İQTİSADİ
A- A A+

"Turizmin inkişafı üçün Xəzər rayonunda böyük potensial var"

2018-01-30 10:35:42

.

Fact-info.az saytının Xəzər rayon icra hakimiyyətinə ünvanladığı sorğular nəhayət cavablandırılaraq bizim elektron poçtumuza göndərilib. Vacib bir məqamı qeyd etmək istərdik. Rayon icra hakimiyyətinin şöbə müdiri Gülbala Qurbanovun kobud davranışlarına baxmayaraq RİH başçısı hörmətli Gülağa İslamova təşəkkürümüzü bildiririk. Məhz Gülağa müəllimin razılığı və səyi nəticəsində bütün suallar cavablandırılıb. İndi həmin müsahibəni diqqətinizə çatdırırıq

-Azərbaycanın bir çox şəhər və qəsəbələrində olduğu kimi Xəzər rayonunda infrastruktur layihələri həyata keçirilir. Bu proses Xəzər rayonu ərazisində necə davam etdirilir?

-İlk olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlar əsasında ölkə ərazisində bir sıra infrastruktur layihələri həyata keçirilmişdir və bu istiqamətdə işlər davam etdirilməkdədir. Bir çox şəhər və rayonlarda olduğu kimi Xəzər rayonunda da elektrik enerjisi, təbii qaz, su və yol infrastrukturu ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət, idman, sahələrində həyata keçirilməsi vacib olan infrastruktur layihələri daim diqqət mərkəzindədir. Ölkə başçısının imzaladığı fərman və sərəncamlar əsasında rayon ərazisində həyata keçirilmiş infrastruktur lahiyələri rayon əhalisi tərəfindən müsbət qiymətləndirilir. Rayonun su təchizatının yaxşılaşdırılması məqsədilə "Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" ölkə başçısının 18 avqust 2017-ci il tarixli Sərəncamı əsasında hazırlanmış layihəyə uyğun olaraq qeyd olunan qəsəbələrdə əhalinin içməli su ilə təmin olunmasına müəyyən qədər nail olunmuşdur. Hal-hazırda işlər davam edir. Bundan əlavə, rayonun yol infrastrukturunun yaxşılaşdırılması ilə əlqədar olaraq da ölkə başçısı tərəfindən bir çox qərarlar alınmışdır. Buna misal olaraq, Azərbaycan Respublikası prezidenti tərəfindən 24 iyul 2017-ci il tarixində imzalanmış Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam əsasında əhalinin sıx məskunlaşdığı iki qəsəbə arasında müasir standartlara uyğun yeni avtomobil yolunun çəkilişi həyata keçirilmiş və yaxın zamanda yolun istismara verilməsi nəzərdə tutulmuşdur. "Heydər Əliyev Fondu" və digər investisiya layihələri çərçivəsində təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üzrə rayon infrastrukturunun inkişafı istiqamətdə bir sıra işlər görülməkdədir. Belə ki, Buzovnada 144 nömrəli uşaq bağçası, Mərdəkan qəsəbəsində valideyn himayəsindən məhrum olan uşaqlar üçün 2 №-li ümumi orta internat məktəbi, Binədə yerləşən "Abşeron" peşə liseyi və yeni uşaq bağçasında tikinti işləri tamamlanmışdır. Şağan qəsəbəsində 350 yerlik Mədəniyyət Mərkəzi, Buzovnada İdman Kompleksi, Mərdəkan və Şağanda Əlillər üçün Müalicə Pansionatı, Zirə qəsəbəsində B.Sərdərov zavodunun filianı, Şimal DRES-in II bloku, Mərdəkanda Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni korpusu, Qala qəsəbəsində Dünya Akademiyası (GEMZS), Buzovnada 7 №-li vərəm xəstəxanası, Pr.Gindes adına Uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyası və Buzovnada Gənclər üçün İdman Tədris Bazasında isə tikinti işləri davam etdirilməkdədir. Bunlarla yanaşı, 22 iyun 2016-cı il tarixində Zirə qəsəbəsində "Cümə" məscidi sakinlərin istifadəsinə verilmişdir. Məscidin açılışında Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.

