CƏMİYYƏT
A- A A+

Xatirələr yaddaşın güzgüsüdür

2018-12-04 07:50:50

İnsan əzizlərini real həyatda itirdikdən sonra ümidi bir yuxulara qalır, bir də xatirələrə

Bu məqamlarda elə bil ki, müqəddəs ruhlarla bir növ təmas tapırsan, görüşürsən, dərdləşirsən, ovunursan... Bəlkə, buna görə də yuxular, xatirələr hər kəs üçün əzizdir, müqəddəsdir...

Yuxunu bəzən arzuya, istəyə uyğun yozanlar da olur, xatirələrdə isə bu olmaz! Xatirə həyatda şahidi olduğun faktlardır və onu heç vaxt arzuladığın variantlara dəyişmək olmaz. Ən azı günahdır!.. Xatirələr hər kəsin bir növ ikinci ömrüdür, həyatının yaddaş güzgüsüdür... Şifahi ədəbiyyatda bayatının “oxşama” şəkli vardır; xatirələri isə şərti olaraq “əzizləmə” də adlandırmaq olar...

Müasir Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslığının və pedaqoji elminin ilkin təməlçilərindən olan unudulmaz ustadımız Mir Cəlal müəllim haqqında çox genişmiqyaslı xatirə yadigarları mövcuddur. Qırx ildir ki, Mir Cəlal müəllim haqqında xatirələr söylənilir, zəngin həyat yolu, əməlləri, əsərləri yada düşür, yeri görünür... Lakin onu da unutmayaq ki, hər adam haqqında bu qədər xatirə yarana bilməz. Gərək elə mənalı, zəngin ömür yaşayasan ki, sənin həyatın başqalarının da yaddaşında belə genişmiqyaslı iz buraxmış olsun. Mir Cəlal müəllim məhz belə mənalı və zəngin ömür yaşamışdır, öz şəxsi xarakteri və əlli illik yazıçılığı, alimliyi, müəllimliyi ilə belə geniş miqyaslı xatirə yadigarları qoymuşdur! Yazıçılıq fəaliyyəti xarakterinə, əhatə miqyasına görə Mir Cəlal müəllimə daha böyük şöhrət gətirmişdir; lap ilk hekayələrindən ədib böyük oxucu auditoriyası qazanmışdır. Mir Cəlal müəllim, qırxıncı illər istisna olmaqla (həmin illərdə elmi fəaliyyəti daha genişdir), bədii yaradıcılıqla çox ciddi, ardıcıl və məhsuldar məşğul olmuşdur.

Ədibin arxiv yadigarları bu fikri bir daha təsdiqləyir. Hazırda Mir Cəlal müəllimin bir neçə irihəcmli əsərinin ilkin əlyazma və makina variantı nəşrini və tədqiqini gözləyir. “Qayğılar” (1936), “Mənim respublikam” (1945) və “İnsanlıq dünyası” (1975) romanları, “Həyata çağırış” (1928-29) və “Dağlar dilə gəldi” povestləri, “Mirzə Xəyal” komediyası, “Kafedra” dramı əsərlərini göstərmək olar.

Ədibin “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yaşıdlarım”, “Təzə şəhər”, “Açıq kitab”, “Yolumuz hayanadır” kimi romanları və 292 hekayəsi müasir nəsrimizin gözəl yadigarlarıdır. Bu əsərlər ilk növbədə böyük həqiqətləri və böyük aktuallığı ilə nəsrimizin həyat nəfəsini və ictimai kəsərini xeyli qüvvətləndirmiş oldu. Gənclik illərindən həyat təcrübəsi və müəllimlik müşahidələri Mir Cəlal müəllimi insan təbiətinin mürəkkəb təzadlarından xəbərdar etmişdir. Bu dolanbac dünyadan baş açmaq üçün ən etibarlı və əyani “kitab” elə insanın özüdür! Yazıçı da surətlərini həyatdan götürür, onu təqlid etməyə çalışır. Fəqət yaranışın ən mürəkkəb varlığı olan insanın özünü həyatda dəqiq və dərin müşahidə etməklə elə əsaslı, müdrik ibrətlər qazanmaq olur ki!.. Çünki həyat əsl mənada, bütün gözəlliyi və rəzalətləri ilə məhz insan əməllərindən, münasibətlərindən ibarətdir...

Mir Cəlal müəllimin ədəbiyyatşünaslıq, xüsusən ədəbiyyat nəzəriyyəsi sahəsindəki xidmətləri də çox bərəkətli olmuşdur. Klassik ədəbiyyatımızdan başlayaraq (Nizami) müasir ədəbiyyatımıza qədər (S.Vurğun), ciddi yaradıcılıq məsələləri, xüsusilə nəzəri problemlər Mir Cəlal müəllimin tədqiqat obyektinə çevrilmişdi.

