TƏDQİQATLAR
A- A A+

“Azərbaycan-Türkiyə birliyi regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir”

2018-09-20 08:55:46

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir

Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub. Fact-info.az Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı məqaləsini təqdim edir.

Azərbaycanın neft strategiyasının həyata keçirilməsi regional sabitliyin möhkəmləndirilməsində və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Xəzər regionunda fəal mövqeyi ilə seçilən və Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab edilən Türkiyə dövləti əsas diqqətini respublikamızın neft ehtiyatlarının xarici bazarlara marşrutu üzərinə cəmləşdirib. Bu məqsədlə də Türkiyə hökuməti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri marşrutunu irəli sürüb və kəmərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış edib.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətlərin daha da inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynayıb. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan limanında Şərq-Qərb enerji dəhlizinin mühüm qolunu təşkil edən və ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilib. Bu hadisə Ümummilli Liderin uzaqgörən və düşünülmüş siyasətinin, eləcə də uğurlu neft strategiyasının nəticəsi və vaxtilə bəzilərinin inanmadığı üç dəniz əfsanəsinin reallığa çevrildiyi gün kimi tarixə düşüb. Daha sonra regionda əməkdaşlığın genişlənməsi istiqamətində növbəti addım Bakı-Tbilisi-Qars layihəsinin 2007-ci il fevralın 7-də Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri tərəfindən imzalanması olub.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir. Eyni zamanda, Azərbaycanın iştirakı ilə həyata keçirilən, Asiya ilə Avropanı birləşdirən, tarixi İpək Yolunun bərpasına mühüm töhfə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionda yaşayan xalqlara rifah gətirəcək.

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərini daha da möhkəmləndirməsi dövlətimizin xarici siyasətinin mühüm tərkib hissəsidir. 2010-cu il avqustun 16-da “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”nin, eləcə də “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə” nin imzalanması mühüm əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında adıçəkilən sənədin imzalanması çox düzgün və gələcəyə hesablanmış bir addım oldu.

Azərbaycanın geostrateji mövqeyi bizə Avropanı Asiya ilə birləşdirən körpü olmağa nadir imkan yaradır. Bu baxımdan, 2007-ci ildə təməli qoyulmuş Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Qarsla Axalkalaki arasında dəmir yolu xəttinin inşası ilə Bakının Tbilisi ərazisindən dəmir yolu vasitəsilə Qarsla, başqa sözlə, Azərbaycanın Türkiyə ilə birləşdirilməsini nəzərdə tutan layihədir. Bu dəmir yolu ilə artıq Avropa Anadolu və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə birləşir və “Dəmir İpək Yolu” adlanan fasiləsiz dəmir yolu şəbəkəsi ortaya çıxır.

Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük əhəmiyyət daşıyır. Bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Bakı-Tbilisi-Qars dəmir yolu Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artıracaq, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldacaq. Bakıdan Türkiyənin Qars şəhərinə aparan yol oradan Ankara və İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manşa və Londona keçəcək.

Bakı-Tbilisi-Qars dəmir yolu Ermənistanın təcridini dərinləşdirməklə yanaşı, eyni zamanda, bu təcavüzkar dövlətin işğalçılıq siyasəti ilə təcrid edilməyə çalışılan Naxçıvanın daha etibarlı dəmir yolu şəbəkəsi vasitəsilə Bakı ilə birləşməsi üçün də mühüm imkan yaradır. Belə ki, artıq gələcəkdə Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin də çəkilməsi ilə Ermənistanın təcrid etməyə çalışdığı Naxçıvan Qars vasitəsilə Azərbaycanın digər əraziləri və Avropa ilə fasiləsiz dəmir yolu əlaqəsi qura biləcək.

