MƏDƏNİ
A- A A+

Musiqişünaslığımıza dəyərli töhfə

2018-02-01 08:50:57

.

Azərbaycan musiqisi, incəsənəti tarixinə adı böyük həriflərlə yazılan bənzərsiz simalar sırasında Bədəlbəylilər nəslinin özünəməxsus yeri və xidmətləri var. Onların yaratdığı bənzərsiz sənət inciləri və əsərlər musiqi xəzinəmizi zənginləşdirməklə yanaşı, bu gün öz aktuallığı və orijinallığı ilə diqqəti cəlb edir. “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti”nin 49 ildən sonra yenidən nəşr olunması bunun əyani təsdiqi sayıla bilər. Azərbaycan musiqişünaslıq leksikoqrafiyasına aid ilk kitab Haqqında söhbət açılan lüğətin müəllifi ilk Azərbaycan baleti “Qız qalası”nın yaradıcısı, bəstəkar, dirijor, musiqişünas və ictimai xadim kimi tanınan və əsərləri ilə milli musiqimizə dəyərli töhfələr verən Əfrasiyab Bədəlbəylidir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yenidən nəşr olunan bu kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə işıq üzü görüb. Akademiyanın “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasında çapa hazırlanan kitabın elmi redaktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov “Əfrasiyab Bədəlbəyli universitetinin köhnəlməyən dərsliyi” sərlövhəli yazısında lüğət və onun müəllifi haqqında bir sıra məqamları oxucularla bölüşür.

Görkəmli bəstəkarın həyat yoluna və yaradıcılığına nəzər salan akademik onun Azərbaycan mədəniyyəti tarixindəki müstəsna yeri və xidmətləri ilə bağlı vacib məqamlara diqqət yönəldir, yarım əsr öncə müəllifin lüğəti çapa hazırlayarkən üzləşdiyi çətinliklərdən, kitabın nəşrindən sonra ona qarşı təşkil edilən qərəzli hücumlardan da bəhs edir. İlk nəşrin 20 çap vərəqi həcmində olmasına baxmayaraq, 5 çap vərəqi azaldıldığı və cüzi tirajla buraxıldığı diqqətə çatdırılır. Rafael Hüseynov böyük ədib Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin ülvi dostluğuna kölgə salmaq istəyənlərə təkzibolunmaz faktlar vasitəsilə tutarlı cavab verir. Nəşrin elmi redaktoru bildirir ki, Əfrasiyab Bədəlbəylinin ən böyük xidmətlərindən biri də zəngin məxəzlərə söykənərək özündən əvvəlki musiqişünas alimlər, xüsusən orta əsrlərdə yaşayıb-yaratmış Əbu Nəsr Farabi, Səfiəddin Urməvi, Əbdülqadir Marağayi, onların yolunu davam etdirmiş Mir Möhsün Nəvvab və digərləri barədə ətraflı bilgi verməklə yanaşı, onların əsərlərini də iqtibaslar gətirərək bu mühüm qaynaqları ilk dəfə tədqiqata cəlb etməsidir. Əfrasiyab Bədəlbəyli həm böyük musiqiçi, həm də böyük alim idi

Musiqişünaslığımızda, muğamşünaslığımızda Əfrasiyab Bədəlbəyli irsi ayrıca bir mərhələdir. Akademik Rafael Hüseynov yazdığı müqəddimədə belə bir həssas məqama da diqqət yönəldir ki, o dövrdə xalq musiqimizin nəzəri problemləri ilə məşğul olanların əksəriyyəti təhsilcə rusdilli və zövqləri də daha çox Qərb və rus musiqi mədəniyyətinə bağlı idi. Haqlı olaraq vurğulayır ki, Əfrasiyab Bədəlbəyli şərqşünas olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dilinin ustası idi və milli ruh onun mahiyyətində, cövhərində idi. Ona görə də Əfrasiyab Bədəlbəylinin musiqişünaslarımız arasında ilk dəfə olaraq bilavasitə Şərq dillərindəki mənbələrə əsaslanaraq muğamlarımızla bağlı apardığı tədqiqatlar bir örnək, qəlib səciyyəsi daşıyırdı və müəyyən mənada müasirlərinə və özündən sonra gələnlərə həm də elmi yaradıcılıq istiqaməti göstərirdi.

Rafael Hüseynov yazır: “Müxtəlif illərdə Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçən xeyli universitet olub və var. Onlardan hansısa fəaliyyətlərini davam etdirməkdədir, hansılarınsa yolu müəyyən səbəblərdən yarımçıq qalıb. Amma bir Azərbaycan universiteti də olub və var ki, onun təsis edilməsi ilə bağlı nə hansısa sərəncam imzalanıb, nə də hökumət məxsusi bir qərar çıxarıb. Bu universitet 1960-cı illərdə yaranıb və bütün başqa universitetlərdən fərqli olaraq onun dinləyiciləri, müdavimləri, tələbələri cavanlı-qocalı bütün Azərbaycan əhalisi idi. Bu qeyri-adi təhsil ocağının, Azərbaycan televiziyası və radiosu vasitəsilə bütün xalqa səslənən və görünən “Mədəniyyət universiteti” adlanan həmin alidən ali məktəbin yaradıcısı və tək müəllimi böyük musiqiçi və alim, canlı klassik Əfrasiyab Bədəlbəyli idi”.

Musiqi elmində bir çox tədqiqatlara təkan verən əsər Kitabı Azərbaycan musiqişünaslığında öz elmi-təcrübi əhəmiyyətini təsdiqləmiş qiymətli məxəzlərdən hesab edən nəşrin redaksiya heyətinin sədri, SSRİ Xalq Artisti, professor Fərhad Bədəlbəyli fikirlərini belə ümumiləşdirir: “Bu kitabda ilk dəfə olaraq, Azərbaycan və xarici musiqi terminləri toplanmış, Orta əsrlər dövrünün musiqişünas-alimləri və XIX-XX əsrlərin görkəmli xanəndə və tarzənləri haqqında geniş məlumat verilmişdir. Ə.Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti” oxuculara bu qədər qiymətli məlumatı belə böyük həcmdə çatdıran ilk nüfuzlu mənbədir. Əsər musiqi elmində bir çox tədqiqatlara təkan vermiş və bu günə kimi öz dəyərini qoruyub saxlamışdır”.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 192

QHT və MEDİA

2018-02-19 09:05:40

QHT və MEDİA
Azərbaycanın “Global Village” beynəlxalq...
Azərbaycanın “Global Village” beynəlxalq...

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Dubayda h...

2018-02-16 09:50:08

QHT və MEDİA
Praqada Xocalı qurbanlarının xatirəsinə ...
Praqada Xocalı qurbanlarının xatirəsinə ...

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirə...

CƏMİYYƏT

2018-02-19 10:15:59

CƏMİYYƏT
Pakistanın “National Herald Tribune” qəz...
Pakistanın “National Herald Tribune” qəz...

Məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə 613 adamın, o cü...

2018-02-15 10:30:05

CƏMİYYƏT
İsrail qondarma erməni soyqırımını tanım...
İsrail qondarma erməni soyqırımını tanım...

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parl...

İQTİSADİ

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...

2018-02-16 08:15:30

İQTİSADİ
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzr...