TƏDQİQATLAR
A- A A+

“The Jerusalem Post”: Prezident seçkiləri Azərbaycanın sabitliyi, inkişafı və çiçəklənməsi üçün mühüm mərhələ olacaq

2018-04-08 08:40:54

Azərbaycanda prezident seçkiləri böyük seçki təcrübəsi əsasında keçiriləcək. Prezident seçkiləri çox mühüm siyasi hadisədir. Biz həmişə Azərbaycan xalqının seçkilərdə böyük fəallığının şahidi olmuşuq

Bu sözləri beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Prezident seçkiləri Azərbaycanın sabitliyi, inkişafı və çiçəklənməsi üçün mühüm mərhələ olacaq” sərlövhəli məqaləsində yazıb. Məqalə müəllifi qeyd edir ki, aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində 8 namizəd iştirak edəcək.

Azərbaycan cəmiyyətinin bu dəfə də prezident seçkilərində fəal iştirak edəcəyinə əminliyini ifadə edən A.Qut yazır: “Bu gün Azərbaycan ictimaiyyəti başa düşür ki, aprelin 11-də prezident seçkiləri mükəmməl qanunvericilik və daha geniş seçki təcrübəsi əsasında keçiriləcək. Mən Mərkəzi Seçki Komissiyasının (MSK) uzunmüddətli seçki təcrübəsini də qeyd etmək istərdim. Xüsusi vurğulamaq istəyirəm ki, prezident seçkiləri ilə əlaqədar Azərbaycanın seçki məntəqələrinin 20 faizində, yəni 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkilər günü hər bir internet istifadəçisi MSK-nın rəsmi saytının birbaşa efirində səsvermə prosesini izləyə bilər. Aprelin 11-də prezident seçkilərini müşahidə etmək üçün Azərbaycan MSK-nın qeydiyyatından 545 beynəlxalq müşahidəçi keçib”.

Azərbaycanın Cənubi Qafqaz regionunun ən güclü ölkəsi olduğunu vurğulayan məqalə müəllifi yazır: “Bu günün faktiki reallığı budur ki, Avrasiyanın heç bir ölkəsinin İsraillə Azərbaycan qədər sıx əlaqələri yoxdur. İki dövlət arasında diplomatik münasibətlərinin 25 illik tarixi ərzində yəhudi dövləti ilə müsəlmanların çoxluq təşkil etdiyi dövlət arasındakı strateji münasibətlərin zəruriliyi və həyat qabiliyyəti sübuta yetirilib. Dost dövlətlərimiz həqiqətən etibarlı strateji tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərirlər. Faktiki olaraq azərbaycanlılar və yəhudilər nəinki dinc yanaşı yaşamağı, həm də əsl dost olmağı, öz münasibətlərini inkişaf etdirməyi və möhkəmləndirməyi bacarırlar”.

İsraili ekspert qeyd edir ki, bir çox xalqlardan fərqli olaraq, azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbi kimi baxmayıblar. O yazır: “Əslən Azərbaycandan olan israillilər Azərbaycan ilə İsrail arasında iqtisadi, hətta geosiyasi əməkdaşlığa kömək etmək üçün çox işlər görürlər. Yəhudi xalqı Azərbaycanda heç vaxt ayrı-seçkilik, sıxışdırma, həqarət, talanlar, yaxud hər hansı digər antisemit hərəkətlərlə üzləşməyib. Nə vaxtsa Azərbaycanda olmuş hər bir yəhudi təsdiq edə bilər ki, bu gözəl ölkədə yaşayan yəhudilər tamamilə sərbəst olaraq sinaqoqa gedir, başlarına kipa qoyaraq milli geyimdə şəhərdə gəzişirlər.

Mən bir İsrail vətəndaşı kimi, fəxrlə deyə bilərəm ki, Azərbaycan rəhbərliyi müasir Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan yəhudi icmasına böyük hörmətlə və diqqətlə yanaşır. İki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycanda yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Məqalə müəllifinin fikrincə, milli maraqlara əsaslanan müstəqil siyasət Azərbaycanın xarici siyasətinin təməl daşıdır. O yazır: “Rəsmi Bakı sübuta yetirib ki, heç kim Azərbaycanla ultimatum dilində danışa bilməz. Xarici tərəfdaşlarla əməkdaşlıq və tərəfdaşlıq sırf qarşılıqlı maraqlara əsaslanır”.

