TƏDQİQATLAR
A- A A+

"Əkinçi" - milli oyanışa, tərəqqiyə yol açan qəzet

2018-07-19 09:30:13

"... Görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır" İlham ƏLIYEV

"Həsən bəy Zərdabi haqqında danışmaq bütün ürəyinin odu-közü ilə, ətiylə, qanıyla, vicdanıyla Azərbaycan torpağına, Vətənə, xalqa, millətə, onun keçmişinə, bu gününə, gələcəyinə qırılmaz tellərlə bağlı yüksək əqidə və məslək sahibi, təmiz və saf vicdanlı həqiqi vətəndaş haqqında danışmaq deməkdir". Ürəkdən gələn bu sözləri mərhum professor Famil Mehdi milli mətbuatımızın 125 illiyində deyib. Bəli, türk dünyasının böyük oğlu, millət atası, böyük alim, pedaqoq, jurnalist - publisist Həsən bəy Zərdabi haqqında danışmaq həm də ilk milli mətbuatımız "Əkinçi" haqqında danışmaq deməkdir. Şirvan torpağının Zərdab kəndində doğulmuş Həsən bəy Zərdabi yaradıcılığında, Azərbaycan mətbuat tarixinə şərəfli səhifələr açmış "Əkinçi" qəzeti mühüm yer tutur. Mətbu orqanın yazılarında Zərdabinin cəsarətli obrazı görünür. Qəzet Azərbaycan ictimai fikir tarixində böyük rol oynamışdır.

Həsən bəy Zərdabi xalqın maariflənməsində, tərəqqisində qəzetə yüksək qiymət verirdi. Odur ki, qəzet buraxmağı qarşısına məqsəd qoyur. Zərdabi "Həyat" qəzetinin 28 dekabr 1905-ci il tarixli sayında "Rusiyada əvvəlinci türk qəzeti" məqaləsində yazırdı: "Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən, heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur".

Bu böyük insan çox çətinliklə də olsa "Əkinçi"ni nəşr edə bildi. Qəzetin ilk sayı 1875-ci il iyulun 22-də işıq üzü gördü. "Hər vilayətin qəzeti" olan "Əkinçi" "dərviş kimi nağıl deyə bilməz"di, çünki savadsız, dünyadan bixəbər insanları oyatmalıydı, "onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nik bədindən xəbərdar olub onun əlacının dalınca olsun".

Qəzet birinci sayının proqram məqaləsində yazırdı ki, zəmanə dəyişilməyi tələb edir. "O kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər". Zərdabi köhnə həyat tərzini pisləyib, yeni mütərəqqi həyata çağırırdı insanları. Yazıları oxuduqca biz onun şahidi oluruq.

"Əkinçi" ictimai həyatın aynası kimi cəmiyyətdəki nöqsan və bəlaları öz səhifəsində təsvir etməklə kifayətlənməyib, onları aradan qaldırmağın yollarını da göstərirdi. Köhnə həyat tərzini pisləyən qəzet xalqı yeniliyə səsləyir, onları elmə çağırırdı. "Doğru sözə" düşmən olan ictimai quruluş belə bir qəzetin nəşrinə üç illik zəhmətdən sonra icazə verdi.

Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim M.F.Axundov ilə Həsən bəy Zərdabi arasında aparılan yazışmalarda "Əkinçi" barəsində qiymətli, dəyərli fikirlər söylənilmişdir. M.F.Axundov qəzetin nəşrindən əvvəl 1875-ci il aprelin 21-də Zərdabiyə göndərdiyi məktubda "Əkinçi"nin qarşısında duran vəzifələri müəyyənləşdirərək yazırdı ki, qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır.

"Əkinçi" fəaliyyət göstərdiyi dövrdə dilimizin saflığına çalışmış, maarifçilik mədəniyyətinin tərkib hissəsi olan kitab çapına diqqət yetirirdi. Başqa dillərdə olan kitabların ana dilimizə tərcüməsini vacib sayırdı: "Bir neçə ildir ki, Osmanlı dövləti məktəbxanalar açıb hər bir elmi öz dillərində xalqa öyrədir. Çünki onların kitablarını bizim adama oxumaq çətindir, ona binaən yaxşı olurdu ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, ol kitablardan gətirib, bir az dəyişdirib, çapxana açıb öz dilimizdə çap elədib, xalqa müftə, ya bir az qiymətə paylasın ki, bizim məktəbxanalarda şair kitablarının əvəzində ol kitablar oxunsun... Elm kitablarımız olsa, onları oxurlar və necə ki, su damcı-damcı düşmək ilə daşı deşər, habelə ol kitabları oxumaqdan elm və ədəb mürur ilə xalqın könlündə nəqş bağlayıb möhkəmlənər" ("Əkinçi", 29 mart 1876, № 6).

