MÜSAHİBƏ
A- A A+

Qobustan - tarixin qoruğu və ya başlanğıcın əvvəli...

2018-11-05 09:05:03

İtaliyalı tədqiqatçılar Qobustanda elmi tədqiqat işləri aparmaq üçün qoruq rəhbərliyinə müraciət edib

Buradakı qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişindən danışır, ulu əcdadlarımızın min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini yaddaşlardan silinməyə qoymur. Daşlarının tarixi bəlli olmasa da, Qobustan Milli Bədii-Tarix Qoruğunun yaşı bəllidir. Burada tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq 1966–cı ildə bu məkana qoruq statusu verilib. Bu gün ölkəmizə gələn turistlərin üz tutduğu yerlərdən biri də Qobustan Milli Bədii-Tarix Qoruğudur. Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək üçün yolumuzu dəqiq tarixi hələ də bilinməyən Mesopotamiyadan da daha qədim olan Qobustan abidələrindən saldıq. Bu məkanda bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olduqda tariximizin qədimliyinin bir daha şahidi olduq. Açıq səma altındakı muzey, qayaüstü rəsm və təsvirlərlə baş-başa qalıb sirlə dolu bir dünyanın içində olub heyrətlənməmək mümkün deyil. Bu möcüzəli dünya ilə yaxından tanış olmaq üçün qoruğu qarış-qarış dolaşdıq, fürsət tapıb qoruğun direktoru Vüqar İsayevlə də həmsöhbət olduq. Fact-info.az AZƏRTAC-a istinadən müsahibəni təqdim edir: -Vüqar müəllim, hazırda qoruğun ərazisində yaradılmış muzeydə nə qədər maddi mədəniyyət nümunələri mövcuddur?

-Qobustanı geniş ictimaiyyət daha çox müasir muzeyi və Böyükdaş dağındakı yaşayış yerləri, təsvirləri və Qavaldaşı ilə tanıyır. Lakin Qobustan arxeoloji, tarixi və mədəni bir abidə kimi çox zəngindir. 1966-cı ildə yaradılmış qoruğun əsas vəzifəsi buradakı abidələrin qorunması və elmi tədqiqatlar vasitəsilə öyrənilməsidir. Düzdür, bu abidələrin ölkə ictimaiyyətinə və beynəlxalq aləmdə təbliği də mühüm əhəmiyyət kəsb edir. Ancaq qoruq olaraq bizim bir nömrəli vəzifəmiz abidələrin qorunması, öyrənilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasıdır.

Qobustan qoruğunun Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları ərazilərində Üst Paleolit dövrünün sonundan orta əsrlərədək olan dövrü əhatə edən, təxminən 20 min il ərzində yaradılmış, 1031 qaya üzərində 6300-dən çox təsvir qeydə alınıb. Arxeoloji qazıntılar nəticəsində qoruq ərazisində 20 yaşayış məskəni və 40 kurqan aşkar edilib. Arxeoloji qazıntılar zamanı əldə olunmuş 100 mindən artıq artefakt hazırda Qoruğun fondlarında qorunmaqdadır. Bunlardan əlavə Latın kitabəsi, qədim qəbiristanlıqlar, pirlər, qışlaq yerləri də qoruğun mühafizəsi altındadır. Bütün bunlardan cəmi 500 ədəd artefakt muzeyin ekspozisiyasında nümayiş olunur.

- Qoruq ərazisində elmi tədqiqat işləri hansı səviyyədə aparılır?

