CƏMİYYƏT
A- A A+

Əzəli yurd yerlərimizin nisgili

2018-04-24 08:10:14

.

Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və jurnal məqalələri, habelə digər çap materialları bu qaim-qədim yurd yerlərimizlə bağlı qan yaddaşımızı daha da möhkəmləndirir, qəlbimizdə düşmənə nifrət və qəzəb hisslərini coşdurur, bizi torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizəyə ruhlandırır. Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Eynəddin Məmmədovun təzəcə işıq üzü görmüş “İrəvandan başlanan yol” (Bakı - 2018) adlı kitabı da bu baxımdan diqqəti cəlb edir.

Azərbaycanın bu doğma və uludan ulu bölgəsində yaşayan soydaşlarımızın həyat və məişətini, tarixi faciələrini müəllif özünün mənsub olduğu mötəbər və nüfuzlu bir nəslin, bir şəcərənin timsalında qələmə almışdır. Şəxsi xatirə, nostalji hiss və duyğularla yanaşı, zəngin və qiymətli arxiv sənədləri, real tarixi faktlar əsasında yazılması kitabın ümumi dəyərini və ona oxucu marağını daha da artırır.

E.Məmmədov mahir bir araşdırıcı kimi İrəvanın uzaq tarixi keçmişinə və həmin tarixin ən müxtəlif məqamlarına baş vuraraq bir çox həqiqətləri üzə çıxarır ki, bu da saxtakar və yalançı erməni tarixçilərinin iftira və uydurmalarına tutarlı cavab kimi səslənir.

O, İrəvanın əski türk torpaqları, Azərbaycanın ayrılmaz bir parçası olduğunu, lakin tarixin sonrakı dönəmlərində aparılan işğalçılıq siyasəti nəticəsində yerli əhalinin sıxışdırılaraq öz dədə-baba yurdlarından çıxarılmasını, qanlı imperiyanın dəstəyi ilə ardıcıl şəkildə həyata keçirilən genosid və deportasiya planlarını əsl vətəndaş-alim yanğısı ilə qələmə almışdır.

Kitaba önsöz yazmış tanınmış jurnalist Əziz Ələkbərli doğru olaraq qeyd edir: “Qarşımızdakı kitab, ilk baxışda, bir şəxsin, bir nəslin, bir tayfanın - Şeyx Məhəmmədbağır (Qazızadə) İrəvani və onun törəmələrinin tarixindən bəhs etsə də, əslində, onun səhifələrində Azərbaycanın qədim dövlətçilik ənənələrinə malik, təhsil, elm və mədəniyyət ocaqlarından olan Qərbi Azərbaycanın 3 min illik tarixindən söz açılır”. Bütün dövrlərdə özünün xeyirxah əməlləri, yurdsevərliyi, ictimai-siyasi fəallığı ilə İrəvanın tarixində şanlı iz qoymuş, onun adını daim uca tutmuş ayrı-ayrı nəsillər və şəxsiyyətlər olmuşdur ki, bu gün onların da üzə çıxarılması, keçdikləri şərəfli yolun araşdırılması olduqca vacibdir. XVIII əsrdə yaşamış Fazil İrəvani kimdir? Yəqin ki, oxucuların da bir çoxu bu adla ilk dəfə tanış olurlar. E.Məmmədov Fazil İrəvaninin həyatı, şəxsiyyəti, islami bilik və ideyaların təbliği sahəsindəki fəaliyyəti barədə ərtaflı məlumat verir. Onun qeydlərindən öyrənirik ki, bu nurlu insan “islam maarifini yaymaq yolunda bütün ömrü boyu çalışmış, qiymətli kitablar yazmışdır”. F.İrəvani təkcə yaşadığı İrəvan mahalında deyil, Şərqin dini ictimaiyyəti arasında böyük hörmət və nüfuz sahibi olmuşdur.

E.Məmmədov haqqında söhbət açdığı bu böyük din xadimini, həm də öz dövrünün geniş və hərtərəfli savada malik bir ziyalısı kimi təqdim edir. Kitabda verilmiş məlumata görə, İrəvan bölgəsində özünün nəcib və xeyirxah əməlləri ilə böyük nüfuz və ad-san qazanmış insanlardan biri də Şeyx Molla Məhəmmədbağır Qazızadə olmuşdur.