2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirildi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Azərbaycanın beynəlxalq tranzit və logistika mərkəzinə çevrildiyini bir daha sübut etdi. Bu strateji layihə Azərbaycan iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal gəliri 50 milyon dollar təşkil edəcək. Digər tərəfdən, Azərbaycanın beynəlxalq siyasətin subyekti kimi nüfuzu daha da artacaq və çox əhəmiyyətli tərəfdaşlar qazanacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 24-25-də Türkiyə Respublikasına səfəri iki dost və qardaş dövlətin gələcək əməkdaşlığının daha da möhkəmləndirməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci toplantısı keçirildi. Toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunaraq “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu” və iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair 5 sənəd imzalandı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edərək seçkilərdən sonrakı ilk rəsmi xarici səfərində Ankarada qonaq etməkdən məmnunluq hissi keçirdiyini bildirdi. İki dövlət arasındakı qardaşlıq əlaqələrini real layihələrlə daha da gücləndirmək əzmində olduğunu bildirən Türkiyə Prezidenti 2017-ci ildə açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttini çox önəmli hadisə kimi qiymətləndirdi: “Bu dəmir yolu xəttinin funksional və davamlı istifadəsi ilə bağlı gördüyümüz işlər davam edir. Bu işləri tez bir zamanda bitirməliyik. Dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri olan bu dəmir yolu xəttinin daha da məhsuldar işləməsi üçün əlimizdən gələni etməliyik. Trans-Anadolu təbii qaz boru kəməri - TANAP prioritet layihələrimizdən biridir. Enerji sahəsindəki əməkdaşlığımızın zirvəsi olan bu layihənin açılışı, inşallah, bu ilin iyun ayında olacaq... Digər irihəcmli layihə olan Cənub Qaz Dəhlizi ölkələrimizlə yanaşı, bölgəmizə və Avropaya da rifah gətirəcək və enerji təhlükəsizliyinə çox böyük töhfə verəcək”.

Prezident seçkilərindən sonra ilk səfərini qardaş ölkəyə etdiyini vurğulayan dövlət başçısı İlham Əliyev bunun bir ənənə olduğunu bildirərək qeyd etdi ki, bu, müasir dövrdə Türkiyə və Azərbaycanın dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr, ən yaxın müttəfiqlər olduğunu göstərir. Dövlət başçısı Azərbaycanda Türkiyəni sevən insanların qardaş ölkədə inkişaf proseslərini çox böyük sevinclə qarşıladığını diqqətə çatdıraraq Prezident Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafının bizi ürəkdən sevindirdiyini bildirdi: “...Türkiyə bu gün dünya çapında bir gücdür və getdikcə bu güc daha da böyüyür, dostlar sevinir, istəməyənlərin isə kefi pozulur. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir...Biz bütün məsələlərdə bir yerdəyik. Mən qeyd etdiyim kimi, bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli həllini tapmalı, ölkəmizin ərazi bütövlüyü bərpa edilməli olduğunu vurğulayan dövlət başçısı İlham Əliyev deyib ki, məsələnin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmayıb, Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir və bu dəstək, eləcə də həmrəylik bizə əlavə güc verir. Müasir dövrdə Türkiyə və Azərbaycanın bizim bölgəmizdə birgə səylərlə çox böyük layihələr gerçəkləşdirdiyini diqqətə çatdıran dövlət başçısı deyib: “Bakı-Tbilisi-Qars, TANAP tarixi layihələrdir. Bizim iradəmiz, bizim təşəbbüsümüz və birliyimiz bu layihələri həyata keçirdi. Bu gün biz Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edirik. Bu layihələr bizim gücümüzü artırır, regional işbirliyini möhkəmləndirir və bölgədə sabitliyi təmin edir. Yəni, bizim birgə həyata keçirdiyimiz təşəbbüslər və layihələr, sadəcə olaraq, iqtisadi məna daşımır, bunların çox böyük siyasi mənası var. Bu layihələr təhlükəsizliyi, sabitliyi möhkəmləndirən layihələrdir. Əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz layihələr uğurla başa çatacaq”.

Bu baxımdan, iki dövlətin həyata keçirdiyi mühüm layihələrdən biri hesab edilən və 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti bildirib ki, Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya çapında böyük gücə çevrilib, eləcə də müasir dövrdə Türkiyə o ölkədir ki, dünya gündəmini müəyyən edir. Azərbaycanda buna sevinirik: “Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur”.