-Xəzər rayonu kifayət qədər turizm potensialı olan ərazidir. Ölkə ərazisində turizmin belə geniş vüsət aldığı məqamda Xəzər rayonunda bu işlər necə gerçəkləşir?

-Həqiqətən turizmin inkişafı üçün Xəzər rayonunda böyük potensial vardır. Hələ sovet dönəmində rayonda "Sputnik" turizm və səyahətlər bürosu müstəqil fəaliyyət göstərirdi və Buzovna qəsəbəsində "Gənclik" Beynəlxalq Turizm düşərgəsi fəaliyyət göstərirdi. Bu təşkilatların xüsusi avtobusları, bələdçiləri var idi. Eyni zamanda, bəzilərinin indi də fəaliyyət göstərdiyi, sanatoriya-kurort müəssisələri, yay dövründə uşaq sağlamlıq düşərgələri, pansionatlar mövcud idi. SSRİ məkanından, respublikanın müxtəlif yerlərindən gələn insanlar, uşaqlar müxtəlif marşrutlar ilə tarixi abidələrə, görməli yerlərə aparılırdı. İndi bu struktur demək olar ki, yoxdur. Turizm məsələləri Mədəniyyət və Turizm Nazirliyinə, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə həvalə olunmuşdur. Bakı şəhərinin 12 rayonunun heç birində müstəqil turizm məsələləri ilə məşğul olan agentlik və idarə yoxdur. Xəzər rayonunun qəsəbələrindən 5-nin dəniz sahili vardır. Bu qəsəbələr Buzovna, Mərdəkan, Şüvəlan, Türkan və Zirə qəsəbələridir. Bu qəsəbələrin Sahil zonalarında sahibkarlar tərəfindən çimərlik məkanları tikilib quraşdırılmışdır. Əsasən də yay mövsümündə cəmisi 3 ay müddətində fəaliyyət göstərirlər. bütün çimərliklərdə şərait demək olar ki eynidir. Bəzilərində akvaparklar da fəaliyyət göstərir. 76 belə çimərlik sahələri vardır. Qış mövsümündə fəaliyyətini dayandıran bu çimərlik məkanları yalnız yayda canlanır. İlin 9 ayında burada demək olar ki, heç kim olmur. Qala qəsəbəsindəki Qala Tarix-Etnoqrafiya Arxitektura Muzey Kompleksində il boyu açıq havada Muzey, Əntik əşyalar muzeyi, Ekoloji Mərkəz fəaliyyət göstərir və o "İçərişəhər-Muzey" Kompleksinin tabeçiliyindədir. Il boyu buraya turistlər gəlir. Turist marşrutlarına salınan Mərdəkan qəsəbəsindəki orta əsr qalaları (dördkünc və dairəvi Qalalar), Şağandakı "Sınıq Qala" yaxşı vəziyyətdədirlər. Qeyd etmək lazımdır ki, rayonda ölkə əhəmiyyətli 40-a yaxın tarixi abidə vardır və onlar dövlət tərəfindən qorunur. Lakin onlardan turizm məkanı kimi demək olar ki, istifadə olunmur. Mərdəkan qəsəbəsində AMEA-nın Dendrologiya İnstitutu və Dendroparkı vardır. İnsanlar buranın havasından, bitki nümunələrindən faydalanırlar. Burada həmçinin rus şairi Sergey Yeseninin ev Muzeyi fəaliyyət göstərir. Muzey Nizami adına Ədəbiyyat Muzeyinin balansındadır. Zirə qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən çox gözəl Eko-park yaradımışdır. Buraya hər gün onlarla insan dincəlməyə, istirahətə gəlir, müxtəlif tədbirlər təşkil olunub keçirilir. Turistlərin qala bilməsi üçün rayonda cəmisi 3 mehmanxana vardır. Bunlar Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisindəki "Şeraton-Otel", Buzovnadakı "Retro" oteli və Mərdəkan qəsəbəsindəki "Qolden Beach" otelləridir. Sonuncu otel, demək olar ki, fəaliyyət göstərmir. Yalnız yay mövsümündə burada adam olur. Sonda bir daha bildirmək istəyirik ki, turizmin inkişafı üçün ayrıca turizm sektorunun fəaliyyət göstərməsi vacibdir. Bələdiyyələrə bu istiqamətdə geniş səlahiyyətlər verilməlidir.

