CƏMİYYƏT
A- A A+

Cümhuriyyət ordusunun Baş Qərargah rəisi - Azərbaycan Cümhuriyyəti-100

2018-03-08 11:35:58

.

Azərbaycan Milli Ordusunun yaradılmasında və inkişafında böyük xidmətləri olan Masey Aleksandroviç Sulkeviç XIV yüzillikdə Krımdan köç edib indiki Litva ərazisində məskunlaşan tatar ailəsində doğulub.

Onun doğulduğu bölgə belə adlanırdı: Kemeyşi, Lida qəzası, Viena quberniyası. Bəs onlar nə üçün daha çox "Polşa tatarları" adlanırlar? Görkəmli alim Vilayət Quliyev yazır: "Bu azsaylı etnik qrup müxtəlif qaynaqlarda "Litva tatarları", "Polşa tatarları", "Polşa müsəlmanları", "Lipkalar" (Litva tatarları anlamında) kimi fərqli adlarda xatırlanıb. Lakin XX əsrin əvvəllərindən etibarən onların Polşa tatarları kimi təqdim olunması meyli daha üstünlük qazanmağa başlayıb... Çünki Böyük Litva knyazlığı da daxil olmaqla tatarların kompakt halda məskunlaşdıqları tarixi ərazilərin hamısı bugünkü Polşanın sələfi sayılan Reç Pospolita dövlətinin sərhədləri içərisində idi".

M.Sulkeviçin adı mənbələrdə müxtəlif olaraq yazılır: Matvey, Masey, Süleyman, Məhəmməd və s. Lakin arxiv sənədlərində və onun həbsi zamanı yazılan protokol və sənədlərdə Matvey olaraq qeyd edilib. M.Sulkeviçin atası Aleksandr da qusar (süvari) alayının polkovniki olub. M.Sulkeviç 1865-ci ilin iyunun 20-də Kemeyşi adlı ailə malikanəsində doğulmuşdur. Görkəmli tədqiqatçı V.Quliyev M.Sulkeviçlə bağlı araşdırmalarında yazır: "Ailə mühitində tatar dili unudulsa da, onu kiçik yaşlarından əsl tatar və müsəlman kimi böyütmüşdülər. Böyük Litva knyazlığında və Polşada yaşayan tatar əsilzadələrinin əksəriyyəti kimi onun da gələcək həyat yolu əvvəlcədən müəyyənləşmişdir. Masey kiçik yaşlarından hərbçi kimi tərbiyə olunmuşdur".

M.Sulkeviç ilk hərbi təhsilini Voronej Kadet Korpusunda və Peterburqda Mixaylovsk Artilleriya Məktəbində almış, 1888-ci ilin oktyabrın 3-də Rusiya imperiyasının Baş Qərargah Akademiyasına daxil olmuşdur. O, 1883-cü ildə çar Rusiyası ordusunda xidmətə başlayır və qısa zamanda aşağıdakı rütbələri alır: 1886-cı ildə ilk zabit rütbəsi, 1899-cu ildə podpolkovnik, 1910-cu ildə general-mayor, 1915-ci ildə general-leytenant.

M.Sulkeviç hərbi xidmətinə görə "Müqəddəs Stanislav" ordeninə layiq görülmüş və Odessa Hərbi Dairəsi Qərargahının baş yavəri vəzifəsinə təyin olunmuşdu. O, 1904-1905-ci illərdə Rusiya-Yaponiya müharibəsində iştirak etmiş, xidmətlərinə görə 2-ci dərəcəli "Müqəddəs Anna" və 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordenləri ilə təltif edilmişdi.

M.Sulkeviç 1912-ci ildə 7-ci Ordu korpusunun qərargah rəisi, Birinci Dünya müharibəsi illərində isə Müsəlman korpusunun komandiri olmuşdu. Onun Azərbaycan Ordusunun qurucuları olan general Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski ilə tanışlığı da məhz Port-Artur cəbhəsində olmuşdu.

1917-ci ilin Fevral-burjua inqilabından sonra Rusiya əsarətində yaşayan türk-müsəlman toplumun dirçəlməsində 1917-ci ilin mayın 1-11-də keçirilən Ümumrusiya Müsəlmanları qurultayının böyük rolu oldu. Bu qurultayda türk-müsəlman əhalisinin təhlükəsizliyinin qorunması üçün "Hərbi qurumlar haqqında" qətnamə qəbul edildi. 1917-ci ilin 21-31 iyulunda keçirilən digər Ümumrusiya qurultayında isə Əsgəri Şuranın yaradılması qərara alındı. Qurultayın qərarı ilə müsəlman əsgər və zabitlərdən ibarət hərbi birləşmələrin formalaşdırılması işi Masey Sulkeviçə tapşırıldı.

