradılmış, Parlamentin işinə hər hansı əngəllər törədilməsinin qarşısını almaq üçün lazımi təhlükəsizlik tədbirləri görülmüşdü. Parlamentin keçirildiyi binanın qarşısında iki zirehli avtomobil qoyulmuş, binaya gələn bütün yollar kənar adamlar üçün bağlanmışdı. İngilis və Azərbaycan polisi, eləcə də hərbçilər bir neçə yerdə patrul xidmətində duraraq yalnız Parlament üzvləri və xüsusi vəsiqəsi olan şəxslərə Parlaman binasına girməyə icazə verirdilər.

Binanın içi, bütün keçidlər və məclisin keçirildiyi zal xalçalarla döşənmiş və üçrəngli milli bayraqlarla bəzədilmişdi. Parlamentin açılış mərasimində deputatlardan başqa hökumət üzvləri və hörmətli qonaqlar - görkəmli ziyalılar, iş adamları, mətbuat nümayəndələri və başqaları. iştirak edirdi. Qonaqların arasında xeyli sayda müsəlman qadınları da var idi. Diplomatik lojalarda xarici qonaqlar - general Tomsonun nümayəndəsi polkovnik Kokkerell, İranın Bakıdakı baş konsulu M.Saidol-Vezare, Gürcüstan Respublikasının nümayəndəsi Korçevadze, Şimali Qafqaz dağlıları hökumətinin sədri T.Çermoyev və başqaları əyləşmişdilər. Rus və erməni milli şuralarının nümayəndələri Azərbaycan Parlamentini "boykot" etmək qərarı vermiş, lakin Slavyan-rus cəmiyyətinin 5 üzvü Parlamentin işinə qatılmışdı. (Rus və erməni milli şuralarının nümayəndələri yalnız iki aydan sonra Parlamentin işində iştirak etməyə başlamışlar).

Nəhayət, düz saat 1-də Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə zala girərək rəyasət heyətinə keçir. Azərbaycan Parlamentinin açılış mərasimini redaktoru olduğu "Azərbaycan" qəzetində işıqlandıran Üzeyir bəy Hacıbəyov "Padşahlı məmləkətlərdə məclisi-məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən oğlu açdı" - deyərək, "qəlbən nikbin" Məhəmməd Əminin "açıq və gülər bir üz və yerə baxmaq adəti olmayan bir göz ilə" məclis üzvlərinə xitabən nitq etməyə başladığını yazır. M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentinin açılışında söylədiyi nitq dəfələrlə alqışlarla müşayiət olunmaqla, istər məzmununa, istərsə də məclis iştirakçılarında oyatdığı təsir gücünə görə ən parlaq natiqlik nümunəsi hesab edilə bilər. Onun "... müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhrarinəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir" sözlərindən sonra bütün zal ayağa qalxmış, gur və sürəkli alqışlar uzun müddət davam etmişdir.

Bu məşhur nitqində yaşanan anları yüksək qiymətləndirən M.Ə.Rəsulzadə daha sonra "Müsavat" partiyası adından gənc Cümhuriyyətin dövlət quruluşu, daxili və xarici siyasətinin əsas prinsipləri barədə bəyannamə ilə çıxış edir. Nitqinin sonunda M.Ə.Rəsulzadə Parlamentin sədrinin seçilməsini təklif edir və ciddi müzakirələrdən sonra "Müsavat" fraksiyasının təklifi ilə heç bir siyasi partiyanın üzvü olmayan, görkəmli siyasi xadim, Azərbaycan parlamentarizminin əsaslarını qoyan ən təcrübəli diplomat və böyük ziyalı Əlimərdan bəy Topçubaşov Azərbaycan Parlamentinin sədri seçilir. Ə.b.Topçubaşov özü bu vaxt İstanbulda olduğundan sədrin birinci müavini seçilən Həsən bəy Ağayev parlamentin işinə sədrlik edir. Mehdi bəy Hacınski katib olmaqla Parlamentin üç nəfərdən ibarət katibliyi seçilir.

Azərbaycan Xalq Cümhuriyyəti Müvəqqəti Hökumətinin başçısı Fətəli xan Xoyski Parlamentdə hökumətin daxili və xarici siyasəti barəsində hesabat xarakterli məruzə ilə çıxış edir. Bu məruzədən sonra Parlament köhnə hökumətin istefasını qəbul edərək yeni hökumətin təşkil edilməsini yenidən Fətəli xan Xoyskiyə tapşırır. Daha sonra mandat, reqlament və təsərrüfat komissiyalarına seçkilər keçirilir.

Azərbaycan parlamentinin açılması münasibəti ilə siyasi məhbuslara amnistiya verilməsi haqda "İttihad" partiyasının təklifi Parlamentin bütün fraksiyaları tərəfindən dəstəklənir və müvafiq aktı hazırlayacaq komissiyanın yaradılması haqda qərar qəbul etməklə Azərbaycan Parlamenti özünün birinci iclasını bağlı elan edir.

Azərbaycan Parlamentinin açılışı Azərbaycan cəmiyyətində böyük əks- səda doğurmuş, bu münasibətlə Parlamentin və hökumətin ünvanına gələn təbrik teleqramları, açılış mərasiminə həsr edilən yazılar, bu hadisəyə verilən qiymətlər dövrü mətbuatda geniş yer almışdır. Parlamentli respublika üsuli-idarəsinin yaradılması ilə Azərbaycanın siyasi cəhətdən qabaqcıl ölkələr səviyyəsinə qalxması və bu hadisənin onun bütün sonrakı taleyində son dərəcə mühüm rol oynaması təkzib edilməyəcək bir fakt olmuşdur .

Azərbaycan Parlamentinin açılışı günü onun yaradıcılarından birinin, Fətəli xan Xoyskinin dediyi "yatsa idik də yuxumuza girməzdi..." sözlərinin fərqinə varılarsa, çox kiçik bir zaman kəsiyində - azərbaycanlıların Rusiya Dumasında ilk təmsilçiliyindən başlayaraq Azərbaycan Parlamentinin yaradılmasına gətirən böyük və çətin yolun Üzeyir bəyin "vətən oğlu" adlandırdığı insanların idealları, əzmi və əməlləri ilə salındığını görərik. Azərbaycan Xalq Cümhuriyyəti Məclisi Məbusanının 1918-ci il dekabrın 7-də qaldırdığı "üç boyalı bayrağın" bu gün müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası Milli Məclisinin binası üzərində dalğalanması keçilmiş bu yola verilən ən yüksək qiymət, bu bayrağı qaldırmış Vətən oğullarının xatirəsinə isə ən gözəl abidədir.

Solmaz Rüstəmova-TOHİDİ Tarix elmləri doktoru


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 325

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...