"Əkinçi" zəmanəsinin mühüm elmi, texniki, kənd təsərrüfatı, mədəni yenilikləri, nailiyyətləri haqqında müntəzəm məlumat verə bilmiş, öz səhifələrində Azərbaycan ictimai fikrinin inkişafı baxımından faydalı polemika açmış, yeni elmi dünyagörüşünün parlaq nümunələrini vermişdi. Həsən bəy Zərdabi öz yüksək arzularını həyata keçirmək yolunda mübarizədə o dövrün görkəmli ziyalıları Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əhsənül-Qəvaid, Əsgər ağa Görani, Ələkbər Heydəri və başqalarına arxalanırdı.

Həsən bəy Zərdabi qəzetin məzmununun izahını verərkən bildirmişdir ki, orada elmi xəbərlərlə yanaşı, təzə xəbərlər də olacaqdır. O, axıra kimi nizamnaməsinə sadiq qalaraq, elmi və təzə xəbərləri verməklə Azərbaycan xalqının ölkə və dünya hadisələrindən xəbər tutmasına, maariflənməsinə, bir sözlə, xalqımızın dünya xalqları ilə inteqrasiyasına böyük xidmət göstərmişdi. Qəzet dünyada baş verən problem xarakterli xəbərlərdən bolluca istifadə etmişdir. İstifadə olunan xəbərlər fakta söykənirdi. Xəbərlərin coğrafiyası da olduqca genişdir, dünyanın çox ölkələrini əhatə edir. Seyid Əzim Şirvani "Qəzet nədir?" şeirində bu barədə yazırdı:

"Xassə ol kim, "Əkinçi"yi-dana,

Əhli-islamı eyləyib ehya

Gah Peterburqdan olur guya,

Gah olur Hindi-Şərqdən peyda.

Gah Dünyadan qəzet verir xəbəri,

Gah Parisdən gəlir onun əsəri.

Kəşf edir karxanədən səməri,

Söyləyir hər kraldan xəbəri".

Dünyanın aparıcı ölkələrində çıxan qəzetlər haqqında müntəzəm yazılar dərc edən "Əkinçi", onların çap mədəniyəti, yayılması barədə məlumatlar verməklə "müəyyən ziyalı dairələrində təəssübkeşlik hissini oyatmağa çalışırdı". Qəzetin "Daxiliyyə"sində dərc olunmuş bir yazıya qısa ixtisarla diqqət yetirək: "Avropa tayfasının hər birinin bir neçə qəzeti və jurnalı olur ...bizim həmçeşmimiz gürcülərin bir neçə qəzetləri var, amma onilə indii Kutaisi şəhərində bir icma bina olub 5 min manat cəm edib ki, gələn ildən həftəlik qəzet çap etdirsin... Məgər bizim tavanalı şəxslərimiz yoxdur ki, belə icma bina edək və nə ki bir, bəlkə 5-10 qəzet çap edək?.. Bəzi qəzet oxumağı günah hesab edir ki, güya qəzet oxumaq şəriətə namüvafiqdir. Bunun qabağinda sizə nə deyim? Sizdə taxsır yoxdur. Allah lənət eləsin ol kəslərə ki, bu böhtanı bizim şəriətə deyib, şəriətimizi bihörmət və sizi sərgərdan ediblər!" ("Əkinçi" 25 iyul 1876, № 14). "Əkinçi" yaxşı ilə pisi, xeyirlə şəri ayırmağı məsləhət görür, cəmiyyətdə haqq və ədalətin, azadlığın zəfər çalacağına inanırdı. Bu şərtlə ki, insanlar qul psixologiyasından azad olsunlar. Qəzet yazırdı ki, "Şərq zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə də bilmərik". Həsən bəy dövrünün mənasız şeirlər yazan şairlərini məzəmmət etməkdən də çəkinmirdi. O, şairlərdən xalq həyatını əks etdirən şeirlər yazmağı tələb edirdi. Zövqü oxşamayan, heç bir məna kəsb etməyən şeirlərə bəslənən mahnılar Zərdabini çox narahat edirdi. "Əkinçi" millətin oyanması işində mahnı və nəğmələrin rolunu xüsusi qeyd edərək yazırdı: "Hər tayfanın vətəndaşlıq və millətin keçmişində olan yaman və yaxşı günlərini şərh edən mahnılar olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. Amma bizim mahnılara baxan gərək təəssüb eləsin ki, xudavəndə, onları kim və nə üçün düzəldib. Onların çoxunu ki, avam çağırır, heç mənası olmur. Məsələn,

Ağacda oturub sərçə,

Niyə uzunsan, ay kücə?

Sən harda qaldın, ah beçə,

Ey yar, ey yar, ay qaragöz".

("Əkinçi", 1 sentyabr 1877, № 18)

Həsən bəy Zərdabi təkbaşına bir necə adamın işini görürdü. Bu fədəkarlıq onun Vətəninə, xalqına bəslədiyi məhəbbətdən irəli gəlirdi. O vaxtlar Bakıda olmuş fransız jurnalisti də Zərdabinin fədakarlığına heyran qalmış "Siz əsl qəhrəmansınız", "Siz öz xalqınızı çox istəyirsiniz" demişdi. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə milli mətbuatımızın banisi Zərdabinin əsas amalının nədən ibarət olduğunu belə ifadə etmişdi: "Aləmi - islam bir qaranlıq içərisində qaldığı zaman Həsən bəy Zərdabi əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışırdı. Bu məşəl "milli oyanışa, tərəqqiyə, istiqlala yol açan maarif işığı idi".

