CƏMİYYƏT
A- A A+

Azərbaycan çoxvektorlu və tarazlaşdırılmış xarici siyasət xəttini uğurla həyata keçirir

2018-10-23 07:45:43

Oktyabrın 18-də Azərbaycan Respublikası Dövlət Müstəqilliyi Gününün növbəti ildönümünü qeyd edib. Bu keşməkeşli və mürəkkəb yolda çoxsaylı problemləri dəf etmiş xalqımız 27 il bundan əvvəl Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya aktı qəbul ediləndən sonra çoxdan həsrətlə gözlənilən azadlığa qovuşdu

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun İsraildə çıxan nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetində bir neçə gün bundan əvvəl dərc edilmiş “İsrailin Cənubi Qafqazdakı müttəfiqinin müstəqillik günü” sərlövhəli məqaləsi bu mövzuya həsr edilib. https://www.jpost.com/Opinion/Independence-Day-of-Israels-ally-in-the-South-Caucasus-region-569773 Məqalə müəllifinin qeyd etdiyi kimi, tarix dönə-dönə sübut edir ki, müstəqilliyin əldə edilməsi onu qoruyub saxlamaqdan asan olur. XX əsrdə Azərbaycan iki dəfə suveren, müstəqil dövlət olmaq şansı əldə edib. Arye Qut vurğulayır: “Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edilib. Bu, islam dünyasında parlament üsul-idarəli ilk dünyəvi, demokratik dövlət idi. Bu il müstəqil Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyini böyük fərəhlə qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması əlamətdar tarixi hadisə və Azərbaycan tarixində şanlı və ləyaqətli səhifələrdən biri olub. Yeni müstəqil dövlətin bütün vətəndaşları ilk dəfə olaraq, sosial statusundan, cinsindən, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bərabər hüquqlar əldə etdilər. Azərbaycanda qadınlara kişilərlə bərabər seçki hüququ Avropanın bəzi ölkələri və ABŞ ilə müqayisədə xeyli əvvəl verilib. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixində ilk parlament respublikası, bütün müsəlman Şərqində qanunun aliliyinə əsaslanan demokratik dünyəvi dövlətin ilk modeli idi. Bu gün müstəqil və güclü Azərbaycan Cümhuriyyətin layiqli varisidir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin zəngin və layiqli ənənələrindən istifadə edərək bu gözəl tarixi irsə əsaslanan müstəqil Azərbaycan dövləti yaratdı”. Ekspert qeyd edir ki, bu gün Avrasiyada İsrailin etibarlı tərəfdaşı və müttəfiqi olan Azərbaycan müstəqil, güclü dövlət və Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi proseslərin lideridir. Arye Qut yazır: “Azərbaycan Respublikası dünya birliyinin ləyaqətli, etibarlı və məsuliyyətli üzvüdür. Bu ölkənin həyata keçirdiyi müxtəlif geoiqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq layihələri sərhədləri genişləndirməyə, regionda və onun hüdudlarından kənarda sabitliyə və firavanlığa şərait yaradır. Başqa sözlə desək, bu gün Azərbaycan təhlükəsizliyi və sabitliyi ixrac edir. Üstəlik, Azərbaycan müasir təhdidlərin qarşısını almaq üçün beynəlxalq birliyin səylərini birbaşa dəstəkləyir. Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistanın təcavüzünün davam etməsinə, dünya erməni lobbisinin həyata keçirdiyi psixoloji müharibəyə və dezinformasiya kampaniyalarına baxmayaraq, Azərbaycan öz uğurlu xarici siyasətinin davam etdirir. Bu məqsədyönlü fəaliyyət nəticəsində dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, onun sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında nizamlanmalıdır”. Məqalə müəllifi qeyd edir ki, Azərbaycan Rusiya, Türkiyə və İran kimi geosiyasi aktorlarla eyni mürəkkəb geosiyasi regionda yerləşir. Arye Qut vurğulayır: “Regionun geosiyasi labirinti xatırlatmasına baxmayaraq, Azərbaycan öz çoxvektorlu xarici siyasətinin uğurla həyata keçirir və sabitliyi müdrikcəsinə dəstəkləyir. Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən biri İsrail Dövlətidir. Bu gün reallıq belədir ki, Avrasiyada heç bir başqa ölkənin İsrail ilə Azərbaycandan daha sıx qarşılıqlı əlaqələri yoxdur. İki dövlət arasında diplomatik münasibətlərin 26 illik tarixi ərzində yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan dövlət arasında strateji münasibətlərin zəruriliyi və həyat qabiliyyəti sübut edilib. Dost dövlətlərimiz həqiqi və etibarlı strateji tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərirlər. İsrail ilə Azərbaycan arasında illik əmtəə dövriyyəsinin həcmi təqribən 4,5 milyard dollara bərabərdir. Əvvəllər əsas diqqət neft-qaz sahəsinə yönəldilirdi, indi isə əməkdaşlıq şaxələndirilərək iqtisadiyyatın digər seqmentlərini, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və hərbi-texniki sahədə əməkdaşlığı da əhatə edir. Vurğulamaq lazımdır ki, İsrail dünya bazarında keyfiyyətli Azərbaycan neftinin əsas alıcılarından biridir”.

