SİYASƏT
A- A A+

Prezident İlham Əliyev: “Biz 21-ci əsrin enerji tarixini yazırıq”

2018-06-12 22:35:04

"İlk növbədə, qardaş Türkiyə torpağında yenidən olmağımdan məmnunluğumu ifadə etmək istərdim"

Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində söyləyib. Dövlət başçısı daha sonra çıxışına belə davam edib:

"Biz Azərbaycanda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş uğurlara çox sevinirik. Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya çapında böyük gücə çevrildi. Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir. Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir.

Bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.

Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır. Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış və bir çox tədbirlər keçirilmişdir. Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni bir layihəni irəli sürək və bunun adını da biz birlikdə qoyduq – TANAP. TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan və mən imzaladıq. O gün həmin imzalanma mərasimində biz bugünkü günü görmək arzumuzu ifadə etdik və Allah bizə bunu nəsib etdi. Biz bu illər ərzində böyük işlər gördük. TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi iki həftə bundan öncə - mayın 29-da Bakıda təşkil edilmişdir. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. “Şahdəniz-2” qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın.

“Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır – enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. “Cənub Qaz Dəhlizi” həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir.

Bu böyük işlərin icrasında SOCAR, BOTAŞ və BP şirkətləri iştirak ediblər, onlar TANAP-ın səhmdarlarıdır. Mən onlara öz təşəkkürümü bildirmək istəyirəm. Bu işlərdə iştirak etmiş bütün şirkətlərə təşəkkürümü bildirmək istəyirəm ki, onlar bu böyük işi yüksək keyfiyyətlə və qısa müddət ərzində görə bildilər. Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir. Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun.

Bir daha demək istəyirəm ki, bu gün tarixi bir gündür. Bu günün mümkünlüyü ancaq və ancaq güclü siyasi iradə nəticəsində olmuşdur. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Əlbəttə, bir daha demək istəyirəm, Türkiyənin xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verdi ki, Türkiyəyə böyük yatırımlar qoyulsun. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaqdır.

Bu gözəl hadisə münasibətilə sizi, xalqlarımızı, bizim bütün dostlarımızı ürəkdən təbrik etmək istəyirəm, TANAP-a yaxşı yol arzulayıram".


Kateqoriya : SİYASƏT Baxış sayı : 126

QHT və MEDİA

2018-06-20 09:15:36

QHT və MEDİA
Parisdə türk dünyası ilə bağlı silsilə t...
Parisdə türk dünyası ilə bağlı silsilə t...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans Beynəlxalq Türk M...

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...