E.Məmmədov M.Qazızadənin keçdiyi şərəfli ömür yolunu diqqətlə izləyir, onun Vətən və xalq qarşısındakı təmənnasız xidmətlərindən dərin razılıq hissi ilə söhbət açır, İrəvanın ictimai və mədəni tərəqqisi sahəsindəki çoxşaxəli fəaliyyətini geniş və hərtərəfli şəkildə işıqlandırır. Kitabla tanışlıqdan öyrənirik ki, M.Qazızadə mükəmməl dini təhsil almış, eyni zamanda, öz səyi və çalışqanlığı sayəsində dövrün bir sıra elmlərinə dərindən yiyələnmişdir. Onun azərbaycanlı uşaqlara dini təhsillə yanaşı, dünyəvi elmlərin mənimsədilməsi, bölgədə yeni üsullu məktəblərin açılması istiqamətindəki səy və təşəbbüsləri konkret fakt və sənədlər əsasında nəzərə çarpdırılır, öz evində rus-tatar qızlar məktəbi açması milli maarifçilik tariximizin mühüm bir hadisəsi kimi dəyərləndirilir.

M.Qazızadənin yenilikçilik təşəbbüsləri yerli mühafizəkar qüvvələr tərəfindən ciddi təzyiqlərlə qarşılansa da, o, tutduğu yoldan dönməmiş, öz fəaliyyətində müsəlman dünyasının və Avropanın ən yaxşı ənənələrini ustalıqla ehtiva etmişdir. O, bölgənin adlı-sanlı ziyalıları ilə (Haşım bəy Nərimanbəyov, İsmayıl bəy Şəfibəyov, Rəhim Xəlilov, Mirzə Məmmədvəli Qəmərlinski və b.) çiyin-çiyinə çalışmış, xalqın içərisində maarifçilik ideyalarını yaymaq üçün əlindən gələni əsirgəməmişdir. Araşdırmalarda deyildiyi kimi, o dövrdə nəşr olunan “Kavkazskiy kalendar” dərgisinin 1890-cı il buraxılışının 163-169-cu səhifələrində bu fədakar insan haqqında xoş sözlər söylənmişdir.

E.Məmmədovun M.Qazızadə ilə bağlı aşağıdakı qeydləri qəlbimizi qürur hissi ilə doldurur: “Dövrünün qabaqcıl maarifçi, elm və din xadimi idi. Şərq və Avropa mədəniyyətinə dərindən bələd olan alimin adı bütün Qafqazda hörmətlə çəkilirdi”. Bu fədakar ziyalı təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə, 1898-ci ildə imperator tərəfindən III dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif olunmuşdur. Layiqli varislik Azərbaycan xalqına xas olan ən yüksək mənəvi-əxlaqi keyfiyyətlərdən biridir. Bu mənada kitabda müəllifin həmin məsələyə geniş yer ayırması təsadüfi deyil. Kitabı vərəqlədikcə M.Qazızadə ocağının sonrakı törəmələri, onların həyat və fəaliyyəti barədə müfəssəl məlumat əldə edirik. Bünövrəsi xeyirxah bir məqsədlə qoyulan bu nəsil öz saflığını, müqəddəs və humanist dəyərlərə bağlılığını daim qoruyub saxlamış, zamanın bütün sınaqlarına mətanətlə sinə gərmişdir. M.Qazızadə öz övladlarını da doğma yurda, türkçülüyə, islam dininə məhəbbət ruhunda tərbiyə emişdir. E.Məmmədov ağır zəhmət, gərgin axtarışlar hesabına M.Qazızadənin varislərini də tapıb aşkara çıxarmağa nail olmuşdur. Şeyx Savad, Şeyx Mahmud, Şeyx Murtaza kimi övladları atalarının yolunu ləyaqətlə davam və inkişaf etdirmiş, öz nəsillərinə çox böyük rəğbət və hörmət qazandırmışlar. Kitab müəllifi yeri gəldikcə XIX əsrdə İrəvanda mədəniyyət və maarifçilik sahəsində baş vermiş yeniləşmə prosesi ilə əlaqədar maraqlı fakt və hadisələri diqqət mərkəzinə çəkir. E.Məmmədov M.Qazızadə ilə yanaşı, bu dövrdə xalqın savadlanması, bəsirət gözünün açılması, elmi yeniliklərlə tanış olması üçün öz səylərini əsirgəməyən tərəqqipərvər azərbaycanlı ziyalıların adlarını çəkir, onların çətin və mürəkkəb bir tarixi şəraitdə bölgənin inkişafı naminə həyata keçirdikləri xeyirxahlıq missiyasını layiqincə dəyərləndirir. İrəvan maarifçiliyi tarixində çox böyük rol oynamış Əliqulu xan İrəvanski, Mirzə Qədim İrəvani, Abbas ağa Fərəcov, Mehdi Kazımov, Mirzə Həsən Rüşdiyyə Təbrizi, Mirzə Məhəmməd Şeyxzadə və başqa bu kimi yüksək əqidə və məslək sahiblərinin adları və mütərəqqi əməlləri kitabda xüsusi qeyd olunur, belə insanların ömür yolu gənclərə əsl örnək kimi təqdim edilir.

