SOSİAL
A- A A+

Bağdaddan doğan günəş

2015-03-29 15:35:48

Məhəmməd Füzulinin, ədəbiyyat tarixlərimizdə yazıldığı kimi, 1494-cü ildə doğulduğunu qəbul etsək, keçən il bu dahi Azərbaycan şairinin 520 illiyi tamam oldu

Məhəmməd Füzulinin, ədəbiyyat tarixlərimizdə yazıldığı kimi, 1494-cü ildə doğulduğunu qəbul etsək, keçən il bu dahi Azərbaycan şairinin 520 illiyi tamam oldu. Çox təəssüf ki, dövlət və ictimai mediamız bu fakta diqqət yetirmədi. Bütün yaradıcılığı Füzulinin bir misrasına dəyməyən, ömrü boyu Füzulinin şagirdi olmaqla fəxr edən bir çox şairlərimizin 65,75,110,120 illik və s. yubileyləri təntənəli şəkildə qeyd edildiyi halda, onun 520 illik yubileyi heç kəsin yadına düşmədi. Mən, sadə bir füzulisevər kimi bir-iki yerdə bu məsələni xatırlatmaq və qabartmaq istəsəm də, üstünü vurmadılar, mənə də susmağı məsləhət gördülər. Nə isə...İlin sonuna yaxın bir məqalə qaralayıb, prof. Z.Əsgərlinin məsləhətiylə “Azərbaycan” qəzetinə göndərdim. Bəzi səbəblərdən bu məqalə də həmin il çıxmadı, yeni ilin 6 fevral tarixli sayında işıq üzü gördü. Necə deyərlər, Füzulinin bəxti yenə gətirmədi... Gec də olsa, qəzetin bu yazının nəşr olunmasında əməyi keçən bütün əməkdaşlarına, özəlliklə İradə xanıma və dəyərli alimimiz, prof. Z.Əsgərliyə dərin təşəkkürlərimi bildirirəm. Həmin məqaləni ixtisarla da olsa, Fakt-info Az saytının oxucularının diqqətinə çatdırmağı özümə borc bilirəm. XVI yüzildə Bağdad göylərində bir günəş doğdu. Bu, üç dildə ölməz əsərlər yaradan Məhəmməd Füzuli günəşi idi. Özü də elə bir günəş ki, gur şəfəqlərini getdikcə Azərbaycan-türk dili başa düşülən bütün ölkələrə, məmləkətlərə saçdı. 500 ilə yaxındır ki, çeşidli qitə və iqlimlərdə yaşayan milyonlarla insanlar istilik və hərarəti bir an da azalmayan bu günəşin şəfəqlərindən qızınır, işığından nurlanır, gözəlliyindən zövq alırlar. Orta çağlardan üzü bəri bütün anadilli ədəbiyyatımızın ən yüksək zirvəsi, doğma dilimizi ilk dəfə ərəb və fars dilləriylə yanaşı dura biləcək poeziya dili səviyyəsinə qaldıran, həqiqətən, Füzuli poeziyasıdır. Türk dilinin fonetik-leksik qanunlarına və ruhuna yad olan əruz vəzni ilə “barışmasında”, daha doğrusu, türk dilinin əruz vəzninə uyğunlaşdırılmasında da Füzuli bütün bacarıq və istedadını sərf etmiş, əsl ustadlıq göstərmişdir. İslam dini və mədəniyyətinin yayılmasında türk hökmdar və sultanlarının qılınc gücünə gördükləri işləri Füzuli öz qələmiylə görmüş, “pəhləvan” qüdrətli sözləriylə dünyanı tutmağa nail olmuşdur. Məhəmməd Füzulinin doğum tarixi 1494-cü il qəbul edilsə də, onun təxminən 1480-85-ci illər arasında Kərbəla şəhərində anadan olduğu daha çox ağlabatandır. Şairin öz həyatı haqqında yeri gəldikcə verdiyi cüzi məlumatları, eləcə də əsərlərində adları keçən bir çox tarixi hadisə və şəxsiyyətləri diqqətlə araşdıran çox görkəmli füzulişünas alimlər də bu fikirdədir: məsələn, tanınmış türk araşdırıcılarından Əbdülqadir Qaraxan, Hasibə Mazıoğlu, italyan şərqşünası Alessio Bombaçi, Azəebaycan alimi Ə.Səidzadə və