“Füzuli sənətkarlığı” və “Azərbaycanda ədəbi məktəblər (1905-1917-ci illər)” kimi monumental tədqiqatları, başqa kitabları, dərslikləri çox zəngin filoloji elmi irsdir. Lakin Mir Cəlal müəllimin bütün yaradıcılıq fəaliyyətində pedaqoji dünyagörüşü, müəllimlik idealları aparıcı olmuşdur. Və təsadüfi deyildir ki, ədib 1928-ci ildən ömrünün sonunadək pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, orta və ali məktəbdə Gəncə və Gədəbəydəki müəllimliyi ilə bahəm yazıçılığı və alimliyi kimi təxminən əlli illik pedaqoji fəaliyyət göstərmişdir. Həqiqi müəllim əməyi isə əslində fədakarlıqdır!

Mir Cəlal müəllim həqiqi şəxsiyyət nümunəsi idi. Davranışı ilə, əməlləri ilə tələbələrinə də mənəvi ucalığı təlqin edərdi. Yaltaqdan, lovğadan zəhləsi gedərdi. Filarmoniya ilə üzbəüz səkidən keçirdik, vaxtı ilə Mərkəzi Komitə katibi olmuş bir nəfər o vaxtkı Partiya Tarixi İnstitutundan çıxdı və səliqə ilə salam verdi. Mir Cəlal müəllimin etinasızlığına təəccübümü bildirəndə o dedi: “Qardaş, bir vaxt vardı, bu bizi görəndə özünü elə çəkirdi ki, elə bil şiş udub. İndi işdən qovulub, olub tamam başqa adam”.

Böyük istedadla böyük zəhmətin müştərəkliyi həmişə böyük də nailiyyətlər yaradır. Mir Cəlal müəllimin yetmiş illik həyat yolu bunun parlaq sübutudur. Təbrizin ucqar Əndəbil kəndindən Gəncəyə oxumaq üçün gəlmiş Mir Cəlal müəllimin heç bir arxası, köməyi olmadan yalnız özünün əzmkar zəhməti və istedadı hesabına Azərbaycanın görkəmli ədibi, böyük alimi və nüfuzlu müəllimi, professoru ucalığına çatması bunun parlaq təsdiqidir. Bizim nəslin nailiyyətləri də ilk növbədə müəllimlərimizin pedaqoji səmərəsidir. Mir Cəlal müəllim öz şəxsiyyəti ilə, pedaqoji fəaliyyəti ilə hamıya kamil örnək idi. Nə qədər də sadə, səmimi və təbii bir şəxsiyyət! Zahiri görünüşü, geyimi, davranışı, danışığı təmkin və səmimiyyət nümunəsi!

Beşinci kursda diplom rəhbərim idi. Diplom işimə kafedrada rəyini diktə etdi və tapşırdı ki, makinada yazdırım, sonra ona qol çəkdirim. Evdə rəyi oxudum və görünür ki, Mir Cəlal müəllimin humanizminə arxalanaraq bəzi cümlələri yüngülcə “redaktə” etdim. Diplom müdafiəsi günü qol çəkdirmək üçün rəyi Mir Cəlal müəllimə təqdim edəndə alıb diqqətlə oxudu, mülayim, amma kinayəli bir təbəssümlə dedi: “Təhsin, rəyə qol çəkirəm. Müdafiən də uğurlu olsun. Amma yadında saxla, bir də mənim yazımın üslubuna dəymə”. Mir Cəlal müəllim universitetin çox nüfuzlu, şöhrətli professorlarından idi. Və onun yerində başqası olsa idi (bəlkə mən özüm də...), bu əhvalat belə uğurla bitməyə də bilərdi. XVIII əsr fransız aktyoru Talma öz xatirələrində dərin təəssüflə yazır: “...Hisslərini, fikirlərini bir parça kağızda əbədiləşdirən şairə, yazıçıya həsəd aparıram, öz xəyallarını, duyğularını daşda, mərmərdə həkk edən heykəltəraşa qibtə edirəm. Öz düşüncələrini, həyəcanlarını rənglərlə təcəssüm edən rəssama həsəd aparıram. Mən aktyoram, hər axşam səhnədə yaradıram və pərdə örtülən kimi bütün yaratdıqlarım da pozulub gedir. Heç bir yadigarım qalmır...”

Müəllim əməyi də bir növ belədir. Girirsən auditoriyaya, bütün biliyini, elmi potensialını, pedaqoji bacarığını, enerjini sərf edirsən dərs deməyə... Zəng vurulur, auditoriyadan çıxırsan... Hər şey elə orada qalır... Halbuki o vaxta müəllim yarımca səhifəlik yazı yazmış olsaydı, bəlkə də ondan ömürlük bir yadigar qalardı... Bir var müəllim işləyəsən, bir də var müəllim olasan... Bunların fərqi çox böyükdür! Müəllim işləməyə nə var ki? Auditoriyanı məşğul eylə, jurnalını yaz... Həqiqi müəllim olmaq isə fədakarlıqdır. O, bütün varlığı ilə sənətinin vurğunu, elmin, tədrisin cəfakeşi olmalıdır!

