TƏDQİQATLAR
A- A A+

Azərbaycandan dünyaya yayılan əbədi Üzeyir işığı

2018-11-23 09:25:02

Azərbaycan xalqı bir çox əvəzedilməz şəxsiyyətlər - rəssamlar, bəstəkarlar, yazıçılar yetirib və bu görkəmli simaların keçdiyi böyük yaradıcılıq yolu Azərbaycan mədəniyyətinin parlaq səhifələrində məxsusi yer tutur

Belə şəxsiyyətlər sırasında öz dühası ilə seçilən, Azərbaycan professional musiqisinin banisi, bütün Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar, publisist, pedaqoq və ictimai xadim olan Üzeyir bəy Hacıbəyli 18 sentyabr 1885-ci ildə Şuşa qəzasının Ağcabədi mahalında Əbdülhüseyn bəy Hacıbəylinin ailəsində dünyaya göz açıb. İlk təhsilini mədrəsədə alan bəstəkar sonra iki illik rus-tatar məktəbində oxumuşdu. 1899-cu ildə Üzeyir bəy təhsilini davam etdirmək üçün Gürcüstanda Qori müəllimlər seminariyasına daxil olur. Seminariyada müxtəlif fənlərdən, o cümlədən, musiqidən də dərslər keçirilirdi. Üzeyir bəy seminariyada oxuyarkən 3 musiqi alətində - skripka, violonçel və baritonda çalmağı öyrənir. 1904-cü ildə seminariyanı bitirdikdən sonra Üzeyir bəy Qarabağın Hadrud kəndində müəllim işləməyə başlayır. Burada o, ermənilərlə azərbaycanlılar arasında baş verən münaqişələrin şahidi olur və bununla əlaqədar 1905-ci ildə Bakıya gələrək müəllimlik fəaliyyəti ilə yanaşı, bir sıra qəzetlərdə redaktor və jurnalist kimi də çıxış etməyə başlayır.

Ümumiyyətlə, böyük bəstəkar musiqi nəzəriyyəçisi, musiqi xadimi, görkəmli bir ədib idi və ədəbi yaradıcılığı da üç istiqamətdə davam etmişdir: pedaqoji, publisist -dramaturji və bəstəkarlıq fəaliyyəti.

Qeyd etmək lazımdır ki, Üzeyir bəyin publisistikası çox gözəl, başadüşülən, ürəyəyatandır. O, sadə, başadüşülən misallarla ən çətin söhbətləri rahat ifadə edə bilirdi. Onun publisistikası sərt deyil. Bu da Üzeyir bəyin nəcibliyindən irəli gəlirdi. O, öz istədiklərini daha sakit ifadə etməyi, problemlərimizi göstərməyi bacarırdı. 1908-ci ildə 22 yaşında Üzeyir Hacıbəyli ilk operasını - dahi M.Füzulinin "Leyli və Məcnun" poeması əsasında opera yazıb və bu opera muğam opera janrının ilk nümunəsidir. Muğamlar ("Segah", "Şur", "Bayatı-Şiraz", "Cahargah") operanın əsasını təşkil edir. Bu operada həmçinin, Azərbaycan xalq mahnılarının ("Evləri var xana-xana", "Bu gələn yara bənzər") melodiyalarından da istifadə edilmişdir. Bəstəkar burada şairin bir çox şeirlərini saxlamaqla, poema əsasında libretto tərtib etmişdir. "Leyli və Məcnun" operası nəinki Azərbaycanda, bütün Şərqdə ilk opera sayılır. Bu operanın premyerası 1908-ci il yanvarın 25-də olmuşdur. İlk tamaşanın dirijoru görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi. Üzeyir bəy isə premyerada skripkada ifa edirdi. "Leyli və Məcnun" operasının ardınca Üzeyir bəy 6 opera və 3 operetta yazmışdır. Operalardan "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) və ən nəhayət, son operası "Koroğlu". Üzərində 5 il (1932-1937) işlədiyi "Koroğlu" operasının premyerası 30 aprel 1937-ci ildə Bakıda Opera və Balet Teatrında olub. Koroğlu rolunda dahi sənətkar Bülbül, Nigar rolunda isə Gülarə İsgəndərova çıxış edib. 1938-ci ildə "Koroğlu" operası Moskvada Azərbaycan İncəsənəti Dekadasında nümayiş etdirilmiş və ən gözəl opera adlandırılmışdı. Bu operaya görə Üzeyir Hacıbəyli Stalin mükafatına layiq görülür.

Üzeyir Hacıbəyli Azərbaycanda operetta janrının da özülünü qoyub. Buna "Ər və arvad" (1909), "O olmasın, bu olsun" (1910) və "Arşın mal alan" əsərlərini misal göstərə bilərik. "Arşın mal alan" əsərini Üzeyir Hacıbəyli 1913-cü ildə Peterburq Konservatoriyasında təhsil alarkən yazmışdı. Bu operetta bəstəkarın diplom işi olmuşdu. Konservatoriyanın rektoru A. Qlazunov "Arşın mal alan" əsərini bütün Rusiyada ilk və ən gözəl operetta adlandırıb. Bu opera 50 ölkənin 100-ə yaxın səhnəsində tamaşaya qoyulmuş, 60-dan çox dilə tərcümə edilmiş və dəfələrlə ekranlaşdırılıb.

