CƏMİYYƏT
A- A A+

Cümhuriyyətin naziri Əbdüləli bəy Əmircanov

2018-10-19 08:55:04

Azərbaycanın görkəmli dövlət xadimi və Parlamentin ilk üzvlərindən olan Əbdüləli bəy Şirəli bəy oğlu Əmircanov 1870-ci ildə Şəkidə anadan olub

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmiş və 1888-ci ildə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib. Tiflisdəki Aleksandrovsk Müəllimlər İnstitutunda Ə.Əmircanov Azərbaycanın tanınmış maarif xadimləri olan S.M.Qənizadə, H.Mahmudbəyov, S.Əbdürrəhmanbəyovla birlikdə təhsil almış və yaxın dostluq münasibətində olub. Əlavə edək ki, tanınmış milyonçu Şəmsi Əsədullayev 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar Ə.Əmircanovun təhsil aldığı Tiflis Müəllimlər İnstitutunda öz adına iki təqaüd təyin etdirmişdi.

Ə.Əmircanov Tiflisdə ali təhsilini bitirdikdən sonra Şəkiyə qayıtmış və burada şəhər məktəbində müəllim işləmişdi. O, həmin məktəbdə Azərbaycan dilində dərs keçilməsi, rus dilinin öyrədilməsi, tarix, coğrafiya, təbiətşünaslıq və riyaziyyatın tədrisində böyük rol oynamışdı. XIX əsrin axırlarında Ə.Əmircanov Lənkərana köçmüş, orada müəllim işləmiş və o dövrün tanınmış maarifçisi olan Teymur bəy Bayraməlibəyovla (1862-1937) birlikdə bir çox mədəni-maarif tədbirləri həyata keçirmişdi. Ə.Əmircanov Lənkəranda çalışarkən, orada ailə həyatı qurmuşdu.

XX əsrin əvvəllərində Ə.Əmircanov Bakıya köçmüş, rus-Azərbaycan məktəblərində dərs demiş, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib olaraq çalışmışdı. Ə.Əmircanov Bakıda o dövrdə fəaliyyət göstərən mədəni-maarif cəmiyyətlərinin işində yaxından fəallıq göstərmişdi. Belə cəmiyyətlərdən biri də "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" idi. Bu cəmiyyətin fəaliyyətinə xeyriyyə ilə yanaşı, mədəni və təhsil müəssisələrinin inkişafına kömək də daxil idi.

Cəmiyyət bu məqsədlə məktəblərin və tələbələrin dərsliklə təmin edilməsinə, həmçinin, ən kasıb şagirdlərin məktəbə daxil olmasına və orta təhsil müəssisələrində təhsillərini tamamlamasına kömək göstərirdi. Ə.Əmircanov bu cəmiyyətin işlərində fəallıq göstərən ziyalılardan idi. Ə.Əmircanovun yaxından əməkdaşlıq etdiyi digər bir cəmiyyət isə "Nəşri-Maarif" idi. "Nəşri-Maarif" Cəmiyyəti aşağıdakı işləri reallaşdırmağı da planlaşdırırdı: kitabxana - oxu zalı açılışı; pedaqoji kurslar və xalq müəllimlərinin hazırlığı üçün xüsusi təhsil müəssisələrinin təşkili; tamaşaların qoyuluşu; ədəbi axşamların keçirilməsi və s.

Qeyd edək ki, Ə.Əmircanov Cəmiyyətin bu işlərində yaxından fəallıq göstərirdi. 1917-ci ildə Rusiyada baş verən Fevral - burjua inqilabından sonra Ə.Əmircanov da siyasi hadisələrə qoşulur. 1918-ci ilin 31 Mart hadisələrində erməni silahlıları Bakıda birbaşa Şaumyanın göstərişi ilə on mindən çox günahsız dinc insanı qətlə yetirdilər. Həmin dövrdə qətliamın qarşısını almağa çalışan ziyalılardan biri də Ə.Əmircanov idi. O, 1918-ci ilin martında yaradılmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. 1918-ci ilin 28 Mayında Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və F.X.Xoyski yaratdığı ikinci hökumət kabinəsində (17.06.1918) Maliyyə naziri vəzifəsinin icrasını Ə.Əmircanova tapşırdı. Ə.Əmircanov Maliyyə naziri olarkən onun başçılığı ilə hökumət bankı da fəaliyyət göstərir.