Bizim tələbəliyimiz məhz belə qüdrətli alim pedaqoqların fəaliyyəti vaxtına düşmüşdü. Məmməd Arif, Həmid Araslı, Mir Cəlal, Cəfər Xəndan, Əli Sultanlı, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Məmməd Cəfər kimi böyük pedaqoqlar pleyadası Azərbaycan filoloqlarının bir neçə nəslinin kamilliyində müstəsna xidmətlərə malik olmuşlar. Adını çəkdiyim alimlər üçün müəllimlik fəaliyyət sahəsi olmaqdan ziyada şəxsi xarakter səciyyəsinə çevrilmişdi; pedaqoji iş onların bütün həyat və fəaliyyətinin əsas istiqamətləndiricisi idi. Onlar pedaqoji tariximizin S.S.Axundov, A.Şaiq, S.M.Qənizadə kimi klassiklərinin zəngin ənənələrinin davamçıları idi. Tələbəyə onlar böyük amallarla yanaşırdılar, xalqın gələcək taleyinin ümidi, pənahı kimi baxırdılar. Tələbə vaxtı da, aspirantlıq illərində də valideynlərimizin harada işləməsi, haralı olması onları əsla maraqlandırmadı... Amma işə düzəlməyimiz, məvacib məsələlərimiz, mənzil problemlərimiz onları həmişə qayğılandırırdı...

Mənim diplom işimdə, namizədlik və doktorluq dissertasiyalarımda elmi rəhbər olmuş və həyatının sonuna kimi elmi-pedaqoji fəaliyyətimə əsl ustadlıq qayğısı göstərmiş Mir Cəlal müəllimin fəaliyyəti isə mənim üçün ən uca müəllimlik örnəyidir!

İmtahanlarda da çox kövrək və humanist idi. İmtahanlarını adətən bir saat gec - saat 10-da başlayardı. Assistenti də çox vaxt mən olardım. Bir gün, adətim üzrə, saat 10-a yaxın imtahana gəldim; gördüm ki, Mir Cəlal müəllim imtahanı başlayıb. Adətən “əla” və “yaxşı” qiymətlər yazan Mir Cəlal müəllim bu gün “kafi”, hətta “qeyri-kafi” də yazmışdı. O vaxtlar tələbə bircə imtahandan “kafi”, yaxud “qeyri-kafi” alsa idi, bir semestr təqaüddən məhrum olurdu.

Təəccüblə səbəbini soruşanda Mir Cəlal müəllim dedi: “Özün bilirsən ki, mən əsasən təqaüdə bais olmamaq üçün güzəştli qiymət verirdim. Amma iki gün əvvəl kafedraya gələndə gördüm tələbələrdən biri o birinə deyir ki, ay avam, Mir Cəlal müəllimi çox oxuma, o, yaxşı müəllimdir, onsuz da hamıya yüksək qiymət yazacaq. Sonrakı imtahana hazırlaşmaq lazımdır, ondakı xatakar müəllimdir... Qardaş, görünür, mənim xeyirxahlığımı düz başa düşmürlər. İndi mən də möhkəm soruşuram ki, heç olmasa, gələnilki tələbələr arxayın düşməsinlər, mənim də imtahanıma yaxşı hazırlaşsınlar”.

İmtahanın sonunda qiymətlərə göz gəzdirib dedi: “Deyəsən, bu binəvalar əsəbi vaxtıma düşdü, aşağı qiymət aldılar. Kəsilənlərə tapşır ki, imtahan sessiyası ərzində dekanlıqdan göndəriş alıb gəlsinlər, bəlkə biz də onlara bir az yüksək qiymət yazaq, təqaüd alsınlar”. Elə də oldu; tez bir zamanda təkrar imtahanlarda həmin tələbələr təqaüd “vüsalına” yetə bildilər.

Ümumiyyətlə, Mir Cəlal müəllim tələbə taleyinə çox həssas, qayğıkeş idi. Bir dəfə universitetdən çıxırdıq, birdən Mir Cəlal müəllim ayaq saxladı: “Təhsin, bu universitetdə ən böyük adam kimdir?” Sual gözlənilməz olduğundan duruxdum. Mir Cəlal müəllim sualı bir də təkrarladı. Cavab verdim ki, universitetdə ən böyük adam kim olacaq, əlbəttə, rektor! Mir Cəlal müəllim güldü: “Yox, qardaş! Universitetdə ən böyük adam tələbədir! Müəllim də, kafedra müdiri də, dekan da, prorektor da, rektor da - bunların hamısı tələbə üçündür! Tələbə olmasa, bunlar kimə lazımdır?”

Və əlavə etdi: “Bütün bunları ona görə deyirəm ki, tələbəyə qayğı ilə yanaşın, ona diqqətli olun”.

