SİYASƏT
A- A A+

Prezident İlham Əliyev “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub

2018-04-07 11:15:25

.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 6-da Bakı Ekspo Mərkəzində “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar. AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi. Qeyd olundu ki, “Bütün dünya - bir sərgi” şüarı altında keçirilən builki sərgidə 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alıb. Ziyarətçilər 90-dan çox xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola bilirlər. Budəfəki sərgidə müxtəlif hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir. XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi aparmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış oldu. Nazirlikdən başqa, burada bir neçə milli qurum da təmsil olunur. Bu şirkətlər sərgidə turizmin müxtəlif istiqamətləri üzrə xidmətlər təklif edirlər. Ümumilikdə, stenddə Azərbaycanın turizm marşrutları və məkanları, paytaxtla yanaşı, bölgələrin mövcud turizm potensialı və infrastrukturu barədə məlumat verilir. 2017-2018-ci illər qış mövsümündə təkcə Şahdağ Turizm Mərkəzini 140 mindən çox turist ziyarət edib. Turistlərin 50 faizə yaxını xarici vətəndaşlar olub. Burada ziyarətçilərə Azərbaycanın “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı məlumatlar da verilir.

Azərbaycan Turizm Assosiasiyasının stendində 15-ə yaxın şirkət təmsil olunur. Şirkətlər otel və turizm üzrə ixtisaslaşmış qurumlardır. Burada Bakıda və regionlarda mövcud otel kompleksləri, istirahət məkanları, əyləncə mərkəzləri barədə məlumat almaq mümkündür. Sərgidə Qarabağ stendinə böyük maraq var. Azərbaycanın əzəli torpağı Qarabağın təbii gözəllikləri qonaqların xüsusi marağına səbəb olur. Bundan əlavə, digər bölgələrimizin təbii imkanları da sərgidə nümayiş etdirilir. Buradan da aydın olur ki, ölkəmizdə turizmin inkişafının vacib istiqamətlərdən biri kimi müəyyənləşməsi heç də təsadüfi deyil. Bunun nəticəsidir ki, indi paytaxtla yanaşı, bölgələrimizdə də müasir turizm infrastrukturu yaradılıb. Azərbaycanın qədim və zəngin mədəniyyəti, milli mətbəximizin müxtəlifliyi, xalqımızın qonaqpərvərliyi turistləri ölkəmizə cəlb edir. Digər tərəfdən də Azərbaycanda turizmin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, idman və digər növləri inkişaf edir və ölkəmizin zəngin flora və faunası, gölləri, çayları, dağları respublikamıza bir dəfə səfər edən turistləri yenidən Azərbaycana gəlməyə sövq edir.

Sərgidə təmsil olunan Azərbaycan Konqreslər Bürosu ölkəmizi dünya səviyyəli biznes, alış-veriş və istirahət məkanı kimi təbliğ edir. Bu qurum hər il keçirilən Bakı Şopinq festivalının rəsmi təşkilatçısıdır. Bu festivalın keçirilməsində məqsəd turizm baxımından ölkəmizin cəlbediciliyinin yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ticarət dövriyyəsinin artırılmasını stimullaşdırmaqdır.

Rusiyanın Stavropol vilayəti də sərgidə geniş təmsil olunur. Onun stendində 50-yə yaxın şirkət, 25-dək sanatoriya öz xidmətlərini təklif edir. Şirkətlər turizm, idman turizmi, sağlamlıq, müalicə istiqamətləri üzrə ixtisaslaşıb. İtaliyanı isə sərgidə bu ölkənin Milli Turizm Şurası təmsil edir. Qurum İtaliyanın turizm, otel və yeməkxana komplekslərinin xidmətlərini nümayiş etdirir. İtaliya növbəti illərdə də sərgiyə qatılmaq niyyətindədir.

Sərgidə iştirak edən yerli şirkətlərdən biri də “Paşa Travel”dir. Dövlətimizin başçısına məlumat verildi ki, “Paşa Travel” üç dinamik turizm sahəsi təklif edir. “Baku Sightseeing” Azərbaycana gələn ziyarətçilərə zəngin proqrama malik gəzinti turları, “BakuCard” ümumi nəqliyyat vasitələrindən pulsuz istifadə, şəhərin müxtəlif görməli yerlərinə giriş, müəyyən kafe, restoran və mağazalarda xüsusi endirim, “PASHA Holidays” isə xarici ölkələrə səyahəti həyata keçirən etibarlı səyahət agentliyi olmaqla yanaşı, davamlı uçuşlar, Monteneqro və Birləşmiş Ərəb Əmirlikləri istiqamətinə çarter reysləri təklif edir. Rusiya Federasiyasının Dağıstan Respublikası da sərginin daimi iştirakçıları arasındadır. Sərgiyə 4 şirkətlə qatılan Dağıstanın turizm marşrutları ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Gürcüstan da bu sərginin daimi iştirakçılarındandır. Budəfəki sərgidə ölkəni Gürcüstan Milli Turizm Administrasiyası təmsil edir. Gürcüstanın nadir turizm imkanlarının inkişafı, təşviqi və qorunub saxlanmasına cavabdeh olan bu qurumun stendində 10 şirkət xidmətlərini nümayiş etdirir. Onlar əsasən bölgələrdə yaradılmış turizm potensialı və istiqamətlər üzrə xidmətlər göstərirlər.