-Yuxarıda qeyd etdiyim kimi qoruq olaraq bizim ən vacib vəzifələrimizdən biri də qoruq ərazisindəki abidələrin sistemli şəkildə öyrənilməsidir. Vaxtilə Qobustanda İshaq Cəfərzadə, Cəfərqulu Rüstəmov kimi alimlərin rəhbərliyi ilə elmi tədqiqat işləri aparılıb. İndi isə qoruğa gələn turistlərin görmədiyi ancaq bizim işimizin çox vacib hissəsini təşkil edən elmi tədqiqatla qoruğun elmi işçiləri məşğul olur. Lakin qoruqda aparılan elmi tədqiqat işləri daim AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tövsiyələri nəzərə alınmaqla aparılır. Lazım gəldikdə mütəxəssislər cəlb olunur. Hazırda 2016-cı ildən icrasına başlanılmış “Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinin ilkin mərhələsi yekunlaşmaq üzrədir. Layihənin məqsədi Qobustan qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasının və yeni kataloqunun yaradılması üçün qoruq ərazisindəki təsvirli daşların yenidən sənədləşdirilməsidir. İlkin olaraq, 2016-cı ildən başlayaraq Cingirdağ-Yazılıtəpə sahəsində yerləşən abidələrin sənədləşdirilməsinə başlanılıb. Müfəssəl sənədləşdirmə üçün bütün panellərin fotosu çəkilmiş, 3D modeli düzəldilmiş, qeydiyyat vərəqi doldurulmuş, GPS koordinatları, dəniz səviyyəsindən hündürlüyü, ölçüləri, istiqaməti, panel üzərindəki təsvirlərin üst-üstə düşmələri müəyyən edilmiş, rəqəmsal eskizləri hazırlanmışdır. Yeni, müasir metodların tətbiqi nəticəsində əvvəllər 877 təsvirin qeydə alındığı Cingirdağ-Yazılıtəpə ərazisində 521 yeni təsvir və 14 yeni təsvirli daş da aşkar edilmişdir. Yeni aşkar olunmuş təsvirlər və ümumiyyətlə Cingirdağ-Yazılıtəpə sahəsinin qayaüstü təsvirləri haqqında müfəssəl məlumat hazırlanmaqda olan kataloqda öz əksini tapacaq. Yeni aşkar olunmuş təsvirlər əsasən Yazılıtəpə üçün xarakterik olan keçi, maral, şir təsvirləri və müxtəlif abstrakt işarələr, damğalar, araba təsvirləridir. Bundan əlavə, qoruğun sərhədlərindən kənarda, Cingirdağ ərazisində yerli əhalinin “Sona qaya” adlandırdığı qayalıqda, kompleks halda 29 daşda 100-dən artıq xətlərlə bir-birinə birləşdirilmiş yalaqlar, damğalar və abstrakt qayaüstü işarə və simvollar aşkar olunub. Qobustanın digər kompleks abidələrindən fərqli olaraq “Sona qaya”da bir maral təsvirini çıxmaq şərti ilə zoomorf və antropomorf qayaüstü təsvirlərə rast gəlinmir. İlkin mülahizələrə görə, bu ərazi tunc dövründən orta əsrlərədək yerli əhalinin sakral dini ayinləri həyata keçirdiyi ibadət məkanı olub.

- Qoruqda turizmin inkişafı və turist marşrutlarının müəyyən edilməsi istiqamətində hansı işlər görülüb?

-Bildiyiniz kimi, Qobustan qoruğunun ərazisində yerləşən milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, ölkəmizin qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Məhz ölkə başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi səyləri nəticəsində Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 31-ci sessiyasında Qobustan Dövlət Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Qobustan qayaüstü incəsənətinin bəşər tarixi və yaradıcılığının öyrənilməsində özünəməxsusluğunu və əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qoruğa Milli Qoruq statusu verilib. Ölkə başçısının digər müvafiq Sərəncamı əsasında qoruğun yeni binası və müasir texnologiyalarla təchiz edilmiş yeni muzey istifadəyə verilib. Məhz bu sərəncamların nəticəsində qoruğun Böyükdaş dağı ərazisində turizm fəaliyyətinin göstərilməsi üçün infrastruktur yaradılıb. Hazırda Qobustanda turistlər üçün Böyükdaş dağının yuxarı səkisini əhatə edən əsas ekskursiya marşrutu ilə yanaşı, “Böyükdaş dağının aşağı səki marşrutu”, “Kiçikdaş dağı marşrutu”, “Cingirdağ dağı marşrutu”, “Ekstremal ekskursiya marşrutu” və uşaqlar üçün “Qobustan – interaktiv turu” da fəaliyyət göstərir. Həmçinin istəyə uyğun olaraq Böyükdaş dağının yuxarı səkisində “Gecə turu” da təşkil olunur. Yeni, xüsusiləşmiş ekskursiya marşrutlarının yaradılması istiqamətində işlər davam etdirilir.

-Ölkəmizə gələn turistlərin üz tutduğu məkanlardan biri də Qobustan Milli Tarix-Bədii Qoruğudur. Turistlərin sayı baxımından bu il ötən illərdən necə fərqlənir? -Statistikaya nəzər salsaq görərik ki, Qobustanın UNESCO Dünya Mədəni İrs Siyahısına daxil edilməsindən və 2007-ci ildə Prezident İlham Əliyevin Qobustanla bağlı sərəncamlarından sonra keçən 10 ildə qoruğa gələn turistlərin sayı hər il artır. Bu il də bu tendensiya təkrarlanmaqdadır.

-Bu il ən çox hansı ölkələrdən olan turistlər üstünlük təşkil edib?

-Son illər ölkəmizə, həmçinin Qobustana gələn turistlərin sayı artıb. Ənənəvi olaraq ABŞ, Avropa və qonşu ölkələrdən – Rusiya, Türkiyə, İrandan gələn turistlərlə yanaşı, bu il Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İsrail, Pakistan, Çin kimi ölkələrdən gələn turistlərin sayında ciddi artım müşahidə olunur. Bununla yanaşı, bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi.