İsrailli ekspert yazır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə mühüm yer tutur və Cənubi Qafqaz regionunda öz geosiyasi mövqeyini möhkəmlətməkdə davam edir. Arye Qut yazır: “Təsadüfi deyil ki, Cənubi Qafqaz regionunda istehsal edilən ümumi daxili məhsulun 80 faizi Azərbaycanın payına düşür. Azərbaycan həm öz ərazisinə, həm də əhalinin sayına və iqtisadiyyatın inkişaf səviyyəsinə görə Cənubi Qafqazın ən iri dövlətidir. Danılmaz faktdır ki, Azərbaycan Prezidenti İlham Əliyev Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb marşrutları üzrə dünya okeanlarını və qitələri əlaqələndirən nəqliyyat layihələrinin müəllifi və təşəbbüsçüsüdür. Azərbaycan – qlobal enerji təhlükəsizliyini, o cümlədən Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir”.

Arye Qutun fikrincə, Prezident İlham Əliyev Azərbaycanı stabil, müstəqil, firavanlasan, dini dözümlülük bərqərar olmuş müasir dövlətə çevirməyə nail olub. Ekspert vurğulayır: “Multikulturalizm və tolerantlıq tarixən Azərbaycan xalqının həyat tərzi olub. Bu gün multikulturalizm milli mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı üçün həyat tərzidir. Azərbaycan həmişə çoxmillətli ölkə olub və bu gün multikultural ölkədir. Azərbaycanda 25000 üzvü olan nüfuzlu yəhudi icması yaşayır. İlham Əliyevin himayəsi ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycanda ilk yəhudi muzeyi yaradılması nəzərdə tutulur. Bu, bütün Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq”. Ekspert qeyd edir ki, Azərbaycanın şimalında, Quba rayonunda yerləşən qədim Qırmızı Qəsəbədə 4500-dən çox sakin yaşayır. Bu qəsəbə Azərbaycanın qürur mənbəyi, İsrailin hüdudlarından kənarda yeganə məşhur yəhudi məskənidir.

İsrailli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin sonunda yazır: “İlham Əliyev Azərbaycanın yəhudi icmasına səmimi və qayğıkeş münasibətinə görə İsrail cəmiyyətində böyük hörmət qazanıb. İsrail ilə Azərbaycan arasında, azərbaycanlı müsəlmanlarla azərbaycanlı yəhudilər arasında münasibətlər təkcə onların qarşılıqlı maraqları ilə izah edilə bilməz. Ortaq dəyərlər və ortaq tarix müasir İsrail-Azərbaycan münasibətlərinin əsasını təşkil edir. Bu iki ölkə arasında sıx insani əlaqələr və bir-birini dəstəkləmək qətiyyəti var”.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 155

QHT və MEDİA

2018-11-13 09:20:57

QHT və MEDİA
Allen Alen: Azərbaycanda dinlərarası har...
Allen Alen: Azərbaycanda dinlərarası har...

Qonağa ölkəmizdəki sabit dini durum, tolerant və multikultural mühit barədə m...

2018-11-12 07:50:12

QHT və MEDİA
"ABŞ Azərbaycanın terrorizmlə mübarizədə...
"ABŞ Azərbaycanın terrorizmlə mübarizədə...

ABŞ Ordu generalı ABŞ Nəqliyyat Komandanlığının komandanı Stefen Layens Azər...

CƏMİYYƏT

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

2018-11-07 07:40:52

CƏMİYYƏT
Dövlət himnimizə hörmət etmək hər bir az...
Dövlət himnimizə hörmət etmək hər bir az...

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən bir...

İQTİSADİ

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...

2018-11-05 10:10:57

İQTİSADİ
“Azərbaycan regionda mühüm tranzit rolu ...
“Azərbaycan regionda mühüm tranzit rolu ...

Bunu Baş nazir Novruz Məmmədov Astanada MDB Hökumət Başçıları Şurasının iclas...