b. göstərmək olar. Doğulduğu yer, özünün birmənalı olaraq dediyi kimi, ərəb İraqı, müsəlman dünyasının mühüm mədəniyyət mərkəzi–Bağdad yaxınlığında yerləşən Kərbəla şəhəridir. Məsələn, farsca divanının dibaçəsində (giriş hissəsində) yazır: “...Doğulduğum və yaşadığım yer İraqi-ərəbdir ki, sultanların kölgəsindən uzaq və sakinlərinin şüursuzluğu üzündən xərabə qalmış bir ölkədir.” Yenə həmin dibaçənin sonunda deyir: Ey Füzuli, məskənim çün Kərbəladır, şe`rimin Hörməti hər yerdə vardır, xəlq onun müştaqıdır. Nə qızıldır, nə gümüş, nə lə`lü nə mirvaridir, Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır. Elə buna görə də bir çox orta əsr təzkirəçiləri onu “Füzuli Bağdadi” kimi təqdim edirlər. Bəzi qaynaqlara görə, o da Dədə Qorqud kimi Oğuz türklərinin Bayat boyuna mənsubdur. Şairimizin Ağqoyunlu türkmanlarından olduğunu deyənlər də vardır. Atası Süleyman kişi mənşəcə Azərbaycandan olub, sonralar öz elatıyla İraqa köçüb Bağdad civarında yerləşən Azərbaycan türklərindən biridir. Hətta Füzulinin uşaq yaşlarında öz ailəsiylə oraya köç etdiyini ehtimal edənlər də olmuşdur. Təsadüf deyil ki, böyük şair əsərlərində yeri gəldikcə özünü “qərib” adlandırmış, ömrü boyu vətən həsrəti, doğma yurd nisgilindən şikayətlənmişdir. Özəlliklə, lirik qəzəllərində tez-tez rast gəlinən “qəriblik”, “vətən həsrəti”, “qürbət” motivlərini yalnız indi çox dəbdə olan sufi-mistik baxımdan izah etmək mümkün deyildir. Çox zaman bu, haqsızlıqlarla qarşılaşan şairin iç dünyasından vulkan kimi püskürən şəxsi iztirabları, daxili mənəvi yaşantıları kimi üzə çıxır: Əsiri-qürbətiz, bir səndən özgə aşinamız yox, Ayağın kəsmə başınçün bizim möhnətsəralərdən. Səba, kuyində dildarın nədir üftadələr halı? Bizim yerdən gəlirsən, bir xəbər ver aşinalərdən. Bəzi rəvayətlərə görə, ədəbiyyat müəllimi dövrünün tanınmış şairi Həbibi, ərəb dili müəllimi isə Xacə Rəhmətullah əfəndi olmuşdir. Deyilənə görə, gənc Füzuli müəllimi Xacə Rəhmətullahın qızına dəlicəsinə vurulmuş, ancaq ilk məhəbbəti uğursuz olmuşdur. Gəncliyində ilk sarsıdıcı mənəvi zərbə alan Füzulinin gələcəkdə ürəkləri sızladan, yandırıb-yaxıcı lirik – aşiqanə qəzəllər yazmasında bu əzablı sevgi böhranı da öz rolunu oynamışdır. Hətta ölməz məhəbbət dastanı-“Leyli və Məcnun”da şairin özünün iztirab dolu qarşılıqsız məhəbbət macərasını təsvir etdiyini deyənlər də vardır. Gənc yaşlarında keçirdiyi faciəvi sevgi böhranından özünə gələn Füzuli sonralar əsl müsəlman kişisi kimi ailə həyatı qurmuş, ev-eşik sahibi olmuşdur. Fars dilində qələmə aldığı bir qəzəlində özünün toy gecəsini təsvir etdiyi ehtimal olunur: Vəslin mənə novruz gecəsi oldu müyəssər, Sanki o gecəm gündüz ilə oldu bərabər. Ümumiyyətlə, şair ailəni cəmiyyətin əsas dayaqlarından saymış, İslamda ailə məsələləri və prinsiplərinə böyük hörmətlə yanaşmışdır. Bunu “Rind və Zahid” əsərində ata Zahidin oğlu Rində verdiyi məsləhətlərdən də aydın görmək olur. Şairin bu evlilikdən doğulan yeganə oğlu Fəzli dövrünün görkəmli ziyalılarından olmuş, hətta