MƏDƏNİ
A- A A+

Litvada Azərbaycan Xalq Cümhuriyyəti ilə münasibətlərin qurulmasının 100 illiyi qeyd olunur

2018-09-04 12:40:20

Vilnüsdə, Litva Elmlər Akademiyasının T.Vrublevski adına elmi kitabxanasının nadir nəşrlər və əlyazmalar şöbəsinin oxu zalında “Litva – Cənubi Qafqaz dövlətlərarası münasibətləri - 1918-1922-ci illər” mövzusunda sənədli sərginin açılışı olub

Üç bölmədən ibarət olan sərgi Litva dövlətinin bərpa edilməsinin 100 illik yubileyi, həmçinin Litvanın Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycanla diplomatik münasibətlər qurmasının 100-cü ildönümü münasibəti ilə təşkil olunub. Xatırladaq ki, 1918-1922-ci illərdə Tiflisdə Litvanın Cənubi Qafqaz dövlətlərindəki ümumi diplomatik nümayəndəliyi fəaliyyət göstərib.

T.Vrublevski adına elmi kitabxana və Litva Azərbaycanlıları Cəmiyyəti tərəfindən birgə təşkil olunmuş sərgidə nümayiş olunan sənədlər, fotoşəkillər, müxtəlif tarixi eksponatlar elmi kitabxananın fondlarından və cəmiyyətin arxivindən götürülüb. Cəmiyyət, həmçinin sərgiyə aid sənədli icmalın, müxtəlif açıqlama və izahların, diplomatik yazışmalara dair tarixi arayışların ortaq müəllifi olaraq çıxış edir. Sərginin kuratoru elmi kitabxana direktorluğunun elmi məsələlər üzrə müavini, humanitar elmlər doktoru Rima Tsisenene, redaktorları - kitabxananın elmi əməkdaşları tarixşünas Rasa Sperskene, elmi informasiya şöbəsinin müdiri, humanitar elmlər doktoru Giedre Miknene və Vilnüs Rəssamlıq Akademiyasının dosenti, dilçi-alim Arturas Yudjentisdir.

Ekspozisiyanın açılışında iştirak edən Azərbaycan Respublikasının Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev ölkənin akademik dairələrinin nümayəndələrini, QHT təmsilçilərini bu əlamətdar tədbir münasibətilə təbrik edib, sərginin ərsəyə gəlməsində əməyi olan bütün təşkilatlara, ayrı-ayrı şəxslərə minnətdarlığını bildirib. O, daha sonra nəfis tərtibli “Azərbaycan xalçaları” ensiklopedik nəşrini elmi kitabxanaya hədiyyə edib.

Dövlətlərarası münasibətlərimizin 100 illiyinə həsr olunmuş tarixi-sənədli sərginin keçirilməsinin təşəbbüsçülərindən və əsas təşkilatçılarından biri də tanınmış ədəbiyyatşünas, publisist və tərcüməçi, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevdir. O, həm Litvada, həm də Azərbaycanda qədim Litva-Azərbaycan ədəbi, mədəni, tarixi və ictimai-siyasi əlaqələrini, həmçinin 1918-1922-ci illərdə Litvanın Cənubi Qafqaz ölkələri ilə dövlətlərarası münasibətlərini ən mötəbər arxiv mənbələri əsasında araşdıran nüfuzlu tədqiqatçı kimi tanınır.

Mahir Həmzəyev AZƏRTAC-a müsahibəsində dövlətlərarası münasibətlərimizin qədim tarixi barədə məlumat verərək deyib: -Litva Respublikasının Azərbaycan Xalq Cümhuriyyəti ilə rəsmi əlaqələrinin 100 illiyinə həsr olunmuş bölmə sərginin ən dolğun və informasiya tutumlu stendlərindən biri kimi diqqəti cəlb edir. Litva dövlətinin bərpa edilməsi barədə deklarasiya 1918-ci il fevralın 16-da Vilnüsdə elan olunub. Elə həmin il iyulun 23-də Litva Dövlət Şurası Cənubi Qafqaz dövlətlərində diplomatik nümayəndəliyin təsis olunması ilə bağlı qərar qəbul edib və Qafqaz Litvalıları Şurasının sədri, o vaxt Tiflis gimnaziyasında riyaziyyat müəllimi işləyən litvalı ictimai xadim Pranas Daylide (1888-1965) Litva dövlətinin Cənubi Qafqaz respublikalarındakı diplomatik təmsilçisi təyin olunub.