M.Qazızadə davamçılarının bölgənin ictimai-siyasi və mədəni həyatındakı fəallığı XIX əsrin əvvəllərindən başlayaraq daha geniş vüsət almışdır. Onlar XIX-XX yüzilliklərdə də İrəvanda təhsil və mədəniyyət sahəsində böyük xidmətlər göstərmiş, eyni zamanda, yüksək dini qurumlara rəhbərlik etmiş, habelə ayrı-ayrı məscidlərin axundu olmuşlar. Müəllif həmin insanların adlarını sadalayır, hər cür çətinlik və məhrumiyyətlərə baxmayaraq, öz inam və etiqadlarını necə böyük ləyaqət və cəsarətlə yaşatdıqlarını arxiv materialları və yazılı sənədlər əsasında şərh edir. Kitabda yeri gəldikcə belə bir fikir vuğulanır ki, XIX əsrdə irəvanlı soydaşlarımız yeni üsullu məktəblərə maraq göstərməklə yanaşı, islam dininə rəğbət və sədaqətlərini qoruyub saxlayır, onun yaşaması və daha geniş intişar tapması üçün bir sıra mühüm təşkilati məsələlərin həllini vacib hesab edirdilər. İslamın humanist mahiyyəti xalqımızın ictimai mövqeyi, həyat məramı və mübarizə idealları ilə üzvi şəkildə qaynayıb qovuşduğuna görə, azərbaycanlı ruhanilər bu dinə həmişə böyük üstünlük vermişlər. Kitabda bu haqda da müfəssəl söhbət açılır, düşmənə qarşı mübarizədə dinin vacib rol və əhəmiyyəti yüksək qiymətləndirilir.

XIX əsrin ikinci yarısından başlayaraq sözügedən nəslin yeni davamçıları meydana gəlir ki, onların da başında Əlinağı Mirzə Məhəmmədbağıroğlu durur. Sonradan Məmmədovlar soyadı daşıyan bu nəsil öz vətənpərvərliyi, milli dəyərlərə sadiqliyi, istedad və bacarığı ilə təkcə İrəvan bölgəsində deyil, respublikamızın hər yerində çox böyük ad-san qazanmışdır. Məmmədovlar nəslinin taleyinə doğma torpaqlarımızın itkisindən doğan acı faciəni yaşamaq nəsib olmuşdu. E.Məmmədov XIX əsrdə İrəvandakı demoqrafik vəziyyət barədə də məlumat verir. O göstərir ki, rus imperiyasının dəstəyi ilə ayrı-ayrı ölkələrdən Azərbaycanın bu bölgəsinə xeyli sayda erməni köçürülmüşdü. 1851-ci ildə artıq İrəvanda 6488 azərbaycanlı, 6115 nəfər erməni yaşayırdı. Böyük din qardaşlarından hər cür yardım alan xain və nankor erməni millətçiləri tədricən bölgəyə sahib çıxmaq iddiasını reallaşdırmağa başladılar və bu yolda ən çirkin, ağılagəlməz vasitələrə əl atdılar. Erməni vandalları bu ərazidən qədim türklərin izini itirmək məqsədilə tarixi yadigarları, o cümlədən, dini ibadətgahları məhv etdilər. Qısa müddət ərzində 8 məscid yerlə yeksan olundu. Erməni tarixçisi Tadevos Hakopyan özü də etiraf edir ki, azərbaycanlılara məxsus bir çox qədim əlyazmaları, arxiv sənədləri və s. Eçmiədzin kilsəsindəki əlyazmalar fonduna təhvil verilmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycanın mətin və mübariz insanları gündən-günə geniş vüsət alan təzyiq və həmlələr önündə mərdliklə dayanırdılar. Belə bir vaxtda mənfur erməni millətçilərinə qarşı mübarizə aparan azərbaycanlılardan biri də Şeyx Molla Məmmədbağır İrəvaninin varisləri idilər.