Tələbələrini müstəqil müəllimliyə pərvazlandıran Mir Cəlal müəllim hər bir kiçik təfərrüata diqqət yetirərdi. Adətən dərsimizdə ilk 45 dəqiqəni oturardı, tənəffüsdə qeydlərini nəzərə çatdırardı. Mənim ilk dərsimə qulaq asdıqdan sonra əsas qeydlərini nəzərimə çatdırdı. “Qardaş, dərsin məzmunu yaxşı idi. Amma müəllim ilk növbədə sinfi təşkil etməlidir. Lövhəni təmizlətməli, səliqə-sahmana baxmalıdır. Lap arxada stolların üstü palto ilə dolu idi. Elə bil univermaqdır...”

Cavan müəllimlərin geyiminə xüsusi diqqət yetirərdi. Mənə heç vəchlə qalstuk bağlatdıra bilmirdi. “Qardaş, müəllimin müəllim siması, görkəmi olar. Geyim özü intizamdır, mədəniyyətdir. Tələbə geyinməyi də müəllimdən öyrənməlidir” - deyirdi. Növbəti dəfə belə danlananda dedim: “Mir Cəlal müəllim, mən bu qalstuka heç cür alışa bilmirəm. Qalstuk bağlayanda Cəfər Cabbarlının “Sevil” pyesindəki Balaşın atası kimi mənim də boynum dönmür axı...”

Mir Cəlal müəllim güldü: “Bəs bizim boynumuz nə təhər dönür?”

Gördüm, yox, heç bir bəhanə ilə yaxamı qurtara bilməyəcəyəm. Çox fikirləşəndən sonra o vaxtlar Bakının əsas “ticarət mərkəzi” olan “Kubinkaya” getdim, yaxşı bir uzunboğaz “sviter” aldım. İki-üç gün sonra onu geyib dərsə gəlmişdim, Mir Cəlal müəllim adətən təzə geyimimizi görəndə sanki fərəhlənərdi, bir neçə gün mübarəkbadlıq edərdi. Bu dəfə də təxminən belə bir dialoqumuz oldu:

- Təhsin, nə qəşəng “sviter” almısan, mübarəkdir.

- Çox sağ olun, Mir Cəlal müəllim. Bunun bir yaxşı cəhəti də odur ki, daha qalstukdan canım qurtardı.

- Niyə ki?

- Axı bu, uzunboğazdır. Daha bununla qalstuk bağlamaq olmaz ki...

Mir Cəlal müəllim bir anlığa duruxdu və dərhal da gülərək söhbəti yekunlaşdırdı: “Qardaş, deyirsən yəni bu havaların bir qızan vaxtı olmayacaq? Necə ki havalar soyuqdur, bunu geyin. Amma bir azdan havalar qızanda sən də bizim kimi qalstuka keçəcəksən... Müəllimin müəllim görkəmi olar”.

Beləliklə, mən də qalstuk bağlamalı oldum.

Mir Cəlal müəllim yetirmələrinə nə qədər tələbkar idisə, bir o qədər də qayğıkeş idi, yaxın məsləhətçi və yardımçı idi. Təbii, bizim də əsas güvənc yerimiz, pənahımız Mir Cəlal müəllim idi...

Müəllimliyə təzə başlamışdım. Dekanlıqda kiçik bir mübahisəm olmuşdu. Kafedrada Mir Cəlal müəllimlə rastlaşanda bir az da ürəkləndim, bütün olanları xeyli əsəbi halda tam təfərrüatı ilə danışmağa başladım... Mir Cəlal müəllim də üzü pəncərəyə dayanıb sakitcə qulaq asırdı... Nəhayət, dayandım və cavab gözlədim...

Mir Cəlal müəllim gözünü pəncərədən çəkmədən çox sakit, təmkinli səslə dedi: “Təhsin, mən sənə diqqətlə qulaq asdım, dediklərinin hamısını eşitdim. Ancaq burda nə var ki, sən belə əsəbiləşmisən? Onlar elə deyib, sən də cavablarını vermisən, daha bu qədər həyəcan, əsəbilik nəyə lazımdır axı?”

Sonra da mənə tərəf dönüb sözlərini tamamladı: “Yadında saxla, müəllim olanın səbri gərək böyük olsun. Müəllim hər sözün boynuna kəndir salmaz”.

Mir Cəlal müəllimi heç vaxt özündən çıxan, müvazinətini itirən, kimisə ucadan töhmətləndirən görmədim. Lakonik, dəqiq və təmkinli danışıq üslubu (yazı nitqində olduğu kimi) onun üçün daha səciyyəvi idi. Mir Cəlal müəllimin təbiəti üçün ən səciyyəvi cəhətlər, mən deyərdim ki, sadəlik və səmimiyyət idi. Zahiri görünüşündə, davranışında, hətta elmi və bədii əsərlərinin üslubunda bu cəhətlər əsas idi, səbirli, təmkinli və səmimi intonasiya aparıcı idi.