Bakıya gələn turistlərin daha çox diqqət göstərdiyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun stendində bildirilib ki, artıq yeni Turistik Məlumat Mərkəzi fəaliyyətə başlayıb. İçərişəhərin müxtəlif nöqtələrində yerləşən mərkəz turistlərin qədim şəhərlə daha rahat tanış olmaları üçün nəzərdə tutulub. Müasir informasiya metodlarının tətbiq olunduğu mərkəzdə vahid və mərkəzləşdirilmiş turizm idarəetmə sistemi, yeni turizm internet-portalı yaradılıb. Bütün məlumatlar xüsusi informasiya monitoruna yüklənilib.

Qardaş Türkiyə həmişə olduğu kimi, bu il də sərgidə geniş təmsil olunur. Bu ölkənin müxtəlif bölgələrinin turizm marşrutları, turizm xəritələri böyük maraqla qarşılanır. Sərgidə Türkiyəni təmsil edən 15-ə yaxın şirkət turizm, sağlamlıq və müalicəvi xidmətlərini təklif edir. Çex Respublikası sərgidə 7 şirkətlə təmsil olunur. Geniş turizm imkanlarına malik bu ölkənin böyük otellər şəbəkəsi, kurortlar və turizm şirkətləri ziyarətçilər tərəfindən maraqla qarşılanır. Bolqarıstan Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin rəsmi tərəfdaşıdır. Ölkələrimiz arasındakı əməkdaşlığın nəticəsidir ki, bu ilin yanvarında Bakı-Sofiya aviaxətti açılıb. Bu da öz növbəsində ikitərəfli turizm axınına müsbət təsir göstərir. Ötən il Azərbaycandan Bolqarıstana səfər edən turistlərin sayı 3 mindən çox, oradan ölkəmizə gələnlərin sayı isə 2 mindən çox olub.

“Zadagan” ev tekstlini təqdim edən nadir Azərbaycan brendidir. Məqsəd ölkəmizin zəngin ənənələrini, tarixini və milli dəyərlərini hər bir evdə canlandırmaqdır. Şirkət mədəniyyət abidələrini, nağılların qəhrəmanlarını, nadir miniatür nümunələri və xalça naxışlarını hazırladığı süfrələrdə əks etdirir. Sərgidə “Tibbi və sağlamlıq turizmi” sektoru da geniş təmsil olunur. Bu sektorun iştirakçıları istirahət məkanlarını seçməklə yanaşı, yüksəkixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanlar nümayiş etdirirlər.

Sərgidə ilk dəfə iştirak edən İndoneziyanı Şərqi Yava əyaləti təmsil edir. Ölkənin geniş turizm potensialını təqdim edən bu əyalətin şirkətləri növbəti illərdə sərgiyə daha böyük nümayəndə heyəti ilə qatılmaq niyyətlərini bəyan ediblər. Dünyada turizmin mühüm məkanlarından olan Tailand da sərgidə xidmətlərin geniş çeşidini təklif edir. Tailand şirkətləri ölkənin turizm potensialının cəlbediciliyini ziyarətçilərin diqqətinə çatdırır.

Qeyd edək ki, aprelin 7-nə qədər davam edəcək sərgi BMT-nin Ümumdünya Turizm Təşkilatı və Asiya-Sakit Okean Turizm Assosiasiyası kimi beynəlxalq qurumlar tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 353

QHT və MEDİA

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

2018-10-18 21:20:32

QHT və MEDİA
QHT-nin hesabat xarakterli yekun tədbir...
QHT-nin hesabat xarakterli yekun tədbir...

Fact-info.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə Demokratik Cə...

CƏMİYYƏT

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

2018-10-19 00:30:28

CƏMİYYƏT
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə...
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə...

Fact-info.az-a daxil olan məlumata görə, toplantıda Şuranın 10 illik fəaliy...

İQTİSADİ

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...