E.Məmmədov qeyd edir ki, Molla Məhəmmədbağırın Şəhribanu bəyim Mir Cəfər ağa qızı ilə izdivacından Əlinağı, Məhəmmədtağı, Məhəmmədəli adlı oğlanları və Ruqiyyə adlı qızları dünyaya gəlmişdi. Müəllif bizi Ə.M.Məmmədbağıroğlu şəcərəsinin hər bir nümayəndəsi ilə tanış edir, onların İrəvandan başlanan və ölkəmizin ayrı-ayrı bölgələrində davam edən həyat yoluna nəzər salır. O, öz əzəli yurd yerlərindən ayrı salınan bu nəslin Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı fəal rolundan, müxtəlif sahələrdə qazandıqları uğurlardan bəhs edir. Bu nəslin davamçılarından bir neçəsi Rusiyanın və Avropanın ən nüfuzlu ali məktəblərində təhsil almışlar. Onların arasında Stalin repressiyasının qurbanı olanlar da var. Məmmədovlar sülaləsində Abbas və Rəşad Məmmədovlar kimi dövlət xadimlərinin, Adil Məmədov kimi yüksək çinli hərbçilərin, Fuad Məmmədov kimi təcrübəli və səriştəli milli təhlükəsizlik xidməti işçilərinin, Paşa Qəlbinur kimi dünya şöhrətli alim və şairlərin, Əkbər, Həbib, Hüseyn və Fəxrəddin Məmmədovlar kimi müdrik, xeyirxah ağsaqqalların olması sözün həqiqi mənasında qürurvericidir. Kitabdan göründüyü kimi, Məmmədovlar nəslinin kişiləri ilə yanaşı, qadınları da öz işgüzarlığı, bilik və savadı, geniş dünyagörüşü, yüksək mədəni səviyyəsi ilə seçilmişlər.

E.Məmmədov bizim nə vaxtsa doğma torpaqlarımıza qayıdacağımıza daxili bir inam yaradır. Kitabda verilmiş çoxlu sayda foto-şəkillər bizi Məmmədovlar nəslinin nümayəndələrini daha yaxından tanımağa kömək edir. Memuar ədəbiyyatının gözəl bir nümunəsi olan bu kitab həm də elmi-tədqiqat səciyyəli məqamları ilə mühüm maraq doğurur. Onu da qeyd etmək lazımdır ki, kitabda istifadə olunan nadir əlyazmalar və sənədlər Sankt-Peterburq, Tiflis və Təbriz arxivlərindən götürülmüşüdür. Professor Eynəddin Məmmədovun bu kitabı əzəli yurd yerlərimizdən biri olan İrəvan bölgəsinin, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixini öyrənmək istəyənlər üçün dəyərli bir mənbədir.

Sahib İBRAHİMLİ Filologiya elmləri namizədi, Əməkdar mədəniyyət işçisi


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 246

QHT və MEDİA

2018-10-16 12:00:51

QHT və MEDİA
Agentliyin nizamnamə və strukturu təsdiq...
Agentliyin nizamnamə və strukturu təsdiq...

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Əqli Mül...

2018-10-15 19:25:35

QHT və MEDİA
Şuranın 10 illiyi və regionların inkişaf...
Şuranın 10 illiyi və regionların inkişaf...

Toplantını açan Şəki şəhər icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəs...

CƏMİYYƏT

2018-10-16 09:55:59

CƏMİYYƏT
30 illik Azərbaycan Respublikası Müharib...
30 illik Azərbaycan Respublikası Müharib...

Öncə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun İdar...

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...