Diplomatik nümayəndə P.Daylide öz etimadnaməsini Cümhuriyyət Hökumətinə 1918-ci ilin sentyabrında təqdim edib. 1919-cu il martın 22-də Litvanın Qafqaz dövlətlərindəki diplomatik nümayəndəsinin Azərbaycan Respublikasının xarici işlər naziri Məmmədyusif Cəfərova ünvanladığı 142 saylı notada ehtiva olunmuş vəsatət əsasında Bakıda Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətində konsulluğu təsis edilib. Litva ədəbiyyatının məşhur klassiki, Bakı 1-ci realnı məktəbinin rus dili və ədəbiyyatı müəllimi Vintsas Kreve-Mitskəviçyus müstəqil Litvanın Cümhuriyyətdəki ilk konsulu təyin olunub. Litva konsulluğunun Bakıda fəaliyyətə başlaması barədə rəsmi xəbər “Azərbaycan“ qəzetinin 1919-cu il 27 mart tarixli nömrəsində dərc edilib. Litva konsulluğu ilkin dövrdə Bakıda keçmiş Pozenovskaya küçəsindəki (indiki “Cəfərov qardaşları“ küçəsi) 15 nömrəli binada fəaliyyət göstərib. 1919-1920-ci illərdə Litva və Azərbaycan keçmiş Rusiya imperiyasının ucqarlarında dövlət müstəqilliyini yenicə elan etmiş digər ölkələrlə birgə Paris Sülh Konfransında müstəqilliyin tanınması istiqamətində diplomatik səylər göstəriblər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.M.Topçubaşov 1919-cu ildə Parisdən Cümhuriyyət Hökumətinə ünvanladığı məktubların birində yazırdı: “...Estoniya, Litva, Ukrayna, Latviya, Belorusiya nümayəndə heyətləri ilə zəif də olsa, əlaqələrimiz mövcuddur...”. Biz birgə diplomatik səylər deyərkən ilk növbədə, Cümhuriyyətin nümayəndə heyəti üzvləri ilə bərabər göstərilən dövlətlərin təmsilçiləri tərəfindən Paris Sülh Konfransının sədrinə, müttəfiq ölkələrin Ali Şurasına və İtaliya parlamentinə müstəqilliyin tanınması ilə bağlı ünvanlanmış birgə deklarasiyaları, etiraz notalarını və digər kollektiv müraciətləri nəzərdə tuturuq.

Litva konsulu V.Kreve-Mitskəviçyus Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra – 1920-ci ilin iyun ayında Bakını tərk edərək Vətəninə qayıtdı. 1920-ci sentyabrın 25-də Tiflis şəhərində Azərbaycan SSR Hökuməti və Litva Respublikası Hökuməti arasında müqavilə bağlanıb. Müqavilə Azərbaycan SSR ərazisində yaşayan Litva vətəndaşlarına və Litva Respublikası ərazisində yaşayan Azərbaycan SSR vətəndaşlarına qarşılıqlı şəkildə hüquqi təminatların verilməsi haqqında idi. Bu sənədi Azərbaycan SSR Hökuməti adından xarici işlər komissarı Mirzə Davud Hüseynov (1894-1938), Litva Respublikası Hökuməti adından isə Litvanın Qafqaz dövlətlərindəki diplomatik nümayəndəsi P.Daylide imzalayıblar.

Bakıdakı Litva Konsulluğu 1922-ci ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının yaradılmasına qədər fəaliyyət göstərib. Həmin dövrdə Bakı yəhudiləri icmasının nüfuzlu xadimlərindən biri olaraq tanınmış məşhur həkim Mixail Markovski bolşevik Rusiyasının XI Qırmızı Ordu hissələri tərəfindən işğal edilmiş Azərbaycan paytaxtında çox mürəkkəb hərbi-siyasi şəraitdə Litva dövlətinin Qafqaz respublikalarındakı Konsulu vəzifəsində çalışıb. Litva dövlətinin Bakıdakı Konsulluğu 1922-ci il avqustun 28-də ləğv olunub.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 187

QHT və MEDİA

2018-12-19 10:05:08

QHT və MEDİA
Berlin Humboldt Universitetində Azərbayc...
Berlin Humboldt Universitetində Azərbayc...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, universitetin əsas binasınd...

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

CƏMİYYƏT

2018-12-19 10:30:50

CƏMİYYƏT
Cənubi Qafqaz iki geosiyasi tendensiya a...
Cənubi Qafqaz iki geosiyasi tendensiya a...

Ekspertlərin bununla bağlı apardıqları analiz və verdikləri proqnozlar mara...

2018-12-18 10:35:09

CƏMİYYƏT
Dil normalarının pozulmasına görə cəzala...
Dil normalarının pozulmasına görə cəzala...

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Az...

İQTİSADİ

2018-12-18 09:45:15

İQTİSADİ
UNEC-dən iqtisad elminin tədrisinə daha ...
UNEC-dən iqtisad elminin tədrisinə daha ...

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.K...

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...