- Ölkəmizə səfərə gələn rəsmi şəxslərin üz tutduğu məkanlardan biri də buradır. Onlar tanışlıq zamanı təəssüratlarını necə bölüşür...

-Doğrudur, tez-tez yüksək səviyyəli rəsmi qonaqlarımız olur. Hamı kimi onlarda da Qobustanın unikallığı və özünəməxsus aurası müsbət təəssürat yaradır. Bu gün demək olar ki, Azərbaycana gələn hər bir qonaq, hər bir turist Qobustanı ziyarət etməklə, Azərbaycan və azərbaycanlılar haqqında fikir formalaşdırır. Qobustanın keçmişi, buradakı abidələr bizim tarixi keçmişimizi əks etdirirsə, onun öyrənilməsi, qorunması, təqdim olunma səviyyəsi qonaqlara bu günümüz haqqında məlumat verir. Ona görə də biz öz işimizi görərkən bəşəriyyətin ən unikal abidələrindən birinin qorunmasına cavabdeh olduğumuzu və öz dövlətimizi, xalqımızı təmsil etdiyimizi həmişə xatırlayırıq. Onu deyə bilərəm ki, ixtisasından, maraq dairəsindən asılı olmayaraq bütün qonaqlar Qobustanı müsbət emosiyalarla tərk edirlər. Bəzən Qobustanda qayaüstü rəsmlərin qorunması və təqdimatına yanaşmanı öz ölkələrində də tətbiq etmək istədiklərini bildirənlər olur.

-Qoruq beynəlxalq əməkdaşlığını necə qurub?

-Qobustan qoruğu çox aktiv beynəlxalq əlaqələrə malikdir. Bu, bizə həm abidələrimizi təbliğ etməyə, həm də fəaliyyətimizi daim beynəlxalq standartlara uyğun qurmağa kömək edir. UNESCO-nun Dünya Mədəni İrsi statusuna malik abidə kimi Qobustan mütəmadi olaraq bu beynəlxalq təşkilatın müvafiq strukturları ilə qarşılıqlı fəaliyyət göstərir. Bundan başqa, Qobustan qoruğu Avropa Şurasının Mədəni Marşrutlar İnstitutunun “Preshistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutunun üzvüdür. Təşkilatın məqsədi Avropanın qayaüstü incəsənət abidələrində elmi tədqiqat işlərini, administrativ və mədəni fəaliyyətini təşviq etmək, birgə turizm marşrutlarını yaratmaqdır. Bu mədəni marşrutda İspaniya, Fransa, İtaliya, Norveç, İsveç, Portuqaliya, İrlandiya, Gürcüstan və Azərbaycandan 112 arxeoloji və ya qayaüstü incəsənət abidəsi təmsil olunur. Hazırda Qobustan qoruğu Mədəniyyət Nazirliyinin nümayəndəsi kimi təşkilatın idarə heyətinin üzvüdür.

Elmi sahədə də beynəlxalq əməkdaşlıq daim diqqət mərkəzindədir. Hazırda İtaliyadan Qobustanda elmi tədqiqat aparmaq üçün daxil olmuş müraciətə baxılır. Həmçinin qoruğa Orta Asiyanın qayaüstü incəsənət abidələrini cəlb etməklə beynəlxalq layihə həyata keçirmək planı üzərində iş aparılır. Yəni, bu coğrafiyada yerləşən dövlətlərlə qarşılıqlı səfərlər təşkil olunacaq, bir yerdə elmi tədqiqat işləri aparılacaq, Qobustanla bu abidələrin ortaq xüsusiyyətlərini müəyyən edib kitab şəklində çap edəcəyik.

-Növbəti illərdə rəhbəri olduğunuz qurumun fəaliyyət istiqamətlərindən danışardınız...

-Biz daim qoruq ərazisində yerləşən abidələrin qorunması, öyrənilməsi və təbliği istiqamətində yenilikləri öyrənmək və Qobustanda tətbiq etmək niyyətindəyik. Qobustanda mövcud infrastrukturun qorunması və yeni infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir. Qoruq ərazisində turistlərin daha keyfiyyətli xidmətlərlə təmin edilməsi üçün müxtəlif iaşə obyektlərinin, həmçinin yaşıllıqların yaradılması planlaşdırılır. Bundan əlavə, elmi tədqiqatların davam etdirilməsi və qoruğun bütün abidələrini əhatə edən rəqəmsal məlumat bazasının yaradılması prioritet istiqamətlərdən biridir.

-Sonda oxucularımıza nə demək istərdiniz?

-İnsanlığın ilk incəsənət nümunələrini, tarixi keçmişimizi və Qobustanın bu gününü görmək üçün bütün vətəndaşlarımızı və ölkəmizin qonaqlarını Qobustana dəvət edirəm.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 162

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...