Dərs deməyi də səmimi söhbət xarakterində olardı. Görəndə ki, tələbələr bir az yorulub, təsadüf etdiyi maraqlı hadisələrdən, bədii yaradıcılığından maraqlı, kiçik bir epizod danışardı, yenidən söhbətini davam etdirərdi. Eyni zamanda, Mir Cəlal müəllim çox iradəli, müstəqil düşüncəli, prinsipial və məğrur bir şəxsiyyət idi! Həyatda, elmdə və bədii yaradıcılıqda onun öz prinsipləri, kriteriyaları vardı. Hər deyilənə qoşulmazdı, öz iradəsi və öz məntiqi ilə yaşayan adam idi.

Qüvvətli və çoxmənalı yumoru vardı. Çox vaxt bəyənmədiyi nəyə isə sərrast yumorla öz kinayəsini, tənqidi münasibətini bildirərdi. Bu da həm effektli olurdu, həm də yaddaqalan. Bir də nikbin və şəfqətli kinayə bu nitqə xüsusi orijinallıq və kəsər verirdi. Elə bil bu xəfif kinayə onu həmişə həmsöhbətindən bir az da ucada saxlayardı, fikirlərini daha kəsərli və təsirli edirdi...

Mir Cəlal müəllim adi söhbətdə də, yazıda da son dərəcədə konkret, dəqiq idi. Bir dəfə Ə.Haqverdiyevin xalq həyatını, adət-ənənələrimizi, milli psixologiyanı gözəl bilməsindən söhbət düşmüşdü. Mir Cəlal müəllim söhbəti bircə tutarlı cümlə ilə belə yekunlaşdırdı: “Haqverdiyev bir növ canlı Azərbaycandır, yeriyən Azərbaycandır”. O, fikrin aydın və sadə ifadə tərzini elmdə və bədii yaradıcılıqda vacib sayırdı.

Xüsusilə gənclərin üslub əllaməliyindən əsəbiləşirdi: “Qardaş, bunlar belə hoqqabazlığı görəsən, harada öyrəniblər? Əsərdə gərək fikir aydın və dəqiq olsun. Bunların fikirləri elə dolaşıqdır ki, qələmə alanda da çətinlik çəkirlər. Mirzə Cəlil kimi o zaman xalqa yaxın olan ədib tapmaq çətindir, amma onun qədər asan, sadə, təbii yazan da yox idi. Bəs bu cavanlar niyə ədəbiyyatımızı, mədəniyyətimizi pis öyrənirlər, görüb-götürmürlər? Bəzi cavan alimlərin də əsərini oxuyanda, ya da özünə qulaq asanda, görürsən, sözündən bu çıxır ki, elə hər şey məndən başlayır. A bala, bəs səndən əvvəl yazıb-pozanlar harda qaldı?”

Mir Cəlal müəllim bədii təhkiyədə C.Məmmədquluzadə ənənələrinin görkəmli davamçısı idi. Uzunçuluqdan, yersiz təfsilatdan zəhləsi gedərdi. Yenicə çap olunmuş qalın, bədii cəhətdən zəif bir romanı vərəqləyirdi. Özünəməxsus kinayəli bir yumorla dedi: “Məndə ixtiyar ola, belə müəllifi qabaqcadan çağırıb alacağı qonorarı soruşaram, pulunu artıqlamasıyla verərəm və deyərəm ki, qardaş, camaata yazığın gəlsin, bunu çap elətdirmə, ya da yarıbayarı ixtisar elə. Axı belə uzunçuluqla, zorla ədəbiyyat yaranmaz. O pul ki, bəzən istedadsız adamlara tökülür, söyüd ağacına xərclənsəydi, indi o da bar vermişdi”.

Həmişə sakit, təmkinli görünən Mir Cəlal müəllim bir gün universitetə çox əsəbi gəlmişdi. Səbəbini soruşdum, cavab verdi ki, evdən gələndə qonşumuzdakı meyvə dükanının satıcısı cavan oğlan salamlaşdıqdan sonra mənə dedi, ay müəllim, bizim dükana da bir baş çəkin, sizə hörmət edək. Qardaş, sən bu gədənin iddiasına bax ki, mənə hörmət eləmək istəyir.

Tarix boyu müəllim nüfuzunun, müəllimə ehtiramın dərəcəsi hər bir cəmiyyətin intellektuallıq səviyyəsinin, elm və mədəniyyət qayğısının əsas göstəricilərindən sayılmışdır. Təzə müəllimliyə başlamışdım, imtahan fasiləsində Mir Cəlal müəllimlə universitetin müəllimlər bufetinə getdik. Yemək götürdük, mən cəld əlimi cibimə saldım ki, xərci ödəyim. Mir Cəlal müəllim yenə də təmkinlə, amma bir az da hökmlü şəkildə dedi: “Təhsin, yadında saxla, bir də mən olan yerdə əlini cibinə atmayasan”. Mən özümü yığışdırdım, o isə gülə-gülə yeməyin pulunu verdi.