1918-ci ilin oktyabrın 6-da Nazirlər Şurasının sədri F.X.Xoyski kabinə dəyişikliyi edir və Ə.Əmircanov Maliyyə naziri vəzifəsindən uzaqlaşıb, Dövlət Müfəttişi vəzifəsini icra edir. 1918-ci ilin dekabrın 7-də Bakıda Azərbaycan Parlamenti fəaliyyətə başlayır. Ə.Əmircanov da Parlamentə üzv seçiləcək bitərəflər qrupuna daxil olur. 1918-ci ilin dekabrında F.X.Xoyski hökuməti istefa verdiyindən Ə.Əmircanov Dövlət Müfəttişi vəzifəsini tərk edir. 1919-cu ildə Ə.Əmircanov B.Cavanşirlə birlikdə xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün Bakıda "Dəyanət" şirkəti yaradırlar. Ə.Əmircanov Cümhuriyyət dövründə bir çox mədəni-kütləvi tədbirlərin təşkilatçılarından biri idi. Ə.Əmircanovun Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətinin öyrənilməsində Parlamentdəki çıxışları mühüm rol oynayır. O, bu fəaliyyətində yeni yaranmaqda olan dövlətin iqtisadiyyat, sənaye, gömrük və digər sahələrini inkişaf etdirməyə çalışır. Bu sahələr üzrə yeni qanun layihələrinin hazırlanıb müzakirəyə çıxarılmasında böyük fəallıq göstərir.

1918-ci ilin dekabrından Bakıda Azərbaycan parlamenti fəaliyyətə başlayır. Ə.Əmircanov Azərbaycan Parlamentinin üzvü olaraq iclaslarda fəal iştirak edir, dövlətin maliyyə, vergi sistemlərinə aid sənədlərin hazırlanmasında mühüm rol oynayırdı.

Bu baxımdan onun Parlamentin 1919-cu ilin iyunun 16-da keçirilən qırx səkkizinci iclasındakı çıxışları maraqlıdır. Əsasən səkkiz məsələnin müzakirəsinin keçirildiyi iclasda Ə.Əmircanov iki sənədlə bağlı məruzə edirdi: 1) Gəlir vergisindən azad olunan varidat miqdarının artırılması haqqında; 2) maliyyə nəzarətində gömrük vergisi şöbəsinin fəaliyyəti haqqında. Ə.Əmircanov birinci qanun layihəsini Azərbaycan və rus dillərində oxuyub, Parlament üzvlərini tanış edir. O bildirir ki, 1917-ci ilin 13 iyun qanununa görə, gəlir vergisindən azad olunan varidatın miqdarı min rubl təyin edilmişdi. O bildirir ki, bu min rublun dəyəri indi çox aşağı düşdüyündən, Maliyyə naziri təklif edir ki, bu rəqəm 5 min rubla qaldırılsın, bu məbləğdən artıq olan varidatdan 187 min manat vergi alınsın. Layihə maddələr üzrə səsə qoyulduqdan sonra qəbul edilir.

