SİYASƏT
A- A A+

“Suriya ermənilərinin işğal altında olan ərazilərdə yerləşdirilməsi yolverilməzdir”

2018-05-15 08:35:58

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov qeyd edib ki, 2017-ci il İŞİD-in məğlub edilməsi baxımından mühüm il olub. “2017-ci il İŞİD-in məğlub edilməsi baxımından mühüm il idi, belə ki, onun nəzarəti altında olan geniş ərazilər və çoxsaylı istehkamlar azad edildi. İndi isə sürətli və davamlı formada yaraları necə müalicə edəcəyimizə və bütün bunlardan təsirlənən insanların problemlərinin aradan qaldırılmasına baxmaq zamanıdır. İŞİD-in məğlub edilməsi terror fəlakətinin aradan qaldırılması demək deyil. Lakin terrorizmə qarşı müharibə hər hansı bir dini və ya mədəniyyəti hədəfə almaq üçün istifadə edilməməlidir. Terrorla mübarizə ilə bağlı tədbirlərin pro-aktiv olmasını təmin etmək də çox vacibdir. Terrorizmə qarşı mübarizə əhalinin məlumatlılığını artırmaq üçün önləyici yanaşmanı özündə əks etdirməlidir. Bu xüsusda, ekstremizmlə mübarizə məsələləri hökumət, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri, eləcə də dini icmalar, gənclər və qadın assosiasiyaları daxil olmaqla bütün maraqlı tərəflərin koordinasiyası və əməkdaşlığı vasitəsilə inkişaf etdirilməlidir”, - deyə o vurğulayıb. O bildirib ki, bu gün qaçqınların və məcburi köçkünlərin vəziyyəti aidiyyəti ölkələrdə ən mürəkkəb və problemli məsələ olmaqda davam edir: “Fürsətdən istifadə edərək, münaqişə bölgələrindən qaçanlar üçün təcili və müvəqqəti sığınacaq təmin etmək kimi ən ağır yükü öz üzərinə götürən Türkiyə, Livan və İordaniyanın səylərini yüksək qiymətləndirirəm. Dünyada məcburi köçkünlərin miqyasını nəzərə alaraq, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına əsasən, məcburi köçkünlərin sayı 41 milyona çatdığı bir dönəmdə məcburi köçkünlərin layiqli şəkildə geri qayıtması çox vacibdir. Biz çox sevinirik ki, məcburi köçkünlərin layiqli şəkildə öz evlərinə geri qayıtmasının vacibliyinə dair ortaq anlaşma və dəstək var. Azərbaycan məcburi köçkünlərin problemlərinə dair məlumatlılığı artırmaq üçün bütün səyləri tam dəstəkləyir. Məcburi köçkünlər məsələsinə dair həssaslığımız başa düşüləndir, belə ki, Azərbaycan dünyada adambaşına düşən ən çox sayda məcburi köçkünə sahibdir. Mənim ölkəmdəki bu vəziyyət beynəlxalq hüququ aşkar şəkildə pozaraq Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunun işğal etməsi nəticəsində yaranıb. Hazırda Azərbaycanda məcburi köçkünlərin və qaçqınların sayı 1 milyonu ötür, bu da ümumi əhalinin 1/10-dən artıqdır”. Nazir qeyd edib ki, məcburi köçkünlərin sayına baxmayaraq, Azərbaycan hökuməti onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində böyük irəliləyiş əldə edib: “Son iyirmi il ərzində qaçqınların və məcburi köçkünlərin sosial problemlərini həll etmək üçün təxminən 6 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub ki, bu da onlar arasında yoxsulluq və işsizliyin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Biz unutmamalıyıq ki, qaçqın və məcburi köçkünlərin hüquqlarının tam bərpası onların öz doğma yurd-yuvalarına könüllü, təhlükəsiz, layiqli və dayanıqlı şəkildə dönməsini tələb edir. Təəssüf ki, bizim vəziyyətimizdə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən onilliklərlə yaşı olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məcburi köçkünlərin öz evlərinə qayıtması üçün beynəlxalq yardımlara baxmayaraq bu, hələ də qeyri-mümkündür. Eyni zamanda, qaçqın böhranının aradan qaldırılmasına töhfə vermək bəhanəsi ilə bəzi gizli maraqlar naminə Yaxın Şərqdən qaçqınların problemlərindən faydalanmaq kimi davamlı cəhdlər olduğunu vurğulamalıyam. Suriyada vəziyyət pisləşdikdən sonra Ermənistan Suriya ermənilərini işğal altında olan Azərbaycan ərazilərinə yerləşməyə təşviq edir. Müxtəlif hesabatlara əsasən, yüzlərlə Suriya ermənisi işğal olunmuş Azərbaycan bu ərazilərində yerləşdirilib. Beynəlxalq qanunların, xüsusən Dördüncü Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının ciddi şəkildə pozulması sayılan bu köçürmə siyasətinin arxasında azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşısını almaq və işğal edilmiş ərazilərin ilhaqını təmin etmək siyasəti dayanır. Həqiqətən də, beynəlxalq ictimaiyyətin diqqəti Suriyadakı böhrandan çıxmağın yollarını axtarmağa yönələrkən, bu ölkənin əhalisinin problemlərinin başqa bir bölgədə sülh səylərini daha da mürəkkəbləşdirmək üçün istifadə olunduğunu bilmək dərindən narahatedicidir. Bu tamamilə qəbuledilməz və yolverilməzdir”. E. Məmmədyarov qeyd edib ki, hətta öz ərazisində genişmiqyaslı və uzunmüddətli məcburi köçkün probleminin olmasına baxmayaraq, Azərbaycan beynəlxalq ictimaiyyətin təcili humanitar böhran vəziyyətlərini həll etmək və dünyanın müxtəlif yerlərində davamlı cəmiyyətlərin qurulması istiqamətində səylərini dəstəkləyir: “Bu gün təxminən dünyanın 40 ölkəsində yaşayan insanlar, o cümlədən Yəmən, Fələstin və İordaniyadakı suriyalı qaçqınlar Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin humanitar yardımından faydalanırlar. Müxtəlif dinlərin və məzhəblərin sülh və harmonik mövcudluğunun əsrlər boyu davam edən ənənələri ilə zəngin bir ölkə olaraq Azərbaycan BMT Baş katibinin 72/488 saylı hesabatında qeyd edildiyi kimi Bakı Prosesi vasitəsilə həm regional, həm də dünya səviyyəsində güclü və əsil mədəniyyətlərarası və dinlərarası dialoqun yaradılmasına çox sərmayə qoyub. Aydındır ki, sözügedən ölkələrdəki ictimai qurumların gücləndirilməsində əsas maneə çoxlu sayda ölkəni tərk edənlər səbəbindən və ya daha da pis ssenari, münaqişə zamanı öldürüldükləri üçün ixtisaslı kadrların olmaması faktı olacaq. Bu xüsusda, Azərbaycan universitetlərində oxumaq istəyən İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrindən olan tələbələr üçün təhsil qrantlarına dair ötən ilin dekabrında verilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanına diqqətinizi yönəltmək istərdim.