Bu iki məqam ola bilsin ki, bəzilərinə xırda, az əhəmiyyətli epizod kimi görünsün. Amma onların hər birində böyük mətləb və məna vardır. İlk növbədə müəllim şəxsiyyətinin böyüklüyü, ucalığı hər iki epizodun məğzini, mahiyyətini təşkil edir. Qeyd etdiyim kimi, Mir Cəlal müəllim tələbələrinin pedaqoq kimi formalaşmasına xüsusi diqqət yetirirdi. Onların elmi hazırlığından tutmuş, davranış qaydalarına, hətta məişət problemlərinə qədər qayğı və diqqət göstərirdi. Təbii ki, gənc müəllim üçün mənzil problemi əsas idi və bu barədə Mir Cəlal müəllimlə dəfələrlə söhbətimiz olmuşdu.

Mir Cəlal müəllimlə nə barədə isə söhbətim vardı; razılaşdığımız vaxtı evlərinə getdim. Eyvanda oturmuşdu, dənizi seyr edirdi. Görüşdük, hal-əhval tutduq. Mir Cəlal müəllimin ilk sualı o vaxtkı gənc müəllimlər üçün ən mühüm məsələyə - mənzil probleminə aid oldu: “Təhsin, ev məsələn nə yerdə qaldı? Bax, sənə yenə deyirəm, mikrorayon-filan olmasın, ancaq mərkəzdə olsun. Ev məsələni birdəfəlik həll etməlisən”. Dedim, Mir Cəlal müəllim, heç mikrorayonda da ev verən yoxdur. Sonra zarafata keçib əlavə elədim: “Amma belə bir eyvan ilə də kifayətlənərdim”. Mir Cəlal müəllim güldü: “Qardaş, mən bu eyvanı alana qədər bilirsən nə qədər əsəbilik keçirmişəm? Nə qədər çalışmışam?” Doğrudan da, bilirdim ki, Mir Cəlal müəllim özünün ən sanballı əsərlərini İçərişəhərdəki iki balaca otaqdan ibarət mənzildə yazmışdı.

İndi həmin mənzil maraqlı muzey kompleksinin son dərəcə əziz, dəyərli tərkib hissəsidir. Əslində, bu mənzil tarixi yadigardır. Bura Mir Cəlal müəllimin Bakıda ilk mənzilidir. Belə ki, Mir Cəlal müəllimin ailə səadəti də, yazıçılıq, alimlik və müəllimlik fəaliyyəti də bu mənzil ilə çox bağlıdır. Bu ev özü də çox bərəkətli, “düşərli” olub. Mir Cəlal müəllim bu evə gələnədək hekayə və oçerkləri ilə bir yazıçı kimi tanınmışdı. Alim və müəllim kimi də nüfuz sahibi idi. Lakin hər üç sahədəki əsas uğurları məhz bu evlə bağlıdır. Burada bədii yaradıcılığının zirvə əsərləri olan “Dirilən adam” və “Bir gəncin manifesti” romanlarını, habelə bir silsilə gözəl satirik-yumoristik hekayələrini yaratmışdır. Həmçinin, elmi yaradıcılığının ən kamil nümunələrindən olan və sonra ona görə elmlər namizədi alimlik dərəcəsi aldığı “Füzulinin poetik xüsusiyyətləri” monoqrafiyasını yazmışdır.

Mir Cəlal müəllim də, onun ömür-gün yoldaşı Püstə xanım da son dərəcədə qonaqpərvər insanlar idi. Onların evinə kim getsəydi, tələbə, aspirant, müəllim fərqi yoxdur, mütləq evin ən ləziz nemətləri süfrədə olmalı idi. İnanıram ki, bu mənzil daima qonaqlı olacaq, qədirbilən xalqımız Mir Cəlal müəllimin bu xatirə ocağını həmişə əziz tutacaq, daima onu ziyarət edəcəkdir.