-Əhalinin sosial iqtisadi vəziyyətini yaxşılaşdırmaq və məşğulluq məsələlərini genişləndirmək, sahibkarlığı inkişaf etdirmək məqsədilə hansı layihələrin həyata keçirilməsi nəzərdə tutulur?

-Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafın mövcud vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunan iclaslarında xüsusilə vurğuladığı məsələlərdən biri kimi rayon əhalisinin məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi məsələsi olmuşdur. Belə ki, bu istiqamətdə görülən tədbirlərdən biri kimi 2018-ci ildə Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 500 nəfər vətəndaşın ödənişli ictimai işlərə cəlb olunmasını xüsusilə qeyd etmək lazımdır. Bundan əlavə 2017-cı il ərzində Xəzər Rayon Məşğulluq Mərkəzdə qeydiyyatda olan qeyri-məşğul əhalinin 704 nəfəri münasib işlə təmin olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların icrasını təmin etmək məqsədilə Xəzər Rayon İcra Hakimiyyətində Xüsusi Qərargah yaradılmışdır. Qərargahın nəzdində sahibkarların tələb və təkliflərinin təmin olunması məqsədilə 012-454-54-75 nömrəli "Qaynar xətt" xidməti təşkil olunmuşdur. Bundan başqa, rayon ərazisində fəaliyyət göstərən sahibkarların hüquqlarının qorunması məqsədilə Rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurası yaradılmışdır. Əlavə olaraq qeyd etmək olar ki, kiçik və orta sahibkarlığın inkişafı, sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması məqsədilə rayon icra hakimiyyəti İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə birgə mütəmadi olaraq işgüzar forumlar keçirilir. Ümumilikdə 2017-ci il ərzində rayon ərazisində 10 Sahibkarlıq subyektinə 11 mln 720 min manat güzəştli kredit verilmiş, 31 iş yeri açılmışdır. Hazırda da Xəzər rayonunda sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin açılması ən əsas, həlli vacib məsələlərdən hesab olunur və bu istiqamətdə işlər sürətlə davam etdirilir. -Yeniyetmə və gənclərdə intellektual mülkiyyəti gücləndirmək, vətənpərvərlik hissini yüksəlmək məqsədilə hansı addımların atılması zəruri olar?