"Əkinçi" qəzetinin Azərbaycan xalqı qarşısında xidmətləri olduqca böyükdür. Qəzet mübariz ideyalar yayır, mülkədar - bəy ağalığına qarşı çıxır, ictimai şüuru formalaşdırırdı. 1877-ci ilin mart ayında çıxan 6-cı sayında Azərbaycan bəylərini, onların puldan başqa ayrı qayğıları olmadığını, günlərini eyş-işrətlə keçirdiklərini kəskin tənqid edirdi. Qəzet yazırdı ki, "yeyib, içib, geyinib, durub-oturmaqla özlərini xaricilərə oxşadıb, əslən elmdən bixəbər" olan bu ağalar "xalqın xoşbəxtlik fikrini çəkməzlər".

Maarifçilik mövzusu qəzetin ən çox müraciət etdiyi sahə idi. Təsadüfi deyil ki, "Əkinçi" deyəndə, biz ən çox onun maarifçilik missiyasını qabardırıq və qeyd edirik ki, qəzet daha çox maarifçilik işi üçün həyata atılmışdı. Bu da təbiidir. O dövrdə zərərli adət və ənənələrinin girovuna çevrilmiş müsəlmanları oyatmaq lazım idi. M.Ə.Rəsulzadə Həsən bəyin dəfn mərasimindəki nitqində demişdi: "Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? - maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini bilər".

Həsən bəy gənclərə müraciət edərək çətinliklərdən qorxmamağa çağırırdı. O, bütün ümidini gənclərə bağlayırdı. Bilirdi ki, Azərbaycanın gələcəyini məhz gec-tez bu elmli gənclər təmsil edəcək və millətin maraqlarını müdafiə edəcəklər: "Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir, siz danışdığınızı onlar başa düşməyib əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər ... qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq" ("Əkinçi", 11 iyun 1876, № 11).

Təəssüflər olsun ki, bəzi jurnalistlər "Əkinçi"nin Azərbaycan jurnalistikası tarixindəki rolunu düzgün qiymətləndirmir, onun təkcə kənd təsərrüfatından yazan qəzet kimi qələmə verirlər. Belə düşünənlər qəzetin adının "Əkinçi" olmasını əsas gətirirlər. Bu, yanlış fikirdir. Unutmaq olmaz ki, o vaxt qəzet buraxmaq, xüsusilə də müsəlmanlar üçün çətin idi. Elə buna görə də Həsən bəyə məsləhət görürlər ki, qəzeti "Əkinçi" adlandırsın ki, onun çapına icazə ala bilsin. O, bu barədə yazırdı: "Mən ona (Staroselski nəzərdə tutulur) dərdimi deyəndən sonra ... məsləhət gördü ki, qəzetin adını "Əkinçi" qoyam ki, guya məhz əkin və ziraətdən danışacaq". Əslində isə Həsən bəy kənd təsərrüfatı ilə yanaşı, xalqın mədəni səviyyəsini və onu maarifləndirməyi qarşısına məqsəd qoymuşdu.

"Əkinçi" az yaşadı, cəmi 56 sayı işıq üzü gördü. Lakin buna baxmayaraq, təkcə Azərbaycanda deyil, Rusiya müsəlmanlarının həyatında da böyük rol oynadı, "onun milli mətbuat tarixində açdığı yol, yaratdığı ənənələr çox uğurlu, uzunömürlü oldu" (Əziz Mirəhmədov). Azərbaycanın tanınmış ədəbiyyat və mətbuat xadimləri sonralar da "Əkinçi"nin ideyalarını inkişaf etdirdilər.

"Əkinçi" haqqında çox deyilib, çox yazılıb. Görkəmli alimlər Abbas Zamanov, Əziz Mirəhmədov, Ziyəddin Göyüşov, İzzət Rüstəmov, Nazim Axundov, Vəli Məmmədov və başqaları Zərdabi və onun "Əkinçi" qəzetini müxtəlif aspektlərdən tədqiq etmişlər. Lakin buna baxmayaraq, milli mətbuatımızın qaranquşu "Əkinçi"dən öyrəniləsi hələ çox şey var. Mətbuatımzın ağsaqqalı professor Şirməmməd Hüseynov məqalələrinin birində yazır ki, "Əkinçi" qəzetinin ənənələrindən təkcə qələm ustaları deyil, hamımız yenidən öyrənməliyik. O, əsl xalq demokratik mətbuatının nümunəsi kimi bu gün də, heç bir şübhəsiz, sabah da yeni biliklər və yeni təcrübə mənbəyi olaraq qalacaqdır.

Bəli, əminliklə deyə bilərik ki, alim, böyük maarifçi, jurnalist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş milli mətbuatımız "Əkinçi"nin ideyaları bu gün də yaşayır və heç zaman unudulmayacaq.

Akif RÜSTƏMOV BDU-nun professoru


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 241

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...