Dünyada Azərbaycan neftinin əsas alıcılarından birinin İsrail olduğunu vurğulayan A.Qut daha sonra yazır: “Öz növbəsində Azərbaycanın kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiyalar sahələrində İsrailin yüksək texnologiyalarına ehtiyacı var və bu siyahını davam etdirmək olar. İsraildə istehlak olunan neftin xeyli hissəsi (təqribən 65 faizi) Azərbaycandan, yaxud Azərbaycan keçməklə, Bakı-Tbilisi-Ceyhan (BTC) magistral neft kəməri vasitəsilə idxal olunur.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. A.Qut yazır ki, dünyada neftin qiymətlərinin aşağı olduğu bir vaxtda Azərbaycan iqtisadiyyatı kreativ olmağa çalışır: iqtisadiyyatın şaxələndirilməsinə, ölkənin neft və qaz gəlirlərindən asılılığının azaldılmasına və gələcəkdə ölkənin qeyri-neft sektorunun və ixrac imkanlarının möhkəmləndirilməsinə yönəldilən irimiqyaslı layihələr həyata keçirilir.

İsrailli ekspert yazır: “Təəssüf ki, elə təşkilatlar və ölkələr var ki, onlar Azərbaycanın inkişaf yolunu seçməsi, mütərəqqi və sülhməramlı missiyalara qoşulması faktına məhəl qoymurlar. Hesab edirəm ki, Ermənistan istər Cənubi Qafqazda, istərsə də bütün dünyada sülhün və sabitliyin inkişafında maraqlı olmayan azsaylı ölkələrdən biridir. Cənubi Qafqaz regionunda təcrid vəziyyətinə düşən Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Xəzər dənizinin neft və qaz resursları ilə bağlı başlıca geosiyasi və geoiqtisadi layihələrdən praktiki olaraq kənarda qalıb və indi də iri regional nəqliyyat layihələrinə qoşulmaq imkanlarını itirib. Bundan əlavə, Ermənistandakı bu rejim beynəlxalq normalara etinasız yanaşaraq, Azərbaycanın tarixi torpaqlarının işğalını davam etdirir. Yaxşı olardı ki, dünyanın hüquqi təsisatları Azərbaycanın haqq mübarizəsini dəstəkləyən BMT qətnamələrinə məhəl qoymayan bu ölkə barəsində tədbir görsünlər. Dünyanın mütərəqqi dairələri bu fakta diqqət yetirməli və müvafiq tədbirlər görməlidirlər”.

Azərbaycanda prezident seçkilərinə qayıdan Arye Qut qeyd edir ki, bu seçkilər dövlətin tarixində yeni dövrün başlanğıcı olacaq. O, fikrini belə yekunlaşdırır: “Əminəm ki, bu seçkilər yeni islahatların və yeni nailiyyətlərin başlanğıcı və təkanverici qüvvəsi olacaq. Hazırda Azərbaycan özünün ən yeni tarixinin mühüm inkişaf mərhələsindən keçir. Düşünürəm ki, aprelin 11-də prezident seçkiləri beynəlxalq norma və qaydaların tələblərinə müvafiq surətdə və yüksək səviyyədə keçiriləcək. Siyasi partiyalara və KİV-lərə tam sərbəstlik yaradılıb. İnternet məkanı tamamilə azaddır. Hesab edirəm ki, seçkilərdə Azərbaycan xalqının iradəsi nümayiş etdiriləcək və o, gələcəyinin və bundan sonrakı inkişafının xeyrinə düzgün seçim edəcək”.(Azərtac)


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 206

QHT və MEDİA

2018-08-20 07:45:01

QHT və MEDİA
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...

Polşada nəşr edilən “Ambasador” jurnalının 35-ci sayında Azərbaycan Xalq Cümh...

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

CƏMİYYƏT

2018-08-19 19:10:24

CƏMİYYƏT
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...

D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarla...

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...