Beləliklə, Yaxın Şərq ölkələrindən olan tələbələr bu fürsətdən yaxşıca faydalana bilərlər. Təhlükə altında olan mədəni irsin qorunması, ədalətin təmin edilməsi və cəzasızlıq ilə mübarizə kimi Madrid sənədinin digər prioritet sahələrinə gəldikdə isə, mən vurğulamalıyam ki, BMT Sivilizasiyalar Alyansı 7-ci Qlobal Forumunda qəbul edilmiş Bakı Bəyannaməsi ayrı-seçkiliyə, düşmənçiliyə və şiddətə təhrik edən dini nifrətin hər hansı bir müdafiəsini ciddi şəkildə qınayıb və bütün üzv dövlətləri zorakı ekstremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırıb. Biz inanırıq ki, Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün şiddətə, ekstremizmə və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi mədəniyyətlərarası dialoqun təşviqinə xidmət göstərə bilər.

Biz Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanı mədəni və dini yerlərin dağıdılmasından çəkindirmək üçün səmərəli tədbirlər görmək üçün çoxsaylı hallarda beynəlxalq ictimaiyyətə müraciət etmişik və bu vandalizm hərəkətləri Suriyadakı oxşar hadisələrdən çox əvvəl baş verib. Mən sizin diqqətinizi silahlı münaqişələr dövründə mədəni hüquqların və əmlakın qorunmasına dair BMT-nin İnsan Hüquqları Şurasının Azərbaycanın təşəbbüsü ilə 11 il bundan əvvəl, 2007-ci ildə, daha doğrusu beynəlxalq ictimaiyyətin Yaxın Şərqdəki son zülmlərdən silkələnməsindən öncə qəbul etdiyi qətnaməsinə yönəltmək istərdim. Unudulmamalıdır ki, keçmişdə cəzasız qalmış bir məsələ gələcəkdə daha ağır cinayətlərin toxumunu əkir”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1830

QHT və MEDİA

2018-11-13 09:20:57

QHT və MEDİA
Allen Alen: Azərbaycanda dinlərarası har...
Allen Alen: Azərbaycanda dinlərarası har...

Qonağa ölkəmizdəki sabit dini durum, tolerant və multikultural mühit barədə m...

2018-11-12 07:50:12

QHT və MEDİA
"ABŞ Azərbaycanın terrorizmlə mübarizədə...
"ABŞ Azərbaycanın terrorizmlə mübarizədə...

ABŞ Ordu generalı ABŞ Nəqliyyat Komandanlığının komandanı Stefen Layens Azər...

CƏMİYYƏT

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

2018-11-07 07:40:52

CƏMİYYƏT
Dövlət himnimizə hörmət etmək hər bir az...
Dövlət himnimizə hörmət etmək hər bir az...

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən bir...

İQTİSADİ

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...

2018-11-05 10:10:57

İQTİSADİ
“Azərbaycan regionda mühüm tranzit rolu ...
“Azərbaycan regionda mühüm tranzit rolu ...

Bunu Baş nazir Novruz Məmmədov Astanada MDB Hökumət Başçıları Şurasının iclas...