şair kimi tanınmış, daha çox müəmma və “maddeyi-tarix” lər yazmışdır. Tarixi qaynaqların verdiyi bəzi məlumatlara görə, Fəzli sünni-şiə ziddiyyətlərini qızışdıran və şəhərdə qanlı qarşıdurmalar yaradan missionerlərin təsiri altına düşmüş, sünniləri şiələrə qarşı qaldıran təhrikedici şeirlər yazmağa başlamışdır. Qoca şair bundan bərk incimiş, əzab çəkmiş, oğlunu bu yoldan döndərmək üçün çox çalışmış, fəqət istəyinə nail ola bilməmişdir. Sonda tək oğlu ilə ayrılıb, ayrı yaşamaqdan başqa çıxış yolu qalmamışdır. Fikrimizcə, elə bu məqsədlə də “Fəzliyə nəsihət” qəsidəsini yazmış, oğlu şair Fəzlinin yersiz söz və əməllərinə məsuliyyət daşımadığını bütün müasirləri və oxucularına sanki elan edərək, bir az yüngülləşmiş, mənəvi baxımdan sakitlik tapmışdır. Füzuli çox çətin və ziddiyyətli bir dövrdə yazıb-yaratmışdır. O, üç fərqli hökmdarın hakimiyyəti altında yaşamış, hakimiyyət dəyişikliklərinin sadə xalqın həyatında heç bir yaxşılaşma yaratmadığını, əksinə, insanların güzəranını daha da pisləşdirdiyini gözləriylə görmüş, əsərlərində, yeri gəldikcə, bu məsələlərə əsl demokratik mövqedən öz münasibətini bildirmişdir. Şairin uşaqlıq çağı Ağqoyunluların hakimiyyəti dövründə keçmiş, bir şair və ziyalı kimi məşhurlaşma dövrü Səfəvilərin hökmranlıq illərinə düşmüş, yetkin və qoca yaşlarında Osmanlı imperiyasının təbəəsi olmuşdur. Saraydakı Nişançı Mustafa paşa kimi xeyirxah və sənətsevər adamların məsləhəti ilə Sultan Süleyman Qanuni uzun illər nöqsansız xidmətləri və qocalığını nəzərə alıb şairə gündə doqquz axça təqaüd verilməsi haqqında barat-fərman imzalamışdır. Ancaq, şair bu baratın faydasını görməmiş, yalançı, acgöz və rüşvətxor məmurların “sayəsində” bu təqaüdü ala bilməmişdir. Bir neçə dəfə Ovqaf idarəsinə gedib-gələn Füzuli dövlət qulluqçularının saxtakarlıq və ikiüzlülüyündən dəhşətə gəlmiş, içindən vulkan kimi püskürən acı istehza və kinayəli tənqidini həmin Nişançı paşaya yazdığı məktubunda bütün təbiiliyi və dolğunluğu ilə qələmə almışdır. Dahi sənətkarın gördüyü haqsızlıqlardan təsirlənərək öz dostuna yazdığı bu məktub sonralar “Şikayətnamə” adıyla məşhur olmuş, onun ən gözəl əsərlərindən biri kimi əldən-ələ gəzmiş və bu gün də çox maraqla oxunmaqdadır. Təzkirəçilərin verdiyi məlumatlardan və özünün türkcə divanına yazdığı Dibaçədən belə məlum olur ki, şair doğulub boya-başa çatdığı ərəb İraqından kənara çıxmamış, heç bir xarici ölkəyə səyahət etməmişdir. Ancaq, başqa qəzəl və qəsidələrində Təbriz, İstanbul şəhərlərinin, Hindistan ölkəsinin adlarını tez-tez çəkir, oralara səyahət etmək arzusunda olduğunu bildirir. Məsələn: Füzuli, eylədi ahəngi-eyşxaneyi-Rum Əsiri-möhnəti-Bağdad gördüyün könlüm. Bağdadra nəxast, Fozuli, məgər delət Kahənge-eyşxaneye-Təbriz kərdei. Hətta bəzi misraları Füzulinin Təbriz və İstanbul şəhərlərində olması təəssüratı yaradır. Müxtəlif vaxtlarda bəzi alimlər şairin əsərlərindən gətirdiyi misallarla bunu sübut etmək istəmişlər. Amma bu məsələ tarixi faktlarla hələlik öz təsdiqini