M.Sulkeviçin fəaliyyətinin bir mühüm dövrü də Krımla bağlıdır. O, 1918-ci ildə Krıma gəlmiş və burada yaradılmış Krım Diyar Hökumətinin sədri (Baş naziri), Daxili və Hərbi İşlər naziri seçilmişdir. Bu prosesdə almanların ona böyük dəstəyi olmuşdur. Alman qoşunlarının Krımdan getməsindən sonra A.Denikin Krımı işğal etdi və bundan sonra M.Sulkeviç 1918-ci ilin noyabrın 15-də məcbur olub hakimiyyəti Solomon Krımın başçılıq etdiyi ikinci Krım Diyar Hökumətinə verdi. Krımda qazandığı böyük nüfuza görə M.Sulkeviçi sonradan tatarlar hörmət əlaməti olaraq Süleyman Paşa adlandırırdılar.

Bu hadisədən sonra M.Sulkeviç Azərbaycana gəlmiş və burada Məhəmməd adı ilə tanınmışdı. O, əvvəlcə Gəncədə Birinci Müsəlman Korpusunun komandiri olub, 1919-cu ilin martın 26-da Hərbi nazirliyin 147 saylı əmri ilə Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilmişdi. Onun həyat yoldaşı Məryəm xanım H.Z.Tağıyevin Qızlar məktəbində işləyirdi və o, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəal üzvlərindən idi. M.Sulkeviç 1919-cu ilin iyunun 9-da Azərbaycan Parlamentinin tövsiyəsi ilə Nazirlər Şurasının sədri N.Yusifbəylinin fəallığı ilə yaradılan Dövlət Komitəsinin tərkibinə daxil idi. 1919-cu ilin iyununda Azərbaycanla Gürcüstan arasında bağlanan hərbi müqaviləni hökumət adından M.Sulkeviç də imzalamışdı.

Azərbaycan Respublikasının Dövlət Arxivində M.Sulkeviçin də imzası olan ciddi əhəmiyyətli hərbi sənədlər saxlanılmaqdadır. Bu sənədlər onun hərbi sərkərdə olaraq fəaliyyətinin öyrənilməsinə kömək edir.

M.Sulkeviç tələbkar komandir və Baş Qərargah rəisi idi. Onun imzası ilə Gəncədə 1919-cu ilin 17 mayında hazırlanan 5 saylı əmrdə belə qeydlər var: "Səhv həmişə mümkündür. Dövlət xəzinəsindən ayrılan xəzinə pulu birbaşa təyinatı üzrə sərf olunmalı və sənədlərdə təsdiq edilməlidir. Ordu və xəzinə maraqlarına qayğı çox olarsa, bunu edənlərə tərif və təşəkkür daha çox olar".

M.Sulkeviç Azərbaycan Cümhuriyyəti Ordusunun milliləşməsinə də önəmli əhəmiyyət verirdi. Onun Baş Qərargah rəisi olaraq 1919-cu ilin avqustun 10-da verdiyi 561 saylı əmrdə maraqlı qeydlər var. Əmrdə göstərilir ki, Azərbaycan Ordusunun piyada və süvari alayları, eləcə də ayrıca batalyonları, hərbi məktəbləri üçün hazırlanan bayrağın bir tərəfində "Azərbaycan", digər tərəfində isə "Kömək Allahdandır, qələbə yaxındır!" sözləri yazılmalıdır. Göstərilirdi ki, bayrağın parçasının kənarındakı zolaqlar Teymurləngin Səmərqənddəki qəbrində olan naxışlar kimi olmalıdır.

Azərbaycanda qayda-qanun yaradılması, ictimai-siyasi asayişin qorunmasının güclənməsində Azərbaycan Hərbi Nazirliyi böyük xidmətlər göstərirdi. Hərbi Nazir S.Mehmandarovun və Baş Qərargah rəisi M.Sulkeviçin 8 dekabr 1919-cu ildə hazırladığı 564 saylı əmrdə Dövlət Müdafiə Komitəsinin 27 noyabr tarixli qərarı əsasında respublikanın bir çox rayonlarında daimi milislərin (polislərin - red.) təşkilinə başlanılması qeyd olunurdu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermənistanla sərhəd ərazilərdə, Naxçıvanda, Dağlıq Qarabağda və Muğan bölgələrində hərbi əməliyyatların hazırlanıb həyata keçirilməsində, yeni yaranmış dövlətin ərazi bütövlüyünün qorunmasında M.Sulkeviç yaxından iştirak edirdi. 1919-cu ilin 7 iyulunda Azərbaycanın Hərbi naziri S.Mehmandarovun və Baş Qərargah rəisi M.Sulkeviçin imzaladığı, Baş Nazir N.Yusifbəyliyə ünvanlanan raportda Denikin qüvvələrinin fəallaşdığı şəraitdə Xaçmaz istiqamətinin və ermənilərin təhlükə yaratdıqarı Qarabağ və Gəncəbasar bölgələrinin nəzarətsiz saxlanılmaması qeyd olunurdu. M.Sulkeviçin Qarabağın general-qubernatoru X.Sultanova 7 sentyabr 1919-cu il tarixində göndərdiyi məktubda ermənilərin Qarabağın tam şəkildə itirilməsi ilə barışa bilməyəcəyi, bunun üçün bütün imkanlardan istifadəyə çalışacağı qeyd olunurdu. Bununla əlaqədar o, ermənilərə nəzarət məqsədi ilə Xankəndindəki, gələcəkdə isə Gorusdakı qarnizonları tam tərkibdə öz yerlərində saxlamağı tələb edirdi.