Parlamentin 1919-cu ilin 2 oktyabrında keçirilən səksəninci iclasında çıxış edən Ə.Əmircanov Azərbaycanın əsas sərvətlərindən balıqçılıq haqqında məlumat verir: "Bizim Azərbaycanımız o qədər balıq verir ki, onu Rusiyadan başqa, Avropa və Amerikaya da aparırdılar, yenə qurtarmırdı. Bir Bankə ilə Samur çayı arasında tutulan balıq bunu sübut edir. Məsələn, 1916-cı ildə tutulub 1.950 000 put, 1917-ci ildə 2 milyon beş yüz min put xırda balıqlar tutulmuşdu. Bunların hamısı Rusiyaya gedib. Bankədən aşağı hərçəndi burada hesabı yoxdur, əlbət ki, ondan da çox balıq tutulur. Kutayis və Gürcüstanın dolanacağı bütün-bütünə bu balıqdandır. Kürdən çıxan naqqa və som balıqlar var ki, müsəlmanlar yeməyirlər, onlar gərək xaricə çıxsın".

1920-ci ilin fevralın 2-də Parlamentin yüz iyirmi birinci iclası keçirilir. Parlamentin iclasına müvəqqəti sədrliyi doktor Məmmədrza ağa Vəkilov edir. İclasda ilk olaraq Parlament sədrinin müavini məsələsi həll olunmalıdır. Həsən bəy Ağayev səhhətindəki problemlərlə bağlı istefa verdiyindən, onun yerinə bir şəxsin seçilməsi zəruriliyi ortaya çıxıb. "Müsavat" fraksiyası tərəfindən həmin vəzifəyə Məmməd Yusif Cəfərovun namizədliyi irəli sürülür. Eyni qaydada

Ə.Əmircanov, Ə.Qarayev və Kravçenkonun da namizədliyi irəli sürülsə də, onlar öz namizədliklərini geri götürürlər. M.Y.Cəfərovun namizədliyi gizli şar üsulu ilə səsə qoyulur. Lehinə 47 ağ şar və əleyhinə 5 qara şar verilir və o, Parlament sədrinin birinci müavini seçilir. Ə.Əmircanov çıxışlarında, irəli sürdüyü fikirlərdə qətiyyətli və konkretlik tərəfdarı idi. Onun bu mövqeyi Parlamentdə qəbul edilir, diqqətlə yanaşılırdı. 1920-ci ilin Aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Ə.Əmircanov Türkiyəyə - İstanbula gedir.

O, 1920-ci illərdə Türkiyədə siyasi fəallıq göstərir. 1928-ci ilin iyununda M.Ə.Rəsulzadənin sədrlik etdiyi Azərbaycan Milli Mərkəzinin ikinci heyəti aşağıdakı mühacirlərdən ibarət olaraq formalaşır: M.Ə.Rəsulzadə (sədr), Ə.Əmircanov (xəzinədar), Ə.M.Topçubaşov, M.Y.Mehdiyev, M.Məhərrəmov, X.Xasməmmədov, M.Vəkilli və Ə.Şeyxülislamov. M.Ə.Rəsulzadənin yazdığı məlumatlarda isə Ə.Əmircanovun Azərbaycan Milli Mərkəzinin üzvü kimi adı 1927-ci ildə mövcud olmuş birinci heyətdə də qeyd olunur. Azərbaycan Milli Mərkəzinin 1934-1936-cı illərdəki siyahısında isə onun adı qeyd olunmur. Ə.Əmircanovun 1920-ci illərdəki fəaliyyəti və əlaqələri ilə bağlı sənədlərə 1921-ci ildə rast gəlmək mümkündür. Bu sənədlərdən aydın olur ki, o, artıq 1921-ci ildə İstanbulda yaşayırdı və Xəlil bəyə yazdığı məktubda ağır vəziyyətdə olan mühacirlərə kömək etməsini xahiş edirdi. X.Xasməmmədov 1921-ci il mayın 23-də ona yazırdı: "Çox hörmətli Əbdüləli bəy! Sizin 22 mayda yazdığınız məktuba cavab olaraq bildirirəm ki, bizim qaçqınlara kömək etmək üçün sərəncamımızda heç bir vəsait yoxdur".

1928-ci ilin 17 iyununda Ə.Şeyxülislamov Parisdən Ə.Əmircanova məktub göndərir. Həmin məktubda maliyyə problemlərinə toxunan Ə. Şeyxülislamov sonda yazır: "Bundan əlavə, mən başqa yolla Azərbaycandan məlumat almaq üçün orada kiminləsə əlaqə saxlamalıyam. Çox xahiş edirəm ki, bu məktubu alan kimi iyul ayı üçün mənə veriləcək pulun heç olmasa 1000 frankını teleqrafla göndərin".

Ə.Əmircanovun Azərbaycan Milli Mərkəzindən uzaqlaşması məlumatı Ə.M.Topçubaşovun C.Hacıbəyliyə 1928-ci ilin 26 noyabrında Parisdə yaşadığı Sen-Kludan yazdığı məktubda da qeyd olunub. Ə.M.Topçubaşov yazırdı: "...M.Ə.Rəsulzadədən latın hərfləri ilə yazılmış məktub aldım. O təsdiqləyir ki, baş vermiş narazılıq nəticəsində X.Xasməmmədov, Ş.Rüstəmbəyli, Ə.Əmircanov artıq Mərkəzin heyətindən çıxıblar. Ə.Əmircanov bu haqda Ə.Şeyxülislamova yazıb". Ə.Əmircanov 1937-ci ilin 17 mayında İstanbuldan Mir Yaqub Mehdiyevə göndərdiyi məktubda Qafqazda yaşayan 9 milyonluq əhalinin 6 milyonunun müsəlman, 3 milyonunun isə gürcü və erməni olduğunu qeyd edir. O bildirir ki, Türkiyədəki türklər say etibarı ilə çoxluğa baxmayaraq, müsəlmanların yox, gürcü və ermənilərin aparıcı mövqe tutduqlarına təəccüblənirlər.

Ə.Əmircanov məktubun sonunda yazır: "Sizin "patriotluğunuza" müraciətlə xahiş edirəm ki, yeni Azərbaycan Milli Mərkəzinin siyahısının hazırlanmasına başlayasınız. Siz sədr olmalısınız. Türkiyədən kənar, kimi istəyirsiniz cəlb edin. Buradan türklərin etibarını qazanmış adamları dəvət edin. Aşağıdakıların cəlb olunmasını təklif edirəm: Mustafa Vəkilli, Xasməmmədov, Mirzə Hacızadə, Mir Əli, Sultanov və Əmircanov (yəqin ki, Lütfəli Əmircanov - red.). Mənim müraciətimə diqqət edərək, vaxt az olduğundan tez cavab verin. Güclü Milli Milli Mərkəzin təşkili vaxtı gəlib çatıb". Ə.Əmircanov 1948-ci ildə İstanbulda vəfat etmişdir.

Nəsiman YAQUBLU tarix elmləri doktoru


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 170

QHT və MEDİA

2018-11-13 22:10:16

QHT və MEDİA
Azay Quliyev: "QHT-in dəstəklənməsinə xü...
Azay Quliyev: "QHT-in dəstəklənməsinə xü...

“Bilirsiniz ki, 10 ildir ki, Prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyy...

2018-11-13 09:20:57

QHT və MEDİA
Allen Alen: Azərbaycanda dinlərarası har...
Allen Alen: Azərbaycanda dinlərarası har...

Qonağa ölkəmizdəki sabit dini durum, tolerant və multikultural mühit barədə m...

CƏMİYYƏT

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

2018-11-07 07:40:52

CƏMİYYƏT
Dövlət himnimizə hörmət etmək hər bir az...
Dövlət himnimizə hörmət etmək hər bir az...

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən bir...

İQTİSADİ

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...

2018-11-05 10:10:57

İQTİSADİ
“Azərbaycan regionda mühüm tranzit rolu ...
“Azərbaycan regionda mühüm tranzit rolu ...

Bunu Baş nazir Novruz Məmmədov Astanada MDB Hökumət Başçıları Şurasının iclas...