tapmamış qalır. Nəcəf türbəsində “əlli il” qulluq edən, hətta belinin “dal hərfi ” kimi ikiqat olduğunu deyən şairin, bəzi tədqiqatçılar tərəfindən süni olaraq, “cəncləşdirilməsinin” əksinə olaraq, uzun ömür sürdüyü, çox qoca yaşlarında dünyasını dəyişdiyi məlum olur. Bunu şairin türk divanından gətirdiyimiz aşağıdakı beytlər də təsdiqləyir: Könül, yetdi əcəl, zövqi- rüxi-dildar yetməzmi? Ağardı muyi-sər, sövdayi-zülfi-yar yetməzmi? Yetirdi başini gərdun ayağə bari-möhnətdən, Xəyali-həlqeyi-geysuyi-ənbərbar yetməzmi? Ey Füzuli qədimiz qıldı fələk xəm, yəni Vəqtdir çıxmağa dünya qapısından, əyilin. Bu misralardan, həqiqətən, şairin saç-saqqalının ağardığı, beli büküldüyü, bədəninin zəifləyib taqətdən düşdüyü, hətta bəzən ölüm arzuladığı açıq-aydın görünür. Bir çox füzulişünas alimlərin fikrincə, şair qoca yaşlarında tutduğu dini vəzifədən uzaqlaşdırılmış, doğulub boya-başa çatdığı Kərbəla şəhərinə qayıtmış, ömrünün son illərini də orada yaşamışdır M. Füzulinin doğum tarixindən fərqli olaraq, vəfat tarixi dəqiqdir. Şairin hicri tarixlə 963-cü ildə Bağdadda geniş yayılan “böyük taun”(vəba) epidemiyası zamanı vəfat etməsi təzkirələrdə “keçdi Füzuli” maddeyi-tarixiylə qeyd olunmuşdur. Bunu şairin dostu və müasiri, dövrünün tanınmış şairi və ziyalısı Əhdi Bağdadidən başlayaraq bir çox təzkirəçilər öz təzkirələrində göstərmişlər. Bu isə miladi tarixlə məhz 1556-cı ilə düşür. İraqda taunun tüğyan etdiyi həmin ildə dünyasını dəyişən şairin doğum tarixini, yuxarıda qeyd etdiyimiz kimi, təqribən 1480-85-ci illərə çəkmək daha doğru olardı . “Bütün türk şairlərinin babası” (F.Köçərli) Məhəmməd Füzuli əlli ildən artıq yorulmadan qələm çalmış, üç dildə kamillik və təravətini bu gün də itirməyən misilsiz əsərlər qoyub getmişdir. Ərəb, fars və türk dillərində yazıb-yaradan, hər üçündə ölməz əsərlər müəllifi olan M.Füzuli kimi nəhəng ədəbi simalar dünya ədəbiyyatında çox azdır. Elmi-fəlsəfi bilgilərlə zəngin əsərləri göstərir ki, o, bütün Yaxın və Orta Şərq ədəbiyyatına, incəsənətinə, ictimai-fəlsəfi fikir tarixinə yaxından bələd olmuşdur. Bəzi lirik əsərlərində az da olsa qarşılaşdığımız avtobioqrafik cizgilərdən bəlli olur ki, o, şair kimi məşhurlaşmamışdan öncə, dövrünün bütün elmlərini, eləcə də ərəb, fars, yunan, Misir və yəhudi ədəbi-mədəni və ictimai-fəlsəfi təmayüllərini dərindən öyrənmişdir. Təsadüf deyil ki, öz sağlığından başlayaraq, “molla”, “mövlana”- (bizim ağamız), “mütəfəkkir şair”, yaxud “alim şair” kimi adlarla tanınmışdır. “Füzuli Azərbaycan ədəbiyyatını fars və ərəb girdablarından dartıb çıxartmış, yenicə yaranmaqda olan ədəbiyyatımızı çiyinlərinə almış, ən yüksək zirvələrə qaldırmış və öz yaradıcılığı ilə on illərlə orada saxlamışdır”(C.Cabbarlı). M.Füzuli ədəbiyyat tariximizdə ilk dəfə Azərbaycan türkcəsində “nəzmi-nazik”-“incə, zərif şeir” yaratmaq istədiyini qarşısına ali məqsəd kimi qoymuş, bu işə bütün bilik və istedadını sərf etmiş və bunun öhdəsindən layiqincə gəlmişdir. Üç dildə şərq şeirinin bütün