-Rayonda gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə rayonun qeyd olunan əlaqədar təşkilatları Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon Şöbəsi, rayon Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi, Vətən Müharibəsi əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyi, Hərbi Hissələrlə mütamadi olaraq tədbirlər keçirilmiş, əsgərlər, matroslar, valideynlərlə görüşlər təşkil olunmuşdur. Keçirilən tədbirlərdən hər il Dövlət Sərhəd Xidmətinin yaranma gününə həsr olunmuş tədbiri, " Sərhəd – Vətənin ən müqəddəs yeri" adlı rayonun fəal gənclərinin, hərbi qulluqçuların və onların ailə üzvlərinin iştirakı ilə mədəni kütləvi tədbiri, rayon ərazisindəki hərbi hissələrdə gənc hərbiçilər arasında idman tədbirlərini, "Zabit -şərəfli peşədir" mövzusunda gənc əsgərlərlə görüş və Breyn rinq adlı İntellektual oyununu, gənclərin hərbi hissələrə ekskursiyalarını qeyd etmək olar. Cəmşid Naxçıvanski adına Hərbi Litseyin, Heydər Əliyev adına Ali Hərbi Məktəbin, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin, Mülki Müdafiə İdarəsinin zabitlərinin iştirakı ilə "Şahin" hərbi idman oyunu, "Vətənin müdafiəsinə hazıram" Poiatlon çoxnövçülüyü üzrə rayon çempionatları tədris ili ərzində keçirilmişdir. Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi, böyüməkdə olan gənc nəsilə vətənə sevgi hisslərinin aşılanması məqsədilə Xəzər rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Mənim bayrağım" adlı şeir, inşa yazı və rəsm müsabiqələri keçirilmişdir . "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir" mövzusunda Xəzər rayon orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilmiş inşa yazı və rəsm müsabiqələri, 26 fevral – Xocalı soyqırımına həsr olunmuş gənclərlə rəsm və inşa müsabiqələri 26 Fevral- Xocalı soyqrımı qurbanlarının xatirəsinə həsr olunmuş "Mahir nişançı" adlı güllə atıcılığı üzrə rayon turnirləri keçirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2016-cı ilin aprel döyüşlərində Şəhid olmuş Şirəliyev Kamran Faiq oğlunun və Horadiz əməliyyatında Şəhid olmuş Gözəlov Fizuli Vasif oğlunun xatirəsinə həsr olunmuş sənədli filmlər hazırlanmış, təqdimatı keçirilmişdir. Gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb edilməsi istiqamətində "Nə", "Harada", "Nə zaman" intellektual oyunu, Xəmsə Milli intellektual oyunu, gənclər arasında "Breyn-Rinq" çempionatı keçirilmişdir. Azərbaycanın əməkdar elm xadimi, tibb elimləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş Bakı şəhəri üzrə "Qələbəyə doğru" intellektual yarışı, Azərbaycanın İntellektual Birincisi" bilik yarışmasının Bakı şəhər mərhələsində Xəzər rayonunun komandası iştirakı təmin olunmuş və rayon komandalarımız uğurlu nəticələr göstərmişdir.

- Nəhayət sonda Azərbaycan həqiqətləri ilə bağlı məlumatların yerli və beynəlxalq ictimaiyyətə çatdırılması prosesinə, ümumilikdə informasiya mübadiləsi işinə necə dəstək göstərirsiniz?

-Müasir dünyada ölkələrin inkişaf dərəcəsi tətbiq olunan innovasiya texnologiyalarının səviyyəsi ilə ölçülür. Bu, qloballaşan dünyada hər bir ölkənin yüksəlişini, rəqabət qabiliyyətli olmasını təmin edən əsas şərtlərdən biridir. Hazırda bütün sahələrdə, o cümlədən dövlət idarəetmə sistemində ən yeni texnologiyaların, elektron vasitələrin istifadəsi zəruri amilə çevrilmişdir. Artıq respublikada vətəndaşların dövlət orqanları ilə əlaqələrinin ən müasir texnologiyalar əsasında sürətlə yenidən qurulmasına başlanmışdır və bu proses uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük diqqət və qayğısı, bu işə xüsusi əhəmiyyət verməsi sayəsində qəbul edilmiş müvafiq dövlət proqramları inamla həyata keçirilməkdədir. Bu gün hamımız şahidi oluruq ki, dövlət orqanlarında müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi genişlənir, dövlət orqanlarının öz aralarında vahid infrastruktur əsasında təhlükəsiz informasiya mübadiləsi aparması, onların funksional vəzifələr üzrə əhaliyə elektron xidmətlər göstərməsi ilə bağlı "Dövlət orqanlarının və bələdiyyələrin internet informasiya ehtiyatlarının yaradılması Formaları və qaydaları"nın təsdiq edilməsi haqqında, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 16 fevral tarixli, 33 nömrəli qərarı mövcuddur.

Fact-info.az


Kateqoriya : İQTİSADİ Baxış sayı : 1242

QHT və MEDİA

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

2018-07-19 10:15:01

QHT və MEDİA
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...

Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Z...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...