M.Sulkeviç yerli əhali arasında olan bacarıqlı, döyüşkən ruhlu insanlardan piyada və süvari partizan dəstələrinin təşkil olunmasını da vacib sayırdı. Onun təklifinə görə, 20-40 yaşlı sakinlərdən ibarət olan 4 batalyon yaradıb onlardan ərazilərin müdafiəsində istifadə edilməli idi.

M.Sulkeviçin və digər Azərbaycan generallarının səyi ilə güclü bir ordunun formalaşdığı dövrdə Rusiya bolşevikləri 60 minlik (bəzən 70 min də göstərilir) güclü hərbi qüvvələrlə Azərbaycanı işğal etdilər.

Azərbaycanın işğalının ilk günlərindən ordu generallarını həbsə almağa başladılar. M.Sulkeviçi 1920-ci ilin mayın 8-də həbs etdilər.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində M.Sulkeviçə məxsus olan PS-17-46 saylı istintaq işi saxlanılır. Bu sənədlərdə onu adı Matvey olaraq qeyd olunub. Məlum olur ki, M.Sulkeviçi RSFSR-in XI Ordusunun Hərbi İnqilabi Şurası yanında Xüsusi şöbəsinin 438 saylı həbs vərəqi əsasında tutublar. Həbs vərəqində onun 54 yaşının olduğu, Bakıda Telefonnı küçəsi-6, 10 saylı evdə yaşadığı və digər məlumatlar qeyd edilib.

Məlum olur ki, həbs müddətində M.Sulkeviçlə əlaqədar istintaq aparılmayıb. Həmin qovluqda 1920-ci ilin sentyabrında Moskvadan Ümumittifaq Fövqəladə Komissiyasının Xüsusi şöbəsindən göndərilmiş bir teleqramda Sulkeviç haqda məlumat soruşulur. Həmin teleqramın üstündə karandaşla yazılıb: "Güllələnib".

M.Sulkeviçin hansı şəraitdə güllələnməsi haqqında məlumatı M.Ə.Rəsulzadənin 1923-cü ildə İstanbulda nəşr etdiyi "Azərbaycan Cümhuriyyəti" kitabından öyrənmək mümkündür. DTX-nin arxivində saxlanılan 17 iyun 1920-ci il tarixli arayışda onun "əksinqilabi fəaliyyətdə" ittiham əsasında güllələnib işinin arxivə verildiyi qeyd olunub. Bəzi tədqiqatlarda onun güllələnərkən bu sözləri dediyi qeyd olunmaqdadır: "Xoşbəxtəm ki, Müsəlman Ordusunun zabiti kimi ölürəm!"

M.Sulkeviçin güllələnməsi ilə bağlı bir məlumat da Ş.Nəzirlinin "Güllələnmiş Azərbaycan generalları" kitabında Bakıda bolşeviklərin həbs etdiyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Diplomatik Departamenti Ümumi şöbəsinin müdiri Vyaçeslav Stanislavoviç Rudzinski tərəfindən belə təqdim olunur: "Xudahafizləşərkən o, tam yəqinliklə bildirdi ki, onu güllələməyə aparırlar. Özümüzün sağ qalacağımıza heç bir ümidimiz olmasa da, ona təsəlli verirdik. Onu da qeyd etməliyəm ki, general özünü çox ləyaqətli və mərdanə aparırdı. Bir neçə gündən sonra qəzetlərdə "əksinqilabi fəaliyyətdə" ittiham olunanların güllələnməsi haqqında məlumatı oxuduq. Bu siyahıda general-leytenant Məmməd bəy Sulkeviçin familiyası da vardı".

Nəsiman YAQUBLU tarix elmləri doktoru


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 912

QHT və MEDİA

2018-11-22 08:55:09

QHT və MEDİA
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşl...
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşl...

Bunu noyabrın 21-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rə...

2018-11-21 09:35:25

QHT və MEDİA
QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ...
QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəh...

CƏMİYYƏT

2018-11-21 08:40:21

CƏMİYYƏT
"Belarusun Qarabağ məsələsinin həllində ...
"Belarusun Qarabağ məsələsinin həllində ...

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydı...

2018-11-19 18:35:16

CƏMİYYƏT
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...

Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbayca...

İQTİSADİ

2018-11-19 21:05:53

İQTİSADİ
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...

Fact-info.az-a verilən məlumata görə, tədbir SOCAR-ın gənclər siyasətinə həsr...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...