janrlarında qələmini sınayan şairimiz hansı mövzuda yazıbsa, həmin mövzuda özündən əvvəl və özündən sonra əsər yazmış əksər şərq şairlərini kölgədə qoymuşdur. Təxəllüs seçimində olduğu kimi, heç nədə şəriklik və ortaqlığı bəyənməmiş, əl qoyduğu hər bir işdə yalnız birincilik, yeganəlik tərəfdarı olmuşdur. Füzuli əsərləri XVI yüzil Bağdad mühitini əks etdirən poetik güzgü, ümumən orta çağlar müsəlman Şərq dünyasını gözlərimiz qarşısında canlandıran obyektiv ədəbi-bədii salnamədir. Bu əsərlər Məcnunun nalə və fəryadı, Leylinin gizli hıçqırıqları və içinə axan göz yaşları, gənc Rindin cəmiyyətdə ədalətli sənət və əzablı mənəvi-irfani axtarışları, qoca Zahidin daxili dünyası ilə övlad məhəbbəti arasındakı qəlb çırpıntıları və s. yoğrulmuş saf incilərdir. Füzuli yaradıcılığı türk dilinin, türk ruhunun, türk zəkasının vulkan püskürtüsü, Azərbaycan bədii fikrinin ən yüksək zirvəsidir. Füzulinin böyüklüyü bir də ondadır ki, ustadı Nizamidən fərqli olaraq, bədii yaradıcılığında ana dilinə məqsədli şəkildə üstünlük vermiş, mükəmməl divanı ilə yanaşı, “Leyli və Məcnun”, “Hədiqətüs-süəda” kimi lirik-epik məzmunlu şah əsərlərini də məhz bu dildə yaratmışdır. M. Füzuli öz yaradıcılığıyla ədəbiyyatımızda yeni bir cığır açmışdır ki, bu cığır qısa zamanda gediş-gəlişli el yoluna çevrilmiş, bundan sonra daha heç kəs köhnə yollarla getmək istəməmiş, istər-istəməz Füzuli cığırına düşmüşdür. Füzuli elə bir ədəbi məktəb yaratmışdır ki, ta XIX yüzildə M.F. Axundova qədər şairlik ilhamı və istedadı olan hər kəs böyük fəxr və məmnunluqla ya bu məktəbin şagirdi, tələbəsi, müdaviminə çevrilmiş, ya da könüllü olaraq, qələmi əlindən yerə qoymuşdur. Füzuli poeziyası nəinki Azərbaycan, hətta bütün Yaxın və Orta Şərq ədəbiyyatında böyük təsir buraxmış, Türkiyə, İran , özbək, tatar şair və yazıçıları uzun müddət onun əsərlərindən bəhrələnmiş, ölməz qəzəllərinə bənzətmə və nəzirələr yazmışlar. Böyük türk alimi M.F. köprülünün bu barədə fikirləri daha maraqlıdır: “Yalnız Füzulini yetişdirən Azəri sahəsi deyil, Osmanlı və Cığatay ədəbiyyatları da əsrlərdən bəri onun qüvvətli nüfuzu altında qalmışdır. Daşkənddən Qazana, Krımdan Macarıstan sərhədlərinə, Bağdaddan Qahirəyə, Təbrizdən Buxaraya və İstanbula qədər bütün türk sahəsi əsrlərcə onun tərənnümlərini dinlədi. Azərbaycan, İran və Güney Qafqaz türklərinin fars dilinin müdhiş təhəkkümünə rəğmən, əsrlərcə türklüklərini mühafizə etmələrində, türk aləminin mənəvi vəhdətinin pozulmamasında Füzulinin pək böyük bir təsiri vardır.” Sonda, yeri gəlmişkən, çoxlarının ürəyindən keçən bir arzumuzu bildirmək istərdik: fikrimizcə, dahi şairimizin məzarının doğma vətəni, 25 ildir ki, dövlət müstəqilliyinə və istiqlalına qovuşmuş Azərbaycan Respublikasına gətirilməsi və burada torpağa tapşırılmasının artıq vaxtıdır. Zəkulla Bayramlı AMEA Nizami ad.Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru


Kateqoriya : SOSİAL Baxış sayı : 2611

QHT və MEDİA

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...