2018-ci il iyulun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi səfəri zamanı iki dövlət başçısı mətbuata bəyanatlarla çıxışlarında müasir dövrdə Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək zirvədə olduğunu bildirdilər. Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş dövlətin bütün məsələlərdə bir yerdə olduğunu, bütün beynəlxalq məsələlərdə bir-birini daim dəstəklədiyini vurğuladı. Xüsusilə, Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdiyini vurğulayaraq qeyd etdi ki, dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir: “Türkiyənin bu məsələ ilə bağlı mövqeyi beynəlxalq hüquq normalarına uyğundur və eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığına, dostluğuna əsaslanır. Azərbaycan da öz növbəsində, bütün məsələlərdə daim Türkiyəni dəstəkləyir. Bizim birgə fəaliyyətimiz bundan sonra da davam etdiriləcəkdir”. Bununla yanaşı, ticarət dövriyyəmizin artdığını, qarşılıqlı sərmayə qoyuluşunun davam edəcəyini diqqətə çatdıran Prezident İlham Əliyev bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyduğunu, Türkiyə şirkətlərinin isə Azərbaycana 12 milyard dollardan çox vəsait yatırdığını vurğulayaraq bildirdi ki, ancaq qardaş ölkələrə bu qədər böyük sərmayə qoyula bilər.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan əlaqələrinin “Bir millət, iki dövlət” anlayışı əsasında inkişaf etdiyini diqqətə çatdıraraq bildirdi ki, TANAP layihəsi təkcə Azərbaycan-Türkiyə əlaqələri deyil, eyni zamanda, Azərbaycan-Avropa bağlantısını qurmaq baxımından böyük əhəmiyyət kəsb edir və bizi ciddi mənada maraqlandırır və bu, qardaşlığımızın bir təzahürü olaraq, eyni zamanda, strateji investisiya yatırılması baxımından da əhəmiyyətlidir. Türkiyə Respublikasının Prezidenti qeyd etdi ki, digər bir məsələ isə, xüsusilə, Dağlıq Qarabağ və Naxçıvanla bağlı problemləri aradan qaldırmaq üçün Türkiyə olaraq əlimizdən gələni etdik. Bu məsələni daim diqqət mərkəzində saxladıq, bundan sonra da saxlamaqda qətiyyətliyik.

2018-ci il sentyabrın 15-də keçirilən və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad iki qardaş dövlətin 100 il bundan əvvəl olduğu kimi, hər zaman bir-birinin yanında olmasını bir daha sübut etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paradda çıxışında bir-birinə bu qədər yaxın, bu qədər bir-birinə arxa-dayaq olan Azərbaycan və Türkiyə kimi dünyada ikinci belə nümunənin olmadığını bildirərək deyib: “Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır. Türkiyə böyük iqtisadi gücə sahib bir ölkədir. Təsadüfi deyil ki, Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulur. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir. Türkiyənin dünya miqyasında çox güclü ordusu var. O dünya miqyasında ən güclü ordulardan biridir və həm Türkiyə, həm də bizim üçün bu, qürur mənbəyidir”.

Dövlət başçısı İlham Əliyev yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakının işğalçılardan azad edildiyini bildirərək qeyd etdi ki, yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik: “Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstərmişlər. Onu da qeyd etməliyəm ki, bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlmiş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilmişdir. Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıtmışdır. Nuru paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşlarımızın qəhrəmanlığı, dostluğu, qardaşlığı unudulmazdır, əbədidir, bizim qəlbimizdə daim yaşayacaqdır”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında iki qardaş dövlətin hər zaman bir birinə dəstək olduqlarını vurğulayaraq bildirdi ki, Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyinin təməlini qoyub. Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə Respublikasının olmasının heç də təsadüfi olmadığını qeyd edən Rəcəb Tayyib Ərdoğan deyib: “Bu, qan qardaşlığımızın təbii nəticəsidir. Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycana əlimizdən gələn hər cür dəstəyi göstərdik və göstərməyə davam edəcəyik”.

Minlərlə şəhidimizin qanı ilə yoğrulan bu dostluğu daimi edəcək layihələri həyata keçirərək “Bir millət, iki dövlət” şüarımıza uyğun şəkildə hər sahədə əməkdaşlığımızı dərinləşdirməyimizin zəruri olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan deyib ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı–Tbilisi–Qars dəmir yolu, TANAP kimi birgə həyata keçirdiyimiz layihələr bütün regiona töhfəsini verir: “Türkiyə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. İnşallah, Azərbaycan da çox yaxın zamanlarda Türkiyədə eyni mövqeyə malik olacaq. Digər tərəfdən, bütün bu nailiyyətlərlə bərabər, gördüyümüz işlərlə heç vaxt kifayətlənməmişik və kifayətlənməyəcəyik. Gələcəkdə bizi daha böyük vəzifələr gözləyir. Biz aramızdakı əlaqələri daha da sağlamlaşdıraraq, gələcək nəsillərə güclü bir miras qoymalıyıq”.

Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin Türkiyə üçün də eyni dərəcədə ağrılı problem olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik sözlərini diqqətə çatdıraraq bildirib: “Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir...Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir. Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur”.

Türkiyə əsgərlərinin bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd etdiyini bildirən Türkiyə dövlətinin başçısı bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyini vurğulayaraq bu bayramın gələcək nəsillərə ötürəcəyimizin ən böyük ərməğan olduğunu diqqətə çatdırdı. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir.

Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verməklə yanaşı, iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 328

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...