Aspirantlıq vaxtında da, müəllim olanda da qayğılarımızı, dərdlərimizi Mir Cəlal müəllimlə bölüşərdik. Evlərinə tez-tez gedərdik. Bu ailədə hər birimizi böyük mehribanlıqla qarşılardılar. Məqalələrimiz, dissertasiyalarımız barədə Mir Cəlal müəllimlə məsləhətləşərdik, ədəbiyyat aləmindən müxtəlif söhbətlərimiz olardı. Bilirdi ki, mənzil məsələsi ən nigaran problemimizdir. Təskinlik verərdi, yol göstərərdi. Bir gün o zamankı Bakı Sovetinin qarşısından keçirdik. Mir Cəlal müəllim ayaq saxladı, mənə müraciətlə: “Sən bir bura girmisən?” Dedim: “Nəyə görə?” Mir Cəlal müəllim təəccübləndi: “Necə nəyə görə? Evi elə burda verirlər də. Sən də bir gir içəri, aç sədrin qapısını, denən ki, qardaş, mən bu qonşuluqdakı universitetdə müəlliməm, özümün də evim yoxdur. Gör sənə üçcə günə abırlı bir mənzil verirlər, ya yox”. Dedim: “Mir Cəlal müəllim, məni sədrin yanına buraxan kimdir? Camaat günlərlə sübhdən bu qapını kəsir. Onların da yalnız bir qismi içəri düşə bilir, çoxu əliboş qayıdır. Məndə o səbir haradan idi ki, bu növbələrdə vaxt itirim? Universitetdə ev növbəsindəyəm, elə oradan nə vaxt versələr, alaram”. Mir Cəlal müəllim əsəbiləşdi: “Səndə ki bu çəkingənlik var, elə evsiz qalacaqsan, gözlə universitetdəki növbəni”. Mir Cəlal müəllim ziyalıya, universitet müəlliminə öz ucalığından baxırdı. Ona elə gəlirdi ki, mənzil məsələsinə baxanlar da onun kimi düşünərlər.

İllər dəhşətli sürətlə bir-birini qovdu; evimiz də oldu, babat güzəranımız da. Lakin bizi yetirən, zəhmətimizi çəkən, qayğımıza qalan gözəl insanları zaman əlimizdən aldı; bu etibarsız dünyada onlardan gözəl əməllər qaldı, bir də kövrək, həzin xatirələr...

Keçən əsrin 60-70-ci illərində universitetin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrası çox güclü, eyni zamanda, xeyli mürəkkəb tərkibli idi. Lakin qarşıdurma yox idi. Müəllimlərin hər biri həm mənəvi, həm də elmi-pedaqoji baxımdan kifayət qədər səviyyəli idi və pedaqoji-etik mühit kifayət qədər qorunurdu. Mir Cəlal müəllimin hər kəs barədə şəxsi təsəvvürü vardı və mümkün qədər də onu aşkar bildirmirdi.

Mir Cəlal müəllim tələbələrin pedaqoji təcrübəsinə də xüsusi diqqət yetirərdi. Bir gün nigaran ovqatda dedi: “Qardaş, bir uşaqların pedaqoji təcrübəsinə də baş çəkək, görək müəllim təcrübəni necə aparır”. Təcrübə müəlliminə xəlvəti dedim ki, bir münasib günü mənə desin, Mir Cəlal müəllim də gələndə razı qalsın. Müəllim də xeyli vaxtdan sonra dərsin gününü və saatını deyib israrla xahiş etdi ki, məhz o vaxt gedək. Getdik, VII sinifdə ədəbiyyat dərsi idi. Təcrübə keçən tələbəmiz dərsi başladı və məlum oldu ki, bu gün proqram üzrə elə Mir Cəlal müəllimin yaradıcılığından bəhs olunacaq. Səliqəli geyimli, bəlkə də əvvəldən hazırlanmış bir oğlan irəli çıxdı, Mir Cəlal müəllimin həyat və yaradıcılığını böyük həyəcanla (kitabdakı bütün cümlələri əzbərləmişdi) danışdı və sonda, görünür, daha yaxşı təsir bağışlasın deyə, özündən də belə bir əlavə etdi: “Mir Cəlal Paşayevin əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır”. Mir Cəlal müəllim mənə tərəf çöndü: “Təhsin, görürsən müəllimi?” Dedim: “Vallah müəllim belə şeyə razı olmaz, bu uşağın özfəaliyyətidir”. Rəhmətlik dosent Firuz Sadıqzadə cəld ayağa durub Mir Cəlal müəllimi təqdim etdi, uşağın səhvini başa saldı. Qayıdanda Mir Cəlal müəllimin hirsi soyumuşdu. Mənə dedi: “Görünür, orta məktəbdə uşaqların sərbəst, müstəqil düşünməyinin qayğısına lazımınca qalmırlar. Barı Universitetdə buna diqqət yetirmək lazımdır; xüsusilə filoloqlar üçün bu çox vacibdir”. Kafedra müdiri kimi Mir Cəlal müəllim çox tələbkar və prinsipial, yeri gələndə hökmlü idi. Kafedramız xeyli böyümüşdü, lakin laborantlar işin öhdəsindən lazımınca gələ bilmirdilər. Bir gün Mir Cəlal müəllim belə bir tapşırıqla məni o vaxtkı Azərbaycan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru olan AMEA-nın müxbir üzvü Qədir Sultanovun yanına göndərdi: “Bax, Təhsin, gedirsən Qədir müəllimin yanına, deyirsən, Mir Cəlal müəllim deyir ki, kafedramız böyüyüb, müəllimlər çoxalıb, iki laborant daha işlərin öhdəsindən gələ bilmir. Bizə təcili olaraq iki təzə laborant da verilməlidir; bir baş laborant, bir də elə-belə laborant. Qədir müəllimə məndən bir salam da yetirərsən...”