Üzeyir Hacıbəyli bir neçə simfonik, kamera, kamera-instrumental, xoreoqrafik miniatürlər, kantatalar və s. kimi əsərlərin də müəllifidir. O, II Dünya müharibəsi illərində hərbi mövzuda da bir sıra əsərlər yazır. Onlardan "Şəfqət bacısı", "Qızıl əsgər marşı", "Pilotlar" və s. göstərmək olar. Müharibə illərində Üzeyir bəy həmçinin, Nizami Gəncəvinin 800 illik yubileyinə həsr olunmuş iki əvəzedilməz əsərini - "Sənsiz" və "Sevgili canan" romanslarını da yazıb ki, bununla da o, qəzəl-romans janrının da əsasını qoyub.

Üzeyir Hacıbəyli Azərbaycanda bir sıra musiqi məktəblərinin, Azərbaycan Dövlət Konservatoriyasının yaradıcısı və rektoru olub. O, 1931-ci ildə xalq çalğı alətlərindən ibarət notlu orkestr, 1936-cı ildə dövlət xor kollektivini, ilk simli kvarteti və simfonik orkestri yaradıb. Üzeyir Hacıbəyli nəinki bəstəkar, hətta iti qələm sahibi və incə satiraya malik olan bir publisist və tərcüməçi idi. O, N.V.Qoqolun "Şinel" əsərini Azərbaycan dilinə tərcümə etmişdir. Bundan əlavə o, 1907-ci ildə rus-türk, türkcə-rusca lüğətini, 1908-ci ildə isə orta məktəb üçün "Riyaziyyatdan hesab məsələləri" kitabını yazır.

Üzeyir bəyin 1918-1920-ci illər arasındakı musiqi yaradıcılığı haqqında dolğun məlumat yoxdur. Sovet dövründə onun bu dövrdəki həyat və yaradıcılığının öyrənilməsi qadağan edilmişdi. Çünki Üzeyir bəy bir müsavatçı kimi M. Ə. Rəsulzadənin yaxın məsləkdaşı olmuşdur. Ümumiyyətlə, 1920-ci ildən 30-cu illərin ortasına kimi Üzeyir bəyin həyatı çətin və keşməkeşli keçib.

İyirminci illərdən sonra Üzeyir bəy musiqi sahəsində bir nəzəriyyəçi alim kimi tanındı. Onun tükənməz axtarışları və tədqiqatları nəticəsində 1945-ci ildə "Azərbaycan xalq musiqisinin əsasları" elmi əsəri işıq üzü görür. Bu əsəri yazarkən müəllif heç bir ədəbiyyatdan istifadə etməmişdir və əsər üzərində 20 il işləmişdir (1925-1945). Azərbaycan Dövlət Himninin müəllifi Üzeyir Hacıbəyli 2 dəfə SSRİ Ali Sovetinin deputatı (1937, 1941) seçilir. Sovet İttifaqında o, ilk bəstəkardır ki, SSRİ xalq artisti (1938) adına layiq görülmüşdür.

23 noyabr 1948-ci il... Bu tarix Azərbaycan incəsənətində hüznlü bir səhifə kimi yadda qaldı. Həmin gün gecə saat 2-də dahi bəstəkar əbədiyyətə qovuşdu. Bəstəkarın ölümündən sonra, 1965-ci ildə Üzeyir bəyin adına mükafat təsis edildi, bir sıra obyektlərə onun adı verildi. Üzeyir bəy özünün gözəl, əvəzedilməz əsərlərini və böyük bəstəkarlıq məktəbini gələcək nəsillərə ərməğan qoyub getdi. Bəstəkarın anadan olduğu gün - 18 sentyabr Azərbaycanda Üzeyir Musiqi Günü kimi qeyd olunur. Həmin gün respublikamızın hər yerində silsilə tədbirlər keçirilir, onun həyat və yaradıcılığını əks etdirən filmlər nümayiş etdirilir.

Üzeyir Hacıbəyli bütün Şərqdə və Azərbaycanda ilk professional musiqinin və operanın müəllifi kimi yaddaşlara həkk olunub, daima da beləcə qalacaq. Üzeyir bəy dünyası gözəllik, ülvilik, nəciblik dünyasıdır. Onun musiqisi ölməzdir, ömrünü verdiyi əsərlər son dərəcə qiymətlidir. Üzeyir Hacıbəylinin yaradıcılıq yolu tək bir adamın, tək bir dahi sənətkarın ömrü deyil, bütün Azərbaycan musiqisi və səhnə sənətinin salnaməsidir, bir tarixidir. Onun füsünkar musiqisi xalqımızın neçə-neçə nəslini ömürboyu müşayiət edib və etməkdədir.

Təranə HƏSƏNOVA

Üzeyir Hacıbəylinin Ev Muzeyinin elmi işçisi


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 386

QHT və MEDİA

2019-09-16 20:20:33

QHT və MEDİA
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...
ASTARA EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...