“Baş üstə” deyib yollandım Qədir müəllimin yanına. Qədir müəllim hamı kimi məni də gülərüz qarşılayıb hal-əhval tutdu, gəlməyimin səbəbini eşidəndə təəccüblə soruşdu: “Sən Allah, Mir Cəlal müəllim, elə belə dedi, iki laborant istədi?!”

“ - Həzrət Abbas haqqı, lap elə belə dedi!..”

Cavabım Qədir müəllimi lap məyus etdi...

“ - Ay kişi, mənim Mir Cəlal müəllimə böyük hörmətim var. Amma Mir Cəlal müəllim elə bilir ki, məndə bir yeşik laborant ştatı var, bir yeşik də baş laborant ştatı. Yeşikləri açıb hərəsindən bir laborant ştatı verəcəyəm sənə. Ay qardaş, mənim öz aspirantım nə vaxtdır müdafiə eləyib, elmlər namizədidir, kafedrama laborant götürmək istəyirəm, ştat tapmıram. İndi mən sənə birdən-birə necə iki laborant ştatı verim?” Dedim: “Qədir müəllim, mən Sizi başa düşdüm. Amma Mir Cəlal müəllimə nə deyim?”

Qədir müəllim bir az da qayğılandı: “Hə... məni də narahat edən elə budur... Yox, təbii ki, Mir Cəlal müəllimə bu cür demək olmaz. De ki, Qədir müəllim deyir, baş üstə, Mir Cəlal müəllimin arzusunu yerinə yetirmək borcumuzdur. Di gəl ki, indi boş ştatımız yoxdur. Sağlıq olsun, may ayında nazirlikdən bizə yeni ştatlar veriləcək. Onda bir laborant, bir də baş laborant ştatı verərəm...”

Gəldim kafedraya, bir az da özümü nikbin tutaraq cavabı Mir Cəlal müəllimə yetirdim. Mir Cəlal müəllim həmişəki kimi sakitcə gülümsəyərək məni dinləyib, bir məsəl çəkərək sözə başladı: “Deyir, adam var, dəyirmana göndərərsən, şəhər xəbəri gətirər, adam da var şəhərə göndərərsən, dəyirman xəbəri gətirər. Təhsin, sən əvvəllər birincilərdən idin. Hara göndərirdim, işi rahatca həll edirdin. Amma axır vaxtlar olmusan ikincilərdən: hara gedirsən, əliboş qayıdırsan. Sən niyə belə oldun, qardaş?” Dedim: “Mir Cəlal müəllim, axı mən nə edə bilərəm ki? Sizin sözlərinizi Qədir müəllimə yetirdim, o da belə cavab verdi”. Mir Cəlal müəllim səmimi bir təbəssümlə söhbəti belə yekunlaşdırdı: “Yox, qardaş, sən elə əvvəlki kimi ol, o yaxşıdır...” Bütün bunlar Mir Cəlal müəllimin təbiətinin özünəməxsusluğundan irəli gəlirdi. Mir Cəlal müəllim adi davranışında da, elmi və bədii yaradıcılığında da təkrarsız, orijinal idi.

Uzun illər Mir Cəlal müəllim Universitet ədəbiyyatçılarının ən böyük xeyirxahı, ən yaxın məsləhətçisi olmuşdur. İndi onun tələbələri də, yeri gəldikcə, öz tələbələrinə unudulmaz Mir Cəlal müəllim haqqında xatirələr danışır, onun həyat və yaradıcılıq yolunu ibrətli nümunə kimi gənc nəslin yaddaşına köçürürlər... Ümid etmək olar ki, bu xatirələr Mir Cəlal müəllimin nurlu siması, pak, bütöv şəxsiyyəti və böyük, işıqlı əməlləri barədə zəngin, unudulmaz təsəvvür yaradacaq, onu hələ neçə nəslin qiyabi müəlliminə, məsləhətçisinə çevirəcək, ürəklərdə, hafizələrdə yaşadacaq...

Bəlkə də insanın ən böyük faciəsi ölümə məhkumluğunu dəqiq bilməsidir... Yeganə təsəlli isə əməlləridir, yadigarlarıdır ki, onlar yaşanmış ömrün həyat təcrübələrinin yaşanacaq ömürlərə əmanətidir. Bu cəhətdən ömür yolunun təkrarsız əks-sədası olan xatirələr xüsusilə əvəzsizdir... Mir Cəlal müəllim yazıçı, alim və pedaqoq kimi düz əlli il fədakarcasına fəaliyyət göstərmişdir. Azərbaycanın bugünkü dünya miqyaslı ucalığında Mir Cəlal müəllim kimi böyük ziyalıların da xidmətləri danılmazdır!

Təhsin MÜTƏLLİMOV


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 115

QHT və MEDİA

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...